Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-125/2020 06.08.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində yetkinlik yaşına çatmayan iki uşağı olan, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Neftçala rayonunun Abasallı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Çiləgər yeni yaşayış sahəsində nömrəsiz fərdi evdə kirayənişin yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 19:00 radələrində Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Çiləgər yaşayış massivi Heydər Əliyev prospekti dalan 1 ünvanında küçənin ortasında sərxoş vəziyyətdə Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ-21011” markalı **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına özünü atmaqla avtomobili saxladıb ona yaxınlaşaraq heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ictimai və şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş, birgə yaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ətrafdakı insanlarda qorxu və narahatlıq yaradan qərəzli hərəkətlər edib həmin yerdə olan şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs avtomobildən düşmək istəyərkən ona yumruqla sifət nahiyəsindən bir neçə dəfə zərbə endirmiş, bundan sonra Zərərçəkmiş şəxs avtomobildən yerə düşmüş, bu zaman əvvəlcə başı ilə sifət nahiyəsinə, ardınca isə yumruqla bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə zərbə vuraraq Zərərçəkmiş şəxs sol üst və alt göz qapaqlarının, sol almacıq nahiyəsinin qançırları, sol göz almasının ağlı qişasının qansızması, sol almacıq nahiyəsinin əzilmiş yarası, üst dodağın selikli qişasının qansızması və əzilmiş yarası ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli bədən xəsarətləri yetirməklə xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 17:00 radələrində Buzovna qəsəbəsi Çiləgər yaşayış massivində yerləşən kafedə tanışları ilə birlikdə şam yeməyi yemiş və həmin vaxt spirtli içki olan araq da içmişdir. Həmin gün təxminən saat 19:00 radələrində Çiləgər yaşayış massivində ara küçə ilə yaşadığı evə gedən zaman “VAZ-21011” markalı avtomobilin sürücüsünün avtomobili ona yaxın idarə etməsi xoşuna gəlmədiyi üçün maşını saxlatdırmış, avtomobilin sürücüsü avtomobildən düşmək istəyərkən ona yumruqla sifət nahiyəsindən bir neçə dəfə zərbə endirmişdir. Bundan sonra həmin şəxs avtomobildən yerə düşmüş, bu zaman o, əvvəlcə başı ilə həmin şəxsin - sonradan adını bildiyi Zərərçəkmiş şəxs sifət nahiyəsinə, ardınca isə yumruqla bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə zərbə vurmuşdur. Bu zaman ətrafdan həmin yerə 5-10 nəfər adam toplaşmış, onların arasında fəhlə işlədiyi fermanın sahibi Nadir və onlarla birlikdə işləyən bir nəfər adını bilmədiyi şəxs də olmuşdur. Həmin şəxslər onları ayırmışlar. Bundan sonra isə dava etdiyi şəxs öz avtomobilinə əyləşərək oradan getmiş, o da öz evinə tərəf getmişdir. Törətdiyi əməldən peşman olaraq zərərçəkmiş şəxs Nicat ilə barışmışdır. Hazırda Nicatın ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Ailəsinin yeganə qazanc gətirəni olmaqla himayəsində yetkinlik yaşına çatmayan iki uşağı vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə dəfələrlə rəsmi şəkildə xəbərdar edilmiş və mobil telefon vasitəsilə əlaqə saxlanılmış Zərərçəkmiş şəxs xx xxxx 2020-ci il tarixdə məhkəməyə məktub ünvanlayaraq ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini, hazırda təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını, üzrlü səbəbdən məhkəmə iclaslarında iştirak edə bilmədiyini bildirmiş və şikayətinin olmamasını nəzərə alıb məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində Zərərçəkmiş şəxs göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 19:00 radələrində idarə etdiyi özünə məxsus olan “VAZ-21011” markalı **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Çiləgər qəsəbəsində yerləşən kirayə yaşadığı evə gedən zaman Çiləgər massivində sərxoş vəziyyətdə olan bir nəfər tanımadığı şəxs özünü avtomobilin qarşısına atmışdır. O, dərhal avtomobili saxlamış və avtomobildən düşərək nə baş verməsini soruşmaq istədikdə həmin şəxs qəflətən heç bir səbəb olmadan onun üzərinə hücum etmiş, bir neçə dəfə yumruq zərbələri ilə onun sifət nahiyəsinə vuraraq ona xəsarətlər yetirmişdir. Bu zaman ətrafda olan insanlar, əsasən də qadınlar tez yaxınlaşaraq onu ondan ayırmışlar. Buna baxmayaraq, həmin şəxs ona qarşı təhqiredici ifadələr işlədərək üzərinə yenə də hücum etmək istəmişdir. O, tez avtomobilinə əyləşərək oradan uzaqlaşmış və DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Sonradan ona məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur və Albalılıq massivində “Fərid” marketin yaxınlığında kirayənişin yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1göstərdi ki, xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 19 radələrində iş yoldaşı İmranla birlikdə işdən çıxıb özünə məxsus avtomobillə Buzovna qəsəbəsi Çiləgər yaşayış massivində küçə ilə yaşadığı evə gedən zaman fəhlə kimi tanıdığı Elxanın küçədə bir nəfər tanımadığı şəxslə dava-dalaş etdiyini görmüş, dərhal həm o, həm də İmran avtomobildən düşüb onlara yaxınlaşaraq onları ayırmışlar. Həmin vaxt orada o, Elxan, Elxanla dava edən şəxs, iş yoldaşı İmran olmuşdur. Bununla yanaşı sonradan həmin yerə təxminən 30 nəfərə qədər adam toplaşmış, lakin onlar 30-40 metr aralıda dayanıb davanı seyr etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2göstərdi ki, xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 19 radələrində iş yoldaşı Şahid1lə birlikdə işdən çıxıb İmrana məxsus avtomobillə Buzovna qəsəbəsi Çiləgər yaşayış massivində küçə ilə yaşadığı evə gedən zaman iki nəfər şəxsin küçədə dava-dalaş etdiyini görüb həmin şəxslərə yaxınlaşaraq ətrafa toplaşan tanımadıqları şəxslərlə birlikdə onları ayırmışlar. Həmin şəxsləri ayırıb sakitləşdirdikdən sonra isə öz yollarına davam etmişlər. Sonradan Şahid1 ona bildirmişdir ki, dava edən şəxslərdən biri arabir işlədikləri fermaya gələrək orada fəhlə kimi çalışır. Həmin vaxt orada dava-dalaş edən iki nəfər şəxsdən başqa o, Şahid1, eləcə də səs-küyə toplaşan tanımadığı kənar şəxslər olmuşlar. İş materiallarında olan canlı şəxsin ekspertizası ilə bağlı xx xxxxxx 2019-cu il tarixli 1394 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – sol üst və alt göz qapaqlarının, sol almacıq nahiyəsinin qançırları, sol göz almasının ağlı qişasının qansızması, sol almacıq nahiyəsinin əzilmiş yarası, üst dodağın selikli qişasının qansızması və əzilmiş yarası küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilən xx xxxxxx 2019-cu il tarixə və şəraitə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. İş materiallarında olan Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında keçirilmiş xx xxxxxx 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, onlar istintaq zamanı verdikləri ifadələrini bir-birlərinin üzünə deyərək həmin xüsusatları bir daha təsdiq etmişlər. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən yazılaraq məhkəməyə təqdim edilmiş xx xxxx 2020-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs onunla barışıq əldə etmişdir, hazırda onun Elxandan heç bir şikayəti və ya digər tələbi yoxdur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan iki uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxxxxx 2020ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2004-cü il tarixli 1 saylı Qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. CM-nin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. İctimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq Cinayət Məcəlləsinin 128 -ci maddəsi ilə tövsif edilməsinə ehtiyac qalmır. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutları araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaş üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq cinayətini törətməsi onun özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və ya tələbinin olmamasını, ailəsinin yeganə qazanc gətirəni olmaqla himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu əməlin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların mövcud olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən də islah olunması mümkün olduğuna görə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanununun sanksiyasında nəzərdə tutulan qazancından dövlət nəfinə müəyyən faiz məbləğdə pul tutulmaqla müəyyən müddətə islah işləri növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, cəzaçəkmə müddətinin əvvəli qazancından tutulmalar aparıldığı vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılmalı, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq həmçinin hesab edir ki,Təqsirləndirilən şəxs CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 25 iş saatına görə (ibtidai istintaqda 15 saat və və məhkəmə baxışı zamanı göstərilən hüquqi yardıma görə 10 saat) cəmi 150,00 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinsin və ona aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğdə pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli qazancından tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 150,00 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxxxxxxxxx”ASCXəzərfilialı, kod 200178,VÖEN **********, m/hAZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesabAZ35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-125/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-125/2020
06.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver