Məhkəmə qərarları › İş №1(003)-129/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-129/2023

30.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-129/2023 30.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X6, müdafiəçi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X3, zərərçəkmiş şəxsin hüquqi varisi X1, zərərçəkmiş şəxsin hüquqi varisinin vəkili və nümayəndəsi Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Ağsu rayonunda anadan olmuş, orta təhsilli, subay, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Bolluq yaşayış massivi fərdi evdə yaşayan və barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma cinayəti törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 23:50 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan özünə məxsus “Opel Vectra minik” markalı 99KR330 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Ə.İsazadə küçəsində Binə körpüsü istiqamətində hərəkətdə olarkən həmin yolun “Ozan” restoranının qarşısından keçən hissəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bu qaydalara əməl etməyərək hərəkətini davam etdirib həmin istiqamətdə yolu soldan sağa keçmək istəyən piyada X7 ehtiyyatsızlıqdan avtomobilin qabaq sol farası və qabaq sol hissəsi ilə vurmuş və nəticədə Fuad Mustafayevin sağ gicgah-təpə sərhədinin və sol baldırın orta üçdə birinin əzilmiş yaraları, sağ budun orta üçdə birinin arxa-bayır səthinin, sol budun orta üçdə birinin arxa-iç səthinin, sol dizin ön səthinin sıyrıqları, başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beynin yumşaq qişasına qansızmalar, sağ gicgah sümüyünün kəllə əsasına keçən sınığı, sol baldır sümüklərinin açıq, qəlpəli sınıqları ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri almasına və almış olduğu bədən xəsarətlərindən hadisə yerində ölməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətməklə yol hərəkəti qaydalarını pozmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli törətmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, onun «BC» dərəcəli sürücülük vəsiqəsi var və 2016-cı ildən sürücülüklə məşğul olur, bugünə kimi heç bir yol-nəqliyyat hadisəsi törətməmişdir. 13 sentyabr 2022-ci il tarixdə təxminən saat 23 radələrində idarə etdiyi özünə məxsus “Opel Vectra minik” markalı ** KR *** dövlət qeydiyyat nişanlı avtomobillə dostunu Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozunda yaşadığı evə düşürmüş, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi ilə Xəzər rayonu, Binə qəsəbəsi, Bolluq yaşayış massivində yerləşən yaşadığı evə geri qayıtmışdır. Digər dostu Şahid1 avtomobildə olmaqla qabaq sağ oturacaqda əyləşmişdir. Həmin tarixdə saat 23:50 radələrində iki zolaqlı yolu soldan ikinci zolağı ilə təxminən 60 km/saat sürətlə hərəkət edərkən bir nəfər cavan oğlanın orta sürətlə çəpinə olmaqla qaça-qaça onun hərəkət istiqamətinə doğru gəldiyini görmüş, onun əks istiqamətli yolları ayıran səkinin üzərində dayanacağını güman etmiş, lakin o, nəinki dayanmamış, heç onun hərəkətdə olduğu tərəfə belə baxmadan qaçdığı sürətlə onun yoluna çıxmış, bu zaman o, onun diqqətini cəlb etmək və hərəkətini dayandırmaq məqsədilə siqnalı basıb saxlamış, lakin o, yenə də dayanmamış, buna görə də o, həmin piyadanı vurmamaq üçün idarə etdiyi avtomobilin sükanını bir qədər sağa doğru firlatmış, ancaq hadisənin qarşısını ala bilməmiş və idarə etdiyi avtomobilin qabaq sol farası və qabaq sol yan hissəsi ilə onu vurmuşdur. Zərbənin təsirindən onun başı avtomobilin qabaq alınlıq şüşəsinin sol yuxarı hissəsinə çırpılmış və alınlıq şüşəsi sınmışdır. Həmin vaxt o, avtomobilin idarəetməsini itirmiş və onu vurandan sonra o, yolun soldan birinci zolağına düşmüş, idarə etdiyi avtomobil isə əks istiqamətli yolları ayıran səkiyə dəyərək yolun sağ hissəsinə doğru istiqamətlənmişdir. Hadisə zamanı idarə etdiyi avtomobilin hava yastıqlarından biri açılmış, o, dərhal avtomobildən yerə düşərək idarə etdiyi avtomobillə ehtiyyatsızlıqdan vurduğu piyadaya doğru getmiş və həmin piyadanın hərəkətsiz vəziyyətdə yerdə qaldığını görmüş, hadisənin təsirindən şok vəziyyətə düşmüşdür. Buna baxmayaraq həmin yerdə olan şəxsləri köməyə çağırmış, həmin şəxslər köməklik edib asfaltın üzərində hərəkətsiz vəziyyətdə qalan piyadanı yolun sağ kənarına çəkib səkinin üzərinə qoymuşlar. Təcili yardım maşını çağırılmış, bir neçə dəqiqə içərisində həmin yerə təcili yardım avtomobili gəlmiş və avtomobillə vurduğu şəxs baxaraq onun öldüyünü bildirmişdir. Buna görə də onu qəbul etməmiş və həmin yerdən çıxıb getmişdir. Həmin vaxt artıq polis əməkdaşları da hadisə yerinə gəlmişlər. Bir qədər sonra avtomobillə vurduğu şəxsin valideynləri hadisə yerinə gəlmişlər, onlarla bərabər həmin yerə xeyli sayda adam toplaşmış, ona qarşı çox aqressiv olmuşlar. Onun təhlükəsizliyi ilə bağlı polis əməkdaşlarının istəyilə o, Xəzər RPİ-nin 3-cü PB-nə gəlmişdir. Daha sonra hadisə yerinin müayinəsi aparılmış və o, bundan sonra sərxoşluq müayinəsindən keçmiş və ayıq vəziyyətdə olmağı müəyyən olunmuşdur. Hadisənin baş verməsinin səbəbi piyadanın qaçaraq onun yoluna çıxması olmuşdur. Onun üçün təhlükə anı piyadanın əks istiqamətli yolları ayıran səkinin üzərindən keçərək onun hərəkət etdiyi yola çıxdığı andan yaranmış və həmin vaxt idarə etdiyi avtomobillə həmin piyadanın arasında təxminən 2 metr məsafə olmuşdur. Piyadanın əks istiqamətli yoldan çəpinə olaraq orta sürətlə hərəkət etdiyi yola doğru qaçdığını gördüyü vaxt idarə etdiyi avtomobillə piyadanın arasında uzağı 7 metr məsafə olmuşdur. İlkin ifadəsində hadisənin təsirindən yol-nəqliyyat hadisəsinin mexanizmi barədə dəqiq məlumat verə bilməmişdir. Belə ki, hadisə olmamışdan təxminən 4-5 saniyə qabaq zərərçəkmiş şəxsin onun hərəkətdə olduğu yol istiqamətində qaçdığını görmüş, bu zaman ondan qabaqda göy rəngli 04 markalı avtomobil də hərəkətdə olmuş, zərərçəkmiş şəxs qaçaraq səkiyə çıxmış və 04 markalı avtomobilin keçməsinə şərait yaratmış, bu zaman o, piyadanın onun da avtomobillə keçməsini gözləyəcəyini zənn etmiş, lakin o, qəflətən onun hərəkətdə olduğu yol istiqamətində hərəkət etmiş, buna görə də o, hadisənin qarşısını ala bilməmişdir. Piyadanın səkinin üstündə dayandığı vaxt piyada ilə avtomobilinin arasında 10-15 metr məsafə olmuş, həmçinin piyadanının 04 markalı avtomobili buraxdığı, onun hərəkət istiqamətinə gəldiyi müddət bir saniyə olmuşdur. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmağa cəhd göstərmiş, lakin barışıq əldə edə bilməmişdir. Özünü təqsirli bilmir, buna görə də barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X8 göstərdi ki, X9 onun doğma oğludur. xx.xx.2022-ci il tarixdə saat 23:55 radələrində ona oğlu X4 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində piyada yolu keçmək istəyərkən “Opel” markalı avtomobilin sürücüsü ehtiyyatsızlıqdan idarə etdiyi avtomobillə vurulduğu və Fuad almış olduğu bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişdiyi barədə mlumat daxil olmuşdur. Fuadı ehtiyyatsızlıqdan vuraraq hadisə yerində ölməsinə səbəb olmuş sürücü Ramazan adlı şəxs və onun qohuməqrəbası bir dəfə də olsun onunla maraqlanmamış, maddi və ya mənəvi dəstək olmamışlar. O, baş vermiş hadisə ilə əlaqədar şiddətli şəkildə şikayətçidir. Məhkəmənin gedişində barışmaq istədiyini bildirsə də, bunun üçün heç bir real addım atmadığına görə onların arasında barışıq əldə olunmamış, hazırda da Ramazanla qəti surətdə barışmaq istəmir. Buna görə də təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs onun dostudur. 13 sentyabr 2022-ci il tarixdə təxminən saat 23 radələrində Ramazanın idarə etdiyi “Opel Vectra minik” markalı ** KR *** dövlət qeydiyyat nişanlı avtomobillə dostlarını Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozunda yaşadığı evə düşürtmüş, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi ilə Xəzər rayonu Binə qəsəbəsi Bolluq yaşayış massivində yerləşən yaşadıqları evə geri qayıtmişlar. O, avtomobildə qabaq sağ oturacaqda əyləşmişdir. Həmin tarixdə saat 23:50 radələrində iki zolaqlı yolun soldan ikinci zolağı ilə təxminən 60 km/sadat sürətlə hərəkət etmişlər, bu zaman bir nəfər cavan oğlanın orta sürətlə çəpinə olmaqla qaça-qaça onların hərəkət istiqamətlərinə doğru gəldiyini görmüşlər. Onlar onun əks istiqamətli yolları ayıran səkinin üzərində dayanacağını güman etmişlər, lakin o, onlardan qarşıda hərəkətdə olan göy rəngli 04 markalı avtomobil ötüb keçən kimi onların yoluna çıxmış, bu zaman Ramazan həmin piyadanı vurmamaq üçün idarə etdiyi avtomobilin rolunu bir qədər sağa doğru firlatsa da, hadisənin qarşısını ala bilməmiş və idarə etdiyi avtomobilin qabaq sol farası və qabaq sol yan hissəsi ilə onu vurmuşdur. Zərbənin təsirindən onun başı avtomobilin qabaq alınlıq şüşəsinin sol yuxarı hissəsinə çırpılmış və alınlıq şüşəsi sınmışdır. Həmin vaxt Ramazan avtomobilin idarəetməsini itirmiş və onu vurandan sonra o, yolun soldan birinci zolağına düşmüş, idarə etdiyi avtomobil isə əks istiqamətli yolları ayıran səkiyə dəyərək yolun sağ hissəsinə doğru istiqamətlənmişdir. Hadisə zamanı avtomobilin hava yastıqlarından biri açılmış, onlar dərhal avtomobildən yerə düşərək piyadaya doğru getmişlər və həmin piyadanın hərəkətsiz vəziyyətdə yerdə qaldığını görmüşlər. Həmin yerdə olan şəxsləri köməyə çağırmışlar. Həmin şəxslər köməklik edib asfaltın üzərində hərəkətsiz vəziyyətdə qalan piyadanı yolun sağ kənarına çəkib səkinin üzərinə qoymuşlar. Təcili yardım maşını çağırılmış, bir neçə dəqiqə içərisində həmin yerə təcili yardım avtomobili gəlmiş və avtomobillə vurulan şəxsin öldüyü bildirilmişdir. Bundan bir qədər sonra hadisə yerinə polis əməkdaşları və mərhumun valideynləri gəlmişlər. O, bir qədər orada gözləyəndən sonra həmin yerdən çıxıb getmişdir. Hadisə vaxtı o, heç bir xəsarət almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 bildirdi ki, X9 onun əmisi oğludur. 14 sentyabr 2022-ci il tarixdə təxminən saat 00:10 radələrində əmisi X5 ona zəng edərək digər əmisi oğlu Fuadı Binə qəsəbəsində avtomobilin vurması barədə məlumat vermiş, bundan sonra o, hadisənin baş verdiyi Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsinə getmişdir. O, hadisə yerinə getmiş və orada ona məlum olmuşdur ki, Fuad yolu keçmək istəyən zaman onu avtomobil vurmuş və Fuad aldığı xəsarətlərdən hadisə yerində vəfat etmişdir. Hadisənin baş verdiyi yerin yaxınlığında yerləşən avtomobil ehtiyat hissələri satılan dükanın müşahidə kamerası olmuş, o, hadisənin görüntülərini əldə etmək üçün 15 sentyabr 2022-ci il tarixdə həmin dükana getmiş və görüntüləri əldə etmişdir. Video görüntülərə baxdıqda sonra ona məlum olmuşdur ki, 13 sentyabr 2022-ci il tarixdə saat təxminən 23:50 radələrində əmisi oğlu X2 rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində piyada hərəkətdə olan zaman, yolu keçmək istəyərkən markasını və dövlət qeydiyyat nişanlarını sonradan bildiyi “Opel Vectra minik” markalı ** KR *** dövlət qeydiyyat nişanlı avtomobil onu vurmuşdur. İş materiallarında olan 03 oktyabr 2022-ci il tarixli 137 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, 2003-cü il təvəllüdlü X4 meyitinin məhkəmə tibb ekspertizasına və laborator müayinənin nəticəsinə əsasən, hadisə haqda məlumatları nəzərə alıb, qərarda qoyulmuş suallara müvafiq olaraq aşağıdakı nəticəyə gəlinmişdir: 1.Mərhum F.Ə.Mustafayevin meyitində aşkar edilmiş xəsarətlər — Sağ gicgahtəpə sərhədinin və sol baldırın orta üçdə birinin əzilmiş yaraları, sağ budun orta üçdə birinin arxa-bayır səthinin, sol budun orta üçdə birinin arxa-iç səthinin, sol dizin ön səthinin sıyrıqları, başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beynin yumşaq qişasına qansızmalar, sağ gicgah sümüyünün kəllə əsasına keçən sınığı, sol baldır sümüklərinin açıq, qəlpəli sınıqları küt əşya (əşyalar) təsirindən törənmişlər. törənmə müddətləri qərarda göstərilən vaxtda və şəraitə yəni xx.xx.2022ci il tarixdə hərəkətdə olan avtomaşının qabarıq hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərdilər, həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. 2.Mərhum F.Ə.Mustafayevin ölümünə səbəb yol-nəqliyyat hadisəsi zamanı almış olduğu travma kompleksi nəticəsində baş-beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar olmuşdur. 3.Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, ölüm mərhum F.Ə.Mustafayevin meyitinin meyitxanada müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. 4.Mərhum F.Ə.Mustafayevin meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik maddələr, güclü təsiredcilər aşkar edilməmişdir. İş materiallarında olan 10 oktyabr 2022-ci il tarixli 8/2574 saylı məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, istntaq tərəfindən verilən məlumatlara əsasən: 1,2. Opel Vectra markalı, 99KR330 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-c hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan hadisə yerinə baxış protokolundan, sxemdən və fotocədvəldən görünür ki, hadisə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində Binə körpüsü istiqamətində “Ozan” restoranının qarşısında baş vermişdir. Hadisə yerinə baxış yolun Binə körpüsü istiqamətinə dayandıqda aparılmışdır. Həmin yol asfalt örtüklü, hamar və quru, düz olmaqla nəqliyyat vasitələrinin hərəkəti üçün maneəsizdir. Hadisə baş verən yolda hərəkət iki istiqamətli olmaqla yolun tən ortasında əks istiqamətli yolları ayıran səki vardır. Hər iki istiqamətində iki zolaqlı yol mövcuddur. İki zolaqlı yolun bir istiqamətdə ümumi eni 7 metrdir, hər bir zolağın eni 3,5 metrdir. Hadisə yerində tormoz izi yoxdur. Piyada asfalt üzərində Binə körpüsü istiqamətində yolları ayıran zolağın üzərindən sağa doğru hərəkət hissəsinə daxil olaraq vurulma yerinə kimi çəpinə 8,7 metr məsafə qət etmişdir. Asfalt üzərində qan və şüşə qırıntıları mövcuddur. Hadisə avtomobilin hərəkət zolağında Binə körpüsü istiqamətində yolun sol tərəf qurtaracağından 3,20 metr məsafədə baş vermişdir. Hadisə nəqliyyat vasitələrinin maksimal sürətinin 60 km/saat məhdudlaşdırıldığı yol nişanının təsiri zonasında baş vermişdir. İş materiallarında olan İstintaq zamanı Səhiyyə Nazirliyinin Respublika X11 Hüquqi şəxsdən alınmış xx.xx.2022-ci il tarixli 1/2031 saylı “sərxoşluq hallarının bütün növlərinin təyini barədə tibbi müayinə” protokolundan görünür ki, xx xxxx 1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, digər iş materialları ilə Təqsirləndirilən şəxsin idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü məhkəmə istintaqı zamanı təqsirli bilməmiş, lakin onun həmin ifadəsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla təkzib edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxsin ehtiyatsızlıqdan ilk dəfə az ağır cinayət törətməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan müəyyən müddətə məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 14 sentyabr 2022-ci il tarixdən 15 sentyabr 2022-ci il tarixə qədər saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbsə alınmalı, azadlıqdan məhrum etmə cəzasını çəkməsinin əvvəli həbsə alındığı tarixdən hesablanmalı Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85,00 (səksən beş) manat Təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı qərarının 23-cü bəndinə əsasən, məhkəmələr nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumetmənin əlavə cəza kimi tətbiq edildiyi hallarda hökmlərin icrasına xüsusi diqqət yetirməlidirlər. Bu halda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 157.2-ci maddəsinə əsasən həmin cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayəthüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsin CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 (beş) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 14 sentyabr 2022-ci il tarixdən 15 sentyabr 2022-ci il tarixə qədər saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 05 (beş) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 05 (beş) il 01 (bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 85,00 (səksən beş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökm təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar