Məhkəmə qərarları › İş №1(003)-14/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-14/2022

17.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-14/2022 17.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs xx xxxxxx 1955-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan M Ü Ə Y Y Ə N E T D İ: İrəli sürülmüş ittihama əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq, satış məqsədi ilə ümumi təmiz çəkisi – 0,874 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsinə daşıyaraq üzərində saxlamış, 17 iyun 2021-ci il tarixdə, saat 18:00 radələrində Xəzər RPİ-nnin əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Firdovsi küçəsində yaxalanaraq Xəzər RPİ-nin 1-ci PŞ-nə dəvət olunmuş və həmin gün saat 18:55 radələrində Xəzər RPİ-nin 1-ci PŞ-nin inzibati binasında xidməti otaqların birində video çəkilişlə Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli kağız bükümünün içərisindən 02 ədəd siqaretin qara rəngli kağızına bükülmüş və 02 ədəd şəffaf sellofana bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,144 qram, 0,180 qram, 0,190 qram, 0,360 qram tərkiblərinə görə eynilik təşkil edən ümumi təmiz çəkiləri – 0,874 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 17 iyun 2021-ci il tarixdə, saat 13-14 radələrində evdə olarkən ağ rəngli «Niva» markalı və 2 ədəd digər avtomobillə sonradan polis əməkdaşları olduğunu bildiyi 6-7 nəfər şəxs yaşadığı evə daxil olaraq onu döyərək evdə axtarış aparmışlar. Həmin vaxt evdə tək olmuşdur. Lakin heçnə tapa bilməyib evdən ona məxsus telefonu və elektron nəzarət vasitəsi üçün verilmiş mobil qurğunu götürüb söndürərək özləri ilə götürmüşlər. Həmin vaxt mobil telefonda ***-***-**-** mobil nömrəsini istifadə etmişdir. Polis əməkdaşları onu 1-ci Polis şöbəsinə gətirmişlər. Orada tanımadığı polis əməkdaşları onu döydükdən sonra 1 ədəd ağ rəngli kağız bükümü təqdim edərək içində heroin olduğunu və ona məxsus olduğunu bildirmişlər. O, həmin narkotik vasitənin ona məxsus olmadığını bildirdikdə yenidən onu döyərək içində bükümlər olan kağızı cibinə qoymağı və çəkiliş zamanı həmin bükümlərin ona məxsus olmasını deməsini bildirmişlər. Şöbədə 5-6 dəfə üzərinə çəkilişlə axtarış aparmalarına baxmayaraq o, həmin kağızda olan bükümlərin ona məxsus olmadığını demişdir. Bu dəfə isə onu külli miqdarda narkotik vasitələrin satışı ilə rəsmiləşdirəcəklərini bildirdikləri üçün məcbur olub polis əməkdaşları dediyi kimi etmiş və bütün sənədlərə imza etmişdir. Həmin sənədlər latın qrafikası ilə tərtib olunduğundan və o, latın qrafikası yaza və oxuya bilmədiyindən sənədlərdə nə yazılmasından məlumatı olmamışdır. O, yalnız kiril əlifbası ilə oxuya bilir. Sonradan əlavə olaraq bildirdi ki, şahidlər Şahid1 və Şahid2 onun saxlanması zamanı ümumiyyətlə orada olmamış və üzərinə axtarış aparılmasında iştirak etməmişlər. Həmin şahidləri tutulduqdan sonra ilk dəfə olaraq məhkəmədə görmüşdür. Təqsirinin olmadığını bildirərək barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsiri məhkəmədə tədqiq edilmiş, onun öz ifadəsi, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Belə ki, məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, Xəzər RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili vəziyəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Xəzər RPİ-nin 1-ci PBnin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə onu 17 iyun 2021-ci il tarixdə, saat 18:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Firdovsi küçəsində şübhəli şəxs qismində saxlayaraq polis şöbəsinə dəvət etmişlər. Şöbədə təhqiqatçı Şahin Mustafayev şəxsi axtarış aparmamışdan əvvəl videoçəkilişlə Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə üzərində saxlanılması və daşınması qadağan edilmiş maddə və ya əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs qara rəngli idman şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli kağızın içərisindən 2 ədəd qara rəngli kağıza və 2 ədəd şəffaf sellofana bükülmüş maddəni təqdim içində narkotik vasitə kakos olduğunu və istifadəsi üçün Suraxanı rayonu ərazisindən aldığını bildirmişdir. Bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Müdafiəçinin sualına cavab olaraq bildirmişdir ki, əməliyyatı məlumatı Təqsirləndirilən şəxs narkotik vasitə istifadəsi ilə məşğul olması barədə olmuşdur. Əməliyyat tədbirinin keçirilməsi barədə qərarda ənənəvi olaraq şübhəli şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması qeyd olunsa da, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat olmamışdır. Təqsirləndirilən şəxs saxladıqdan təxminən 20 dəqiqə sonra 1-ci Polis şöbəsinə gəlmişlər. Ondan 30 dəqiqə sonra vəkil gəlmiş və Təqsirləndirilən şəxs üzərinə axtarış aparılmışdır. Həmin vaxt üzərində mobil telefon olmuş və telefonda ***-***-**-** mobil nömrəsini istifadə etmişdir. Məhkəmə iclasında şahid Xəzər RPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Şahid1 istintaq zamanı Şahid2 ifadəsinə uyğun, eyni məzmunlu ifadə verdi. Müdafiəçinin sualına cavab olaraq bildirmişdir ki, əməliyyata Rəşad Nayibov ilə birlikdə «Hyundai Elantra» markalı, **-NM-*** dövlət nömrə nişanlı avtomobillə getmişlər. Təqsirləndirilən şəxs saxladıqdan təxminən 20-30 dəqiqə sonra 1-ci Polis şöbəsinə gəlmişlər. Ondan bir qədər sonra vəkil gəlmişdir. Həmin vaxt üzərində mobil telefon olmuş və telefonda ***-***-**-** mobil nömrəsini istifadə etmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında təkrar olaraq dindirilmiş Şahid2 müdafiəçinin sualına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmişdir. Bir daha qeyd edir ki, ***-***-**-** nömrə onun istifadəsindədir, lakin ola bilsin ki, əməliyyat tədbiri keçirilən günü saat 15:37:21-dən saat 18:04:14-dək Xəzər RPİ-də otaqda qalmışdır. Həmin müddət ərzində nömrədən istifadə olunaraq danışıqlar olması və nömrənin müxtəlif anten dairələrində olması, yəni istifadə olunması ilə bağlı müdafiəçinin sualına cavab olaraq bildirmişdir ki, ola bilsin ki, telefonu kiminsə maşınında qalmış və ona görə də, müxtəlif anten dairələrində olmuşdur. İlkin məhkəmə iclasında ***-***-**-** nömrənin üzərində olması ilə bağlı ifadə verməsi ilə bağlı müdafiəçinin sualına cavab verə bilməmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında təkrar olaraq dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmişdir. Bir daha qeyd edir ki, ***-***-**-** nömrə onun istifadəsindədir, lakin ola bilsin ki, əməliyyat tədbiri keçirilən günü üzərində olmamışdır. 17 iyun 2021-ci il tarixdə saat 12:23:19-dan saat 18:57:47-dək Türkan qəsəbəsi ərazisində nömrədən istifadə olunaraq danışıqlar olması və nömrənin həmin müddət ərzində Türkan qəsəbəsi ərazisində və müxtəlif anten dairələrində olması, yəni istifadə olunması və ilkin məhkəmə iclasında ***-***-**-** nömrənin üzərində olması ilə bağlı ifadə verməsi ilə bağlı müdafiəçinin sualına cavab verə bilməmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında cinayət işi üzrə 17 iyun 2021-ci il tarixdə, saat 12:00-dan 19:00-dək olan müddətdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-**, Şahid2 istifadəsində olan ***-***-**-** və Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrələrin anten məlumatlarının götürülməsi üçün "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-yə sorğu edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 18 oktyabr 2021-ci il tarixli, BKC/LGL-15262/21 nömrəli məktuba əlavə edilmiş CD diskdəki məlumatdan görünür ki, ***-***-**-** nömrənin istifadəçisi Şahid1 17 iyun 2021-ci il tarixdə, saat 12:23:19-dan saat 18:57:47-dək Türkan qəsəbəsi ərazisində olmuşdur. "xxxx" MMC tərəfindən verilmiş 22 oktyabr 2021-ci il tarixli məktuba əlavə edilmiş CD diskdəki məlumatdan görünür ki, ***-***-**-** nömrənin istifadəçisi Şahid2 17 iyun 2021-ci il tarixdə, saat 15:37:21-dən saat 18:04:14-dək Şüvəlan qəsəbəsi ərazisində olmuşdur. "xxxx" MMC tərəfindən verilmiş 25 oktyabr 2021-ci il tarixli, AZF/LGL-27359/21 nömrəli məktuba əlavə edilmiş CD diskdəki məlumatdan görünür ki, ***-***-**-** nömrənin istifadəçisi Təqsirləndirilən şəxs 17 iyun 2021-ci il tarixdə saat 13:30:09-da Türkan qəsəbəsi ərazisində, saat 18:17:09-dan saat 18:57:55-dək Şüvəlan qəsəbəsi, A.İldırım küçəsində olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 03 noyabr 2021-ci il tarixli, 21/1-847 nömrəli məktubundan görünür ki, “ŞANS” elektron monitorinq sistemi üzrə Təqsirləndirilən şəxs məlumatlarına əsasən 17 iyun 2021-ci il tarixdə, saat 12:00-dan saa 19:00-dək olan müddət ərzində nəzarət subyekti Təqsirləndirilən şəxs ona tətbiq edilmiş elektron nəzarət vasitəsini işlək vəziyyətdə saxlamaq vəzifəsini pozmuşdur. Bu səbəbdən göstərilən vaxt aralağında hərəkət trayektoriyasını müəyyən etmək imkan xaricindədir. İş materiallarında olan 17 iyun 2021-ci il tarixli Şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli kağızın içərisindən 02 ədəd siqaretin qara rəngli kağızına bükülmüş və 02 ədəd şəffaf sellofana bükülmüş 04 büküm açıq qəhvəyi rəngli toz şəkilli maddəni təqdim edərək, həmin maddənin narkotik vasitə kakos olduğunu bildirmişdir. İş materiallarında olan 01 ədəd DVD diskə keçirilmiş 25 iyun 2021-ci il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs, Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili polis baş-leytenantı Şahid2, Xəzər RPİ-nin NMB-nin əməliyyat müvəkkili polis baş-leytenantı X2 və Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən Bakı şəhər 8 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı Şahin Mustafayev tərəfindən şəxsi axtarış, baxış və götürmə istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli kağızın içərisindən 02 büküm siqaretin qara rəngli kağızına və 02 ədəd şəffaf sellofana bükülmüş açıq qəhvəyi rəngli toz şəkilli maddəni təqdim edərək, həmin maddənin narkotik vasitə kakos olduğunu və həmin narkotik vasitəni Suraxanı rayonu ərazisindən tanımadığı şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəyə bənzər kütlələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan Şahin Mustafayev tərəfindən kağız zərfdə qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən başqa qadağan olunmuş hər hansı bir əşya və ya maddə aşkar edilməmişdir. Video görüntü 03 dəqiqə 58 saniyə davam etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 18 iyun 2021-ci il tarixli, 6/2465 nömrəli rəyindən görünür ki, “tədqiqata təqdim edilmiş üzərində “...Vət. Təqsirləndirilən şəxs...” sözləri olan bir ədəd zərfdəki dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,144 qram, 0,180 qram, 0,190 qram, 0,360 qram, ümumi təmiz çəkisi 0,874 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitəheroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Ekspertiza tədqiqatına 0,080 qram sərf edildikdən sonra 0,794 qram qalıq qalmışdır”. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika narkoloji dispanserinin 14 avqust 2021-ci il tarixli, 2872 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 21 iyul 2021-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxxxx 1955-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs 1) Bakı şəhəri Əzizbəyov (hazırda Xəzər) rayon Məhkəməsinin 04 avqust 1983-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin (köhnə redaksiyada) 208-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək CM-nin 23-1-ci madədsinə əsasən əməyə mütləq cəlb edilməklə 1 il 6 ay şərti cəzaya məhkum olunmuşdur. 2) Bakı şəhəri Əzizbəyov (hazırda Xəzər) rayon Məhkəməsinin 02 dekabr 1998-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin (köhnə redaksiyada) 227-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək CM-nin 23-1-ci madədsinə əsasən əməyə mütləq cəlb edilməklə 2 il şərti cəzaya məhkum olunmuşdur. 19 sentyabr 2000-ci ildə çəkilməmiş cəhzası 1.100.000 manat cərimə cəzası ilə əvəz edilərək azad edilmişdir. 3) Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 21 sentyabr 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 13 mart 2012-ci il tarixli qərarı ilə 3 ay 08 gün şərti olaraq vaxtından əvvəl azad edilmişdir. 4) Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 08 iyul 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından dövlət nəfinə 20 % məbləğində pul tutulmaqla 9 ay islah işləri cəzasına məhkum edilmişdir. 5) Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 7(003)- 1479/2021 nömrəli, 23 dekabr 2021-ci il tarixli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 il 7 ay 17 gün hissəsi «8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 5-ci bəndinə əsasən 1 (bir) il azaldılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin tövsifi məsələsinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 21.1, 21.2 və 21.3-cü maddələrinə əsasən “Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır”, “Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır», «Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür». Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X4 Haqqında 3 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 32.2.7-ci maddəsinə əsasən, məhkəmə tərəfindən hökm yalnız cinayət prosesi tərəflərinin iştirakı bərabər əsaslarla təmin edilməklə tədqiq olunmuş sübutlarla əsaslandırılır. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilən cəzanın ağırlığını nəzərə almalıdırlar. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-nin Xüsusi hissəsinin normasının düzgün tövsüfü təmin edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən “Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır”. Eyni Məcəllənin 349.5.1-ci maddəsinin məzmunundan görünür ki, məhkəmənin cinayət işi üzrə gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Qeyd olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması halı işin məhkəmə baxışı zamanı sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin sonuncu abzasına əsasən «Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razlıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən Şəxsi maraq dedikdə - şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs narkotik vasitələri satmaq niyyətində olub-olmaması müəyyən edilərkən nəzərə almaq lazımdır ki, istehlakçı ilə əvvəlcədən razılıq əldə etməmiş, narkotik vasitəni aldıqdan sonra onu çəkib xırda bağlamalara özü bükməmiş, bükümlərin hazırlanması üçün avadanlığı olmamış, ümumiyyətlə narkotik vasitəni satmaq niyyəti olmamışdır. Belə ki, iş materiallarında olan 18 iyun 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət işi başlanaraq icraata qəbul edilmişdir. İş materiallarında olan Xəzər RPİ-nin 1-ci PŞ-nin baş əməliyyat müvəkkili Şahid2 tərəfindən Xəzər RPİ-nin 1-ci PŞ-nin rəisi Habil Həsənova ünvanlanmış 17 iyun 2021-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar ətrafında əməliyyat-axtarış tədbirinin keçirilməsinə və əməliyyat qrupunun yaradılmasına icazə verilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə olunmuş Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Ruslan Məmmədov tərəfindən Xəzər RPİ-nin NMB-nin rəisi Miryusif Ağayevə ünvanlanmış tapşırıqdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbənin müəyyənləşdirilməsi tapşırılmışdır. İş materiallarına əlavə olunmuş Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Ruslan Məmmədov tərəfindən Xəzər RPİ-nin 1-ci PŞ-nin rəisi Habil Həsənova ünvanlanmış tapşırıqdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbənin müəyyənləşdirilməsi tapşırılmışdır. İş materiallarında olan Xəzər RPİ-nin 1-ci PŞ-nin 07 avqust 2021-ci il tarixli məktubundan görünür ki, əməliyyat tapşırığına cavab olaraq bildirilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə etdiyi narkotik vasitələrin mənbəyini müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs narkotik vasitəni istehlak etmək məqsədi olmuşdur. O, istehlakçı ilə əvvəlcədən razılıq əldə etməmiş, narkotik vasitəni aldıqdan sonra onu çəkib xırda bağlamalara bükməmiş, bükümlərin hazırlanması üçün avadanlığı olmamış, ümumiyyətlə narkotik vasitəni satmaq niyyəti olmamış və bu hallar istintaq, o cümlədən məhkəmə baxışı zamanı müəyyən edilmişdir. Həmçinin istintaq zamanı Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Ruslan Məmmədov tərəfindən Xəzər RPİ-nin 1-ci PŞ-nə və Xəzər RPİ-nin NMB-nə ünvanlanmış tapşırıqlardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbənin müəyyənləşdirilməsi tapşırılmış və əməliyyat tapşırığına cavab olaraq bildirilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə etdiyi narkotik vasitələrin mənbəyini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması, olduğu halda satdığı şəxslərin dairəsinin müəyyən edilərək istintaqa təqdim edilməsi tapşırılmamışdır. Bundan başqa əməliyyat tədbirinin davamı olaraq və ya istintaq zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış aparılmamış, evində narkotik vasitələr saxlayıb-saxlamadığı, narkotik vasitələrin hazırlanması üçün avadanlığın olması müəyyən olunmamışdır. Bütün bunlar onu göstərir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə qanunsuz əldə etməsi istintaq orqanı tərəfindən heç bir mötəbər sübutla təsdiq olunmamış və məhkəmə araşdırması zamanı da, bu hal öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitələrin aşkar edilməsi isə narkotik vasitəni satış məqsədi ilə qanunsuz əldə etməsi kimi qiymətləndirilə bilməz. Satış məqsədi olmadığı halda bu əməl CM-nin 234.2-ci maddəsi ilə tövsüf oluna bilməz. Həmçinin məhkəmə zamanı Şahid2 ifadəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu, onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat olmadığını bildirmişdir. Eyni zamanda bildirmişdir ki, əməliyyat tədbirinin keçirilməsi barədə qərarda ənənəvi olaraq şübhəli şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması qeyd olunsa da, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat olmamışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Lakin iş materialları və şahidlərin ifadələri ilə məhkəmə baxışında müəyyən edilmişdir ki, istintaq orqanı Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə tövsif edərkən səhvə yol vermişdir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəasını və işin faktiki hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası daxilində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsini özünü müdafiə və cəzadan boyun qaçırması kimi qiymətləndirir. Məhkəmə müdafiə tərəfinin vəsatəti əsasında "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən alınmış məlumatlarla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs saat 18:00 radələrində deyil, günorta saatlarında saxlanması üzərindən aşkar olunmuş narkotik vasitələrin ona məxsus olmasını inkar etmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. «Məhkəmələr tərəfindən cəza təyin etmənin ümumi prinsiplərinin tətbiq olunmasi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 1997-ci il 30 dekabr tarixli 3 №-li Qərarına əsasən məhkəmələr edilmiş cinayətə görə məsuliyyət nəzərdə tutan qanunun maddəsi ilə müəyyən olunmuş həddə cəza təyin edərkən nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, qanunlara dürüst əməl etmə, ümumi davranış qaydalarına hörmət etmə ruhunda tərbiyələndirmə, habelə həm məhkuumlar tərəfindən, həm də sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan Hüquqlarının və X4 Haqqında 3 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs 1955-ci il təvəllüdlü olmaqla yaşını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmədə müəyyən olundu ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 7 (yeddi) ay 17 (on yeddi) günü çəkilməmiş qalmışdır. Məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 15 sentyabr 2020ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 7 (yeddi) ay 17 (on yeddi) gün hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməli və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. İş materiallarına əlavə edilmiş şübhəli şəxs qismində tutma barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 iyun 2021-ci il tarixdə, saat 18:30-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 19 iyun 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 17 iyun 2021-ci il tarixdən hesab olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına baxmayaraq azadlıqdan məhrum etmə növündə cəzaçəkmə müəssisəsində cəza çəkmədiyindən Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 17 iyun 2021-ci il tarixdən hesab olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Ruslan Məmmədovun 16 avqust 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş dörd ədəd bükümdə narkotik vasitə heroinin ekpertizadan sonrakı qalığı 0,794 qram maddi sübut kimi tanınmış və Xəzər RPİ-də saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk isə maddi sübüt kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur”. Məhkəmə hesab edir ki, iş üzrə Bakı şəhəri Xəzər rayon Polis idarəsində maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş dörd ədəd bükümdə narkotik vasitə heroinin ekpertizadan sonrakı qalığı 0,794 hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, yaşadığı ərazi üzrə Narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X5 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də, 60 (altmış) manat məbləğində vəsait vəkilə ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 2 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli hökmü ilə təyin olunmuş 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 7 (yeddi) ay 17 (on yeddi) gün hissəsi azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 3 (üç) ay 23 (iyirmi üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə o, qəti olaraq 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 17 iyun 2021-ci il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, yaşadığı ərazi üzrə Narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə Bakı şəhəri Xəzər rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş dörd ədəd bükümdə narkotik vasitə heroinin ekpertizadan sonrakı qalığı 0,794 qram hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili X5 Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil X3 ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar