Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-138/2020 04.08.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət X1 Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 2020-ci il tarixdə, Bakı şəhərində Xəzər Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1971-ci ildə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Lerik rayonu, Veri kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Şimal/Dres qəsəbəsi, bağlar massivində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə, saat 22:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Şimal/Dres qəsəbəsi 27/4004 saylı bağ evinin qarşısında qeyri-rəsmi həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında qısqanclıq zəminində yaranmış mübahisə zamanı qəsdən əli ilə və əlindəki dəmir parçası ilə Zərərçəkmiş şəxs baş və çiyin nahiyyələrindən vurub ona ənsə nahiyəsinin hematoması, sol bazunun qançırı, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol bazu və çiyin qurşağının yumşaq toxumalarının əzilməsi ilə nəticələnən sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərər vuran bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Əsli ilə o, 7 ildən artıqdır ki, qeyri-rəsmi ailə münasibətindədir. Təxminən bir il bundan əvvəl Əsli Şüvalan qəsəbəsi bağlar massivində kirayə ev tapmış və onlar Minəvvər adlı xanımın evində kirayə yaşamağa başlamışlar. Təxminən 6 ay sonra Minəvvər xanımın tanışı olan Ceyhun adlı şəxs də orada yaşamağa başlamışdır. O, Ceyhunun Minəvvər xanımın evində yaşamağına razı olmamış, çünki o, işdə olurmuş və Əsli evdə qaldığından istəmirdi ki, həyətdə başqa kişi qalsın. Təxminən bir ay bundan əvvəl o, Ceyhuna evdən getməyini bildirmişdir. Ceyhun isə evdən getməyəcəyini demiş və onların mübahisələri bitmişdir. xx.xx.2019-cu il tarixdə o, Şağan qəsəbəsində qonşunun toy mərasimində olmuşdur. O, toyda olarkən biraz spirtli içki içmişdir. Təxminən saat 22:00 radələrində o, toydan çıxmış və evə getmişdir. Həmin ərəfədə Ceyhun Biləsuvar rayonunda olmalı idi. O, evə girəndə Ceyhunun otağının işığı sönmüşdür. O, içkili olduğundan Əslini Ceyhuna qısqanmışdır. Əlində olan öz telefonunu yerə çırpmış və bu vaxt Əsli tez gedib Minəvvəri çağırmışdır. Minəvvər həyətdən ayaqqabı götürərək onun başına bir neçə zərbə vurmuşdur. Bir qədər keçdikdən sonra Ceyhun öz otağından çıxmış və özünə məxsus avtomobilinə əyləşərək onun var-yoxuna söymüşdür. Həmin vaxt Minəvvər yerdən dəmir parçası götürüb onun bel nahiyəsindən bir neçə zərbə vurmuşdur. O, Minəvvər yaşlı qadındır deyə Minəvvərə əl qaldırmamışdır. O, yerdən daş parçası götürmüş və Ceyhuna məxsus avtomobilin qabaq şüşəsinə çırpmışdır. Ceyhun həmin vaxt avtomobildə əyləşmişdir. Bundan sonra o, avtomobilin yan şüşəsindən yumruğu ilə Ceyhunun sifət nahiyyəsindən bir yumruq zərbəsi vurmuşdur. Bundan sonra Ceyhun avtomobilə əyləşərək getmişdir. Bir qədər sonra polis əməkdaşları gəlmişlər və onları 1-ci polis şöbəsinə aparmışlar. Bundan sonra təxminən gecə saat 04:00 radələrində onu şöbədən buraxmışlar və o, evə qayıtmışdır. Lakin Minəvvər xanım onu nalayiq söyüşlərlə söymüş və onu evə buraxmamışdır. O, səhəri gün saat 08:00 radələrində yenə evə gedib əyninə paltar götürmək istəmişdir. Lakin, Minəvvər onu yenə evə buraxmamışdır. Bundan sonra o, polisə gedib şikayət ərizəsi yazmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə Xəzər rayonu, Şüvalan qəsəbəsi, bağ evi 27/4004 A ünvanında Minəvvər xanımın evinin həyətində və küçədə baş vermişdir. Onu Minəvvər xanım vuraraq xəsarət yetirmişdir və o, tibbi ekspertizadan keçmişdir. Hadisə zamanı orada o, Ceyhun, Minəvvər və Əsli olmuşdur. Mübahisə təxminən 10 dəqiqə davam etmişdir. Zərərçəkmiş şəxs yalan danışmış, onun əlində bıçaq olmamış və o Əslini dəmir parçası və əli ilə vurmamışdır. Ümumiyətlə o, Əslini vurmamışdır. Zərərçəkmiş şəxs yalan danışmış, o, Ceyhunun avtomobilinin qabaq şüşəsinə bir dəfə daş parçası ilə vurmuşdur. Sadəcə bir yumruq zərbəsi Ceyhuna vurmuşdır. Şahid2 yalan danışmışdır. Onun əlində dəmir parçası olmamışdır, o avtomobilə daş parçası atmışdır. Təqsirləndirilən şəxs ifadəsində həmçinin əməlindən səmimi peşman olmasını, Zərərçəkmiş şəxs ilə barışdığını göstərmiş və bu səbəbdən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, bir il bundan əvvəl onunla qonşuluqda yaşayan Sədaqət adlı xanım nənəsinin yaşlı və xəstə olduğunu bildirmiş və nənəsinə baxmağını ondan xahiş etmişdir. O, razılaşıb Minəvvər nənənin evinə getmişdir. Minəvvər xanımla o, razılaşmışdır ki, o, ev işlərində köməklik edəcək, Minəvvər xanım isə ondan kirayə haqqı almayacaqdır. O, qeyri rəsmi yaşadığı Əlirza ilə birlikdə orada qalmağa başlamışdır. Təxminən 6 ay sonra Minəvvər xanımın tanışı olan Ceyhun adlı şəxsdə onunla yaşamağa başlamışdır. Təxminən bir ay bundan əvvəl Əlirza gecə evə gəlmiş və onu Ceyhundan qısqandığı üçün evdən getməyini bildirmişdir. Ceyhun isə onun bacısı yerində olduğunu bildirmiş və mübahisələri bitmişdir. xx.xx.2019-cu il tarixdə təxminən saat 22:00 radələrində Əlirza içkili vəziyyətdə evə gəlmiş və otaqda qablar yığılan yerdən bıçağı götürmüş və onu əli ilə döyməyə başlamışdır. Onların səsinə Minəvvər nənə çıxmışdır. Minəvvər nənə Əlirzanı sakitləşdirmək istəsədə heç bir xeyri olmamışdır. Əlirza Ceyhunu söyərək otaqdan bayıra çıxmağını demişdir. Lakin o, Ceyhuna yalvarmışdır ki, bayıra çıxmasın. Çünki, Əlirza içkili idi və əlində bıçaq var idi. Minəvvər nənə Ceyhuna polisə zəng vurmağını bildirmişdir. Ceyhun otaqdan polisə məlumat vermişdir. Əlirza əlində bıçaqla küçə qapısına çıxmış geri içəriyə gəlmiş və hamını söymüşdür. Bir qədər keçdikdən sonra Ceyhun demişdir ki, polisləri qarşılamaq lazımdır. Ceyhun otaqdan çıxmış və maşınını işə salıb küçəyə çıxarkən Əlirza onun qabağını kəsmişdir. Əlində bıçaqla Ceyhunun üstünə getmiş və yerdən dəmir parçası götürərək Ceyhunun avtomobilinin şüşələrini sındırmağa başlamışdır. Həmin vaxt Ceyhun avtomobildə olmuş və dəmir parçası Ceyhunun sifət nahiyəsinə dəymişdir. Əlirza yerdən daş parçaları götürüb Ceyhunun maşınına atmışdır. Həmin vaxt Minəvvər xanım Əlirzanın əlindən mətbəxdən götürdüyü bıçağı almış və harasa atmışdır. Bundan sonra o, Əlirzanı tutub ayırmaq istədikdə Əlirza əlindəki dəmir parçası ilə onun bədənindən bir neçə zərbə vurmuş və o, huşunu itirib yerə yıxılmışdır. Bundan sonra Ceyhun avtomobili ilə polisləri qarşılamağa getmişdir. Bir qədər sonra polislər gəlmiş və Əlirzanı və Ceyhunu polis şöbəsinə aparmışlar. xx.xx.2019-cu il tarixdə səhər saat 08:00 radələrində Əlirza yenə gəlib qapını bərk-bərk döyərək qışqırmış, Minəvvər nənə yenə polisə hadisə barədə məlumat vermiş və polislər gələnə qədər Əlirza getmişdir. Hadisə Xəzər rayonu, Şüvalan qəsəbəsi, bağ evi 27/4004 A ünvanında onun yaşadığı evin həyətində və küçədə baş vermişdir. Əlirza ona əvvəl əlləri ilə bədəninin müxtəlif nahiyyələrindən, sonra isə əlindəki dəmir parçası ilə başından və sol qolundan vuraraq ona xəsarət yetirmişdir. Hadisə zamanı orada o, Ceyhun, Minəvvər və Əlirza var idi. Mübahisə təxminən 10-15 dəqiqə davam etmişdir. Zərərçəkmiş şəxs ifadəsində həmçinin göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında elan olunmuş məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 1414 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər-ənsə nahiyəsinin hematoması, sol bazunun qançırı, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol bazu və çiyin qurşağının yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun 10 saylı X2 Stansiyasına müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx xxxxxx 2019-cu il tarixə və şəraitə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun Zərərçəkmiş şəxs ilə barışdığı, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığı və gələcəkdə də olmayacağı qeyd edilmiş və bu səbəbdən onun cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun Təqsirləndirilən şəxs ilə barışdığı, Əlirza tərəfindən ona dəymiş ziyanın ödənildiyi, ona qarşı heç bir şikayət və tələbinin olmadığı və gələcəkdə də olmayacağı qeyd edilmiş və bu səbəbdən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-in 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs Zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, iş üzrə təqsirləndirilən və zərərçəkmiş şəxslərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx xxx 2018-ci il tarixli 2020 saylı Qərarına əasasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün həmin Məcəllənin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai araşdırma zamanı müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (alıtmış) manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat, ümumilikdə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına (“xxxxxxxxxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-138/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-138/2020
04.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver