Məhkəmə qərarları › İş №1(003)-126/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-126/2025

29.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-126/2025 29.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru X3, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1965-ci ildə Ağdam rayonu, Əhmədavar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Ağdam rayonu, Əhmədavar kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində nömrəsiz evdə yaşamış, 1(101)-294/2025 nömrəli cinayət işi üzrə barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs özgənin əmlakını tamah niyyətilə etibardan sui- istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə şəxsiyyəti müəyyən edilməyən, istintaqa Mübariz kimi məlum olan tanışı ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 2024-cü ilin yanvar ayında Zərərçəkmiş şəxs «İnstagram» sosial şəbəkəsindən ev tikmək üçün torpaq sahəsi almaq istədiyini bilib 4.000 manat məbləğində pul müqabilində ona Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi ərazisində özünə məxsus torpaq sahəsi satacağına dair yalan vəd verməklə, eyni zamanda Əzizbəyov rayonu (indiki Xəzər rayonu) Qala Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 592 nömrəli Sərəncamı ilə Şahid4 ev tikmək üçün ayrılmış 600 kv.metr, eləcə də Əzizbəyov rayonu (indiki Xəzər rayonu) Qala Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 392 nömrəli Sərəncamı ilə sonuncunun oğlu X7 ev tikmək üçün ayrılmış 600 kv.metr torpaq sahəsinin 0,03 ha olan hissəsini Zərərçəkmiş şəxs göstərib, həmin torpaq sahəsinin özününkü olmasını bildirib ona satacağına dair təkrar yalan vəd verərək inandırmaqla aldadaraq, həmçinin düzəlişlər və əlavələr etməklə istintaqa məlum olmayan vaxtda və yerdə öz adına Əzizbəyov rayonu (indiki Xəzər rayonu) Qala Bələdiyyəsinin xx.xx.2005-ci il taixli 47 nömrəli Sərəncamı ilə 1.200 kv.metr torpaq sahəsi ayrılmasına dair məlumatlar yazıb həmin torpaq sahəsinin ona, yəni Təqsirləndirilən şəxs ayrılması barədə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlatmaqla saxtalaşdırmış, saxtalaşdırdığı həmin Sərəncamı xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində yerləşən 25 saylı Notariat Ofisinin qarşısında Zərərçəkmiş şəxs verib bilə-bilə saxta sənəddən istifadə edərək həmin torpaq sahəsinin üzərində istifadə, sahiblik və sərəncam hüququnu ona verdiyini deyib aldatmaqla, eyni zamanda 25 saylı Notariat Ofisində həmin tarixdə Zərərçəkmiş şəxs 23 yanvar 2024-cü il tarixli AR- İİİ 257613 №-li mülki Etibarnamə verərək torpaq sahəsini ona satdığına bir daha inandıraraq etibarını qazanmaqla həmin tarixdə 25 saylı Notariat Ofisinin qarşısında Zərərçəkmiş şəxs 3.600 manat, bundan başqa həmin torpaq sahəsinə kommunal xətlər çəkdirəcəyi adı ilə əlavə 150 manat lazım olduğunu deyib Zərərçəkmiş şəxs cəmi 3.750 manatı məbləğində pul alıb şəxsiyyəti müəyyən edilməyən, istintaqa Mübariz kimi məlum olan tanışı ilə aralarında bölüşdürüb şəxsi ehtiyaclarına sərf edərək verdikləri vədə əməl etməyib qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 3.750 manat məbləğində ziyan vurmaqla dələduzluq etmiş, habelə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla bilə-bilə saxta sənəddən istifadə etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək ifadəsində bildirdi ki, heç kəsi aldatmamış və saxta sənəd verməmişdir. Zərərçəkmiş şəxslə torpaq alqı-satqısı ilə bağlı danışıq aparmamış və ondan pul almamışdır. Onları sadəcə cəmi bir dəfə Notariat kontorunda görmüşdür. Həmin Notariat kontoruna tanışı Eminin ondan xahiş etdiyi üçün onun vasitəsi ilə getmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs qeyd etdi ki, 2024-cü ilin yanvar ayında oğlu X10 özünə ev tikmək üçün torpaq sahəsi almaq istəmişdir. Bu zaman “İnstagram” sosial şəbəkəsində Mübariz adlı şəxs satışda torpaq sahəsi olduğunu elan kimi yerləşdirdiyini görmüşdür. Oğlu onun elanda yerləşdirdiyi mobil nömrəsini ona vermişdir ki, həmin şəxslə danışıb maraqlansın. O, həmin mobil nömrə ilə əlaqə saxlamış və ona bildirmişdir ki, 0,03 ha torpaq sahəsi almaq istəyir. Özünü Mübariz kimi təqdim edən şəxs ona bildirmişdir ki, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağ massivində 0,03 ha torpaq sahəsini 4.000 manata satır. Həmid ona demişdir ki, evdə məsləhətləşib lazım olarsa yenidən əlaqə saxlayacaq. Beləliklə, 2-3 gündən sonra yenidən Mübarizlə əlaqə saxlamış, başqa bir oğlu Şahid2 ilə birlikdə Qala yolunda yerləşən “Rahat” marketin yaxınlığında onunla görüşüb Xaşaxuna bağ massivində yerləşən və satışda olan torpaq sahəsinə getmişlər. Orada Mübariz torpaq sahəsini onlara göstərmiş, onlar torpaq sahəsini bəyənmişlər. Elə orada 0,03 ha torpaq sahəsini 3.600 manata razılaşmışlar. Mübariz ona bildirmişdir ki, həmin torpaq sahəsi onun qohumu Təqsirləndirilən şəxs adınadır, gərək Habil gəlsin ki, gedib birlikdə notarial qaydada etibarnamə verilsin. Beləliklə, həmin gündən 2-3 gün sonra Mübariz və Təqsirləndirilən şəxslə birlikdə Buzovna qəsəbəsində yerləşən 25 saylı notariat ofisinin qarşısında görüşmüşlər. Orada Habil X12nin sərəncamını göstərərək torpaq sahəsindən 0,03 ha torpaq sahəsini ona etibarnamə ilə veriləcəyini demişdir. Arxayın etmişdir ki, sənəddən narahat olmasın, sənəddə heç bir problem yoxdur. Bundan sonra Habillə birlikdə notariat ofisinə daxil olmuş, orada Habil onun adına etibarnamə vermişdir. Ofisdən çıxdıqdan sonra Həmid 25 saylı notariat ofisinin qarşısında oğlu Əziz, kürəkəni Şahid1 və Təqsirləndirilən şəxs iştirakı ilə Mübariz adlı şəxsə 3.600 manat pulu vermişdir, bundan sonra Mübariz ona demişdir ki, torpaq sahəsinin komunal xətləri çəkilməmişdir, əgər istəsə 150 manat da versin özü həmin xətləri çəkdirəcək. Həmid də razılaşmış və əlavə olaraq ona 150 manat da vermişdir. Sonradan ona məlum olmuşdur ki, torpaq sahəsi Şahid4 məxsusdur və guya Həmid həmin torpaq sahəsini qanunsuz olaraq zəbt etmişdir. Elə həmin gün ərizə ilə Xəzər RPİ-nə müraciət etmişdir. Pulu Habil və Mübariz ikisi birlikdə olanda Mübariz adlı şəxsə vermişdir, etibarnaməni isə Habil ona bilərəkdən saxta sənəd əsasında vermişdir, ona görə də onlar hər ikisi onu aldadaraq 3.750 manat pulunu ələ keçirmişlər. Dəymiş maddi ziyan ödənilməmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 qeyd etdi ki, Zərərçəkmiş şəxs qayınatasıdır. 2024-cü ilin yanvar ayında qayınatası oğlu Hüseyn üçün Qala qəsəbəsi ərazisində torpaq sahəsi almaq məqsədi ilə sosial şəbəkədə elandan tanış olduqları Mübariz adlı şəxslə Buzovna qəsəbəsində yerləşən 25 saylı Notariat Ofisində sənədləşmə işləri ilə bağlı görüşməli olmuşlar. Bunun üçün qayınatası ona zəng vurub bildirmişdir ki, kürəkəni Araz və oğlu Əziz onunla birlikdə 25 saylı Notariat Ofisinə getsinlər. Beləliklə özü, qaynı Əziz və qayınatası Həmid birlikdə ora getmiş və orada Mübariz adlı şəxslə görüşmüşlər. Mübarizlə orada söhbət etmişlər və qərara gəlmişlər ki, qayınatasının adına Mübariz özü ilə gətirdiyi Habil adlı şəxsin adından etibarnamə veriləcək və qayınatası da ona 3.600 manat pul verəcək, bir də əlavə olaraq həmin torpaq sahəsinin komunal işləri üçün 150 manat da veriləcək. Mübarizin dediyinə görə torpaq sahəsi Habilə məxsus olmuşdur. Belə ki, qayınatası və Habil adlı şəxs ofisə daxil olmuşlar, bir neçə dəqiqədən sonra çıxmışlar və Təqsirləndirilən şəxs adından qayınatasına etibarnamə və Qala Bələdiyyəsinin sərəncamının surətini vermişlər. Qayınatası da Mübarizə 3.600 manat pul vermiş və bundan başqa əvvəlcə danışdıqları 150 manat da komunal xərclərə görə vermişdir. Təxminən 2-3 ay sonra məlum olmuşdur ki, həmin torpaq sahəsi başqa şəxsə məxsusdur. Bundan sonra qayınatası Xəzər RPİ-nə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 oxşar məzmunlu ifadə verərək, Şahid1 bildirdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki ***-***-**- ** mobil nömrəsi ona məxsus olmuşdur. Belə ki, 5-6 il bundan əvvəl avtomobillərdə istifadə olunan ətirlərin satışı ilə məşğul olmuşdur, məhsulun müştərilərə çatdırılması üçün işçilərinə öz adına mobil nömrələr alaraq işlə bağlı istifadə etmək üçün hər işçiyə vermişdir. Sonradan həmin işi dayandırmış, işçiləri uzaqlaşdırmış və işçilərə verdiyi nömrələri də sonradan işlədən olmamışdır. ***-***-**-** mobil nömrəsi tərəfindən isitifadə edilməmişdir. Həmin nömrənin kim tərəfindən və necə istifadə edilməsi barədə məlumatı yoxdur. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində Şahid4 qeyd etmişdir ki, 2005-ci ildə Qala Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 592 saylı sərəncamı əsasında Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağ massivi ərazisində 0,06 ha torpaq sahəsi öz adına, 0,06 ha torpaq sahəsi də həmin tarixli digər sərəncam əsasında öz torpaq sahəsinə bitişik olaraq oğlu X6 adına almışdır. Elə 2005-ci ildə ona məxsus ümumilikdə 0,12 ha torpaq sahəsini dörd tərəfdən mişar daşları ilə hasara almış və tən ortadan da hasar çəkərək iki hissəyə ayırmışdır. O vaxtdan arada özü gedib həmin torpaq sahəsinə nəzarət etmiş, son illər isə xəstə olduğuna görə gedə bilməmiş, oğlu Zakir də hazırda xaricdə yaşadığına görə onun xahişi ilə qohumları gedib həmin torpaq sahəsinə nəzarət etmişlər. 2024-cü ilin aprel ayının sonlarında ona qohumları tərəfindən xəbər verilmişdir ki, onun torpaq sahəsinin hasarına “alınıb” sözü və ***-***-**-** mobil nömrəsi yazılıb. Qohumu onun evinə gəlib həmin mobil nömrə ilə danışmış və özünü Həmid kimi təqdim edən şəxs bildirmişdir ki, 2024-cü ilin yanvar ayında Mübariz adlı şəxsdən 0,03 ha torpaq sahəsini etibarnamə ilə almışdır və əlavə olaraq Təqsirləndirilən şəxs adına sərəncamın surəti ona verilmişdir. Bundan sonra qohumu sənədlərə baxmaq üçün Həmidin evinə getmiş və orada sənədlərə baxdıqdan sonra məlum olmuşdur ki, həmin sərəncam saxtadır və Həmidə bildirmişdir ki, “həmin torpaq sahəsi qohumu Şahid4 məxsusdur və ona dair rəsmi sənədləri var, sizə bu torpaq sahəsini kim satıbsa sizi aldadıb”. Bundan sonra Həmid demişdir ki, “əgər elədirsə onun həmin torpaq sahəsinə heç bir iddiası yoxdur, o, Mübariz və Habil barəsində şikayət edəcək”. Mübariz və Habil adlı şəxsləri tanımadığını, nə onlara nə də heç kimə torpaq sahəsi satmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli cinayət işinin başlanması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir; - xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 25 saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş etibarnamədən müəyyən edilir ki, etibar edən Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs Qala Bələdiyyəsinin xx.xx.2025-ci il tarixlio 47 nömrəli sərəncamına əsasən fərdi yaşayış evi tikintisi üçün ayrılmış Qala qəsəbəsində yerləşən ümumi sahəsi 1200 kv.m olan torpaq sahəsi ilə bağlı onu bütün dövlət və qeyri dövlət orqanlarında, idarə və təşkilatlarında, o cümlədən Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin müvafiq Ərazi idarələrində, icra Hakimiyyətində, Bələdiyyədə, Arxiv idarələrində, Asan xidmət mərkəzlərində, Məkan Əmlak Komitəsində, Asan komunallarda, Azərişıq ASC-də, Azəriqaz İB-də, Azərsu ASC-də təmsil etməyi, sənədləşmə işlərini aparmağı, lazımi sənədləri və ya arayışları toplamağı, təqdim etməyi və götürməyi, özəlləşdirmə ilə bağlı bütün əməliyyatları aparmağı, arxivdən sənəd almağı, sorğu ilə müraciət etməyi, rüsumları ödəməyi, sayğaclar quraşdırmağı, smart kartlar əldə etməyi, vaxtı bitdikdə yenisi ilə əvəz etməyi, əvəzimdən sorğular verməyi, rüsum ödəməyi, bütün ödənişləri almağı və ödənişlər etməyi, müqavilələr bağlamağı, mənə məxsus Çıxarışı, Texniki pasportu almağı, özəlləşdirib Çıxarış aldıqdan sonra həmin torpaq sahəsinin 0.03 ha hissəsi üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı Notariat ofisində, bankda onu təmsil etməyi, adından ərizə verməyi, imza etməyi və bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi etibar etmişdir; - Əzizbəyov (indiki Xəzər) rayonu Qala Bələdiyyəsinin sədri İ.Əkbərov tərəfindən verilmiş 17 iyul 2005-ci il tarixli 47 nömrəli sərəncamı əsasında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehdi Hüseyn küçəsi ev 5, mənzil 10-da yaşayan Təqsirləndirilən şəxs Qala qəsəbəsi ərazisində fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsinin ayrılması göstərilmişdir; - Xəzər rayonu Qala Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 1-1/140 nömrəli məktubundan görünür ki, Qala Bələdiyyəsi tərəfindən vətəndaşlara torpaq sahəsini ayrılması barədə qeydiyyat kitabında vətəndaş Təqsirləndirilən şəxs hər hansı bir məqsədlə, hər hansı bir ölçüdə torpaq sahəsinin ayrılmasına dair qeyd aşkar edilməmişdir. H.X12 üzrə torpaq sahəsinə görə vergi ödəyicisi kimi qeydiyyata alınmamış və qeydiyyata alınması barədə müraciət etməmişdir; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - xx.xx.2024-cü il tarixli “Sənədə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin sənədlərə baxış keçirilərkən müəyyən olunmuşdur ki, Qala Bələdiyyəsinin sədri X5 imzası ilə təsdiq edilmiş xx.xx.2005-ci il tarixli 592 nömrəli sərəncamı əsasında Şahid4 Qala qəsəbəsi ərazisində ev tikmək üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. Eyni zamanda xx.xx.2005-ci il tarixli “Bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında alqısatqı müqaviləsindən də görünür ki, Qala Bələdiyyəsi ilə Şahid4 arasında alqı-satqı müqaviləsi imzalanmışdır. Bundan başqa Şahid4 təqdim etdiyi Qala Bələdiyyəsinin 3 saylı “X13 da görünür ki, siyahıda 78-ci şəxs Şahid4dır və ona 600 kv.m torpaq sahəsi ayrılmasını bir daha təsdiq edir. Bundan başqa Qala Bələdiyyəsinin 233945 nömrəli “Kassa mədaxili orderindən də görünür ki, Şahid4 xx.xx.2005-ci il tarixdə həmin torpaq sahəsinə dair ödəniş etmişdir. Şahid4 təqdim etdiyi digər sənədlər isə oğlu X7 aiddir. Belə ki, həmin sənədlərə baxış keçirilərkən müəyyən olunmuşdur ki, Qala Bələdiyyəsinin sədri X5 imzası ilə təsdiq edilmiş xx.xx.2005-ci il tarixli 392 nömrəli sərəncamı əsasında X7 Qala qəsəbəsi ərazisində ev tikmək üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. Eyni zamanda xx.xx.2005-ci il tarixli “Bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında alqı-satqı müqaviləsi”ndən də görünür ki, Qala Bələdiyyəsi ilə X11 arasında alqı-satqı müqaviləsi imzalanmışdır. Bundan başqa Şahid4 təqdim etdiyi Qala Bələdiyyəsinin 3 saylı “X13 da görünür ki, siyahıda 96-cı şəxs X8r və ona 600 kv.m torpaq sahəsi ayrılmasını bir daha təsdiq edir. Bundan başqa Qala Bələdiyyəsinin 233946 nömrəli “Kassa mədaxili orderi”ndən də görünür ki, X11 xx.xx.2005-ci il tarixdə həmin torpaq sahəsinə dair ödəniş etmişdir. Təqdim olunan bütün sənədlərin surətindən görünür ki, sənədlərin hər biri Qala Bələdiyyəsinin sədri M.O.Novruzov tərəfindən təsdiq edilmişdir; - xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, cinayət işi üzrə əməl CM-nin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.1, 320.1 və 320.2-ci maddələrinə tövsif edilmişdir; -xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan edilmişdir; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1 -ci maddəsi ilə 02 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021 -ci il tarixli Amnistiya Qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Hal-hazırda barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 320.1, 320.2-ci maddələri ilə cinayət işi vardır; - xx.xx.2024-cü il tarixli qərardan məlum olur ki, Mübariz adlı şəxs barəsində ayrıca cinayət işi ayrılmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi zərərçəmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu ifadəsi qeyri-səmimi olmaqla yanaşı işin həqiqi hallarına uyğun gəlməməklə digər mötəbər sübutlarla tam təkzib olunur və o, həmin ifadəsini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə vermişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinə əsasən “Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma - üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 320.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli qərarında göstərilmişdir ki, “Sənədin rəsmi sənədə aid edilməsi üçün o, bir sıra əlamətlərə malik olmalıdır. Bunun üçün sənəd səlahiyyətli şəxs tərəfindən tərtib və təsdiq edilməli, müəyyən edilmiş formaya uyğun olmalı, vacib rekvizitləri (möhürü, ştampı, imzanı və s.) əks etdirməlidir. Rəsmi sənədin əsas şərtlərindən biri də onun hüquqi əhəmiyyəti ilə bağlı olub təqdim edilə bilmə qabiliyyətinin, yəni sənəddə əks olunmuş məlumatın hüquq münasibətlərinə təsir etmək imkanının mövcud olmasını tələb edir. Cinayət Məcəlləsinin 320.1-ci maddəsində təsbit edilən cinayətin predmetini təşkil edən rəsmi sənəd hüquqlar verməli və ya vəzifələrdən (öhdəliklərdən) azad etməlidir. Hüquqlar verməyən və ya vəzifələrdən azad etməyən sənədin saxtalaşdırılması, hazırlanması və ya satılması Cinayət Məcəlləsinin həmin maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaratmır. Beləliklə, hər hansı sənədin Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin predmeti qismində çıxış etməsi üçün onun hüquq münasibətlərinə (onların yaranmasına, dəyişdirilməsinə və xitamına) təsir etməklə hüquq və vəzifələr yaratması, eləcə də hüquqların həyata keçirilməsi və ya vəzifələrin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar kimi hüquqi nəticələrə səbəb olma xüsusiyyətinin mövcudluğu mütləqdir. Saxtalaşdırma rəsmi sənədin məzmununun təhrif edilməsidir və saxta olmayan vəsiqəyə və ya rəsmi sənədə hər hansı vasitə ilə yanlış məlumatların daxil edilməsi, boş blankın belə məlumatlarla doldurulması, onun məzmununa dəyişikliklər edilməsi və s. üsullarla həyata keçirilir və bu hərəkətlərin nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyəti dəyişir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyə n etmədi. Təqsirləndirilən şəxs Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə yaranmış məhkumluğu “8 noyabr –Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” xx.xx.2021-cü il tarixli qərarın 2.4 və 7-ci bəndlərinə əsasən götürüldüyündən cinayətlərin residivi kimi nəzərə alınmır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.1 və 320.1-ci maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəzalar qismən toplanılmaqla qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində “həbs” qətimkan tədbiri seçilməli vəı digər cinayət işi üzrə həbsda olması nəzərə alınmalı, seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs elan edilmiş ittihamda olan CM-nin 320.2-ci maddəsi ilə bağlı olan hissədə dövlət ittihamçısı ittihamın müdafiəsindən imtina etdiyindən Azərbaycan Respublikası CPM-nin 43.1.1-ci maddəsinə əsasən barəsində olan Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə təqsirləndirilməsi hissəsində cinayət işinin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 28 aprel 2025-ci il tarixli 141 saylı Qərarına əsasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347; 349; 351-353; 356-357; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona CMnin 178.2.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 320.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri seçilsin və onun 1(101)-294/2025 nömrəli cinayət işi üzrə hal-hazırda həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs elan edilmiş ittihamda CM-nin 320.2-ci maddəsi ilə bağlı olan hissədə cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs hüquqlarının: ibtidai istintaq zamanı müdafiə edilməsinə görə Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X14 tərəfindən sərf etdiyi 15 saat vaxta görə 90 manat, məhkəmədə müdafiə edilməsinə görə Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X1 etdiyi 20 saat vaxta görə 220 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB**********1700266117, VÖEN **********) ödənilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar