Məhkəmə qərarları › İş №1(003)-130/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-130/2021

03.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-130/2021 03.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2n Şövqi oğlunun, Zərərçəkmiş şəxs3, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1990-cı il tarixdə Lerik rayonunun Vamazgon kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, himayəsində iki azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Lerik rayonunun Vamazgon kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında kirayənişin yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə, saat 16:55 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə etdiyi, Zərərçəkmiş şəxs3 məxsus, texniki cəhətdən saz vəziyyətdə olan “BMW-316” minik markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Xəzər rayonu Buzova qəsəbəsi Albalılıq yaşayış massivi Məhəmməd Namazov küçəsi 300 ünvanının qarşısında 50 km/saat sürətlə hərəkətdə olan zaman həmin Qanunun 36cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğun olaraq, yol hərəkətinin iştirakçıları üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından yayındırmamalı, qarşıda yolun kənarında piyadanın dayanmasını nəzərə alaraq vaxtında tədbir görməklə idarə etdiyi avtomobillə piyada arasında təhlükəsiz yan məsafəni təmin etməli, dayanmış vəziyyətdə olan piyadanın yanından təhlükəsiz yan məsafə saxlamaqla keçib getməli və hərəkət təhlükəsizliyini təmin etməyən hərəkətlərə yol verməli olduğu halda, bunlara əməl etməyərək avtomobilin qabaq sol hissəsi ilə yolun sağ kənarında dayanmış piyada Zərərçəkmiş şəxs1 vuraraq ehtiyatsızlıqdan ona sağ və sol dizin, sol ayağın sıyrıqları, sağ baldırın, sağ dizin, sol ayağın qançırları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol ayaq pəncəsinin və aşıq-baldır oynağının yumşaq toxumalarının əzilməsi, sol qamış sümüyünün qopma xarakterli yerdəyişməyən xətti sınığı ilə müşayiət olunan, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli zərər vurmaya aid xəsarətlər, həmiçinin piyadanı vurduqdan sonra, idarə etdiyi avtomobili ağaca çırpması nəticəsində ehtiyatsızlıqdan avtomobildə sərnişinin qismində əyləşmiş Zərərçəkmiş şəxs2n Şövqi oğluna qapalı kəllə-beyin travması, baş-beyinin silkələnməsi, sol gözaltı nahiyənin, üst dodağın sıyrıqları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol diz oynağının yumşaq toxmalarının əzilməsindən ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmiş, habelə “BMW-316” minik markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs3 1.000 (bir min) manat məbləğində maddi ziyan vurmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxslərin ifadələri, cinayət işinin materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs oğlu ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, avtomaşını idarə etmək üçün onun sürücülük vəsiqəsi yoxdur, tikintidə fəhlə işləyir. 2020-ci ilin oktyabr ayında o, Həbib və Ülvinlə birlikdə Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq massivində fərdi evin tikintisi ilə məşğul olmuşlar. xx xxxxxxx 2020-ci il tarixdə, saat 16:00 radələrində onlar birlikdə həmin evin damını vurmuşlar. Həbib evin damında işləyərkən mismar qurtarmış və o, Həbibdən ona məxsus avtomaşının açarlarını verməsini xahiş edərək mismar almaq üçün getməyini demişdir. Həbib onun sürücülük vəsiqəsinin olmadığını bilməmiş, avtomaşının açarlarını ona vermişdir. Həmin vaxt onunla birlikdə işləyən Ülvin də avtomaşına əyləşmişdir. Onlar Həbibə məxsus “BMW-316” markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı avtomaşına əyləşib həmin evdən çıxıb üzü Buzovna qəsəbəsi tərəfə saatda 70 km sürətlə hərəkət edən zaman digər bir avtomaşın onu ötüb getmişdir. Həmin vaxt o, qarşıda gedən avtobusu ötüb getmək istəyəndə qarşıdan başqa avtomaşının gəldiyini görüb avtobusu arxadan vurmamaq üçün avtomaşını sağa çəkmiş, bu zaman yolun kənarı ilə hərəkət edən qadını vurmuş, idarəetməni itirərək sağ tərəfdə yerləşən ağaca dəymiş və avtomaşın dayanmışdır. Hadisə nəticəsində avtomaşının hava yastıqları açılmış, o və yanında oturan Ülvin xəsarət almışdır. O, avtomaşından düşəndən sonra hadisə yerinə toplaşmış şəxslər onun avtomaşınla vurduğu qadını – sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 yaxınlıqda yerləşən qardaşının evinə aparmışlar. Həmin vaxt hadisə yerinə toplaşmış şəxslər təcili tibbi yardım avtomaşını çağırmış və onlar birlikdə xəstəxanaya getmişlər. Bundan sonra polis əməkdaşları gələrək araşdırma aparmağa başlamışlar. Yol-nəqliyyat hadisəsi törətdikdən sonra Həbib özünə məxsus avtomaşını təmir etdirmiş, avtomaşının təmirinə 1000 manata yaxın xərci çıxmış və o, həmin pulu Həbibə vermişdir. Ehtiyatsızlıq üzündən ilk dəfə törətdiyi bu əməldən peşman olmuşdur, digər zərərçəkmiş şəxslər Sədaqət xanımla və Ülvinlə də barışaraq onlara dəymiş maddi ziyanı tamamilə ödəmişdir və hazırda onların ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Himayəsində iki azyaşlı uşağı vardır. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, xx xxxxxxx 2020-ci il tarixdə yaşadığı evdən çıxaraq qardaşının Buzovna qəsəbəsi Albalılıq yaşayış massivində yerləşən evə gəlirmiş. Həmin massivdə yerləşən “Buzovna” restoranının qarşısında avtobusdan düşərək yolun kənarı ilə piyada gedən zaman arxadan gələn “BMV” markalı avtomaşın onu vurmuş, bundan sonra həmin avtomaşın yolun sağında olan ağaca çırpılmışdır. Həmin vaxt oraya toplanmış şəxslərin köməkliyi ilə qardaşının evinə aparılmışıdr. Bundan sonra evə təcili tibbi yardım çağırılmış və həkilmlər onu xəstəxanaya aparmışlar. Xəstəxanada müayinə olunduqdan sonra evdə müalicəsini davam etdirmişdir. Hadisəni törədən Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etmişdir. Buna görə də onun İbadət Həziyevdən heç bir şikayəti və ya tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edərək təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2n Şövqi oğlu göstərdi ki, o, Həbib və İbadətlə birlikdə tikinti ilə məşgul olur. Həbib ustadır, o isə İbadətlə birlikdə Həbibin yanında fəhlə kimi işləyirlər. Onlar birlikdə Xəzər rayonu Buzovna qəsəbəsində fərdi evin tikintisi ilə məşgul olmuşlar. xx xxxxxxx 2020-ci il tarixdə o, İbadətlə birlikdə Həbibə məxsus “BMW” markalı, **-LX-*** dövlət qeydiyyatlı avtomaşına əyləşib Buzovna qəsəbəsi Albalılıq yaşayış massivində hərəkətdə olan zaman İbadətin yanında qarşıda otumuş və yuxuya getmişdir. Həmin vaxt İbadət avtomaşını idarə etmişdir. Birdən avtomaşın hansısa maneyə çırpılmış və o, xəsarət almışdır. Hadisədən əvvəl avtomaşında yuxuya getdiyi üçün hadisənin dəqiq necə baş verməsini bilmir. Özünə gələndə avtomaşının ağaca dəydiyini, İbadətin bir nəfər piyada hərəkət edən qadını da idarə etdiyi həmin avtomaşınla vurduğunu bilmişdir. O, eləcə də Həbib İbadətin sürücülük vəsiqəsinin olmadığını bilməmişlər, bunu yalnız hadisədən sonra bilmişlər. Hadisə zamanı müxtəlif bədən xəsarətləri alsa da, İbadət ona dəymiş ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etmişdir. Buna görə də onun İbadətdən heç bir şikayəti və ya tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edərək təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 göstərdi ki, o, iki il bundan əvvəl etibarnamə ilə özünə “BMW” markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı avtomaşın almışdır. Özü fərdi evin tkintisi ilə məşğul olur, usta işləyir. İbadətlə Ülvin isə onun yanında fəhləliklə məşgul olurlar. xx xxxxxxx 2020-ci il tarixdə onlar birlikdə Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq yaşayış massivində fərdi evin tikintisi ilə məşgul olmuşlar. Həmin vaxt tikinti materialı lazım olmuş, bu səbəbdən də İbadət ondan avtomaşının açarlarını istəmirdir ki, yaxınlıqda olan tikinti materiallarının satışı mağazasından tikinti materialı alsın. O, İbadətin sürücülük vəsiqəsinin olmadığını bilməmiş və avtomaşının açarlarının yerini ona demiş, özü isə işinə davam etmişdir. Həmin vaxt Ülvin də İbadətlə birlikdə avtomaşına əyləşərək getmişlər. Bir neçə dəqiqə sonra o, İbadətin yol-nəqliyyat hadisəsi törətdiyini, hadisə nəticəsində Ülvinin və bir nəfər piyada qadının xəsarət aldığını bilmişdir. İbadətin ona məxsus avtomaşınla yol-nəqliyyat hadisəsi törədən zaman avtomaşın ön hissədən zədələnmişdir. Avtomaşının təmiri üçün onun 1.000 manata yaxın xərci çıxmış, İbadət ona dəymiş həmin ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etmişdir. Buna görə də onun İbadətdən heç bir şikayəti və ya tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edərək təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 1129 nömrəli rəyindən görünür ki Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ və sol dizin, sol ayağın sıyrıqları, sağ baldırın, sağ dizin, sol ayağın qançırları ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol ayaq pəncəsinin və aşıq-baldır oynağının yumşaq toxumalarının əzilməsi, sol qamış sümüyünün qopma xarakterli yerdəyişməyən xətti sınığı küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 3-4 gün əvvəl olmaqla, qərarda göstərilən xx xxxxxxx 2020-ci il tarixli yolnəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa AZ AĞİR dərəcəli zərərvurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli, 1143 saylı rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2n Şövqi oğlunun bədənində aşkar edilmiş xəsarətlər qapalı kəllə-beyin travması, baş-beyinin silkələnməsi, sol gözaltı nahiyənin, üst dodağn sıyrıqları, ağrı sindromu və hərəkət məhdudluğuğu ilə müşayiət olunan sol diz oynağının yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddəti 3 saylı Şəhər Kliniki Xəstəxanasına müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx xxxxxxx 2020-ci il tarixli yol-nəqliyyat hadisəsinə uygun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 8/2086 №-li rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “BMW-316” markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsu Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndininin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100,00 (bir yüz) manatdır. İş materiallarında olan DİN-in Baş Dövlət X3 Qeydiyyat-İmtahan İdarəsindən verilmiş məktubdan görünür ki, xx xxxxxx 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi verilməmişdir. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli 1/2651 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir sərxoşluq vəziyyəti yoxdur və ayıqdır. İş materiallarında olan və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2n Şövqi oğlu və Zərərçəkmiş şəxs3 tərəfindən yazılaraq məhkəməyə təqdim olunmuş ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs onlara dəymiş maddi ziyanı tamamilə ödəmişdir, onlar onunla barışmışlar, ona qarşı heç bir şikayətləri və ya digər tələbləri yoxdur, gələcəkdə də olmayacaqdır, barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edirlər. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxxxxx 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətməsi məhkəmə baxışı zamanı onun özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, zərərçəkmiş şəxslərin ifadələri, digər iş materialları ilə tam sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə edərək dəymiş ziyanı tamamilə ödəməsini və onların ondan heç bir şikayətlərinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etmələrini, himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100,00 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli 5 saylı qərarının 23-cü bəndinə əsasən, məhkəmələr nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumetmənin əlavə cəza kimi tətbiq edildiyi hallarda hökmlərin icrasına xüsusi diqqət yetirməlidirlər. Bu halda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 157.2-ci maddəsinə əsasən həmin cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 30 iş saatına görə (ibtidai istintaq zamanı 20 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 10 saat) cəmi 180,00 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 100,00 (bir yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 180,00 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar