Məhkəmə qərarları › İş №1(003)-127/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-127/2021

10.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-127/2021 10.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1997-ci il tarixdə Astara şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, 3-cü qrup əlil, əvvəllər məhkum olunmamış, Astara şəhəri S.Vurğun küçəsi ev 327-da qeydiyyatda olan, ünvan 1-də yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq soyuq silah əldə edərək gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq bir ədəd soyuq silah hesab edilən əldəqayırma üsulu ilə beşbarmaq (kastet) tipində hazırlanmış vurucu-əzici xassayə malik predmet əldə edərək gəzdirmiş, xx xxxxxxx 2020-ci il tarixdə saat 21:10 radələrində Bakı şəhəri Xəzər rayonu Binə-Hövsan Südçülük sovxozu avtomobil yolunun Binə qəsəbəsindən keçən 1-ci km-dəki Komendant saatı rejim postunda xidmət aparan Bakı şəhəri Xəzər RPİ PPXB-nün əməkdaşları tərəfindən Komendant saatı qaydasını pozduğuna görə idarə etdiyi “Mersedes-Benz” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobillə saxlanılmış, onun iştirakı ilə avtomobilə baxış keçirilən zaman avtomobilin sürücü oturacağının döşəməsinin üstündən bir ədəd soyuq silah hesab edilən əldəqayırma üsulu ilə beşbarmaq (kastet) tipində hazırlanmış vurucu-əzici xassəyə malik predmet aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, 4 il bundan əvvəl Astara rayonunda qurğuşundan özü üçün 1 ədəd beşbarmaq duzəltmiş, həmin beşbarmağı özü ilə gəzdirmişdir. Məqsədi özünü göstərmək olmuşdur. Lakin bu günə kimi həmin beşbarmağı istifadə etməmiş və heç vaxt tətbiq etməmişdir. Bir müddət üzərində gəzdirdikdən sonra beşbarmağı özünə məxsus “Mersedes-Benz C-class” markalı, **-DB-*** dövlət qeydiyyat nömrəli avtomobilin sürücü oturacağının altına qoymuşdur. xx xxxxxxx 2020-ci il tarixdə dostu Şahid1la birlikdə yeznəsi Şahid2 Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan Südçülük sovxozundakı evinə qonaq getmişdir. Orada oturub yemək yemiş, say içib söhbət etmişlər. Həmin gün Dünyamalının evində babasından yadigar qalmış suvenir xəncəri də götürmüşdür. Xəncəri ona Dünyamalı hədiyyə etmiş, o da onu maşının yük yerinə qoymuşdur ki, yaşadığı evə aparsın. Başları yeməyə və söhbətə qarışmış, komendant saatının başlamasına az qaldığını görüb tez maşına əyləşmişlər ki, evə qayıda bilsinlər. xx xxxxxxx 2020-ci il tarixdə özünə məxsus olan “Mersedes-Benz C-class” markalı, **- DB-*** dövlət nömrə nişanlı avtomaşını işə salaraq Muradla hərəkətə başlamış, Dünyamalı da maşına əyləşib onları postdan ötürəcəyini söyləmişdir. Beləcə Dünyamalı və Müradla birlikdə maşınla üzü Binə qəsəbəsinin mərkəzinə doğru hərəkət etmişlər. Həmin gün saat 21:10 radələrində Binə qəsəbəsində quraşdırılan posta yaxınlaşmışlar və polis əməkdaşları maşını saxlayıb sənədlərinə baxdıqda xüsusi icazələrinin olmadığını müəyyən etmişlər. Polis işçiləri onun, Muradın və Dünyamalının iştirakı ilə maşına baxış keçirmişlər. Baxış zamanı onun, yəni maşının sürücü oturacağının ayaq altından qeyd etdiyi, özünün qurğuşundan hazırladığı beşbarmaq, maşının yük yerindən isə qeyd etdiyi suvenir xəncər aşkar olunmuşdur. Bundan sonra Xəzər RPİ 3-cü PB-nə aparılmışlar və orada müvafiq sənədləşdirmə aparılaraq xəncər və beşbarmaq ondan götürülmüş, izahatları alınmış, səhəri gün, yəni komendant saatı bitdikdən sonra buraxılmışlar. İlk dəfə törətdiyi bu əməldən səmimi peşman olmuşdur. 3-cü qrup əlildir. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 və Şahid2 da oxşar, eyni məzmunlu ifadələr verərək Təqsirləndirilən şəxs göstərdiklərini təsdiq etdilər. Məhkəmə iclasında şahid qismində dindirilən Bakı şəhəri Xəzər RPİ PPXB-də polis baş serjantı rütbəsi ilə polis nəfəri işləyən Şahid3 göstərdi ki, Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikası ərazisində Komendant saatı elan edilməsi ilə əlaqədar o və Bakı şəhəri Xəzər RPİ PPXB-nün polis nəfəri polis serjantı Şahid4 xx xxxxxxx 2020-ci il saat 21:00-dan xx xxxxxxx 2020-ci il saat 06:00-dək olan müddət ərzində Binə-Hövsan Südçülük sovxozu avtomobil yolunun Binə qəsəbəsindən keçən 1-ci km-dəki stasionar Komendant saatı rejim postunda xidmət aparmış, xx xxxxxxx 2020-ci il tarixdə saat 21:10 radələrində Komendant saatı qaydalarına riayət edilməsinə nəzarətlə əlaqədar postda “Mersedes-Benz C-class” markalı, **-DB-*** dövlət qeydiyyat nömrəli avtomobili saxlamışlar. Yoxlama zamanı müəyyən edilmişdir ki, avtomobilin sürücüsü Təqsirləndirilən şəxs, onun sərnişinləri isə Şahid1 və Şahid2dur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2020-ci il tarixli 358 nömrəli qərarı və Azərbaycan Respublikası DİN xx xxxxxxxx 2020-ci il tarixli Q29-001-20 nömrəli qərarına əsasən yoxlama aparılmış və nəqliyyat vasitəsində baxış keçirilmişdir. Yoxlama zamanı onların Komendant saatı qaydasını pozduğu müəyyən edilmişdir. Söhbət vaxtı sürücü Təqsirləndirilən şəxs bildirmişdir ki, Murad Rəhimov dostu, Şahid2 isə yeznəsidir, birlikdə yeznəsi Dünyamalının evində olmuş, yemək yeyib söhbət etmişlər, başları qarışdığından komendant saatına düşmüşlər. Muradla evə getdiklərini, Dünyamalının isə onları postdan ötürməyə gəldiyini demişdir. Avtomobilə baxış zamanı sürücünün oturacağının ayaq altı hissəsindən bir ədəd dəmir beşbarmaq formalı predmet, avtomobilin yük yerindən isə bir ədəd xəncər aşkar edilmişdir. Həmin vaxt sürücü Təqsirləndirilən şəxs bildirmişdir ki, əşyalar ona məxsusdur, beşbarmağı özü xeyli vaxt əvvəl yaşadığı Astara rayonunda qurğuşundan hazırlamış, xəncər isə suvenirdir və xx xxxxxxx 2020-ci il tarixdə yeznəsi Dünyamalı ona bağışlamışdır. Həmin vaxt Murad və Dünyamalı beşbarmaqdan məlumatsız olduqlarını bildirmiş, xəncərlə bağlı isə Təqsirləndirilən şəxs dediklərini təsdiq etmişlər. Sürücü Təqsirləndirilən şəxs, Şahid1 və Şahid2 nəqliyyat vasitəsi, eləcə də aşkar olunmuş beşbarmaq və xəncərlə birlikdə Xəzər RPİ 3-cü PB-nə apararaq fakt barədə raportla məlumat vermişlər, araşdırma başlanmış və onlar xidmət yerinə qayıtmışlar. Məhkəmə iclasında şahid qismində dindirilən Bakı şəhəri Xəzər RPİ-nin PPXB-də polis serjantı rütbəsi ilə polis nəfəri işləyən Şahid4 da oxşar, eyni məzmunlu ifadələr verərək, Şahid3 göstərdiklərini təsdiq etdi. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin 3/1291 nömrəli, xx xxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd predmet zavod üsulu ilə istehsal edilmiş, hər iki tərəfi küt, ucu deşici xassəyə malik, xəncər formasında hazırlanmış suvenirdir və soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş bir ədəd predmet əldəqayırma üsulu ilə beşbarmaq (kastet) tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 64,00 (altmış dörd) manatdır. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş zavod üsulu ilə istehsal edilmiş, hər iki tərəfi küt, ucu deşici xassəyə malik, xəncər formasında hazırlanmış, soyuq silah hesab edilməyən suvenir və bir ədəd soyuq silah hesab edilən əldəqayırma üsulu ilə beşbarmaq (kastet) tipində hazırlanmış vurucu-əzici xassəyə malik predmet maddi sübut kimi tanınmış və məhkəmənin hökmünə qədər saxlanması üçün Xəzər RPİ-nə təhvil verilmişdir. İş materiallarında olan Astara rayon ƏSMM tərəfindən xx xxxxxx 2015-ci il tarixdə verilmiş 102995 saylı Vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs 3-cü qrup ümumi əlildir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxxxxx 2020-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən soyuq silah əldə edərək gəzdirmə cinayətini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə də tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi əməli etiraf etməsini və peşmançılıq çəkməsini, 3-cü qrup əlil olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1-də çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Maddi sübut – Xəzər rayon Polis İdarəsində saxlanılan – təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş zavod üsulu ilə istrhsal edilmiş, hər iki tərəfi küt, ucu deşici xassəyə malik, xəncər formasında hazırlanmış, soyuq silah hesab edilməyən suvenir hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Təqsirləndirilən şəxs qaytarılmalıdır. Maddi sübut – Xəzər rayon Polis İdarəsində saxlanılan – təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş bir ədəd soyuq silah hesab edilən əldəqayırma üsulu ilə beşbarmaq (kastet) tipində hazırlanmış vurucu-əzici xassəyə malik predmet hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 64,00 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri X2 və Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2 cəmi 36,00 (otuz altı) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi cəmi 90,00 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlli bilinsin və ona 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut – Xəzər rayon Polis İdarəsində saxlanılan – təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş zavod üsulu ilə istrhsal edilmiş, hər iki tərəfi küt, ucu deşici xassəyə malik, xəncər formasında hazırlanmış, soyuq silah hesab edilməyən suvenir hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Təqsirləndirilən şəxs qaytarılsın. Maddi sübut – Xəzər rayon Polis İdarəsində saxlanılan – təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş bir ədəd soyuq silah hesab edilən əldəqayırma üsulu ilə beşbarmaq (kastet) tipində hazırlanmış vurucu-əzici xassəyə malik predmet hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs 64,00 (altmış dörd) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2 cəmi 36,00 (otuz altı) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi cəmi 90,00 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar