Məhkəmə qərarları › İş №1(003)-135/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-135/2021

30.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-135/2021 30.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Xüsusi ittihamçı X3 nümayəndəsi və vəkili X2 və barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X4 vəkili X5 iştrakları ilə Xüsusi ittihamçı X3 X4 barəsində vermiş olduğu xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin inzibati binasında açıq hazırlıq iclasında baxaraq, müəyyən etdi: X10 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinib cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X10 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, X11 ona məxsus şəkilləri, mobil nömrəsini əxlaqsız şəkillərlə birlikdə saytlara yerləşdirmiş, onu əxlaqsız şəxs kimi təqdim edərək şərəf və ləyaqətini alçaltmaqla təhqir etmişdir. Şikayətə əlavə etdiyi şəkillərdən görünür ki, X11 ona məxsus şəkilləri pornoqrafik şəkillərlə birgə sosial şəbəkələrə yerləşdirmiş, həmçinin əxlaqsız məzmunlu sözlərlə birgə nömrəsini yazaraq onu fahişə kimi təqdim etmişdir. Hər kəsin şərəfi dedikdə, onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayış etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakın, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. X11 onun şərəf və ləyaqətini ləkələyən sözləri və şəkilləri sosial şəbəkələrdə yaymışdır. Minayə Əliyevanın barəsində ləkələyici, yalan, təhqirləri və pornoqrafik şəkilləri yaymaqda məqsədi onu sosial şəbəkədə onu və ailəsini tanıyanların arasında barəsində yanlış fikirlər formalaşdırmaq, alçaltmaqdır. Buna görə də, X4 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə təqsirli bilib cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında X3 nümayəndəsi və vəkili X8 şikayət ərizəsini müdafiə edərək şikayətdə göstərilən hallara əsaslanmaqla şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X4 vəkili X12 göstərdi ki, Rəfiqə Bədəlovanın şikayətində iddia olunur ki, guya X19 Bədəlovanın şərəf və ləyaqətini ləkələyən sözləri və şəkilləri sosial şəbəkələrdə yayaraq onu və ailəsini tanıyanların arasında onun barəsində yalnış fikirlər formalaşdırmışdır. Halbuki, qeyd edilənlərin heç biri olmamışdır, bu səbəbdən də Xəzər RPİ 1-ci PŞ-nin təhqiqatçısı Xəzər Yolçuyevin xx xxxxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi qərarı qəbul edilmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, Minayə Əliyeva 6 il müddətində X6 ilə vətəndaş nikahında olsa da sonradan münasibətləri kəsilmişdir. Minayə Əliyevanın şikayət ərizəsinə əlavə olunaraq məhkəməyə təqdim edilən şəkillərlə heç bir əlaqəsi yoxdur və o, həmin sosial profilin Minayə Əliyeva tərəfindən açılmasının şikayətçi tərəfindən sübut edilməsini dəfələrlə tələb etsə də, o, bunu sübut etməmiş, silindiyini bildirmişdir. Əslində isə şikayətçi Rəfiqə Bədəlova özü X9 nömrəsinə söyüşlər, təhqirlər yazmışdır. Ona görə də hesab edir ki, şikayət əsassız olduğundan və qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmədiyindən məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmasına dair qərar qəbul edilməlidir. Məhkəmə xüsusi ittihamçının nümayəndəsi və vəkilinin, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsin vəkilinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq belə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən, xüsusi ittiham qaydasında cinayət təqibi yalniz zərərçəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti əsasında və ya bu Məcəllənin 37.5-ci maddəsində nəzərdə tutulmuş hallarda prokurorun təşəbbüsü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127, 128, 129.2, 130.2, 131.1, 132-134, 142.1, 149.1, 150.1, 151, 156-158, 163, 175-177.1, 178.1, 179.1, 184.1, 186.1, 187.1, 190.1, 197 və 201.1-ci maddələrində göstərilən cinayətlərə görə həyata keçirilir. Həmin Məcəllənin 293.3.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi göstərilir. Həmin Məcəllənin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayiş yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayiş yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarinin hansi şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansi sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Göründüyü kimi, xüsusi ittiham qaydasında verilmiş şikayət Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.2-ci maddəsinin tələblərinə cavab vermir. Həmin maddəyə görə şikayətdə törədilmiş cinayət barədə məlumatlar, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən, maddi ziyanin məbləği əks olunmalıdır. Bundan əlavə, xüsusi ittiham qaydasında verilmiş şikayət Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.3-cü maddəsinin tələblərinə də cavab vermir. Həmin maddəyə görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi göstərilir. Göründüyü kimi, xüsusi ittihamçı X1 Minayə Fərman qızını ittiham etdiyi əməlin onun tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyini göstərməmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarının 5-ci bəndində qeyd edilir ki, böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin qərarın 11-ci bəndində qeyd edilir ki, məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.3 və 302.2.3-cü maddələrinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasıinda məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, X3 X4 barəsində vermiş olduğu xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3, 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: X3 X4 barəsində vermiş olduğu xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar