Məhkəmə qərarları › İş №1(003)-128/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-128/2025

10.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-128/2025 10.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru X2, Müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 12 avqust 2024-cü il tarixdə saat 23:14-də etibarnamə ilə idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “BMW 525” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xəzər rayonu, Buzovna-Bilgəh magistral yolunda Buzovna istiqamətindən Bilgəh qəsəbəsi istiqamətində saatda 110 km/saat sürətlə hərəkət edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməklə sürücü Təqsirləndirilən şəxs hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu və həmin qanunun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməklə avtomobilin hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 90 km/saata qədər məhdudlaşdırılmış yolda sürət həddini aşmamaqla onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunlara əməl etməmiş, dörd zolaqlı yolun sol zolağında “BMW 525” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xəzər rayonu, Buzovna- Bilgəh magistral yolunda Buzovna istiqamətindən Bilgəh qəsəbəsi istiqamətində hərəkətdə olan zaman yolu sağdan sola keçməyə çalışan orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olan piyada X5 avtomobilin ön qabaq hissəsi ilə yolun hərəkət hissəsinin sol hərəkət zolağında təhlükəli şərait yaradıb ehtiyatsızlıqdan vuraraq yol-nəqliyyat hadisəsi törədib G.Heydərova təpə nahiyyəsinin, alın nahiyyəsinin, burunun, alt çənənin, sol budun aşağı üçdə birinin ön səthinin, sağ bazunun aşağı üçdə birinin, sol budun yuxarı üçdə birindən sol qalça darağını əhatə edən, sol budun aşağı üçdə birinin, sol baldırın orta üçdə birinin geniş ölçülü əzilmiş yaraları, sağ çiyin nahiyyəsinin, sağ və sol dirsək nahiyyəsinin, döş qəfəsinin, döş qəfəsinin aşağı üçdə birinin ön səthindən qarının ön səthinin üçdə birinədək davam edən, sıyrıqları; sol və sağ bazunun, sol saidin orta üçdə birinin qançırları, ağır travmatik və hemorragik şokla müşayiət olunan sol İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, İХ və sağ İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, İX qabırğaların orta körpücük və arxa qoltuqaltı xətt üzrə qapalı, yerdəyişən sınıqları, sağ bazu sümüyünün açıq, yerdəyişən sınığı: sol bazu sümüyünün qapalı yerdəyişən sınığı: sol qalça darağı sümüyünün açıq, qəlpəli, yerdəyişən sınığı: sol bud sümüyünün açıq, qəlpəli, yerdəyişən sınığı: sol baldır sümüklərinin açıq, qəlpəli, yerdəyişən sınıqları; sağ baldır sümüklərinin qapalı, yerdəyişən sınıqları; kəskin daxili qanitirmə ilə nəticələnmiş qaraciyər və dalağın cırılmaları ilə nəticələnən bədən xəsarətləri nəticəsində həyat üçün təhlükəli olmaqla ölümlə birbaşa əlaqəsi olan sağlamlığına ağır zərərvurmanın əlamətlərinə malik xəsarətlər yetirərək almış olduğu travma kompleksi nəticəsində ağır travmatik və hemorragik şok səbəbəbindən ehtiyyatsızlıqdan zərərçəkmiş şəxs X3 ölümünə bilavasitə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, “BMW 525” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə əsasında ona məxsusdur. 12 avqust 2024-cü il tarixdə etibarnamə ilə idarə etdiyi **-DL-*** dövlət qeydiyyat nişanlı “BMW” markalı avtomobillə Buzovna qəsəbəsi, Xrustalni adlanan ərazidən qardaşı Səmədov Orxanı götürüb evə, Albalılıq qəsəbəsinə gedirmiş. Avtomobildə qardaşı və özü olmuşdur. Hərəkət sürəti təxmini 90-100 km/saat arası olmuşdur. Buzovna-Bilgəh magistralında sol zolaqla hərəkətdə olan zaman yolu piyada keçən bir şəxs görmüşdür. Sürətini yavaşlatmağa çalışıb maşını sağ tərəfə çəkmişdir. Lakin həmin vaxtə piyada da anidən geriyə tərəf qaçdığından o, avtomobilin qabaq hissəsi ilə həmin piyadanı vurmuşdur. Bundan sonra avtomobili dərhal yolun kənarına çəkib saxlamış və həmin piyadaya yaxınlaşmışdır. Piyadanın vəziyyətinin ağır olduğunu görüb bu barədə DİN-nin “102” xidmətinə və təcili yardım xidmətinə məlumat vermişdir. Bir müddət sonra polis əməkdaşları, daha sonra isə həkimlər hadisə yerinə gəlmişlər. Bundan sonra həkim həmin piyadanın vəfat etdiyini bildirmişdir. Əlavə olaraq təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, ilk dəfə ehtiyatsızlıqdan cinayət törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş maddi ziyanı ödədiyini və barışıq əldə etməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmiş Güloğlan Heydərov onun atası idi. Atası G.Heydərov 1965-ci ildə Bakıda anadan olmuşdur. Gündəlik tikinti işlərində ustalıqla məşğul olmuş, arada evə gec gəlmiş bəzən isə qohumlarıgildə qalmışdır. Hadisə günü 12 avqust 2024-cü il tarixdə o və anası yaşadıqları evdə olmuşlar. X10 və atası işdə olmuşdur. Atası G.Heydərov gecə evə gəlmədikdə onlar zənn etmişlər ki, atası yenə də xalasıgildə gecələmişdir. Lakin səhər 13 avqust 2024-cü il tarixdə bibisi ona bildirmişdir ki, atasına zəng edib telefonu polis əməkdaşı götürərək atasının xəstəxanada olduğunu bildirib. Onlar günorta saatlarında atasının avtoqəzada vəfat etməsini öyrənmişlər. Hadisənin ehtiyatsızlıqdan baş verməsini, vurulmuş maddi ziyanın ödənilməsini nəzərə alaraq Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli yol nəqliyyat hadisəsi yerinə baxış protokolundan görünür ki, yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Xəzər rayonu, Buzovna-Bilgəh magistral yolu ilə üzü Bilgəh isiqamətində gedən yolda baş vermişdir. Hadisə yerinə baxış zamanı sxem və fotocədvəl tərtib olunaraq protokola əlavə olunmuşdur; - AD N 516402 seriyalı qeydiyyat şəhadətnaməsinin surətindən məlum olur ki, ** DL *** dövlət qeydiyyat nişanlı avtomobil X6 mülkiyyətindədir; - xx.xx.2024-cü il tarixli etibarnamənin surətindən müəyyən olunur ki, “BMW 525” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək və digər hüquqlar Təqsirləndirilən şəxs etibar edilmişdir; - BA 204804 seriyalı sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2033-cü il tarixədək “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir; - Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin xx.xx.2024-cü il tarixli, 1/7241 saylı protokolundan görünür ki, sürücü Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu müəyyən olunmamışdır; - Videokameranın qeydə aldığı görüntülərə baxış keçirilməsi haqqında 25 avqust 2024-cü il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi Bakı şəhəri, Xəzər rayonu, Qala yolu istiqamətindən Bakı şəhəri, Xəzər rayonu, Buzovna-Bilgəh magistral yolunda Bilgəh qəsəbəsi istiqamətində gedən yol qeyd edilən müşahidə kamerasının təsir zonasındadır. Videogörüntüdə qeyd edilən saat 23:14 dəqiqədə Təqsirləndirilən şəxs idarə etdiyi “BMW 525” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobillə 4 zolaqlı yolun sol zolağı ilə 110 km/saat sürətlə hərəkət etməsi, yolu keçmək istəyən piyada X5 vuraraq yol nəqliyyat hadisəsi törətməsi müəyyən edilir; - xx.xx.2024-cü il tarixli qərardan məlum olur ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-dən alınmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs BA 204804 seriyalı sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur; - Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 119 saylı rəyindən müəyyən edilir ki, 1.G.Ə.Heydərovun meyitində aşkar edilmiş xəsarətlər-təpə nahiyyəsinin, alın nahiyyəsinin, burunun, alt çənənin, sol budun aşağı üçdə birinin ön səthinin, sağ bazunun aşağı üçdə birinin, sol budun yuxarı üçdə birindən sol qalça darağını əhatə edən, sol budun aşağı üçdə birinin, sol baldırın orta üçdə birinin geniş ölçülü əzilmiş yaraları, sağ çiyin nahiyyəsinin, sağ və sol dirsək nahiyyəsinin, döş qəfəsinin, döş qəfəsinin aşağı üçdə birinin ön səthindən qarının ön səthinin üçdə birinədək davam edən, sıyrıqları; sol və sağ bazunun, sol saidin orta üçdə birinin qançırları, ağır travmatik və hemorragik şokla müşayiət olunan sol İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, İХ və sağ İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, İX qabırğaların orta körpücük və arxa qoltuqaltı xətt üzrə qapalı, yerdəyişən sınıqları; sağ bazu sümüyünün açıq, yerdəyişən sınığı; sol bazu sümüyünün qapalı yerdəyişən sınığı: sol qalça darağı sümüyünün açıq, qəlpəli, yerdəyişən sınığı: sol bud sümüyünün açıq, qəlpəli, yerdəyişən sınığı: sol baldır sümüklərinin açıq, qəlpəli, yerdəyişən sınıqları; sağ baldır sümüklərinin qapalı, yerdəyişən sınıqları; kəskin daxili qanitirmə ilə nəticələnmiş qaraciyər və dalağın cırılmaları küt əşya (əşyalar) təsrindən törənmişlər, törənmə müddətləri qərarda göstərilən vaxtda, yəni xx.xx.2024-cü il tarixdə hərəkətdə olan avtomaşının qabarıq hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərdilər, həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə bir başa səbəbli əlaqəlidirlər. Mərhum G.Ə.Heydərovun ölümünə səbəb yol-nəqliyyat hadisəsi zamanı almış olduğu travma kompleksi nəticəsində ağır travmatik və hemorragik şok olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, ölüm mərhum G.Ə.Heydərovun meyitinin meyitxanada müayinəsindən 10-12 saat əvvəl baş vermişdir. Mərhum G.Ə.Heydərovun meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində 2,2 % etil spirti aşkar edilmişdir. Rəsmi cədvəl üzrə bu miqdar etil spirti sağkən Orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətinə uyğundur. Narkotik maddələr və güclü təsiredicilər aşkar edilməmişdir; - Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2024-ci il tarixli, 8/2451 saylı rəyindən görünür ki, İstintaq tərəfindən təqdim edilən məlumatlara əsasən: ““BMW 525” markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs, avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 90 km/saata qədər məhdudlaşdırılmış yolda 110 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin ( 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi E.Məmmədov tərəfindən Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; - Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən müəyyən edilir ki, dəymiş ziyan ödənilmiş, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı heç bir tələb və şikayəti yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olması tam sübuta yetmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini (CM-59.1.1), əməlini səmimi etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsini (CM-59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi (CM- 59.1.13) cəzanı yüngülləşdirici hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən iş üzrə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 60.1-ci maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla (CM-58.3.), ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası (CM-60.1) və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1), cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı(CİM 67.2), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, maddi sübut olan “BMW 525” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalı, 01 ədəd disk iş materiallarında saxlanılmalı, 85 manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakıları nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 85 manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə tutulsun (X4, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22). Maddi sübut kimi tanınmış “BMW 525” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın və 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X11 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 06 saat vaxta görə 48 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 18 saat vaxta görə 108 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar