Məhkəmə qərarları › İş №1(003)-128/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-128/2021

28.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-128/2021 28.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1972-ci il tarixdə Neftçala rayonunun 2ci Qaralı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, 136 saylı MKİS-də dalandar işləyən, məhkumluğu olmayan, Neftçala rayonunun 2-ci Qaralı kəndində qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi yeni yaşayış massivi nömrəsiz evdə yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 17 oktyabr 2020-ci il tarixdə saat 22 radələrində yaşadığı Xəzər rayonu Buzovna qəsəbəsi yeni yaşayış massivi nömrəsiz evin mətbəxində qızı Şahid qeyri-rəsmi ər-arvad münasibətində olduğu X6 ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı qəsdən çəkiclə Nuran Paşayevin baş nahiyəsindən iki dəfə vuraraq, təpə və ənsə-təpə nahiyəsinin əzilmiş yaraları, sağ göz orbitinin qançırı ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Şahid onun qızıdır, X6 isə qızı Bacıxanımla qeyri-rəsmi nikahda olmaqla onun yaşadığı evdə yaşamışdır. Nuranın öz ailəsi olduğuna görə o, təxminən 6 ay olar ki, Nuranı onun evinə gəlməyə qoymurmuş. Səbəb isə Nuranın evli olmağı və öz ailəsi ola-ola onun qızı ilə qeyri-rəsmi nikahda olmaqla yaşaması olmuşdur. 17 oktyabr 2020-ci il tarixdə, saat təxminən 12:00 radələrində o, evdə olan zaman Nuranın dostları Raul və Hacı onlara gəlmişlər. Raul və Hacının gəlməkdə məqsədləri onunla Nuranı barışdırmaq olmuşdur. Lakin o, Nuranın evli olduğuna görə onunla barışmağın mümkün olmadığını demişdir. Həmin gün saat 18:00 radələrində Nuran da gəlmiş və onlar oturub çörək yemişlər. Bundan sonra qızı Bacıxanım ondan Nuranla barışmağını xahiş etmiş, lakin o, qızına Nuranın onu aldatdığını və yenə də onları aldadacağını, ailə qurması ilə bağlı yalan vəd vərəcəyini demişdir. 17 oktyabr 2020-ci il tarixdə, saat 22:00 radələrində o, evin həyətində onlarla sağollaşmış və evə keçib qapını bağlamışdır. Hacı və Raul onunla evə keçib yatmaq üçün ayrı otağa keçmişlər. Həmin vaxt Nuran qapını döymüş, lakin o, qapını açmadığı üçün Nuran qapıya təpik vurmağa başlamışdır. Bundan sonra o, qapını açaraq Nurandan qapını nə üçün sındırdığını soruşmuş, həmin vaxt onların arasında mübahisə baş vermişdir. Nuran evə daxil olmaq istəmiş, o isə onu itələyərək buna imkan verməmişdir, həmin vaxt Nuran ona yumruq atmış, lakin yumruq ona dəyməmişdir. Bundan sonra o, Nuranı yenidən itələyəndə səs-küyə qızı Bacıxanım gəlmiş və onları aralamışdır. O, Nurana polisə şikayət edəcəyini deyəndə Nuran ona kobud şəkildə var-yox söyüşü söyərək yenidən onun üzərinə cummuş və boyun nahiyəsindən yumruqla vurmuşdur. Bundan sonra o, mətbəxin qapısının yanındakı usta aləti olan çəkici götürərək bir dəfə Nuranın başından vurmuşdur ki, çıxıb getsin, lakin Nuran oturacağı götürüb ona tərəf atmaq istəmişdir. Buna görə də o, çəkiclə ikinci dəfə Nuranın başından vurmuşdur. Bundan sonra Nuran evdən çıxıb getmişdir. Hadisə təxminən 3-4 dəqiqə davam etmişdir. Daha sonra Hacı və Raul gəlmişlər və o, onlara baş vermiş hadisəni danışmışdır. Həmin gün saat 23 radələrində Nuran onun mobil nömrəsinə zəng etmiş, zəngə Hacı cavab vermişdir. Nuran Hacıya söhbəti yekunlaşdırmaq istədiyini deyəndə Hacı Nurana onun evdə olduğunu və istəyirsə gəlməyini demişdir. Bundan təxminən 30 dəqiqə sonra polis əməkdaşları gələrək onu Polis Şöbəsinə dəvət etmişlər. O, polislərlə birlikdə PŞ-nə getmiş və Nuranı vurduğu çəkici onlara vermişdir. Törətdiyi bu əməldən peşman olaraq Nuran ilə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Hazırda Nuranın ondan heç bir şikayəti və ya tələbi yoxdur. Barışmalarının nəzərə alınaraq onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X3 məhkəmə iclasının vaxtı və yeri barədə dəfələrlə məlumat verilsə də, o, məhkəmə iclaslarına gəlməmiş, 21 aprel 2021-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin və tələbinin olmadığını göstərmiş, bununla bağlı cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası CMnin 73.2-ci maddəsi ilə xitam verilməsini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində X6 göstərmişdir ki, Şahid ilə təxminən bir ildir ki, qeyri-rəsmi nikahda yaşayır və 5 aylıq bir övladları vardır. Bacıxanımın atası Toğrul təxminən 6 ay imiş ki, onu evinə gəlməyə qoymurmuş. Səbəb isə onun evli olmağı və öz ailəsi ola-ola Bacıxanım ilə yaşaması olmuşdur. 17 oktyabr 2020-ci il tarixdə saat 18:00 radələrində o, Toğrulgilin yaşadığı evə getmiş, Hacı və Raulun da orada olduqlarını görmüşdür. Onlar birlikdə oturub çörək yemişlər. Həmin vaxt o, Toğrula barışmağı demiş, lakin Toğrul razı olmamışdır. Saat 22:00 radələrində onlar evin həyətində sağollaşmış, Raul, Hacı və Toğrul evə getmişlər. O, gedəkən paltarı evdə qaldığı üçün evə qayıdaraq qapını döyməyə başlamış, evdəkilər onu eşitmədikləri üçün qapını möhkəm vurmuşdur ki, eşitsinlər. Toğrul gəlib qapını açmış və aralarında mübahisə baş vermişdir. Həmin vaxt Toğrul onu itələmiş və o da buna görə onu bir dəfə yumruqla vurmuşdur. Bundan sonra Bacıxanım gəlmiş və onları aralamışdır. Həmin vaxt o, Toğrulu söymüş, Toğrul da mətbəxin qapısının yanındakı çəkici götürərək bir dəfə onun başından vurmuşdur. Bundan sonra o, oturacağı götürərək Toğrul tərəfə atmaq istəyəndə Toğrul bunu görüb ikinci dəfə çəkiclə onun başından vurmuş və o, çıxıb getmişdir. Hadisə təxminən 3-4 dəqiqə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid göstərdi ki, Təqsirləndirilən şəxs onun atasıdır. X6 ilə təxminən bir ildir ki, tanışdır, qeyri-rəsmi nikahda yaşayır və 5 aylıq bir qız övladları vardır. Nuranın öz ailəsi olduğuna görə atası Toğrul təxminən altı ay olar ki, Nuranı onlara gəlməyə qoymurmuş. Səbəb isə Nuranın evli olmağı və öz ailəsi ola-ola onunla yaşaması olmuşdur. 17 oktyabr 2020-ci il tarixdə saat təxminən 12:00 radələrində Nuranın dostları Raul və Hacı onlara gəlmişlər. Raul və Hacının onlara gəlməkdə məqsədləri atası Toğrul ilə Nuranı barışdırmaq olmuşdur. Həmin gün saat 18:00 radələrində Nuran da gəlmiş və onlar oturub çörək yemişlər. Bundan sonra o, atasından Nuranla barışmağını xahiş etmiş, lakin atası Nuranın onları aldatdığını, yenə aldadacağını və ailə qurması ilə bağlı yalan vəd vərəcəyini demişdir. 17 oktyabr 2020-ci il tarixdə, saat təxminən 22:00 radələrində o, evdə qalmış, atası Toğrul evin həyətində onlarla sağollaşmış və evə keçib qapını bağlamışdır. Hacı və Raul da evə keçib yatmaq üçün ayrı otağa keçmişlər. Həmin vaxt Nuran qapını döyməyə başlamış, lakin atası qapını açmadığı üçün Nuran qapıya təpik vurmağa başlamışdır. Atası qapını açmış və Nurandan qapını nə üçün sındırdığını soruşanda onların arasında mübahisə baş vermişdir. O, səs-küyə gələndə atası ilə Nuranın dalaşdığını görmüş və onları aralamışdır. Atası Nurana polisə şikayət edəcəyini deyəndə Nuran onun atasına kobud şəkildə var-yox söyüşü söymüş, sonra yenidən atasının üzərinə cumaraq boyun nahiyəsindən yumruqla vurmuşdur. Həmin vaxt atası mətbəxin qapısının yanındakı usta aləti olan çəkici götürərək 1 dəfə Nuranın başından vurmuş, Nuran da oturacağı götürüb atasına tərəf atmaq istəyəndə atası ikinci dəfə çəkiclə Nuranı vurmuşdur. Bundan sonra Nuran evdən çıxıb getmişdir. Daha sonra Hacı və Raul gəlmişlər və atası Nuranla baş vermiş hadisəni onlara danışmışdır. Həmin gün saat 23:00 radələrində Nuran onun atasının mobil nömrəsinə zəng etmiş, zəngə Hacı cavab vermiş və Nuran Hacıya onun atası ilə söhbətini yekunlaşdırmaq istədiyini deyəndə X7 evdə olduğunu və istəyirsə gəlməyini demişdir. Bundan təxminən 30 dəqiqə sonra polis əməkdaşları gəlmiş və onun atasını PŞ-nə aparmışlar. Hadisə təxminən 3-4 dəqiqə davam etmişdir. İş materiallarında olan canlı şəxsin ekspertizası ilə bağlı 1162 saylı, 19 oktyabr 2020-ci il tarixli rəydən görünür ki, X2 bədəni üzərində təpə və ənsə-təpə nahiyəsinin əzilmiş yaraları, sağ göz orbitinin qançırı aşkar edildi. Qeyd olunan xəsarətlər tinli küt əşya (alət), ola bilsin ekspertizaya təqdim edilmiş çəkicin buruncuq hissəsinin sərbəst kənarının təsirindən onun 3 saylı Şəhər Kliniki Xəstəxanasına müraciətindən az əvvəl törənmişlər, qərarda göstərilən 17 oktyabr 2020-ci il tarixdə törənmələri istisna olunmur və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. X2 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterlərini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin bədənin əlçatan nahiyələrində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi və öz boyu hündürlüyündən yıxılaraq bərk küt əşyaya dəyməsi nəticəsində əmələ gəlmələri inandırıcı deyildir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 27 oktyabr 2020-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 17 sentyabr 2003-cü tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 338.1 və 126.1-ci maddələri ilə təqsirli bilinərək 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 19 mart 2007-ci il tarixli 558 saylı “Əfv” fərmanına əsasən cəza çəkməkdən azad edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan və zərərçəkmiş şəxs X6 tərəfindən yazılaraq məhkəməyə ünvanlanmış 21 aprel 2021-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, Toğrul ona dəymiş ziyanı tamamilə ödəmişdir, buna görə də onun ondan heç bir şikayəti yoxdur, gələcəkdə də olmayacaqdır. Barışmalarının nəzərə alınaraq Toğrulun barəsində olan hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona istinad edilən əməli törətməsi onun özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidin ifadələri, MTE və PA Birliyinin aktı və cinayət işinin materiallarında olan digər sənədlərlə tam sübuta yetirildi. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində nəzərdə tutulmuş hallardan başqa, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinin tələbinə görə, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. “Azərbaycan Respublikası CPM-nin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarının 2-ci və 3-cü bəndlərinə əsasən, Azərbaycan Respublikası CPM-nin 37.4-cü maddəsinin tələblərinə görə, həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən şəxs zərərçəkmiş şəxslə barışdıqda və ya ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimaixüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 37.3-cü maddəsində sadalanan az ağır və ya ağır cinayətlər üzrə ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilə bilməz. Cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs X2 və şahidin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilməsi, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin ləğv edilməsi məqsədə uyğundur. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsCM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını məhkəmədə müdafiə etmiş 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 35 (otuz beş) iş saatına görə cəmi 210,00 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37.4, 43.3, 197-198, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Paşayev Nuran Zahid oğlu ilə barışdığına və dəymiş ziyanı tamamilə ödədiyinə görə onun barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 35 (otuz beş) iş saatına görə cəmi 210,00 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ**********0000001944, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar