Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-128/2023 06.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1977-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, İİİ qrup əlil, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), ünvan 1 ünvanında qeydiyyatla olmaqla orada yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 4(003)- 440/2022 saylı qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduğu 28 sentyabr 2022-ci tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi xalis çəkisi - 0,285 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsinə daşıyaraq üzərində saxlamış, 28 sentyabr 2022-ci il tarixdə, saat 10:00-da Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşları tərəfindən ünvan 3 ünvanında yerləşən yaşadığı evin yaxınlığında saxlanılaraq Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə dəvət olunmuş və orada Təqsirləndirilən şəxs üzərində video çəkiliş vasitəsi ilə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli uzunqol idman gödəkçəsinin sol yan cibindən şəffaf sellofan kəsiyinə bükülmüş 01 ədəd bükümdə qeyd olunan çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, ibtidai istintaq zamanı ona edilmiş təzyiqlər nəticəsində özünə qarşı ifadə verərək göstərmişdir ki, o, təxminən 5 ildir ki, «kakos» kimi tanıdığı narkotik vasitə heroindən istifadə edirmiş. Sonuncu dəfə 27 sentyabr 2022-ci il tarixdə, səhər saatlarında öz istifadəsi üçün narkotik vasitə heroin almaq məqsədi ilə Suraxanı qəsəbəsinə getmişdir. Orada təsadüfən rastlaşdığı adını bilmədiyi uca boylu, 50-55 yaşlarında olan, arıq bədən quruluşlu şəxslə söhbət zamanı həmin şəxs onun narkotik vasitə istifadəçisi olduğunu bilib, lazım olsa onun üçün narkotik vasitə heroin təşkil edəcəyini bildirmişdir. Bundan sonra o, həmin şəxsdən 10 manat müqabilində şəffaf sellofan kəsiyinə bükülmüş 01 büküm narkotik vasitə heroin alıb əynindəki qara rəngli uzunqol idman gödəkçəsinin sol yan cibinə qoyub yaşadığı ünvana getmişdir. 28 sentyabr 2022-ci il tarixdə, saat 10:00 radələrində Şüvəlan qəsəbəsi, Nizami küçəsi, dalan 6, ev 5 ünvanında yerləşən yaşadığı evin yaxınlığında küçədə piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Onun narkotik vasitələr istifadə etməyi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə onu Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə dəvət etmişlər. O etiraz etməyib polis əməkdaşları ilə birlikdə 1-ci Polis Şöbəsinə getmişdir. Şöbənin inzibati binasında xidməti otaqların birində polis əməkdaşlarının və hüquqlarını müdafiə etmək üçün dəvət olunmuş vəkil Bəhruz Səfərovun iştirakı ilə video çəkiliş vasitəsi ilə təhqiqatçı Zaur Babayev üzərinə şəxsi axtarış keçirməyə başlamışdır. Üzərinə şəxsi axtarış keçirməmişdən əvvəl ona hüquq və vəzifələrini izah edib üzərində qeyri-qanuni əşya varsa təqdim etməyini bildirmişlər. Bundan sonra o əynindəki qara rəngli uzunqol idman gödəkçəsinin sol yan cibinə qoyduğu şəffaf sellofan kəsiyinə bükülmüş 01 büküm narkotik vasitə heroini çıxararaq təqdim etmişdir. Sorğu zamanı o, baş verənləri olduğu kimi danışmışdır. Təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən başqa qeyri-qanuni əşya aşkar olunmamışdır. Üzərindən aşkar olunmuş həmin 01 büküm narkotik vasitə heroin zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən zərf və protokol imzalanmışdır. Hazırkı açıq məhkəmə iclasında əsil həqiqəti söyləyir və bildirir ki, özü bir neçə ildir ki, narkotik vasitələrdən istifadə edir, hətta bundan əvvəl narkotik vasitələrdən istifadə etdiyinə görə bir neçə dəfə cinayət məsuliyyətinə cəlb edilərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, lakin hazırda üstündə aşkar edildiyi deyilən həmin narkotik vasitə heroin ona məxsus deyildir, gecə evindən çıxarılaraq Polis Şöbəsinə gətirilmiş, bu zaman üstündə narkotik vasitə olmamışdır. Həmin 01 büküm narkotik vasitə heroin polis əməkdaşları tərəfindən PŞ-də onun üzərinə videoçəkilişdən əvvəl qoyulmuş və ona təzyiq göstərilərək müdafiəçisinin iştirakı ilə videoçəkilişlə dindirilərkən sözügedən narkotik vasitənin guya ona məxsus olmasını deməyə məcbur edilmiş, narkotiki etiraf etməyəcəyi təqdirdə onu daha ağır maddə ilə yükləyəcəkləri deyilərək hədələnmişdir. Qorxduğu üçün polis əməkdaşlarının əvvəlcədən ona verdikləri təlimata uyğun olaraq öz əleyhinə ifadə vermiş, lakin ona göstərilmiş təzyiqlər barədə heç bir yerə şikayət etməmiş, hətta onun barəsində həbs qətimkan tədbiri seçilərkən hakimə də heç nə deməmişdir. Özünü təqsirli bilmir, buna görə də barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili X2 göstərdi ki, 28 sentyabr 2022-ci il tarixdə alınmış məlumat əsasında məlum olmuşdur ki, «Mehman» adlı şəxs narkotik vasitələrin və psixotrop maddələrinin qəbulu ilə məşğul olur. Eyni zamanda həmin şəxsin ünvan 5 ünvanında yerləşən yaşadığı evin yaxınlığında olduğu bildirilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, «Mehman» adlı şəxs xx xxxxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatla yaşayan Təqsirləndirilən şəxsdur. Bundan sonra digər polis əməkdaşı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qəbulu ilə məşğul olması barədə daxil olmuş məlumatı yoxlamaq və Təqsirləndirilən şəxs ifşa etmək məqsədi ilə 28 sentyabr 2022-ci il tarixdə, saat 09:50 radələrində Şüvəlan qəsəbəsi, Nizami küçəsi, döngə 6, ev 5 ünvanının yaxınlığına yollanmışlar. Orada müşahidələr aparmağa başlamışlar və Təqsirləndirilən şəxs qeyd olunan yerdə saat 10:00 radələrində müəyyən etdikdən sonra ona yaxınlaşıb özlərini təqdim edərək Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşları olduqlarını bildirib onu 1-ci PŞ-nə dəvət etmişlər. Mehman da heç bir etiraz etməyib onlarla birlikdə Polis Şöbəsinə getmişdir. Faktla bağlı araşdırma aparılmasından ötrü material 1-ci PŞ-nin təhqiqatçısı Zaur Babayevə həvalə edilmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsindən ötrü müdafiəçi dəvət etmiş və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuşdur. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs, dəvət olunmuş müdafiəçinin və onların iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Şəxsi axtarış keçirilməmişdən qabaq Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib üzərində qeyri-qanuni əşya varsa təqdim etməyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli uzunqol idman gödəkçəsinin sol yan cibindən şəffaf sellofan kəsiyinə bükülmüş 01 ədəd bükümü təqdim edərək narkotik vasitə olduğunu və öz istifadəsi üçün 27 sentyabr 2022-ci il tarixdə səhər saatlarında Suraxanı qəsəbəsində tanımadığı, təsadüfən tanış olduğu şəxsdən 10 manata aldığını bildirmişdir. Həmin bükümün içərisindən spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də onun üzərindən qanunsuz digər əşya və predmet aşkar olunmamışdır. Bundan sonra baş verənlər barədə protokol tərtib edilmiş və Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdə olan maddə zərfə qoyularaq möhürləndikdən sonra iştirakçılar tərəfindən zərf və protokol imzalanmışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili Şahid2 elan edilmiş ifadəsi ilə onun da oxşar, eyni məzmunlu ifadə verərək şahid X1 göstərdiklərini təsdiq etməsi müəyyən edildi. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəməkimyəvi ekspertizasının 28 sentyabr 2022-ci il tarixli 6/5562 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: AR DİN «Zərflər üçün № 157» möhür əksi, «Şübhəli şəxs…Təqsirləndirilən şəxs...» və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,285 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: Ümumi çəkisi 0,285 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitənin 0,050 qramı tədqiqata sərf edilmiş, 0,235 qram hissəsi qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 110,00 (yüz on) manat təşkil edir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmənarkoloji ekspertizasının 20 oktyabr 2022-ci il tarixli, 6173 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində Asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» Qərarı ilə təsdiq edilmiş məcburi müalicə təbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarınn 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəjəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ümumi təmiz çəkisi 0,285 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış, narkotik vasitə heroinin qalıq qalmış – 0,235 qram hissəsi saxlanılması üçün Xəzər RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 1-ci PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan “disk” maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 14 noybr 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri, o cümlədən CM-nin 234.1 və 234.2-ci maddələri ilə bir neçə dəfə məhkum edilmiş, sonuncu dəfə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 05 fevral 2021-ci il tarixli qərarı ilə üzərində 01 (bir) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 15 saylı Cəzaçəkmə müəssisəsinin məhkəmənin sorğusuna göndərdiyi 10 yanvar 2023-cü il tarixli 17/30-153 saylı cavab məktubundan görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs 23 oktyabr 2021-ci il tarixdə cəza müddəti başa çatdığı üçün azad edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir (götürülməmişdir). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib saxlaması faktı şahidlərin ifadələri, şəxsi axtarış və götürmə haqqında protokol və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadə həqiqətə uyğun deyildir, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə haqqında protokol, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olub cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilmiş ittiham üzrə təqsirli olmamasına dair gətirdiyi dəlilləri araşdıraraq hesab edir ki, həmin dəlillər əsassızdır və qəbul edilə bilməz. Təqsirləndirilən şəxs ona verilmiş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham üzrə özünü təqsirli bilməməsini üstündə aşkar edilmiş narkotik vasitənin ona məxsus olmaması, Polis şöbəsində ona təzyiqlər göstərilməsi, həmin narkotik vasitənin onun üzərinə qoyulması, narkotik vasitə üstündə gəzdirmədiyi halda, törətmədiyi cinayəti etiraf etməyə məcbur edilməsi ilə əlaqələndirir. Lakin məhkəmə qeyd edir ki, məhkəmə iclasında şahid ifadələri, cinayət işinin materiallarında olan sənədlərlə və təqsirləndirilən şəxsin ilkin izahat və ifadələri ilə müəyyən edilmişdir ki, narkotik vasitə məhz Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə baxış keçirilərkən aşkar edilmişdir. Aparılmış məhkəmə narkoloji ekspertizasının nəticələrinə əsasən onun narkomaniya xəstəliyindən əziyyət çəkməsi müəyyən edilmiş, lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 fevral 2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs İİİ qrup əlil olması ilə əlaqədar ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün olmadığı üçün ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Digər tərəfdən, Təqsirləndirilən şəxs məhkəmə iclasında PŞ-nə gətirildikdən sonra ona təzyiqlər göstərilməsi və öz əleyhinə ifadə verməyə məcbur edilməsini bildirsə də, həmin vaxt bununla bağlı heç bir yerə şikayət etməmiş, məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilərkən bu barədə hakimə heç nə bildirməmiş, 1-ci PŞ-də olarkən ona hədə-qorxu gəlinməsi, qorxudulması barədə isə sonradan da şikayət etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs İİİ qrup əlil olmasını Azərbaycan Respublikası CMnin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə (götürülməməsinə) baxmayaraq, yenidən qəsdən cinayət törətməsini və bununla da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün – azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli tutulduğu 28 sentyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut – Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,235 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 1-ci PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş video görüntülər olan “disk” hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 110,00 (yüz on) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 20 iş saatına görə (ibtidai istintaq zamanı 10 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 10 saat) cəmi 120,00 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli tutulduğu 28 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın.. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,235 qram maddə kustar üsülla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 1-ci PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş video görüntülər olan “disk” hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 110,00 (yüz on) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 120,00 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178,VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-128/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-128/2023
06.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver