Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-125/2025 06.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X5, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktında göstərilmişdir ki, Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Rusiya Federasiyasında müvəqqəti qeydiyyat qaydalarını pozduğuna görə Rusiya Federasiyası Miqrasiya Xidməti tərəfindən saxlanılan zaman ölkə hüdudlarından məcburi qaydada çıxarılmaması üçün özünü qardaşı X2 təqdim etmiş, daha sonra o, Rusiya Federasiyası Miqrasiya Xidməti tərəfindən ölkə hüdudlarından kənara çıxarılmasına dair qərar verildiyindən mühafizə olunan dövlət sərhədini keçmək üçün müəyyən edilmiş sənədi, yəni pasportu olmadığına görə Rusiya Federasiyasının Miqrasiya Xidmətinə yalan məlumat verməklə X3 şəxsiyyətini təsdiq edən sənədləri əldə etmək məqsədi ilə həmin Xidmətin Azərbaycan Respublikasının Yekaterinburq şəhərində yerləşən Baş Konsulluğuna müraciət etməsinə və Baş Konsulluğun cinayətdən xəbərsiz olan əməkdaşı vasitəsilə xx.xx.1985-ci il təvəllüdlü X3 anket məlumatları və fotoşəkili olmaqla rəsmi sənəd hesab olunan 08 avqust 2024-cü il tarixli, AA0257479 nömrəli Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsinin əldə edilməsinə nail olmuş, 11 sentyabr 2024- cü il tarixdə 0463 nömrəli "Çelyabinsk-Bakı" aviareysi ilə Rusiya Federasiyasından Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin Bakı şəhəri Xəzər rayonunda yerləşən "Heydər X7" sərhəd nəzarəti məntəqəsinə gələrək qeyd olunan Şəhadətnamədən bilə-bilə istifadə edib, həmin gün, saat 20:59-da sərhəd nəzarətinə təqdim edərək, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən olunmuş sənədlər olmadan qəsdən qanunsuz olaraq Rusiya Federasiyasından Azərbaycan Respublikasına keçməyə cəhd göstərərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 29,318.1 və 320.2-ci maddələri ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində qeyd etdi ki, 1999-cu ilin dekabr ayında yaşamaq və işləmək məqsədi ilə Rusiya Federasiyasına getmişdir. Dövlət sərhədini keçdikdən sonra o, Rusiya Federasiyasının Ufa şəhərinə getmişdir. Həmin tarixdən Ufa şəhərində yaşayaraq Azərbaycan Respublikasına qayıtmamışdır. 2012-ci ildə Azərbaycan Respublikasında yaşayan qardaşı Nurəddin Mirzəyev onun yaşadığı Ufa şəhərinə qonaq gəlmiş, qardaşı ona Azərbaycan Respublikasına qayıtmaq üçün bilet alması məqsədi ilə pasportunun sürətini vermiş, o, həmin pasportun surəti əsasında qardaşına bilet almış və daha sonra keçən müddət ərzində Rusiya Federasiyasında qardaşı Nurəddin Mirzəyevin pasportunun sürəti ilə yaşayıb işləmişdir. Sonra 17 mart 2024-cü il tarixdə Rusiya Federasiyasının Çelyabinsk şəhərində polislər tərəfindən saxlanılmış və ölkə ərazində yaşama qaydalarını pozduğuna görə Rusiya Federasiyası Miqrasiya Xidmətinin əməkdaşlarına təhvil verilmişdir. O, Çelyabinsk şəhərində yerləşən miqrantların saxlanılma mərkəzinə yerləşdirilmiş, Miqrasiya Xidmətində ondan sənədlərini istədikdə o, sənədlərinin olmadığını bildirmişdir. Həmin vaxt ərzində ondan anket məlumatları soruşulduqda 4 övladının da atasının qardaşı Nurəddin Mirzəyev kimi tanındığı üçün ehtimal etmişdir ki, özünü qardaşı Nurəddin Mirzəyev kimi təqdim etsə onu Rusiya Federasiyasından məcburi qaydada çıxarmazlar və buna görə də özünü qardaşı Nurəddin Mirzəyev kimi təqdim etmişdir. Miqrasiya Xidmətində olarkən onun ölkə hüdudlarından çıxarılması üçün vətənə qayıdış şəhadətnaməsi alınması məqsədi ilə Rusiya Federasiyası Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasının Yekaterinburq şəhərində yerləşən Baş Konsulluğuna müraciət edilmişdir. Baş Konsulluqdan qardaşı X3 adına verilmiş və üzərinə qardaşının fotoşəkili vurulmuş Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsi əldə edilmişdir. Qayıdış Şəhadətnaməsi əldə edildikdən sonra Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən Rusiya Federasiyasından məcburi şəkildə çıxarılmaqla 11 sentyabr 2024-cü il tarixdə "Çelyabinsk-Bakı" aviareysi ilə Bakı şəhərinə göndərilmişdir. "Heydər Əliyev" X8 X9 Qayıdış Şəhadətnaməsini dövlət sərhədindən keçməsi məqsədi ilə rəsmiləşdirilməsi üçün sərhədçiyə təqdim edərkən dövlət sərhədindən çıxışı müəyyən edilmədiyi üçün sərhəd naryadı tərəfindən saxlanılmış və sonradan onunla aparılan söhbət zamanı özünün Təqsirləndirilən şəxs olduğunu, Nurəddin Mirzəyevin isə qardaşı olduğunu etiraf etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin “Heydər X7” X11 baş zabit nəzarətçisi Şahid1 ifadəsində bildirdi ki, o, xx.xx.2024-cü il tarixdə saat 20:00-dan xx.xx.2024-cü il saat 09:00-dək "Heydər Əliyev" X14 X9 "Terminal - 1" xəttində növbə rəisi sərhəd naryadı xidmətinə təyin olunmuşdur. Xidmətdə olduğu zaman xx.xx.2024-cü il tarixdə saat 20:59 radələrində "Terminal-1" uçub gəlmə xəttində “sənədlərin yoxlanışı” sərhəd naryadı xidmətində olan gizir Şahid2 R-0463 saylı "Çelyabinsk-Bakı" aviareysi ilə Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələn X3 təqdim etdiyi AA0257479 nömrəli Azərbaycan Respublikasının vətənə qayıdış şəhadətnaməsini rəsmiləşdirmə zamanı “Sərhəd keçmə əlaqələrinin pozuntusu” baş verməsi barədə ona məruzə etmişdir. Bundan sonra o, X3 təqdim etdiyi AA0257479 nömrəli Azərbaycan Respublikasının vətənə qayıdış şəhadətnaməsini təkrar yoxlayaraq «Sərhəd keçmə əlaqələrinin pozuntusu» baş verdiyini dəqiqləşdirib bu barədə aidiyyəti üzrə məruzə etdikdən sonra X6 xx.xx.2024-cü il tarixdə saat 20:59 radələrində «X12 Hava Limanı» X9 saxlanılmışdır. Daha sonra onunla aparılan söhbət zamanı saxlanılan şəxs özünün Təqsirləndirilən şəxs olduğunu, AA0257479 nömrəli Azərbaycan Respublikasının vətənə qayıdış şəhadətnaməsinin isə qardaşı X3 adına rəsmiləşdirildiyini, həmçinin 1999-cu il tarixdə dövlət sərhədini qanunsuz olaraq Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində keçdiyini bildirmişdir. İbtidai araşdırma zamanı şahid qismində ifadəsi alınmış Dövlət Sərhəd Xidmətinin X10 X7 X11 nəzarətçisi, gizir Şahid2 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi elan edilmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verməklə sonuncunun bildirdikləri xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Cinayət işinin başlanması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 29,318.1 və 320.2-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır; - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin rəisi, generalleytenant Elşən Verdiyevin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 12 sentyabr 2024-cü il tarixdə, saat 00:20 radələrində özgəsinə məxsus vəsiqə ilə dövlət sərhədini keçməyə cəhd etdiyi üçün Təqsirləndirilən şəxs saxlanılmışdır; - Şübhəli şəxsin tutulması haqqında protokoldan aydın olur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixində saat 16:-07 –də tutulmuşdur; - Azəbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 5/1092 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmiş AA0257479 nömrəli Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsinin blankı ofset çap üsulu ilə hazırlanmışdır və AA0000000 nömrəli Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsinin nümunəsi ilə eynilik təşkil edir; - Azəbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3/1556 nömrəli rəyindən aydın olur ki, tədqiqata təqdim AA0257479 nömrəli Qayıdış Şəhadətnaməsində və təqdim edilmiş A4 formatlı kağız vərəqdəki Təqsirləndirilən şəxs dair fotoşəkildə müxtəlif şəxslər əks olunmuşdur; - Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının CMnin 29,318.1 və 320.2-ci maddələri ilə ittiham elan olunmuşdur; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; - Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur; - İş üzrə maddi sübut kimi tanınan AA0257479 nömrəli Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsi cinayət işinin materillarında saxlanılmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsinə əsasən bilə-bilə saxta sənədlərdən istifadə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, rəsmi sənəd barəsində və onun üzərində qanunsuz hərəkətlərin edilməsi nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyətinin dəyişməsi, onun əsassız və qanunsuz olaraq hər hansı hüquq əldə etməsi və ya vəzifədən azad edilməsi, eləcə də hüquqlarının həyata keçirilməsi və ya vəzifələrinin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar əldə etməsi rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma kimi qiymətləndirilməlidir. Qeyd olunan qərarın mənasına görə saxta olmasa belə, rəsmi sənəddəki məlumatların qəsdən təhrif olunaraq istifadə edilməsi bilə-bilə saxta sənədlərdən istifadə etmə kimi qiymətləndirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1 və 320.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; 69.4.-cü maddəsimnə görə həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29,318.1 və 320.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs hazırki hökm üzrə təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti cəza təyin edilməli, şübhəli şəxs qismində saxlanıldığı müddət nəzərə alınaraq təyin edilmiş cərimə cəzası yüngülləşdirilməli (CM-69.4), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 390 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, maddi sübut kimi tanınan AA0257479 nömrəli Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsi cinayət işinin materillarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,318.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona CM-nin 318.1-ci maddəsi ilə 2000 (iki min) manat miqdarında cərimə cəzası, CM-nin 320.2-ci maddəsi ilə 1500 (min beş yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 3000 (üç min) manat miqdarında cərimə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulduğu 01 (bir) gün müddət nəzərə alınmaqla ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilsin və üzərində 2800 (iki min səkkiz yüz) manat miqdarında cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 390 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin İş üzrə maddi sübut kimi tanınan AA0257479 nömrəli Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsi cinayət işinin materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №1(003)-125/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-125/2025
06.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver