Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-124/2022 11.03.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Xüsusi ittihamçı X2 və barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X5 iştrakları ilə Xüsusi ittihamçı X2 X5 barəsində vermiş olduğu xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyən etdi: X9 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə təqsirli bilinib cinayət məsuliyyətinə cəlb edilməsi və ona dəymiş mənəvi zərərə görə X3 100000 (bir yüz min) manat məbləğində kompensasiyanın tutulub ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X9 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, 2022-ci ilin yanvar ayında “XƏZƏR TV”-də Günəşli qəsəbəsində yeni tikilmiş bina ilə bağlı video xəbər yayılmışdır. Həmin xəbərdə bir sıra fiziki şəxs bina tikintisindən narazılıqlarını bildirmişlər. Həmin şəxslərdən biri X10 əsassız olaraq onu cinayət törətməkdə, dələduzluqda ittiham etmiş və bildirmişdir ki, güya o, onların pulunu mənimsəyərək, özünə ev və avtomobil almışdır. Halbuki onun "xxxx" MTK-a heç bir aidiyyəti yoxdur. Həmin MTK-nın təsisçisi və direktoru tamam başqa adamdır. Ona qarşı yayılmış böhtan xarakterli məlumat onun şərəf və ləyaqətini ləkələmiş, onu nüfuzdan salmışdır. Ətrafındakı insanlar X5 təhqir və böhtan xarakterli məlumatına görə qeyd olunan dələduzluq cinayətlərində iştirakı ilə bağlı şübhələnməyə başlamışlar. Onun şəxsi və işgüzar nüfuzuna zərər vurulmuşdur. Bu isə onun mənəvi sarsıntı yaşamağına, tanışları ilə görüşməkdən yayınmağına səbəb olmuşdur. Özü 1-ci Qarabağ müharibəsi veteranıdır, Daşaltı əməliyyatında iştirak etmişdir, həmçinin, keçmiş polis işçisidir, həmişə yardıma ehtiyacı olan şəxslərə yardım etməyə çalışır, şəhid ailələrinə köməklik göstərir, hətta şəhid ailəsinə öz pulu hesabına torpaq alıb vermişdir. Göründüyü kimi, o, həyatı boyu nüfuzunu qorumağa çalışmışdır. Lakin hazırda ona qarşı əsassız böhtan atılmış, nüfuzuna zərər vurulmuşdur. Odur ki, onun pozulmuş hüquqlarının bərpası və adının təmizə çıxarılması üçün X10 barəsində qanunvericiliyə uyğun tədbir görülməsi zəruridir. Buna görə də, X5 Azərbaycan Respublikası CM-nin 147-ci maddəsi ilə təqsirli bilinib cinayət məsuliyyətinə cəlb olunmasını və ona dəymiş olan 100000 (bir yüz min) manat kompensasiyanın tutulub ona ödənilməsini xahiş edir. Məhkəmə iclasında X9 şikayət ərizəsini müdafiə edərək şikayətdə göstərilən hallara əsaslanmaqla şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X10 oğlu etiraz ərizəsi təqdim edərək göstərdi ki, xüsusi ittiham qaydasında verilmiş şikayət Cinayət Prosesual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən “şikayətin məzmunu CPMnin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda” məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Qeyd olunan Məcəllənin 293.3.1, 293.3.2 və 293.3.5 maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə verilmiş yazılı şikayətə “şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş” göstərilməlidir. Göründüyü kimi, şikayət qanunvericiliyin tələb etdiyi normalara uyğun olmayaraq verilmişdir. Bununla yanaşı, məhkəmə, işin hallarına qiymət verərkən eyni zamanda Azərbaycan Respublikasının CPM-nin 293.3.2-ci maddəsindən irəli gələn normasına yəni iş üzrə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələrinə əsasən şəxsin əməlində 3 müxtəlif əməlin olmasına da nəzər yetirir. Belə ki, Azərbaycan Respublikası CM-nin 147-ci maddəsində nəzərdə tutulan cinayətlərdən biri obyektiv cəhətdən böhtanda, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaydıqda (CM-nin 147.1-ci maddəsi) ifadə olunduğu halda digər cinayət obyektiv cəhətdən ağır və ya xüsusi ilə ağır cinayətdə ittiham etməklə böhtan atmaqda ifadə olunur (CM-147.2-ci maddəsi). Azərbaycan Respublikasının 148-ci maddəsində nəzərdə tutulan cinayət isə obyektiv cəhətdən təhqirdə yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqda ifadəni nəzərdə tutur. Yuxarıda göstərilən hər üç əməlin birlikdə onun tərəfindən törədilməsi mümkün deyildir. Hesab edir ki, məhkəmə qərar çıxararkən şikayət verən şəxsin CPM-nin 293.2-ci maddəsinin məhz hansı əməlin törədilməsi sübuta yetirilmədiyindən, həmçinin CPM-nin 293.3.1-293.3.7-ci maddərinə əsasən normalara uyğun olmadığı üçün Verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsi baxışa təyin olunmadan geri qaytarılmalıdır. Əlavə olaraq bildirir ki, Pənah Kərimov barəsində müvafiq dövlət qurumlarında dələduzluq əməli ilə bağlı şikayətlər vardır. Pənah Kərimov tərəfindən müxtəlif şəxslərin hədələnməsi, pul alınması barədə kifayət qədər sübutlar mövcuddur. Verilmiş şikayətlərin surətlərini ərizəsinə əlavə edir. Baş vermiş hadisələrin sübuta yetirilməsi dövlət qurumlarınn səlahiyyətindədir. "xxxx" İnşaat MTK-dan mənzil alan şəxslərə məhz MTK-nın qeyri-rəsmi sahibi olduğunu iddia edən Pənah Kərimov bu gün həmin MTK ilə heç bir əlaqəsinin olmadığını bildirir. Bu halda belə bir sual ortaya çıxır: Əgər MTK ilə hər hansı rəsmi və ya qeyri-rəsmi əlaqən yoxdursa, nəyə görə bir çox mənzil alan şəxslərdən 5000,00 manat pul tələb edib!?. Həmçinin, digər bir vətəndaşdan mənzil satışına görə 74.000 manat pul alıb!?. Qeyd olunanlara əsasən məhkəmədən yazdıqlarını nəzərə alaraq qanunvericiliyin tələbinə uyğun verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsini baxışa təyin etmədən geri qaytarılması barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə xüsusi ittihamçının və barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq belə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən, xüsusi ittiham qaydasında cinayət təqibi yalniz zərərçəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti əsasında və ya bu Məcəllənin 37.5-ci maddəsində nəzərdə tutulmuş hallarda prokurorun təşəbbüsü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127, 128, 129.2, 130.2, 131.1, 132-134, 142.1, 149.1, 150.1, 151, 156-158, 163, 175-177.1, 178.1, 179.1, 184.1, 186.1, 187.1, 190.1, 197 və 201.1-ci maddələrində göstərilən cinayətlərə görə həyata keçirilir. Həmin Məcəllənin 293.3.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi göstərilir. Həmin Məcəllənin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayiş yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayiş yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarinin hansi şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansi sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Göründüyü kimi, Xüsusi ittiham qaydasında verilmiş şikayət Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.2-ci maddəsinin tələblərinə cavab vermir. Həmin maddəyə görə şikayətdə törədilmiş cinayət barədə məlumatlar, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən, maddi ziyanin məbləği əks olunmalıdır. Bundan əlavə, xüsusi ittiham qaydasında verilmiş şikayət Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.3-cü maddəsinin tələblərinə də cavab vermir. Həmin maddəyə görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi göstərilir. Göründüyü kimi, X1 Aslan Nadir oğlunu ittiham etdiyi əməlin onun tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyini göstərməmişdir. Xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının CM-nin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma - min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının CM-nin 147.2-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma-iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ümumiyyətlə xüsusi ittiham qaydasında verilmiş şikayətdə şikayətçi hansı böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayması, həmçinin, hansı ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atması göstərilməmişdir. Xüsusi ittiham qaydasında verilmiş şikayətdə X5 hansı hərəkət və hərəkətsizliyinin Azərbaycan Respublikasının CM-nin 147-ci maddəsi ilə cinayət tərkibini yaratması göstərilməmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarının 5-ci bəndində qeyd edilir ki, böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin qərarın 11-ci bəndində qeyd edilir ki, məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası CPM-nin 302.1.3 və 302.2.3-cü maddələrinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasıinda məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2- 302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, X2 X5 barəsində vermiş olduğu xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3, 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: X4 X6 barəsində vermiş olduğu xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-124/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-124/2022
11.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver