Məhkəmə qərarları › İş №1(003)-138/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-138/2021

04.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-138/2021 04.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət X1 Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 2021-ci il tarixdə, Bakı şəhərində Xəzər Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1983-cü ildə Naxçıvan MR, Şərur rayonunun, Xok kəndində doğulmuş, Azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, “xxxx” MMC-də komanda rəisi vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Kəngərli rayonu, Xok kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayou, Binə qəsəbəsi, Yeni məhəllə ünvanında yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilir ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 20:30 radələrində, idarə etdiyi “Niva” markalı **-AF-*** dövlət qedyiyyat nişanlı avtomaşınla manevr qaydalarını pozaraq qəza şəraitini yaratmasını aydınlaşdırmaq məqsədi ilə Zərərçəkmiş şəxs idarə etdiyi “BMW” markalı, **- TS-*** dövlət qeydiyyat nişanlı avtomaşınla onun arxasınca gedib Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Yeni Məhəllə adlanan ərazidə onu saxlatdırması səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış münaqişə zamanı Zərərçəkmiş şəxs qəsdən bir dəfə sillə ilə sağ qulaq nahiyyəsindən vurmaqla ona sağ qulaq seyvanının yumşaq toxumalarının əzilməsi, sağ tərəfli travmatik konduktiv ağıreşitmə ilə müşayət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid xəsarət yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, həyat yoldaşı və 7 övladı ilə birlikdə Xəzər rayonu, Binə qəsəbəsində yaşayır. 11 ildir ki, “xxxx” MMC-də komanda rəisi vəzifəsində işləyir. **-AF-*** dövlət qedyiyyat nişanlı «Niva» markalı avtomaşını bir ildir ki, idarə edir. 2020-ci ilin dekabr ayının əvvələrində idarə etdiyi avtomaşınla Yeni Suraxanı yolundan Heydər Əliyev prospektinə çıxaraq yaşadığı Binə qəsəbəsində yerləşən evinə gəlirmiş, yolda olan zaman ona evdən zəng gəlmiş və üç yaşlı qızı Mədinənin boğulması olduğunu bildirmişlər. Bu səbəbdən də o, tələsik olaraq evinə tərəf hərəkət etməyə başlamışdır. Həmin vaxt Heydər Əliyev prospektindən Binə qəsəbəsi istiqamətinə doğru hərəkət etmək istəyən zaman ondan sağ tərəfdə yolun birinci hərəkət istiqamətində hərəkət edən tünd rəngli «BMW» markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomaşının sürücüsü ona yol verməmişdir. Belə ki, o sürətini azaltmışdır ki, həmin avtomaşın onu keçsin, həmin vaxt «BMW» markalı avtomaşında sürətini azaldaraq ona yol verməmişdir. Bundan sonra o, sağa dönmək üçün birinci zolağa keçmək istəyən zaman həmin avtomaşının sürücüsü ona yenə də yol verməmişdir. Lakin o, övladının vəziyyəti ilə əlaqədar olaraq təcili evə getməli idi. Bu səbəbdən də məcbur qalıb həmin avtomaşını sıxaraq sağ tərəfə, yəni ki, Binə qəsəbəsi istiqamətinə dönmüşdür. Həmin vaxt «BMW» markalı avtomaşın onun arxasınca yaşadığı evə qədər gəlmişdir. Həmin avtomaşının sürücüsü avtomaşından düşərək əli ilə öz avtomaşını vurub «sən BMW-nin qabağından hara qaçacaqsan» deyərək onun tərəfə gələrək «mən polis əməkdaşıyam, gör sənin başına nə oyun açacam» demişdir. Həmin vaxt o, əlini həmin şəxsin sinəsinə tutmuşdur ki, ona yaxınlaşmasın. Lakin, «BMW» markalı avtomaşın sürücüsü öz hərəkətlərinə davam etdiyi üçün əsəbələşərək onu bir dəfə sillə ilə vurmuş və idarə etdiyi avtomaşına əyləşərək uzaqlaşıb getmişdir. Hadisə 2020-ci ilin dekabr ayının əvvəllərində, Beynəlxalq Aeroportun yaxınlığında yerləşən körpünü keçəndən sonra Binə qəsəbəsinə dönən döngədə baş vermiş və təxminən bir dəqiqə davam etmişdir. Həmin vaxt orada ondan və «BMW» markalı avtomaşının sürücüsündən başqa heç kim olmamış, münaqişə zamanı onlar bir-birlərinin ünvanına nalayiq ifadələr işlətməmşlər. Təqsirləndirilən şəxs ifadəsində həmçinin əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını göstərmiş və bu səbəbdən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 20.00 radələrində idarə etdiyi «BMW» markalı, ** TS *** dövlət qeydiyyat nişanlı avtomaşınla Heydər Əliyev prospekti ilə yaşadığı evə üzü Binə qəsəbəsi istiqamətinə gələn zaman qarşısında «Niva» markalı, ** AF *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü təhlükəli manevr etmişdir. O, çətinliklə qəza baş verməsinin qarşısını almışdır. Biraz irəlidə həmin avtomaşına saxla işarəsi vermiş, həmin vaxt «Niva» markalı avtomaşının sürücüsü aralıq yoldan Binə qəsəbəsi istiqamətinə daxil olaraq avtomaşını saxlamışdır. O, avtomaşını onun arxasında saxlayaraq yerə düşmüş və nə üçün belə təhlükəli avtomobil idarə etdiyini soruşmuşdur. Həmin vaxt o, «əcəb elədiyini» demiş və onu bir dəfə sillə ilə başının sağ tərəfindən vurmuşdur. Həmin vaxt qulağından bərk ağrı başlamışdır. Həmin vaxt onun barəsində polisə şikayət edəcəyini demişdir. Niva markalı avtomaşının sürcücüsü özünə arxayın vəziyyətdə hara istəsən şikayət edə biləcəyini deyərək avtomaşına əyləşib çıxıb getmişdir. Bundan sonra o, yaşadığı evə gəlmişdir. Səhərə qədər qulağının ağrısından yatmamışdır. Səhəri gün baş vermiş hadisə ilə əlaqədar olaraq DİN-in 102 xidmətinə müraciət etmişdir. Hadisənin xx xxxxxx 2020-ci il tarixdə, saat 20:00 radələrində Binə qəsəbəsində yaşayış evlərin arasında olan yolda baş vermişdir. Həmin vaxt hava qaranlıq olduğundan hadisəni görə biləcək şahidlər barəsində heçnə deyə bilməyəcək hadisə zamanı bir-birilərinin ünvanına nalayiq ifadələr işlətməmişlər, münaqişə təxminən 5-6 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxs onu vurması nətcəsində sağ qulağından xəsarət almışdır. Zərərçəkmiş şəxs ifadəsində həmçinin göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında elan olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 1333 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət-sağ qulaq seyvanının yumşaq toxumalarının əzilməsi, sağ tərəfli travmatik konduktiv ağıreşitmə küt əşya təsirindən törənmiş, törənmə müddəti onun məhkəmə-tibb müayinəsindən 3-4 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2020-ci il tarixə və şəraitə uygun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə bu sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun Zərərçəkmiş şəxs ilə barışdığı, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığı və gələcəkdə də olmayacağı qeyd edilmiş və bu səbəbdən onun cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun Təqsirləndirilən şəxs ilə barışdığı, Sarvan tərəfindən ona dəymiş ziyanın ödənildiyi, ona qarşı heç bir şikayət və tələbinin olmadığı və gələcəkdə də olmayacağı qeyd edilmiş və bu səbəbdən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİdən alınmış tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-in 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, iş üzrə təqsirləndirilən və zərərçəkmiş şəxslərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx xxx 2018-ci il tarixli 2020 saylı Qərarına əasasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün həmin Məcəllənin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai araşdırma zamanı müdafiə edilməsinə görə sərf etdiyi 02 saata görə 12 (on iki) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat, ümumilikdə 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB**********1700266117, VÖEN **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar