Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-134/2020 04.08.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət X1 Bakı Şöbəsinin prokuroru X3, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxxx 1991-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, subay, fərdi əməklə məşğul olan, Şamaxı şəhəri, Əzizbəyov küçəsi, ev 11də qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs xx.xx.2019-ci il tarixdə, saat 23:00 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə küçəsində yerləşən saxlanc yeri olan dükana pəncərəni sındırma yolu ilə qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd 800 manat dəyərində “HP” markalı notebooku, 01 ədəd 250 manat dəyərində “CANON” markalı fotoaparatı, 01 ədəd 120 manat dəyərində “SONY” markalı videokameranı, 01 ədəd 250 manat dəyərində “SAMSUNG” markalı mobil telefonu, 250 manat nağd pulu, 5 manat dəyərində pul kisəsini, Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd 120 manat dəyərində “ACER” markalı notebooku gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 1675 manat məbləğində maddi ziyan, zərərçəkmiş Zərərçəkmiş şəxs2 isə 120 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, xx.xx.2019cu il tarixdə Şamaxıdan Bakıya gəzmək məqsədi ilə gəlmişdir. Həmin tarixdə bir başa o, Binə qəsəbəsinə gəlmişdir. Yolda dükandan spirtli içki alıb istifadə etmiş və sərxoş olmuşdur. Saat 23:00 radələrində Binə qəsəbəsində diqqətini bir suvenir dükanı çəkmişdir. Dükanın ətrafı şüşə pəncərələr idi. Dükanın pəncərəsini sındırıb ora daxil olmaq və oradan oğurluq etmək qərarına gəlmişdir. Dükana yaxınlaşmış və ətrafında bir az dolanmışdır. Dükanda işıq yanmırdı və içində heç kəsin olmadığı aydın idi. Ətrafa boylanmışdır və məhlədə heç kəs yox idi. Bu zaman dükanın şüşəsini sındırıb, pəncərədən dükana daxil olmuşdur. Dükana daxil olduqdan sonra isə orada olan 01 ədəd “HP” markalı notebook, 01 ədəd “CANON” markalı fotoaparat, 01 ədəd pul kisəsi, bundan başqa kassada olan 250 manat nağd pul, 01 ədəd “ACER” markalı notebook və 01 ədəd “SAMSUNG” markalı mobil telefon diqqətini çəkmişdir. O, həmin qeyd etdiklərini oğurlayıb özü ilə aparmağa qərara almışdır. Dükandan bir ədəd sellofana qeyd etdiklərini yığmışdır. Dükandan çıxdıqdan sonra isə üzü şəhər istiqamətinə yollanmışdır. Şəhərdə 20 yanvar metro stansiyası yaxınlığında oğurladığı şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və sığorta kartı ona lazım olmadığı üçün dəqiq yeri yadında qalmayan yerə atmışdır və Şamaxı rayonuna dövlət qeydiyyat nişanı və markası yadında qalmayan manatlıq taksi ilə yola düşmüşdür. Rayona çatdıqdan sonra isə rayonda gəzişərək səhərin açılmasını gözləmişdir. Səhər açılandan sonra, həmin qeyd etdiyi malları rayonda satmaq qərarına gəlmişdir. Bunun üçün Şamaxı rayonu icra hakimiyyətinin yaxınlığında fotostudiyaya yaxınlaşmış və orada oğurladığı 01 ədəd “CANON” markalı fotoaparatı özünə məxsus olduğunu və həmin aparatı pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Orada işləyən Kamal adlı şəxs ondan həmin fotoaparatı 100 manata almışdır. Bundan sonra o, yolda əvvəlcədən rayondan adını Şəhriyar kimi tanıdığı adamla rastlaşmışdır. Həmin Şəhriyar rayonda əvvəllər taksi kimi fəaliyyət göstərmişdir. O Şəhriyarı görəndə ona yaxınlaşmış və salamlaşmışdır. Sonradan isə ona pula ehtiyacı olduğu üçün 01 ədəd özünə məxsus “Acer” markalı notebooku və 01 ədəd “Sony” markalı videokameranı satdığını bildirmişdir. Şəhriyar həmin mallara baxıb maraqlanmışdır. Sonradan isə onların qiymətini soruşmuşdur. O, isə hər birin 40 manata satdığını bildirmişdir. Şəhriyar niyə belə ucuz satmağına təəcüblənmişdir. O ,isə onları təcili pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Bundan sonra Şəhriyar ondan həmin notebooku və kameranı 80 manata almışdır. Bundan sonra isə o, əlində olan digər mallarıda satmaq üçün növbəti müştəri axtarmışdır. Bunun üçün də o, rayon mərkəzində təsadüfən yolda keçən bir nəçə nəfərə əlində olan digər mallarıda pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Lakin onlara həmin malların oğurluq olduğunu deməmişdir. Bir nəfər tanımadığı şəxs onda olan 01 ədəd “HP” markalı notebookla və 01 ədəd “SAMSUNG” markalı mobil telefonu almaq məqsədi ilə maraqlanmışdır. O, 01 ədəd “HP” markalı notebooku 50 manata və 01 ədəd “SAMSUNG” markalı mobil telefonu 30 manata satdığını bildirmişdir. Eyni zamanda həmin malların da özünə məxsus olduğunu bildirmişdir. O, həmin şəxsə 80 manat pula qeyd olunan malları satmışdır və bir daha həmin tanımadığı şəxsi görməmişdir. Beləliklə oğurluq nəticəsində 250 manat pul və oğurluq malları satdıqdan sonra 260 manat pul əldə etmişdir. Ümumilikdə oğurluq nəticəsində 510 manat pul əldə etmişdir. Həmin 510 manat pulu öz ehtiyacları üçün xərcləmişdir. Oğurladığı mallardan əlində yalnız pul kisəsi qalmışdır. Həmin pul kisəsi də ona lazım olmadığından yadında qalmayan yerdə tullamışdır. xx xxxxxx 2020-ci il tarixdə o, Bakı şəhərinə yenidən gəzmək məqsədi ilə gəlmişdir. Xəzər rayonu Binə qəsəbəsində olarkən polis əməkdaşları ona yaxınlaşmışlar. Onlar özlərini təqdim edərək Xəzər RPİ 3-cü PB-nin əməkdaşları olduqlarını bildirmişlər və onu 3-cü PB-nə dəvət etmişlər. O, polis əməkdaşlarının dəvətini qəbul etmiş, onlarla birlikdə Xəzər RPİ 3-cü PB-nə gəlmişdir. Orada ona Zərərçəkmiş şəxs1 dükanından oğurluq hadisəsi törətməkdə şübhəli bilindiyi üçün bölməyə dəvət olunduğu izah etmişlər. O, orada etdiyi oğurluq hadisəsini səmimi olaraq etiraf etmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirdi ki, xx.xx.2019-cu il tarixdə o, Binə qəsəbəsində telefon kompyuter təmiri dükanı açmışdır. Eyni vaxtda dükanda telefon və suvenir satışı da mövcud olmuşdur. xx.xx.2019-cu il tarixdə saat 22:00 radələrində o, dükandan çıxaraq qapını bağlayıb getmişdir. Səhəri gün isə yəni xx.xx.2019-cu il tarixdə səhər 10:00 radələrində dükana gəldikdə dükanda oğurluq hadisəsi baş verdiyini aşkar etmişdir. O, dərhal dükanı axtarmış, dükana göz gəzdirdikdə ona məlum olmuşdur ki, oradan 01 ədəd 800 manat dəyərində “HP” markalı notebook, 01 ədəd 800 manat dəyərində “CANON” markalı fotoaparat, 01 ədəd 400 manat dəyərində “SONY” markalı videokamera, 5 manat dəyərində pul kisəsi və içərisində olan şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, sığorta kartı bundan başqa kassadan 250 manat nağd pul oğurlanmışdır. Dükanda baş vermiş oğurluq hadisəsi ilə əlaqədar o, Xəzər RPİ 3-cu PB-nə xəbər vermişdir. Hadisə yerinə gələn polis əməkdaşları baş vermiş oğurluq hadisəsini sənədləşdirmişlər. Baş vermiş oğurluq hadisəsi ilə əlaqədar o, ərizə yazmışdır. Sonradan ona məlum olmuşdur ki, dükandan qeyd etdiklərindən başqa oradan 01 ədəd 400 manat dəyərində mağazanın müştərisi Zərərçəkmiş şəxs2 məxsus “ACER” markalı notebook və ona məxsus 01 ədəd 250 manat dəyərində “SAMSUNG” markalı mobil telefon oğurlanmışdır. O, dükanından oğurlanmış şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, sığorta kartını tapmışdır. Belə ki, həmin sənədləri bir nəfər şəxs 20 yanvar metrosu yaxınlığında tapmış və ona təhvil vermişdir. Sənədləri tapan şəxs qadın idi, həmin qadını o tanımır və onun anket məlumatlarını da bilmir. Həmin şəxs ona sənədləri 20 yanvar metrosu ətrafında tapdığını, pul kisəsini tapmadığını, yalnız sənədləri tapdığını bildirmişdir. Hadisə zamanı ona 2105 manat maddi ziyan dəymişdir. Müştərisi olan Zərərçəkmiş şəxs2 isə 400 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirdi ki, xx.xx.2019-cu il tarixdə o, Binə qəsəbəsində yerləşən suvenir mağazasına özünə məxsus “Acer” markalı notebookunu təmir üçün gətirmişdir. Həmin notebooku orada Kənan adlı şəxsə təhvil vermişdir. Lakin, bir neçə gün sonra xəbər tutmuşdur ki, həmin dükanda oğurluq hadisəsi baş vermişdir. Oğurluq hadisəsi nəticəsində orada mağaza sahibi olan Kənana aid mallarla birlikdə onun da həmin dükana təmir üçün verdiyi “Acer” markalı notebooku oğurlanmışdır. Mağazanın sahibi Kənanın polisə ərizə yazdığını bildiyi üçün o, polisə müraciət etməmişdir. Ona oğurluq hadisəsi nəticəsində 400 manat maddi ziyan dəymişdir. Belə ki, dükandan oğurlanmış 01 ədəd “Acer” markalı notebookun qiyməti 400 manat təşkil edir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, Şamaxı rayonunda icra hakimiyyətinin yaxınlığında fotosudiyada operator işləyir. Həmin fotostudiyada o, 2009-cu ildən işləyir. xx xxxxxx 2019-cu il tarixdə Əliyar adlı şəxs fotosudiyaya gələrək 01 ədəd özünə məxsus “CANON” markalı fotoaparatı 100 manata satdığını bildirmişdir. O, fotoaparatı ondan götürüb baxmışdır. Fotoaparat xoşuna gəldiyi üçün almaq qərarına gəlmişdir. Əliyar dediyi qiymətə yəni 100 manata həmin aparatı Əliyardan almışdır. Bir neçə gün sonra fotosudiyaya Xəzər rayon polis idarəsinin əməkdaşları gəlmiş və Əliyar adlı şəxsin ona satdığı fotoaparatla bağlı maraqlanmışlar. O, həmin aparatı polis əməkdaşlarına təqdim etmişdir. Orada ona məlum olmuşdur ki, həmin aparat oğurluqdur. Belə ki, Əliyar adlı şəxs Bakı şəhərində, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində oğurluq hadisəsi törətmişdir. Həmin aparat da Əliyar oğurladığı mallar dan biridir. Əliyar ona həmin fotoaparatın oğurluq olduğunu bildirməmişdir. Əgər ona həmin fotoaparatın oğurluq olduğunu bildirsəydi, o heç vaxt onu almazdı. Əliyar fotostudiyaya gələn zaman tək idi və onun yanında heç kəs yox idi. Əliyar ona yalnız “CANON” markalı fotoaparat satmışdır. Əliyar ona başqa satılıq malların da olduğunu bildirmiş, lakin o, başqa heçnə almamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, o, Şamaxı rayonunda olarkən yolda əvvəlcədən rayondan adını Əliyar kimi tanıdığı adamla rastlaşmışdır. Həmin Əliyarı o, rayondan tanıyırdı. Əvvəllər o, taksi kimi fəaliyyət göstərən zaman müştəri qismində bir neçə dəfə onun avtomobilinə oturmuşdur. Əliyar ona yaxınlaşmış və salamlaşmışdır. Sonradan isə Əliyar ona pula ehtiyacı olduğu üçün özünə məxsus 01 ədəd “Acer” markalı notebook və 01 ədəd “Sony” markalı videokameranı satdığını bildirmişdir. O, həmin mallara baxmış və bəyənmiş və Əliyardan onları neçəyə satdığın soruşmuşdur. Əliyar ona hər birin 40 manata satdığın bildirmişdir. O nə üçün belə ucuz satdığını soruşmuş Əliyar isə təcili pula ehtiyacı olduğunu bildirmişdir. O, da 80 manata həmin 01 ədəd “Acer” markalı notebooku və 01 ədəd “Sony” markalı videokameranı Əliyardan almışdır. Bir neçə gün sonra onunla Xəzər Rayon Polis İdarəsinin əməkdaşları əlaqə saxlamışlar və Əliyar adlı şəxsin ona satdığı 01 ədəd “Acer” markalı notebook və 01 ədəd “Sony” markalı videokamera ilə bağlı maraqlanmışlar. O, həmin malları polis əməkdaşlarına təqdim etmişdir. Orada ona məlum olmuşdur ki, həmin mallar oğurluqdur. Belə ki, Əliyar adlı şəxs Bakı şəhərində, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində oğurluq hadisəsi törətmişdir. Həmin mallar da Əliyar oğurladığı mallardan olmuşdur. Əliyar ona həmin 01 ədəd “Acer” markalı notebookun və 01 ədəd “Sony” markalı videokameranın oğurluq olduğunu bildirməmişdir. Əgər o, həmin malların oğurluq olduğunu bildirsəydi heç vaxt onları almazdı. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən məhkəmə trasoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 3144 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, təqdim edilmiş 1 və 2 saylı daktilolentin səthlərindəki ovuc izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Təqdim edilmiş 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 saylı daktiolentlərin səthlərindəki papilyar naxış izləri tam, aydın əks olunmadığından, həmçinin, kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. Təqdim edilmiş 1 saylı daktilolentin səthindəki ovuc izi Təqsirləndirilən şəxs sol ovucunun hiponetar hissəsindən, 2 saylı daktilolentin səthindəki ovuc izi isə onun sağ ovucunun hiponetar hissəsindən toxunma nəticəsində qalmışdır. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, 01 ədəd istifadədə olmuş, Acer markalı Aspire 5710 modelli notbuk 120,0 manat dəyərində, istifadədə olmuş Canon markalı EOS 1200D modelli üzərində 18-55mm 0,25m/0,8 ft linza quraşdırılmış fotoaparat, istifadədə olmuş üzərində Sony 12 megapixel sözləri olan mini video kamera 120,0 manat müəyyən edilir.Ekspertiza tədqiqatına təqdim edilmiş istifadədə olmuş malların 2019-cu ilin dekabr ayına olan bazar qiyməti ümumi dəyəri təxminən təxminən 490,0 manat təşkil edilir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1991-ci ildə Şamaxı rayonunda doğulmuş Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törəməkdə təqsirli bilinərək ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin olunması hökm edilmişdir. xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Hazırda məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, səmimi peşman olmasını, tək xəstə anasının olmasını, özünün epilepsiya xəstəsi olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən “zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən haldır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən “Cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən “Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən “Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur.” Göründüyü kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar olmadıqda müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üç hissəsi həcmində cəza təyin edilir. Lakin təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivi yarandığından və mövcüd qanunvericiliyə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi müəyyən edildiyindən Təqsirləndirilən şəxs cəza təyin edilərkən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsi tətbiq edilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən “Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut olan 01 ədəd “Canon” markalı fotoaparat və 01 “Sony” markalı videokamera Zərərçəkmiş şəxs1 və 01 ədəd “Acer” markalı notebook digər Zərərçəkmiş şəxs2 qaytarılmış hesab edilməlidir. İş üzrə 202,16 (iki yüz iki manat on altı qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx xxx 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 01 ədəd “Canon” markalı fotoaparat və 01 “Sony” markalı videokameranın Zərərçəkmiş şəxs1 və 01 ədəd “Acer” markalı notebookun digər Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə xərci, ekspertiza tədqiqatının dəyəri olan 202,16 (iki yüz iki manat on altı qəpik) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat, ümumilikdə 180 (bir yüz səksən) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına (“xxxxxxxxxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ013501**********1944, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-134/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-134/2020
04.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver