Məhkəmə qərarları › İş №1(003)-132/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-132/2022

13.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-132/2022 13.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 və zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs2, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, 21 aprel 1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Binəqədi rayonu A.Gəraybəyli küçəsi ev 37A mənzil 16-da qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Şağan qəsəbəsi Adil Gəray küçəsi ev 42-də yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-480/2021 saylı 26 noyabr 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 24 noyabr 2021-ci il tarixdən hesablanan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz olaraq daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 04 oktyabr 2021-ci il tarixdə saat 16 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə satıcı kimi işlədiyi Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi G.Azərbaycan küçəsi 3 ünvanında yerləşən “BMS park” mağazasında olarkən oraya dam örtüyünün təmiri ilə bağlı gəlmiş şirkətin texniki işçisi Zərərçəkmiş şəxs1 “Adidas” markalı bel çantasındakı pul qabından 5500 manat pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 18 noyabr 2021-ci il tarixdə saat 22 radələrində ünvan 1 ünvanında yerləşən “BMS park” mağazasının qarşısına gələrək mağazanın dam örtüyünə çıxıb oradan mağazanın ofisinin pəncərəsinin şüşəsini taxta parçası ilə sındırıb içəri qanunsuz olaraq daxil olub ofisdə olan masanın çəkməcəsindən "xxxx" MMC-yə məxsus 01 ədəd 700 manat dəyərində “Accer” markalı noutbuk kompyuterini, 01 ədəd 25 manat dəyərində naqilsiz siçanı (idarəetmə pultunu), 170 manat ekvivalentində 100 ABŞ dollar pulu, 1 ədəd 415 manat dəyərində istifadədə olmamış Çində istehsal edilmiş “SUNMİ” markalı, W5920(V1s) model, **********24887 İMEİ kodlu ödəniş terminalını, 1 ədəd 700 manat dəyərində adaptoru ilə birlikdə kassa aparatını, 1 ədəd 70 manat dəyərində elektrik çaydanını, divanın üzərində olan 25 manat dəyərində parça çantanın içində olan 01 ədəd 1500 manat dəyərində “Toshiba” markalı noutbuk komyuterini, 1 ədəd naqilsiz 90 manat dəyərində adaptoru ilə birlikdə qulaqcığı, 01 ədəd 10 manat dəyərində qulaqcığı, 01 ədəd 8 manat dəyərində uzadıcı elektrik naqili, 01 ədəd 60 manat dəyərində suyun tərkibini ölçən cihazı, 03 ədəd hər birinin dəyəri 15 manat dəyərində olan mobil telefon adaptorunu, 1 dəst 12 manat dəyərində olan 6 ədəd stəkanı, 1 ədəd 50 manat dəyərində gödəkçəni, 01 ədəd 30 manat dəyərində usta alətləri dəstini və 372 manat pulu, həmçinin mağazanın içindən hər birinin dəyəri 100 manat olan ümumilikdə 5 ədəd sellofan torbada qablaşdırılmış istifadədə olmamış sellofan torbalarda narıncı-sarı rəngli plastik materialdan hazırlanmış metal zəncirli uşaq yellənçəkləri gizli olaraq talayıb zərərçəkmiş şəxsə 4782 manat dəyərində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs və mlki cavabdeh qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, 2021-ci ilin may ayının sonlarından 2021-ci ilin oktyabr ayının 24dək Mərdəkan qəsəbəsində yerləşən “BMS park” mağazasında satıcı kimi işləmişdir. Həmin mağazanın müdiri Rəşad Rəsulovdur, Rəşadın qardaşı Rəsul isə bu mağazanın administratorudur. Mağazanın damından su axdığı üçün 04 oktyabr 2021-ci il tarixdə saat 10 radələrində şirkətin Zahir adlı texniki işçisi mağazaya gəlmiş və dəmir örtüyün təmiri ilə məşğul olmağa başlamışdır. Təmir işləri ilə bağlı o da Zahirə köməklik edirmiş və həmin gün saat 16 radələrində dəmir örtüklərin əlini kəsməməsi üçün fəhlə əlçəyi axtaranda mağazanın 1-ci mərtəbəsində 4 nəfərlik oturacağın üstündə üzərində “Adidas” yazısı olan qara rəngli bel çantasını görmüş və həmin çantada əlçək olacağını düşünmüşdür. Çantanı açıb baxdıqda onun içindəki pul qabında topa 100 manatlıq əskinaslar olduğunu görmüşdür. Pula ehtiyacı olduğundan həmin pulları və əlcəyi gizlicə götürmüşdür. Ətrafda onu görən olmamış, o da heç kimi şübhələndirməmiş və mağazanın təmir işlərinə köməkliyə davam etmişdir. Həmin gün saat 20:00-da iş saatı qurtardıqdan sonra o, işdən çıxmış və mağazadan aralaşdıqdan sonra avtobusla evə gedərkən yolda pulları saymış və görmüşdür ki, götürdüyü pul 50 ədəd 100 manatlıq əskinasdır, yəni 5000 manatdır. Bundan sonra da o, həmin mağazaya normal iş yerinə gedib-gəlməyə davam etmişdir. Lakin bir müddət sonra administrator Rəsul ilə aralarında narazılıq yaranmış və Rəsul işdən çıxmağını ona bildirmişdir. Bir müddət işdən çıxmaq ərizəsini qəbul etməmişlər, o isə artıq işə getməmişdir. 24 oktyabr 2021-ci il tarixdə kadrlar şöbəsindən ona zəng edilərək ərizə yazıb işdən çıxmağı təklif edilmişdir. O da razılaşıb şirkətin “Koroğlu” metrosunun yanında yerləşən baş ofisinə gedərək ərizəsini yazmışdır. 15 öktyabr 2021-ci il tarixdə oğurladığı 5000 manatdan 4200 manat ödəməklə tanışı Valeh adlı şəxsdən etibarnamə ilə “Toyota-Prius” markalı avtomobil almışdır ki, taksi fəaliyyəti ilə məşğul olsun. Lakin, həmin avtomobil də 3 gün sonra xarab olduğundan, onu sahibinə qaytarmışdır. Buna görə aralarında narazılıq yaranmış və Valeh ona ödədiyi 4200 manat pulu qaytarmamışdır. Əlində qalmış 800 manatı isə hissəhissə xərcləmişdir. 18 noyabr 2021-ci il tarixdə yaşadığı Şağan qəsəbəsində axşam evdə çaxır içdikdən sonra əsəbi olduğu üçün Mərdəkan qəsəbəsinə gəlmiş və stansiya tərəfdə olarkən ani anda ağlına gəlmişdir ki, pul əldə etmək üçün əvvəllər işlədiyi Mərdəkan qəsəbəsindəki “BMS park” şirkətinin mağazasına girib oğurluq etsin. Həmin gün saat 22 radələrində “BMS park” mağazasının qarşısına gələrək mağazaya girməmiş bayırda quraşdırılmış işıq sayğacından mağazanın işıqlarını söndürərək arxa tərəfdən dama çıxıb şiferin aralı yerindən içəri girmişdir. Mağazanın ofisinin qapısı bağlı olduğundan qapının şüşəsini yerdə olan taxta parçası ilə sındırıb oradan ofisə daxil olmuş və masanın çəkməcə qapısını sındırıb, orada olan çantası ilə birlikdə balaca noutbuku, divanın yanındakı jurnal stolunun üzərində olan noutbuk komyuterini, pəncərənin qarşında olan altlığın üzərindəki narıncı rəngli kassa aparatını götürmüş, sonra isə dəhlizə keçərək oradakı sellofan torbaların içərində olan 5 ədəd uşaq yellənçəyini oğurlayaraq, başqa heç nə oğurlamayaraq arxa qapının çəftəsini açıb mağazadan çıxmışdır. Mağazadan çıxdıqdan sonra oğurladığı əşyaları daşımaq üçün onda nömrəsi olan Rabil adlı Mərdəkan qəsəbəsində stansiyada işləyən taksi sürücüsünə zəng edib çağırmış və təxminən 10 dəqiqə sonra Rabil özünə məxsus “VAZ-2107” markalı avtomobili ilə onun dediyi yerə, yəni, mağazanın arxa tərəfinə gəlmiş və o, Rabilə həmin sellofanda olan əmlakların və əşyaların özünə məxsus olmasını, yaşadığı evə aparacağını demişdir. Rabil də razılaşmış və onun avtomobilinə oğurladığı əmlakları yığaraq Şağan qəsəbəsinə öz yaşadığı evdən kənarda evlərin arasında saxladıb avtomobildən düşmüş və oğurladığı əmlakları da götürüb Rabilə 5 manat yol xərci verib yola salmışdır. O, özü əlində sellofanda olan yellənçəkləri, noutbukları və digər əşyaları Şağan qəsəbəsində yarımçıq tikili evə boşaltmışdır. 19 noyabr 2021-ci il tarixdə o, tanışı Ümidlə votsapla danışaraq oğurluq etdiyini demiş və ona oğurladığı əşyaları aparıb gizlətməyi və satmağı təklif etmiş, o da ona narahat olmamağını, gəlib götürüb aparacağını və satacağını demişdir. Ümid saat 04 radələrində idarə etdiyi “Xəzər” markalı avtomobillə onun yaşadığı evin yaxınlığına yarımtikili yerə gəlmiş və o, oğurladığı əşyalardan 5 ədəd yellənçəyi Ümidin avtomobilinə yüklədikdən sonra Ümid çıxıb getmiş, noutbuklar və kassa aparatı həmin yarımçıq tikilidə qalmış, özü də evinə qayıtmışdır. 19 noyabr 2021-ci il tarixdə pula ehtiyacı olduğundan 01 ədəd noutbuku və 1 ədəd noutbuku özünə məxsus olmasını bildirərək “Nefçilər” metrosunun yanında yerləşən lombarda aparıb girov qoyaraq 180 manat pul götürmüşdür. Kassa aparatı Şağan qəsəbəsində yarımçıq tikildə gizlətdiyi yerdə qalmış, 5 ədəd yellənçəyi isə Ümid öz evində saxlamışdır. 24 noyabr 2021-ci il tarixdə Şüvəlan qəsəbəsinə Ümidin evinə gedərək 4 ədəd yellənçəyi ondan götürüb satmaq üçün apararkən yolda onu polis əməkdaşları saxlamış və Ümid ilə birlikdə Xəzər RPİ-nin 1-ci PŞ-nə gətirmişlər. 1 ədəd yelləncək isə Ümidin evində qalmışdır. Sonradan o, oğurladığı əmlaklardan 2 ədəd noutbukun lombard müqaviləsini və 1 ədəd ödəniş terminalını polis əməkdaşlarına təhvil vermişdir. İlk dəfə törətdiyi əməllərindən peşmandır, lakin bir daha bildirir ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 çantasından oğurladığı pul 5500 (beş min beş yüz) manat yox, 5000 (beş min) manat olmuşdur. “BMS park” mağazasından oğurladığı əşyalardan isə dəyəri 415 (dörd yüz on beş) manat təşkil edən 01 ədəd istifadədə olmamış Çində istehsal edilmiş “SUNMİ” markalı, W5920(V1s) model, **********24887 İMEİ kodlu ödəniş terminalını, həmçinin, dəyəri 400 (dörd) yüz manat təşkil edən 04 ədəd istifadədə olmamış sellofan torbalarda narıncı-sarı rəngli plastik materialdan hazırlanmış metal zəncirli uşaq yellənçəklərini istintaq zamanı polisə təqdim edib ümumi ziyanın 815 (səkkiz yüz on beş) manat hissəsini qaytarmış, lakin maddi imkanı zəif olduğundan maddi ziyanı hələlik tam ödəyə və zərərçəkmiş şəxslərlə barışıq əldə edə bilməmişdir. Mülki iddiaları qismən qəbul edir. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, o, 04 oktyabr 2021-ci il tarixdə saat 09 radələrində ünvan 2 ünvanında yerləşən “BMS park” mağazasına texniki işçi kimi dam örtüyünün təmiri ilə bağlı gəlmişdir. Həmin vaxt o, usta alətləri, iş paltarları olan bel çantasını da götürmüş, həm də avtomobilini satdığı üçün özünə məxsus olan 5500 manat pul da həmin çantasında olmuşdur. Mağazaya gələndə satıcı Təqsirləndirilən şəxs, digər satıcı Emin də orada olmuşdur. Həm də adminstrator Rəsul müəllim də öz otağında olmuşdur. O da iş yoldaşı Nurlan ilə birlikdə usta alətlərini götürmüş, təmirə başlamamışdan əvvəl isə “Adidas” markalı bel çantasını 1-ci mərtəbədə mağazanın içindəki fırlanan karuselin oturacağının üzərinə qoyub dama çıxaraq təmirlə məşğul olmağa başlamışdır. Həmin vaxt Emin dəmir örtüyü çıxartmaqda onlara köməklik edirmiş, Rüfət isə 1-ci mərtəbədə salonda olmuşdur. O, işini qurtardıqdan sonra saat 17:50 radələrində 1-ci mərtəbəyə düşərək əl-üzlərini yuyub, paltarlarını dəyişərək şirkətin avtomobilinin gəlməsini gözləmişlər. Saat 18:45 radələrində Nurlanla birlikdə mağazadan çıxıb şirkət maşını ilə “Koroğlu” metrosunun yanında düşüb hərə öz evinə getmişdir. Həmin gün o, axşam saat 21 radələrində bel çantasına baxdıqda 5500 manat pulunun yerində olmadığını və naməlum şəraitdə oğurlanmasını aşkar etmiş, Zərərçəkmiş şəxs2 da zəng edərək ona bu barədə məlumat vermişdir. Çünki, o, həmin bel çantasını yalnız “BMS park” mağazasında təmir işi görərkən mağazanın 1-ci mərtəbəsində karuselin oturacağının üstünə qoymuşdur və başqa vaxt çanta özündə olmuş, sahibsiz qalmamışdır. O, Xətai rayonunda yaşadığı və fikrini düz ifadə etmədiyi üçün əvvəlcə 35-ci PB-nə ərizə ilə müraciət etmiş, daha sonra isə Xəzər RPİ 1-ci PŞ-də araşdırma davam etdirilmişdir. Daha sonra da məlum olmuşdur ki, Rüfət sonradan da mağazaya damdan girib oğurluq etmişdir. Həmin ziyan indiyə qədər ödənilmədiyi üçün o, təqsirləndirilən şəxsdən şikayətçidir və ona qarşı maddi zərərə görə 5500 (beş min beş yüz) manat, mənəvi zərərə görə 1500 (bir min beş yüz) manat, ümumilikdə 7000 (yeddi min) manat məbləğdə pulun onun xeyrinə tutulması barədə mülki iddia ilə məhkəməyə müraciət etmişdir. Mülki iddiasının təmin edilərək ona dəymiş ziyanın ödənilməsinə köməklik göstərilməsini və təqsirləndirilən şəxsə törətdiyi əməlinə görə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı "xxxx" MMC-nin nümayəndəsi qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, Təqsirləndirilən şəxs 2021-ci ilin iyun ayının ortalarından onun adminstrator işlədiyi şirkətin “BMS park” mağazasında satıcı kimi işə başlamışdır. Rüfət satıcı kimi “BMS park” mağazasında işləyərkən bir neçə oğurluq hadisəsi baş vermişdir. Belə ki, ilk dəfə 04 oktyabr 2021-ci il tarixdə “BMS park” mağazasına "xxxx" MMC-nin texniki şöbəsinin texniki işçisi Zərərçəkmiş şəxs1 dam örtüyünün təmiri ilə bağlı gəlmiş, həmin vaxt mağazanın 1-ci mərtəbəsinə kiçik oturacaqlı karuselin üzərinə qoyduğu bel çantasının içindən 5500 manat pulu naməlum şəraitdə oğurlanmışdır. Bu barədə Zərərçəkmiş şəxs1 ona 05 oktyabr 2021-ci il tarixdə telefonla zəng edib məlumat vermişdir. O da işçiləri, yəni satıcılar Təqsirləndirilən şəxs və Emin Gülverdiyevi mağazada olarkən tənbeh etmişdir ki, əgər bu oğurluqda əməlləri varsa, pulu qaytarsınlar, məsələ böyüməsin. Lakin, Emin və Rüfət inkar edərək, oğurluqdan xəbərləri və iştirakları olmadığını bildirib etiraz etmişlər. Zərərçəkmiş şəxs1 polisə məlumat vermiş və mağazaya 1-ci PŞ-dən gələn polis əməkdaşları Zərərçəkmiş şəxs1 iştirakı ilə baxış keçirmişlər. Bir müddət sonra 20 oktyabr 2021-ci il tarixdə isə administrator otağındakı masanın tumboçkasının qapısının kilidini qırmaqla oradan 167 manat şirkətə aid pul naməlum şəraitdə oğurlanmışdır. O da bu dəfə satıcı Rüfətdən də şübhələnmişdir, çünki həmin gün işdə ondan başqa Rüfət olmuş, digər satıcı Emin isə istirahət günü olduğundan işdə olmamışdır. Bunu gördükdə o, konkret olaraq Rüfətdən pulu tələb etmiş, əks halda polisə məlumat verəcəyini demişdir. Ancaq Rüfət oğurluq etmədiyini bildirib inkar etmişdir. Həmin vaxtdan sonra Rüfət işdən icazəsiz çıxıb getmiş və bir daha işə gəlməmişdir. Ancaq o, könüllü olaraq Rüfətin pulu qaytarmasını gözlədiyi üçün 167 manata görə polisə şikayət etmək istəməmişdir, həm də ilkin Zərərçəkmiş şəxs1 5500 manat pulunun oğurlanması barədə polisdə araşdırma getdiyindən, həmin oğurluq edən şəxs müəyyən edildikdə 167 manatı da oğurlayan şəxsin eyni şəxs olacağını düşünmüşdür. O, artıq oğurluğun Təqsirləndirilən şəxs tərəfindən edilməsinə əmin olmuş, bununla bağlı kifayət qədər şübhələr olduğundan, bu barədə 1-ci PŞ-nin də əməkdaşlarına da bildirmişdir. Sonuncu dəfə isə 18 noyabr 2021ci il tarixdə saat 10 radələrində o, “BMS park” mağazasına həmişəki kimi işə gəlmiş və iş günü qurtardıqdan sonra saat 20:00-da mağazanı bağlayıb evə getmişdir. Növbəti gün, 19 noyabr 2021-ci il tarixdə saat 10 radələrində “BMS park” mağazasına gələrkən yolda olarkən ona X3 zəng edərək bildirmişdir ki, mağazaya damdan girib qapının şüşəsini sındırmaqla daxil olan naməlum şəxs tərəfindən mağazadan kassa aparatları oğurlanmışdır. O da ona bildirmişdir ki, təcili DİN 102 xidmətinə zəng edib məlumat versin və özü də gələcəkdir. Saat 10:20 radələrində mağzaya çatdıqda hadisə yerinə artıq Xəzər RPİ 1-ci PŞ-nin əməkdaşlarının gəldiklərini görmüş və bu barədə MMC-nin direktoru X2 da zəng edib demişdir. Hadisə yerinə baxış zamanı ilkin olaraq müəyyən edilmişdir ki, mağazanın administrator otağındakı yazı masasının dolabının qapısının kilidini sındırmaqla oradan 01 ədəd 40 manat dəyərində çantanın içində olmaqla 700 manat dəyərindəki “Accer” markalı noutbuk kompyuteri, mause idarəetmə pultu və çantanın cibində olan 100 ABŞ dolları pul ilə birlikdə, divanın üzərində olan 1500 manat dəyərində olan “Toshiba” markalı noutbuk kompyuteri çantası ilə birlikdə, masanın dolabının içindən 205 manat pul, 1 ədəd "xxxx"a aid post terminal aparatı, 1 ədəd adaptoru ilə birlikdə kassa aparatı, 1 ədəd 70 manat dəyərində elektrik çaydanı oğurlanmışdır. İlkin ərizəni və izahatı Xəzər RPİ 1-ci PŞ-nə "xxxx" MMC-nin direktoru X4 yazmışdır, lakin həmin ərizə və izahatda oğurlanmış əmlaklar tam yazılmamışdır. Belə ki, sonradan dəqiqliklə yoxlama aparıldıqdan sonra ona məlum olmuşdur ki, BMS park” mağazasının arxasında köməkçi tikilidən 5 ədəd hər birinin dəyəri 150 manat olan plastik dəmir zəncirli yellənçəklər, 01 ədəd 25 manat dəyərində noutbuk çantası və içində olan 01 ədəd 700 manat dəyərində “Accer” markalı noutbuk kompyuteri və 100 ABŞ dolları pul, 01 ədəd 25 manat dəyərində naqilsiz siçan (idarəetmə pultu), 01 ədəd 1500 manat dəyərində olan “Toshiba” markalı noutbuk, 1 ədəd 700 manat dəyərində "xxxx"a aid post terminal aparatı, 1 ədəd 600 manat dəyərində adaptoru ilə birlikdə kassa aparatı, 1 ədəd 70 manat dəyərində elektrik çaydanı, 01 ədəd naqilsiz 90 manat dəyərində adaptoru ilə birlikdə qulaqcıq, 01 ədəd 10 manat dəyərində qulaqcıq, 01 ədəd 8 manat dəyərində uzadıcı elektrik naqili, 01 ədəd 60 manat dəyərində suyun tərkibini ölçən cihaz, 03 ədəd hər birinin dəyəri 15 manat dəyərində olan mobil telefon adaptoru, 1 dəst 12 manat dəyərində olan 6 ədəd stəkan, 1 ədəd 50 manat dəyərində gödəkçə, 01 ədəd 30 manat dəyərində usta alətləri dəsti, 205 manat pullar oğurlanmışdır. Bundan başqa isə, 167 manat pul onun adminstrator otağındakı masanın dolabından oğurlanmışdır. Bir müddət sonra isə Xəzər RPİ-nin 1-ci PŞ-dən maraqlandıqda ona məlum olmuşdur ki, həmin oğurluq cinayətlərini törədən Təqsirləndirilən şəxs oğurladığı əmlakların bir qismi ilə birlikdə tutulmuş və istintaqa təhvil verilmişdir. İbtidai istintaq zamanı “BMS park” mağazasından oğurlanmış əşyalardan 01 ədəd istifadədə olmamış Çində istehsal edilmiş “SUNMİ” markalı, W5920(V1s) model, **********24887 İMEİ kodlu ödəniş terminalı, həmçinin, 04 ədəd istifadədə olmamış sellofan torbalarda narıncı-sarı rəngli plastik materialdan hazırlanmış metal zəncirli uşaq yellənçəkləri qəbzlə ona qaytarılmışdır. Oğurluq hadisələri nəticəsində "xxxx" MMC-nə dəymiş ziyan indiyə qədər tam ödənilmədiyi üçün təqsirləndirilən şəxsdən şikayətçidirlər və ona qarşı maddi zərərə görə 4782 (dörd min yeddi yüz səksən iki) manat, mənəvi zərərə görə 1000 (bir min) manat, ümumilikdə 5782 (beş min yeddi yüz səksən iki) manat məbləğdə pulun "xxxx" MMC-nin xeyrinə tutulması barədə mülki iddia ilə məhkəməyə müraciət etmişlər. Mülki iddialarının təmin edilərək "xxxx" MMC-nə dəymiş ziyanın ödənilməsinə köməklik göstərilməsini və təqsirləndirilən şəxsə törətdiyi əməlinə görə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, o, Təqsirləndirilən şəxs taksi fəaliyyəti ilə məşğul olarkən tanımış və onun mobil nömrəsi Rüfətdə qalmışdır. 18 noyabr 2021-ci il tarixdə saat 23 radələrində Rüfət onun ***-***-**- ** saylı mobil nömrəsinə zəng edərək bildirmişdir ki, Mərdəkan qəsəbəsindədir və onu gəlib taksi kimi apara bilib-bilməyəcəyini soruşmuşdur. O da gələ biləcəyini demişdir və evdən çıxıb taksi fəaliyyəti ilə məşğul olduğu “VAZ-2107” markalı **-FU-*** dövlət nömrə nişanlı avtomobili ilə Rüfətin dediyi yerə, yəni “Bravo” marketin arxasına gəlmişdir. Rüfətin yanına çatanda qaranlıqda hasarın dibində 4-5 ədəd böyük sellofan torbanın və iki ədəd qutunun qoyulduğunu görmüşdür. Rüfətdən həmin əşyaların nə olmasını soruşmuş, Rüfət də ona həmin əşyaların valideynlərinin olmasını, Şağan qəsəbəsinə evə aparacağını bildirmişdir. O da başqa sual verməmiş, normal insan kimi tanıdığı üçün Rüfətdən şübhələnməmişdir. Rüfət özü iki ədəd qutuda olan əşyaları avtomobilinin arxa saxlanc yerinə, sellofan torbalardakı əşyaları isə avtomobilinin arxa oturacağının üzərinə qoymuşdur, o isə həmin şeylərə əl vurmamış və içində nə olmasını bilməmişdir. Rüfəti özünün deməsinə əsasən Şağan qəsəbəsinə yaşadığı ünvana aparmışdır və Rüfət ona 5 manat yol haqqını ödəyib yüklərini özü avtomobilindən boşaltmış, bundan sonra o, sürüb getmişdir. Həmin əmlakların oğurluq olmasından xəbəri olmamışdır. 24 noyabr 2021-ci il tarixdə Xəzər RPİ 1-ci PŞ-dən ona zəng olunmuş və onu həmin PŞ-nə dəvət etmişlər, orada ona məlum olmuşdur ki, Rüfət Mərdəkan qəsəbəsindən mağazadan oğurluq etmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, o, Təqsirləndirilən şəxs Mərdəkan qəsəbəsində telefon mağazası işlədən vaxtdan, yəni 8 ildir ki, tanıyır. Belə ki, Rüfət həmin telefon dükanında satıcı işləmiş, aralarında normal münasibətlər olmuşdur. O, “Xəzər” markalı **-PD-*** nömrəli lizingdə olan avtomobili idarə edərək taksi faəliyyəti ilə məşğul olur. 19 noyabr 2021-ci il tarixdə gecə saat 23 radələrində Rüfət ona xatırlamadığı mobil nömrədən “Vatsap” şəbəkəsi vasitəsi ilə mesaj yazaraq Şağan qəsəbəsindən evdən şəxsi yüklərini daşımaq üçün maşın lazım olmasını bildirmişdir. O da 1 saata gəlib götürə biləcəyini demiş və razılaşmışlar. Dediyi vaxtda idarə etdiyi həmin avtomobillə Şağan qəsəbəsinə gedərək Rüfətgilin evinin qarşısında dayanmış və Rüfət əlində hər birində 2 ədəd bağlama ilə gələrək onun avtomobilinə əyləşmişdir. Rüfətdən hara gedəcəklərini soruşmuş, o da ona bildirmişdir ki, atası Rollanla yola getmədiyi üçün kirayə ev tutana kimi əşyalar onda qalsın. O da onunla razılaşmışdır. Həmin vaxt qaranlıq olduğundan Rüfətin maşınının yük yerinə qoyduğu yükün nə olmasına fikir verməmişdir. Onlar Rüfətlə onun Şüvəlan qəsəbəsi A.İldırım küçəsindəki evinə gəlmişlər, Rüfət yükləri götürüb evinin həyətində girişdən sağda olan kladovkaya qoymuş və ona 5 manat yol xərci verdikdən donra o, sağollaşaraq çıxıb getmişdir. Təxminən 4 gün sonra saat 21 radələrində Rüfət ona zəng edərək ondan yenə Şağan qəsəbəsinə gəlməyi xahiş etmiş, o da idarə etdiyi avtomobillə oraya getmişdir. Rüfət ondan evinə qoyduğu yükləri götürüb aparmağı təklif etmiş, o da razılaşaraq Rüfəti Şüvəlan qəsəbəsinə yaşadığı evə gətirmişdir. Həmin vaxt Rüfətin evindən 4 ədəd sellofan bağlamada olan yükləri götürüb onun avtomobilində apararkən Xəzər RPİ 1-ci PŞ-nin əməkdaşları gələrək onun oğurluqda şübhəli şəxs olmasını bildirib onu PŞ-nə aparmışlar. O, Rüfətin onun avtomobili ilə daşıyaraq evinə gətirdiyi yüklərin oğurluq əmlak olmasını bilməmiş, bu barədə də Rüfət ona heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, o, “Nefçilər” metrosunun yanında “Rahat market”inn yaxınlığındakı lombardda işləyir. 19 noyabr 2021-ci il tarixdə saat 12 radələrində o, işlədiyi lombardda olarkən bir nəfər sonradan adının Təqsirləndirilən şəxs olmasını bildiyi şəxs oraya gələrək 2 ədəd noutbuk kopmyuterini girov qoyub pul götürmək istədiyini bildirmişdir. O da həmin noutbuklara baxıb dəyərləndirib ona 180 manat pul verə biləcəyini bildirmişdir. Həmin notbuklardan biri “ACER” markalı, digəri isə “HP” markalı olmuşdur. O, həmin kompyuterləri 1 ay sonra əlavə 35 manat ödəmək şərti ilə girov götürüb 180 manat pulu Təqsirləndirilən şəxs ödəmiş, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surətini çıxarıb ***-***-**-** mobil nömrəsini, 2 ədəd komyuterləri götürməsini həmin kağızda yazmış, əvəzində isə X1 adına olan lombardın girov müqaviləsini yazıb Rüfətə vermiş, həmin müqavilədə də öz ***-***-**-** mobil əlaqə nömrəsini yazmışdır. Təqsirləndirilən şəxs həmin 2 ədəd noutbuku girov qoymaq üçün təqdim edərkən özünə məxsus olmasını və pula ehtiyacı olduğundan girov qoyduğunu bildirmiş, ona həmin noutbukların oğurluq olmasını deməmişdir. 2 ay sonra artıq Təqsirləndirilən şəxs gəlib ödəniş etmədiyindən o, həmin noutbukları tanımadığı müştəriyə satmışdır. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının 26 yanvar 2022-ci il tarixli 9/291 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən olunur: 01 ədəd istifadədə olmamış Çində istehsal edilmiş “SUNMİ” markalı, W5920(V1s) model, **********24887 İMEİ kodlu ödəniş terminalı – 415,00 manat; 04 ədəd istifadədə olmamış sellofan torbalarda narıncı-sarı rəngli plastik materialdan hazırlanmış metal zəncirli uşaq yellənçəkləri – 400(4x100) manat. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50,00 (əlli) manat təşkil edir. İş materiallarında olan qəbzdən görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs götürülmüş 4 ədəd istifadədə olmamış sellofan torbalarda narıncı-sarı rəngli plastik materialdan hazırlanmış metal zəncirli uşaq yellənçəkləri və 01 ədəd istifadədə olmamış Çində istehsal edilmiş “SUNMİ” markalı, W5920(V1s) model, **********24887 İMEİ kodlu ödəniş terminalı maddi sübut qismində tanınmış və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi və mülki iddiaçı qismində dindirilən Zərərçəkmiş şəxs2 qaytarılmışdır. İş materiallarına əlavə olunmuş ifadələrin yerində yoxlanılması barədə protokollardan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadələrinin dəqiqliyini yoxlamaq üçün onun ifadələri yerində yoxlanılmış və o, ifadələrində qeyd etdiyi xüsusatları istiqamətləndirici hərəkətləri ilə göstərərək bir daha təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 22 dekabr 2021-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi məhkəmə baxışı zamanı onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirildi. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilsə də, ifadəsində 04 oktyabr 2021-ci il tarixdə “BMS park” mağazasında olarkən oraya dam örtüyünün təmiri ilə bağlı gəlmiş şirkətin texniki işçisi Zərərçəkmiş şəxs1 bel çantasından 5000 manat pul oğurlamasını və ifadəsində qeyd etdiyi 01 ədəd çantası ilə birlikdə balaca noutbuku, divanın yanındakı jurnal stolunun üzərində olan 01 ədəd noutbuk komyuterini, pəncərənin qarşında olan altlığın üzərindəki narıncı rəngli 01 ədəd kassa aparatını, sonra isə dəhlizə keçərək oradakı sellofan torbaların içərində olan 5 ədəd uşaq yellənçəklərini oğurladığını, qalan digər əşyaları oğurlamadığını bildirməsi sübutların məcmusuna əsasən təkzib edilir. Ona görədə məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir və o, törətdiyi cinayətlərə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi əməllərdən peşman olmasını, cinayət nəticəsində dəymiş zərəri qismən ödəməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli tutulduğu 24 noyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut - 4 ədəd narıncı-sarı rəngli plastik materialdan hazırlanmış metal zəncirli uşaq yellənçəklərinin və 01 ədəd istifadədə olmamış Çində istehsal edilmiş “SUNMİ” markalı, W5920(V1s) model, **********24887 İMEİ kodlu ödəniş terminalının zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 50,00 (əlli) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 179.1, 179.2 və 179.3-cü maddələrinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur, mülki-prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: - ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikası CPM-nin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı maddi zərərə görə 5500 (beş min beş yüz) manat, mənəvi zərərə görə 1500 (bir min beş yüz) manat, ümumilikdə 7000 (yeddi min) manat məbləğdə pulun onun xeyrinə tutulması barədə mülki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı maddi zərərə görə 4782 (dörd min yeddi yüz səksən iki) manat, mənəvi zərərə görə 1000 (bir min) manat, ümumilikdə 5782 (beş min yeddi yüz səksən iki) manat məbləğdə pulun "xxxx" MMC-nin xeyrinə tutulması barədə mülki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddianın məzmununa uyğun izahat verərək iddianın tam məbləğdə təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddiasının maddi zərərə görə 5500 (beş min beş yüz) manat tələbinə dair hisəsini qismən – yəni 5000 (beş min) manat hissədə etiraf etdi, mənəvi zərər hissəsində isə etiraf etmədi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs2 mülki iddianın məzmununa uyğun izahat verərək iddianın tam məbləğdə təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs2 mülki iddiasının maddi zərərə görə 4782 (dörd min yeddi yüz səksən iki) manat tələbinə dair hissəsini qismən etiraf edərək göstərdi ki, “BMS park” mağazasından oğurladığı əşyalardan dəyəri 415 (dörd yüz on beş) manat təşkil edən 01 ədəd istifadədə olmamış Çində istehsal edilmiş “SUNMİ” markalı, W5920(V1s) model, **********24887 İMEİ kodlu ödəniş terminalını, həmçinin, dəyəri 400 (dörd) yüz manat təşkil edən 04 ədəd istifadədə olmamış sellofan torbalarda narıncı-sarı rəngli plastik materialdan hazırlanmış metal zəncirli uşaq yellənçəklərini istintaq zamanı polisə təqdim edib ümumi ziyanın 815 (səkkiz yüz on beş) manat hissəsini qaytardığı üçün iddianı 3967 (üç min doqquz yüz altmış yeddi) manat hissədə etiraf edir, mənəvi zərər hissəsində isə etiraf etmir. Zərərçəkmiş şəxslər və mülki iddiaçılar tərəfindən irəli sürülmüş mənəvi zərərin ödənilməsi tələbinə dair isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında izah olunmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna görə də mənəvi zərərin sübut edilməsini hər bir halda tələb etmək düzgün deyildir. Məhkəmə ədalətlilik prinsipini rəhbər tutmaqla kompensasiya təyin edilməsi və onun məbləğinin müəyyən edilməsi məsələsini müzakirə edərək həll etməlidir. Ərizəçinin narahatlıq, iztirab, qorxu, təşviş, ümidsizlik hissləri keçirilməsi mənəvi zərərin ödənilməsi üçün əsasdır. Həmin məhkəmə “Smirnova Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi qərarında isə göstərmişdir ki, mənəvi ziyanın bəzi formalarını, o cümlədən emosional iztirabları... onların təbiətinə görə heç də həmişə hansısa konkret vasitə ilə sübuta yetirmək mümkün olmur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 4-cü bəndində isə göstərilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi ziyanın ödənilməsini tələb etmək hüququnu istisna etmir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi və mülki iddiaçı Zərərçəkmiş şəxs2 onlara dəymiş mənəvi zərərlə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etmədilər. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 tərəfindən təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı qaldırılmış mülki iddia maddi zərər hissəsində tam təmin edilməli, Təqsirləndirilən şəxs maddi zərərin əvəzi olaraq 5500 (beş min beş yüz) manat tutularaq Zərərçəkmiş şəxs1 ödənilməli, iddia mənəvi zərər hissəsində rədd edilməlidir. Məhkəmə eyni hesab edir ki, zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs2 tərəfindən təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı qaldırılmış mülki iddia maddi zərər hissəsində qismən təmin edilməli, Təqsirləndirilən şəxs maddi zərərin əvəzi olaraq 3967 (üç min doqquz yüz altmış yeddi) manat tutularaq "xxxx" MMC-nə ödənilməli, iddia qalan hissədə və mənəvi zərər hissəsində rədd edilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 40 iş saatına görə (ibtidai istintaq zamanı 25 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 15 saat) cəmi 240,00 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu 24 noyabr 2021-ci il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - 4 ədəd narıncı-sarı rəngli plastik materialdan hazırlanmış metal zəncirli uşaq yellənçəklərinin və 01 ədəd istifadədə olmamış Çində istehsal edilmiş “SUNMİ” markalı, W5920(V1s) model, **********24887 İMEİ kodlu ödəniş terminalının zərərçəkmiş hüquqi şəxsə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 50,00 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 tərəfindən təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı qaldırılmış mülki iddia maddi zərər hissəsində tam təmin edilsin. Təqsirləndirilən şəxs maddi zərərin əvəzi olaraq 5500 (beş min beş yüz) manat tutularaq Zərərçəkmiş şəxs1 ödənilsin. İddia mənəvi zərər hissəsində rədd edilsin. Zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs2 tərəfindən təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı qaldırılmış mülki iddia maddi zərər hissəsində qismən təmin edilsin. Təqsirləndirilən şəxs maddi zərərin əvəzi olaraq 3967 (üç min doqquz yüz altmış yeddi) manat tutularaq "xxxx" MMC-nə ödənilsin. İddia qalan hissədə və mənəvi zərər hissəsində rədd edilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 240,00 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar