Məhkəmə qərarları › İş №1(003)-136/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-136/2025

12.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-136/2025 12.03.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1976-cı ildə Yardımlı rayonu, Gendərə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, orta təhsilli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(003)-228/2023 nömrəli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 05 ay 28 gün müddətinə azadlıqda məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 7(057)-167/2024 nömrəli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Yardımlı rayonu, Gendərə kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Naxçıvani küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, X9 istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 0,511 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metanfetamini xeyli miqdarda əldə edib üzərində saxlamaqla 03 sentyabr 2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Naxçıvani küçəsinə kimi daşımış, həmin gün orada saat 16:00 dəqiqədə piyada hərəkətdə olarkən Xəzər RPİ-nin 2-ci PŞ-nin əməkdaşları tərəfindən şübhəli şəxs kimi saxlanılaraq həmin PŞ-nin inzibati binasına aparılmış, həmin gün saat 18:00-da Xəzər RPİ-nin 2-ci PŞ-nin inzibati binasında xidməti iş otağında müdafiəçinin iştirakı ilə videoçəkiliş keçirilərək üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş təmiz çəkisi 0.511 qram olan kustar üsulla hazırlanmış həmin xeyli miqdarda psixotrop maddə olan metanfetamin 01 ədəd bükümdə X4 aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək ifadəsində bildirdi ki, onun barəsində yazılanlar yalandır. İş yeri olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində zibillik deyilən ərazidə 16 radələrində saxlanılmışdır. 3 nəfər şəxs onu saxlamışdır. Ona psixoloji təzyiq olunmuşdur. Ona başqasının evinə girməsini bildirmişdirlər. Ona 234.1-ci maddəsi ilə ittiham olunması təklif olunmuş və oda qəbul etmişdir. Əvvəlki məhkumluğunda onu döymüşdürlər. İndi də qorxduğundan boynuna götürmüşdür. İş yerində saxlayıb, onu aparmışdırlar. Həmin vaxt üzərində telefon olmamışdır. 2024-cü ilin mart ayında azadlığa çıxmışdır. Onu saxlayan şəxsləri qabaqcadan tanımamışdır. Ona oğurluq etməsini bildirmişdirlər. Sadəcə narkotiki boynuna götürmüşdür. Təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı verdiyi ifadə ilə ibtidai istintaq zamanı verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai istintaq zaman verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə Təqsirləndirilən şəxs bildirmişdir ki, uzun müddətdir ki,narkotik vasitələrdən və psixotrop maddələrdən inyeksiya yolu ilə qəbul edir. xx.xx.2024-cü il tarixdə günorta saatlarında Buzovna qəsəbəsində tanımadığı şəxsdən 10 manat qarşılığında şəxsi istifadəsi üçün şüşə kimi bilinən metanfetamini əldə etmişdir. O həmin maddəni istifadə etmək üçün Buzovna qəsəbəsi,Naxçıvani küçəsində yerləşən evinə gəldikdə yolda piyada hərəkətdə olarkən iki nəfər mülki geyimli polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim etmişlər və onu Xəzər RPİ-nin 2-ci PŞ-nə dəvət ediblər. O da razılaşıb birlikdə polis şöbəsinə getmişdir. Xəzər RPİ-nin 2-ci PŞ-nin xidməti otaqların birində hüquq və vəzifələri ona izah edildikdən sonra dövlət hesabına vəkil dəvət olunmuş və vəkili ona hüquq və vəzifələrini bir daha izah etdikdən sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçirmişlər. Həmin vaxtı polis əməkdaşı üzərində hər hansı bir qanunsuz saxladığı əşya olduğu təqdirdə onu çıxarıb təqdim etməyini bildirmişdir. O əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd Nokia markalı mobil telefonu və həmin şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş psixotrop maddə olan metanfetamini çıxarıb təqdim etmişdir. Polis əməkdaşı tərəfindən həmin büküm açılaraq içərisinə baxış keçirilmişdir. Sonra polis əməkdaşları ondan həmin bükümün içərisində nə olması, nə vaxt və haradan əldə etdiyi barədə soruşmuşlar. O da həmin bükümün içərisində şüşə kimi bilinən psixotrop maddə olduğunu, xx.xx.2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində tanımadığı şəxsdən 10 manata aldığını, öz şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra həmin 01 ədəd bükümə polis əməkdaşı tərəfindən baxış keçirilmişdir. Daha sonra dövlət hesabına hüquqlarını müdafiə etməsi üçün ayrılmış müdafiəçi ona qarşı polis əməkdaşları tərəfindən hər hansı zorakılıq olub olmaması, həmin maddəni nə üçün əldə etdiyini və ona məxsus olub olmamasını soruşduqda, o heç bir zorakılıq olmadığını, həmin maddənin ona məxsus olmasını və şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən üzərinə baxış keçirilmiş və üzərindən hər hansı bir qanunsuz saxladığı əşya aşkar olunmamışdır. Daha sonra həmin büküm zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs son sözündə barəsində qanunamüvafiq hökm çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X14 bildirdi ki, xx.xx.2024-cü il tarixdə digər polis əməkdaşı Şahid1 ilə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində xidmətdə olan zaman bir nəfər şəxsin özünü nizamsız və tədirgin aparmasını müşahidə etmişlər. Buna görə saxlanılmış və ona özünü hansı səbəbdən şübhəli aparması və üzərində qanunla qadağan olunmuş əşya və predmet olması soruşulmuşdur. Sonuncu üzərində narkotik vasitə olduğunu bildirmişdir. Buna görə də, onu şöbəyə apararaq görüntü ilə baxış keçirilmiş və baxış zamanı üzərində olan narkotik vasitəni çıxarlb təqdim etmişdir. Onun xidmətdə olduğu ərazidə açılmayan oğurluq hadisələri vardır. Onu uzaqdan bir müddət müşahidədə saxladıqdan sonra yaxınlaşmışdırlar. O və Şahid1 sahə inspektoru işləyir. İnzibati xətalarla bağlı protokol tərtib etmək üçün əraziyə çıxmışdırlar. Məhkəməyədək icraat zamanı dindirilmiş Şahid1 məhkəmə iclasında iştirakı təmin edilmədiyindən onun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilmişdir. O, məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xəzər RPİnin 2-ci PŞ-nin polis sahə inspektoru vəzifəsində işləyir və polis baş leytenantı rütbəsi daşıyır. 03 sentyabr 2024-cü il tarixdə iş yoldaşı, Xəzər RPİ-nin 2-ci PŞ-nin polis sahə inspektoru, polis leytenantı X14 ilə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Naxçivani küçəsində xidmətdə olarkən bir nəfər şəxsə özünü şübhəli aparmasına görə yaxınlaşmışlar və özülərini və vəsiqələrini təqdim etmişlər. Həmin şəxsin özünü daha da şübhəli aparmasına və verilən suallara adekvat cavab verməməsinə görə onu Xəzər RPİnin 2-ci PŞ-nə dəvət etmişlər. Həmin şəxs 03 sentyabr 2024-cü il tarixdə saat 16:00-da saxlanılaraq Xəzər RPİ-nin 2-ci PŞ-nə gətirilmişdir. Polis şöbəsində həmin şəxsin anket məlumatları yoxlanılan zaman məlum olmuşdur ki, həmin şəxs xx.xx.1976-ci ildə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmış, fərdi əməklə məşğul olan, Yardımlı rayonu, Gendərə kəndində qeydiyyatda olmaqla ,Bakı şəhəri,Xəzər rayonu,Buzovna qəsəbəsi,Naçıvani küçəsi,nömrəsiz fərdi evdə yaşayan X7r. X9 polis şöbəsində onunla profilaktik söhbət aparılarkən üzərində narkotik vasitə olmasını bildirmişdir. Bundan sonra X6 üzərinə şəxsi axtarış keçirilməsi zərurəti yarandığından, şöbəyə müdafiəçi dəvət olunmuşdur. Xidməti otaqların birində videoçəkiliş vasitəsilə müdafiəçinin, onun və Xəzər RPİ-nin 2-ci PŞ-nin polis sahə inspektoru, polis leytenantı X11 iştirakı ilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı əvvəlcə X8 təklif olunmuşdur ki, üzərində hər-hansı bir qeyri-qanuni əşya varsa könüllü olaraq təqdim etsin. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs X9 əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd Nokia markalı mobil telefonu və 01 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü çıxarıb xidməti otaqdakı masanın üzərinə qoymuşdur. Bu barədə təhqiqatçı tərəfindən X2 verilərkən sonuncu həmin bükümün içərisində “şüşə” yəni psixotrop maddə olan metanfetamin olduğunu, həmin maddəni Buzovna qəsəbəsində 10 manata öz şəxsi istifadəsi üçün tanımadığı şəxsdən alıb üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən X6 üzərində şəxsi axtarış davam etdirilmiş və heç bir əşya aşkar edilməmişdir. Həmin aşkar olunmuş büküm məhkəmə kimyəvi ekspertizasına göndərilməsi üçün təhqiqatçı tərəfindən kağız zərfdə qablaşdırılmışdır. Daha sonra təhqiqatçı şübhəli şəxs X6 üzərindən aşkar olunmuş Nokia markalı mobil telefonu kağız zərfdə qablaşdırmışdır. Bundan sonra müdafiəçi şübhəli şəxsə ona qarşı polis əməkdaşları tərəfindən hər-hansı bir təzyiq olub-olmamasını və üzərindən aşkar olunan psixotrop maddənin özünə məxsus olub-olmamasını soruşmuşdur. Şübhəli şəxs X9 isə polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir təzyiq olmadığını, həmin maddənin ona məxsus olmasını bildirmişdir. Bundan sonra təhqiqatçı istintaq hərəkətinin yekunlaşdığını elan edərək videoçəkilişi dayandırmağı tələb etmişdir. Qeyd etmişdir ki, şəxsi axtarış istintaq hərəkəti zamanı videoçəkiliş “Samsung A41” markalı videokamera vasitəsilə Xəzər RPİ-nin 2-ci PŞ-nin polis sahə inspektoru, polis leytenantı Tural Sariyev tərəfindən aparılmışdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2024-cü il tarixli, 6/4420 nömrəli rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, tədqiqata təqdim olunmuş üzərində: “Azərbaycan Respublikası DİN zərflər üçün №193” dairəvi möhür əksi, “vət X6 üzərindən aşkar edilmiş maddə (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi-0-511 qram maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə olan metanfetamindir. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 7096 nömrəli rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə CM-in 234.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 01 il 05 ay 25 gün müddətinə azadlıqda məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi qərara alınmış və xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatmışdır. İş materiallarında olan: -“Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin 2-ci PŞ-nin təhqiqatçısı, polis mayoru X10 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. -xx.xx.2024-cü il tarixli şəxsi və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs X9 əynində olan qara rəngli idman şalvarın sol yan cibindən Nokia 2210 markalı mobil telefonu və həmin şalvarın sağ yan cibindən isə 01 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü çıxarıb xidməti otaqdakı masanın üzərinə qoymuşdur. X9 həmin bükümün içərisində psixotrop maddə olan metanfetamin olduğunu, həmin maddəni Buzovna qəsəbəsində tanımadığı şəxsdən 03 sentyabr 2024-cü il tarixdə günorta saatlarında 10 manata öz şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini demişdir. Bundan sonra X6 üzərində şəxsi axtarış davam etdirilmiş lakin üzərindən heç bir əşya aşkar edilməmişdir. X6 üzərindən aşkar olunan 01 ədəd büküm və 01 ədəd Nokia 2210 markalı mobil telefon ayrı ayrılıqda kağız zərflərdə qablaşdırılmışdır. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞnin müstəntiqi, polis baş leytenantı X12 tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. -“Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. -Diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin protokolun məzmunu şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokola uyğun olmuşdur. -“axtarışda olan şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilərək Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi tərəfindən barəsində 13349/24 nömrəli, xx.xx.2024-cü il il tarixli axtarış işi açılmış Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur. -Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və saxlanıldığı Xəzər RPİ-nin MSY-dən azad edilmişdir. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(003)-228/2023 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 iyul 2022ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi atı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 (iki) il 03 (üç) ay 21 (iyirmi bir) gün hissəsi Azərbaycan Respublikası CM-in 68.1-ci maddəsinə əsasən iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla 01 (bir) il 01 (bir) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi, Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə hazırkı hökmlə təyin edilmiş 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməsi və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılması və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzaçəkmənin əvvəlinin 27 oktyabr 2022-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi narkoloji dispanserdə qeydiyyata alınması hökm edilmişdir. -Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 7(003)-167/2024 nömrəli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs ərizəsinin təmin edilməsi, xx xxxx 1976-cı ildə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Yardımlı rayonu, Gendərə kəndində qeydiyyatda yaşayış evində yaşamış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1, 67.1 və 69.3-cü maddələrinə əsasən 1 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını Azərbaycan Respublikası ƏN PX-nin 5 saylı Cəzaçəkmə müəssisəsində çəkən, cəzası xx.xx.2024-cü il tarixdə başa çatan məhkum Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi, qərarın dərhal icra edilməsi, Təqsirləndirilən şəxs üzərində nəzarət onun yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılması, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulması qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli qərarında göstərilmişdir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qeyd olunan beynəlxalq aktları ratifikasiya etməklə üzərinə öz ərazisi hüdudlarında mülahizəsinə uyğun olaraq “Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın narkotik vasitələrə dair İ Siyahısında göstərilən istənilən narkotik vasitəyə münasibətdə vacib hesab etdiyi xüsusi nəzarət tədbirini görmək öhdəliyini götürmüşdür (“Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın 2-ci maddəsinin 5-ci bəndinin “a”, “b” yarımbəndləri, 4-cü maddəsinin “a” bəndi ). Bu, həmçinin Azərbaycan Respublikasında insan sağlamlığı və rifahı üçün daha böyük təhlükə kəsb edən belə vasitələrin və maddələrin dövriyyəsinin tamamilə qadağan edilməsinə əsaslanmış və digər şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsinə, ictimai təhlükəsizliyin və əhalinin sağlamlığının təmin olunmasına yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə təqsirləndirilən şəxsin cəzanı yüngülləşdirən hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən “Cinayətlərin cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən “Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən “Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayəthüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən “az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur” Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 05 ay 28 gün müddətinə azadlıqda məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən şərti olaarq vaxtından əvvəl azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti bitmişdir. Həmin tarixdən iki il müddət keçmədiyindən Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs özünü təqsirsiz hesab etməsinə baxmayaraq, araşdırılan və tədqiq edilən şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddənin ona məxsus olmadığını, ümumiyyətlə saxlanılan zaman üzərində hər hansı bir qadağan olunmuş maddə olmadığını bildirmişdir. Lakin, iş materiallarından göründüyü kimi ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs bir neçə dəfə ifadə alınmış və həmin ifadələrdə o, ittihamda göstərilən psixotrop maddənin üzərindən aşkar edilib götürüldüyünü, özünə məxsus olduğunu, tanımadığı şəxsdən aldığını bildirmişdir. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsini səmimi hesab etmir, təhqidi yanaşır və hesab edir ki, təqsirləndirilın şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadə özünü müdafiə etməyə və bununla da cinayət məsuliyyətindən yaxa qurtarmağa yönəlmişdir. Belə ki, həmin ifadə cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaq zamanı araşdırılmış məhkəmə kimyəvi və narkoloji ekspertizasının rəyləri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, şahidlərin, həmçinin təqsirləndirilən şəxsin özünün ibtidai istintaq zamanı verdiyi ifadələri, həmçinin digər mötəbər sübutların məcmusu ilə tam olaraq təkzib olunur. Beləliklə təqsirləndirilən şəxs ona ittiham olunan maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən “Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,461 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” İş üzrə xüsusi müsadirə üçün əsaslar müəyyən edilməmişdir. İş materiallarında olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində saxlanıldığı cəmi 04 (dörd) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbs olunsun. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı yer Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,461 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut olan 01 (bir) ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 114 (bir yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X3, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı 20 saata görə 120 manat və məhkəmə istintaqı zamanı müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 manat olmaqla, cəmi 210 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar