Məhkəmə qərarları › İş №1(003)-138/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-138/2024

05.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-138/2024 05.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs nümayəndəsi X1, müdafiəçi – Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1991-ci il tarixdə Ağsu rayonunun Nuran kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində beş azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağsu rayonunun Nuran kəndində qeydiyyatda olan, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi Yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Ehtiram oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs Ehtiram oğlu avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs Ehtiram oğlu baş etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “BMW 320 MİNİK” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobillə 04 may 2023-cü il tarixdə saat 08:20 radələrində Bakı şəhəri Xəzər rayonu Mərdəkan şosesində Mərdəkan qəsəbəsi istiqamətində olan körpünün sağ tərəfində Buzovna qəsəbəsi istiqamətində olan yolda hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, nəqliyyat vasitəsini saatda 70 kilometrdən çox olmayan sürətlə hərəkət etdirməli və bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu qaydalara əməl etməyərək ehtiyatsızlıqdan avtomobilin qabaq hissəsi ilə hərəkət etdiyi istiqamətdə yolun 1-ci zolağı ilə adi yerişlə hərəkətdə olan piyada Zərərçəkmiş şəxs vurması nəticəsində Zərərçəkmiş şəxs dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli zərərvurmaya aid baş-beyin silkələnməsi alında olan qapalı kəllə-beyin travması, alın nahiyəsinin əzilmiş yarası, burun sümüklərinin yerdəyişən sınığı, burunun, sağ gözətrafı nahiyənin hematomaları xəsarətləri almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətməklə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmuşdur. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilən Təqsirləndirilən şəxs Ehtiram oğlu ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, ibtidai istintaq zamanı özünü təqsirli bilərək göstərmişdir ki, o, 04 may 2023-cü il tarixdə saat 08:20-də etibarnamə əsasında idarə etdiyi “BMW 320 MİNİK” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Mərdəkan qəsəbəsi Mərdəkan körpüsündən saatda 70 km/saat sürətlə Buzovna istiqamətinə1 istiqamətli, 3 zolaqlı yolun 2-ci zolağında hərəkətdə olan zaman 1ci zolaqla adi yeriş qaydası ilə piyada hərəkətdə olan, anket məlumatlarını sonradan bildiyi Zərərçəkmiş şəxs aralarında olan məsafə 60 metr olanda görmüşdür. Piyada Orxan aralarında məsafə təxminən 50 metr olanda yolun hərəkət istiqamətinə çıxmış, onu vurmamaq üçün tormozdan istifadə etsə də, idarə etdiyi avtomobilin sağ qanadı piyada Orxana dəymişdir. Bundan sonra təcili yardım çağırmış, Orxan təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılmışdır. Hadisə baş verən zaman spirtli içki qəbul etməmiş, avtomaşın saz və işlək vəziyyətdə olmuş, avtomaşında tanışları Zahid və Vüsal da olmuşlar. Orxan xəstəxanaya gedən zaman Zahid və Vüsal da Orxanla getmişlər. O isə sərxoşluq müayinəsinə gedib analiz verəndən sonra xəstəxanaya getmişdir. Hazırkı açıq məhkəmə iclasında isə əsil həqiqəti söyləyərək bildirir ki, hadisə vaxtı o, “BMW 320 MİNİK” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Buzovna istiqamətinə sağdan yolun 2-ci zolağında 70-80 km/saat sürətlə hərəkət etmiş, dönmək istəyəndə təxminən 50 metr məsafədə yolun sağdan 1-ci zolağında sarı xətlə gedən piyadanın - anket məlumatlarını sonradan bildiyi Zərərçəkmiş şəxs o, oraya çatana yaxın onun yoluna girdiyini görüb əyləci basmış, lakin əyləc naməlum səbəbdən tutmamışdır. Hadisədən sonra təcili tibbi yardım çağırmış, həmin vaxt tanışları Zahid və Vüsal da onun yanında olmuşlar. O, özü polisə hadisə barədə məlumat vermiş, Orxan xəstəxanaya gedən zaman Zahid və Vüsal da Orxanla getmişlər. Orxanı 3 yerdə yoxlatdırmışlar, 1000 manata yaxın xərci çıxmışdır. Orxanın qohumları onun burnunun əməliyyat olunacağını deyərək ondan 3000 manat pul istəmişlər. O, buna imkanının olmadığını deyərək həkimə gedib yoxlamadan keçməyi təklif etmiş və həkim nə deyərsə, verəcəyini bildirmiş, lakin Orxangil razı olmamış, başqa özəl klinikada müayinə olunacağını demişdir. O, baş vermiş hadisədən sonra qaçmamış, Orxanı xəstəxanaya aparmış, onun müayinə və müalicəsinə dediyi kimi, 1000 manata yaxın pul xərcləmişdir. Barışıq əldə edilməsi məqsədi ilə dəfələrlə real addımlar atmış, lakin zərərçəkmiş şəxs onun təklifi ilə razılaşmamış, çox məbləğdə pul tələb etmiş, başqa şeylər, o cümlədən uşağın başqa xəstəxanada müalicə və əməliyyat olunmasını istəmişdir. Buna görə də aralarında barışıq əldə edilməmişdir. Əvvəllər məhkum olunmamışdır, himayəsində beş azyaşlı uşağı vardır. Bunların nəzərə alınaraq barəsində ədalətli hökm çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs nümayəndəsi qismində dindirilən X3 göstərdi ki, Zərərçəkmiş şəxs onun oğludur. 04 may 2023-cü il tarixdə saat 08:20-də Bakı şəhəri Xəzər rayonu Mərdəkan şossesində Mərdəkan qəsəbəsi istiqamətində olan körpünün sağ tərəfində Buzovna qəsəbəsi istiqamətində olan yolda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı onun oğlu Zərərçəkmiş şəxs az ağır dərəcəli zərərvurmaya aid baş-beyin silkələnməsi alında olan qapalı kəllə-beyin travması, alın nahiyəsinin əzilmiş yarası, burun sümüklərinin yerdəyişən sınığı, burunun, sağ gözətrafı nahiyənin hematomaları xəsarətləri almış və xəstəxanaya aparılmışdır. O, xəstəxanaya gedəndə oğlunun yaralarına tikiş qoyulduğunu görmüş və hadisəni “BMW 320 MİNİK” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs Ehtiram oğlunun törətdiyini öyrənmişdir. “Medikal Plaza” hospitalında oğlu Orxanın burun əməliyyatı və digər xərcləri üçün 5000 manat pul istəmişlər, lakin Təqsirləndirilən şəxs ailəsi imkanlarının olmadığını bildirmişlər. Oğlu Orxan xəstəxanada 16 gün yatmış, lakin Təqsirləndirilən şəxs onun müayinə və müalicə xərclərinə heç bir köməklik göstərməmişdir. Buna görə də onlar Elsevərlə barışmamışlar və vurulmuş zərərin əvəzi olaraq 5000 manat ödəməsini tələb edirlər. Əks təqdirdə ondan şikayətçidirlər və hesab edirlər ki, o, azadlıqda gəzməməlidir. Bunların nəzərə alınaraq dəymiş ziyanın ödənilməsinə köməklik göstərilməsini və təqsirləndirilən şəxsə törətdiyi əməlinə görə müvafiq cəza verilməsini xahiş edir. İş materiallarında olan Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən müəyyən olunur ki, 04 may 2023-cü il tarixdə saat 08:20-də Bakı şəhəri Xəzər rayonu Mərdəkan şosesində Mərdəkan qəsəbəsi istiqamətində olan körpünün sağ tərəfində Buzovna qəsəbəsi istiqamətində olan yolda piyada hərəkətdə olarkən avtomobil onu vurmuşdur. Bundan sonra baş verənlərin heç birini xatırlamır. Özünə gələndə artıq Sabunçu xəstəxanasında olmuş və ona ilkin yardım göstərilmişdir. O, xəstəxanada olan zaman məlum olmuşdur ki, onu Təqsirləndirilən şəxs idarə etdiyi “BMW 320 MİNİK” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X5 göstərdi ki, Təqsirləndirilən şəxs onun iş yoldaşıdır. 04 may 2023-cü il tarixdə Nardaran qəsəbəsinə “Sea Breeze” istirahət mərkəzinə işləməyə gedirmişlər. Elsevərə məxsus “BMW 320 MİNİK” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobildə qabaq oturacaqda oturmuşdur. Həmin gün səhər saat 08:20-də aralarında təxminən 50 metr məsafə qalmış, yolun sağdan 1-ci zolağında sarı xətlə gedən piyada - anket məlumatlarını sonradan bildiyi Zərərçəkmiş şəxs qəfildən yolun hərəkət istiqamətinə çıxmışdır. Elsevər onu vurmamaq üçün maşını tormozlasa da, idarə etdiyi avtomobilin sağ qanadı piyada Orxana dəymişdir. Bundan sonra Elsevər təcili yardım çağırmış, polis əməkdaşları Elsevəri həkim müayinəsindən keçirmək üçün aparmışlar. Orxan isə təcili tibbi yardım maşını ilə onların müşayiəti altında xəstəxanaya aparılmışdır. Sonradan Elsevər də xəstəxanaya gəlmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 elan edilmiş ifadəsi ilə onun da oxşar, eyni məzmunlu ifadə verərək şahid X2 göstərdiyi xüsusatları təsdiq etməsi müəyyən edildi. İş materiallarında olan 13 may 2022-ci il tarixdə verilmiş (13 may 2032-ci ilədək etibarlı olan) BB 226125 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin 23 avqust 2023-cü il tarixli, 3-13-16/2-115381/2023 saylı məktubundan görünür ki, DİN-nin Baş X11 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx xxxx 1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 13 may 2022-ci il tarixdə (13 may 2032-ci ilədək etibarlı olan) BB 226125 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. İş materiallarında olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 04 may 2023-cü il tarixli protokoldan, protokola əlavə edilmiş foto cədvəl və sxemdən görünür ki, hadisə Bakı şəhəri Xəzər rayonu Mərdəkan şosesində Mərdəkan qəsəbəsi istiqamətində olan körpünün sağ tərəfində Buzovna qəsəbəsi istiqamətinə gedən bir istiqamətli 3 zolaqlı yolun sağdan birinci zolağında baş vermişdir. Hadisə yerində yol mail asfalt örtüklü və qurudur. Yolun ümumi eni 1,4 metr, zolaqların arasında olan məsafə 3,80 metrdir. İş materiallarında olan 04 may 2023-cü il tarixli 1/1523 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs Ehtiram oğlu 04 may 2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı alkoqol sərxoşluğu vəziyyətində olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyinin Xəzər rayon şöbəsinin 02 iyun 2023-cü il tarixli 461 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - baş-beyin silkələnməsi alında olan qapalı kəllə-beyin travması, alın nahiyəsinin əzilmiş yarası, burun sümüklərinin yerdəyişən sınığı, burunun, sağ gözətrafı nahiyənin hematomaları küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun “X8” X9 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən 04 may 2023-cü il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa AZ AĞİR dərəcəli zərərvurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 09 iyun 2023-cü il tarixli 8/1403 saylı rəyindən görünür ki, təhqiqat tərəfindən verilən məlumatlara əsasən “BMW 320 MİNİK” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs Ehtiram oğlunun hərəkətlərində tədqiq olunan şəraitdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı) tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində qeyd olunan maddənin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85,00 (səksən beş) manatdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində beş azyaşlı uşaq vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən 04 sentyabr 2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutları araşdıraraq və hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə baxışı zamanı özünün etiraf etməməsinə baxmayaraq, hadisə yerinə və nəqliyyat vasitəsinə baxış keçirilməsi barədə protokollar, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlrin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadə həqiqətə uyğun deyildir, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Ehtiram oğlunun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin hadisələrin təsadüfi axarı zəminində ehtiyatsızlıq üzündən ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, hadisədən sonrakı davranışını, zərərçəkmiş şəxslə barışmağa cəhd göstərməsini, himayəsində beş azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs Ehtiram oğlunun cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs Ehtiram oğluna cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs Ehtiram oğlu cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Aparılmış ekspertiza tədqiqatnın dəyəri 85,00 (səksən beş) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs Ehtiram oğlundan tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı qərarının 23-cü bəndinə əsasən, məhkəmələr nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumetmənin əlavə cəza kimi tətbiq edildiyi hallarda hökmlərin icrasına xüsusi diqqət yetirməlidirlər. Bu halda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 157.2-ci maddəsinə əsasən həmin cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə eyni zamanda qeyd edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxs tərəfindən maddi ziyanın mövcudluğu göstərilsə də, təqsirləndirilən şəxsə qarşı belə bir tələb irəli sürülmədiyindən, həmin ziyanın tutulması barədə hər hansı qərar qəbul edilə bilməz. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi X3 mülki iddia təqdim etmiş, lakin həmin iddia ərizəsinə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsümunun ödənilməsi barədə sənəd əlavə etmədiyinə görə iddia ərizəsi icraata qəbul edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 179.1, 179.2 və 179.3-cü maddələrinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur, mülki-prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası CPM-nin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Ona görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Ehtiram oğlu CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Ehtiram oğlunun hüquqlarını dövlət hesabına məhkəmə baxışı zamanı müdafiə etmiş 8 saylı Vəkil Bürosunun vəkili X4 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Ehtiram oğlunun hüquqlarının məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X4 10 iş saatına görə 60,00 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351-353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Ehtiram oğlu Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Ehtiram oğlu barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Ehtiram oğlundan 85,00 (səksən beş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Zərərçəkmiş şəxsə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs Ehtiram oğlunun hüquqlarının məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X4 60,00 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs Ehtiram oğluna isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar