Məhkəmə qərarları › İş №1(003)-131/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-131/2024

06.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-131/2024 06.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Cəlilabad rayonunda anadan olmuş, əvvəllər məhkum olunmamış, subay, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, Cəlilabad şəhəri, 28 may küçəsi, ev 07-də qeydiyyatda olmaqla, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük Sovxozu ünvanında nömrəsiz fərdi evdə yaşayan və barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs aşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 18 fevral 2023-cü il tarixdə saat təxminən 14-15 radələrində, Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolu küçəsi, yeni sahədə yerləşən yaşayış sahəsi olan evinə plastik pəncərəsinin divardan barmaqlıqlarını sındırıb açmaqla qanunsuz daxil olub evin mətbəx otağında divardan asılı olan 01 ədəd 180 manat qiymətində qara rəngli, “Hisesnse” markalı “H39A5600” model televizoru, yataq otağında şkafın içərisində olan 01 ədəd 250 manat qiymətində qara rəngli, Tayvan istehsalı, “Canon” markalı, “EOS 1100D” model, “EFS 1855 mm” yazıları olan fotoaparatı, həmin yerdən 1 ədəd 200 manat qiymətində qol saatını və dəhlizdə olan şkafın siyirməsində olan 280 manat qiymətində qızıl üzüyü gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 910 (doqquz yuz on) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxsrin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs onun doğma xalasıdır. Xalası Binə qəsəbəsi, Bakavtomat yolu küçəsində yerləşən nömrəsiz evdə yaşayır. O isə Binə qəsəbəsi Hövsan südçülük sovxozunda yaşayır. Xalası Səbinə tək yaşamış və gündüzləri evdə olmamışdır. O, xalasının evinin yerini təqribən bilir və bir neçə dəfə xalasının evində olmuşdur. O, təqribən 5 ay olar ki, narkotik vasitə olan metamfetamin və heroin qəbul etmişdir. Onun pula ehtiyacı olduğu üçün xalası Səbinənin evindən oğurluq etmək qərarına gəlmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 14-15 radələrində o, Səbinənin evdə olmamasından istifadə edərək Səbinənin evinə getmiş, Səbinəyə məxsus olan evin həyətinə daxil olmuş, evin arxa tərəfində olan pəncərənin dəmir barmaqlığını yerdə olan dəmir parçası ilə sındıraraq plastik pəncərəni sıxaraq açmış və evə daxil olmuş, evin bütün otaqlarını axtarmış, evin girişində olan dolabın içindən bir ədəd qızıl üzüyü, evin mətbəxində divara asılmış bir ədəd 72 ekran televizoru və yataq otağında olan şkafdan “KANO” markalı bir ədəd fotoaparatı oğurlamışdır. Həmin oğurladığı əşyaları taksi sifariş edərək aparmışdır. “Kano” markalı fotoaparatı evində saxlamışdır. Oğurladığı televizoru isə Binə qəsəbəsində yaşayan Lizə adlı qadına 170 manata satmışdır. Oğurladığı qızıl üzüyü satmaq üçün Nizami rayonunda yerləşən “Laçın” ticarət mərkəzinə aparmış, onun şəxsiyyət vəsiqəsi olmadığı üçün həmin üzüyü bir neçə qızıl satılan yerlərə təklif etmiş, lakin həmin üzüyü ondan alan olmamışdır. O, ticarət mərkəzinin həyətinə düşmüşdür, orada tanımadığı bir nəfərə təkilif etmiş və 140 manata həmin şəxsə üzüyü satmışdır. Məhkəmədən törətdiyi əməldən səmimi olaraq peşman olduğunu, götürdüyü əşyaları geri qaytardığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını, Vətən müharibəsi iştirakçısı olduğunu nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat zavodu yeni sahədə nömrəsiz fərdi evi vardır. O, həmin evdə tək yaşamışdır. Gündüzlər işdə olmuş, axşamlar isə evinə gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 07:00-da evdən çıxıb işə getmişdir. Həmin gün təxminən saat 17:30-da evinə qayıtmışdır. Evinə gələn zaman darvazanın qapısının içəridən bağlı olduğunu, lakin darvazasının ümumilikdə açıq olduğunu görmüşdür. İçəri keçib darvazanı bağlamışdır. Daha sonra evin qapısını açarla açıb içəri daxil olmaq istəmişdir. Lakin evin qapısı açılmamışdır. Daha sonra o, evin arxasına keçib yataq otağının pəncərəsinin dəmir barmaqlığının sındırıldığını görmüşdür. O, heçnəyə əl vurmamış və DİN-nin 102 xidmətinə zəng edib hadisə yerinə polis çağırmışdır. Bir neçə dəqiqədən sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər. Polis əməkdaşlarının iştirakı ilə evin qapısını açmışlar. İçəri daxil olan zaman evin mətbəx otağında divardan asılı olan 1 ədəd 750 manat qiymətində “Hisesnse” markalı televizorun, yataq otağında şkafın içərisində olan 01 ədəd 1.000 manat qiymətində “Kano” markalı fotoaparatın, həmin yerdən 1 ədəd 200 manat qiymətində qol saatının, dəhlizdə olan şkafın siyirməsində saxladığı 280 manat qiymətində qızıl üzüyünün oğurlandığını aşkar etmişdir. İş materiallarına əlavə olunmuş cinayət işinin başlanması və icraata qəbul etmək barədə qərardan görünür ki, xx.xx.2023-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.3 və 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılmış, başlanmış cinayət işinə ********* nömrəsi verilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, ... İş üzrə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması faktı subuta yetirilmədiyindən və əməlində Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığı üçün barəsində qeyd edilən maddə ilə elan edilmiş ittihama hissəvi xitam verilmiş, cinayət işi üzrə istintaq müddətinin başa çatmasını, iş üzrə onların təqsirini təsdiq edən kifayət qədər sübutların toplandığını və istintaqın hazırkı vəziyyətində cinayətin digər iştirakçısının istintaqa cəlb edilməsinin qeyri-mümkünlüyünü, həmçinin cinayət işinin hərtərəfli, tam, obyektiv və xarakterinə görə ayrıca baxılmasının mümkün olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. ... İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən cinayət işinin ayrılması haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi ayrılmış və icraata qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(003)-106/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Zərərçəkmiş şəxs xx.xx.2023cü il tarixli ərizəsindən görünür ki, ona dəymiş maddi ziyan tam şəkildə ödənildiyi üçün Təqsirləndirilən şəxs ilə barışmış, hazırda heç bir şikayət və tələbi, vəsatəti yoxdur. Nəzərə alınmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs cinayət törətməyə görə əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 02 adda malların istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin fevral ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: -01 ədəd qara rəngli, Tayvan istehsalı, “Canon” markalı, “EOS 1100D” model,“EFS 1855mm” yazıları olan fotoaparat-250,00 manat; -01 ədəd qara rəngli, “Hisesnse” markalı “ H39A5600” model televizor-180,00 manat. İş materiallarına əlavə olunmuş protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs 3 saylı İstintaq Təcridxanasından azad olunmuşdur. İş materiallarına əlavə olunmuş sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs Vətən müharibəsi iştirakçısıdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etməsi məhkəmə baxışı zamanı onun özünün etirafedici ifadəsindən başqa, cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi cinayət əməlini etiraf edərək peşman olmasını, cinayət nəticəsində dəymiş maddi ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, Vətən müharibəsi iştirakçısı olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama — yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 23 fevral 2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər saxlanıldığı 03 (üç) ay müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılmalı və üzərində qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük Sovxozu fərdi evində çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhəri ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış əşyaların Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs 50,00 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda (120 manat) və məhkəmə baxışı zamanı (78 manat) müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 198 (bir yüz doxsan səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 23 fevral 2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər həbsdə saxlanıldığı 03 (üç) ay müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 01 (bir) müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük Sovxozu fərdi evini axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış əşyalar Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 50,00 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda (120) manat və məhkəmə baxışı zamanı (78 manat) müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 198 (bir yüz doxsan səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar