Məhkəmə qərarları › İş №1(003)-14/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-14/2023

24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-14/2023 24.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru X2, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, yeni sahədə yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib bu məqsədi ilə 2021-ci il oktyabr ayının əvvəllərində yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, yeni yaşayış sahəsində yerləşən evdən qaynanası Zərərçəkmiş şəxs2 saxlaması üçün övladı Zərərçəkmiş şəxs1 verdiyi 1 ədəd 700 manat dəyərində 750 əyarlı 5 qram çəkidə ağ qızıl üzüyü, 1 ədəd 1000 manat dəyərində 750 əyarlı ağ qızıldan hazırlanmış 3 ədəd dörd künc briliant qaşlı üzüyü, 1 ədəd 1500 manat dəyərində 750 əyarlı tək briliant qaşlı üzüyü, 1 ədəd 1000 manat dəyərində 750 əyarlı xırda briliant qaşlı üzüyü, 1 ədəd 1200 manat dəyərində 583 əyarlı «Mercedes» markalı avtomobil açarının asılqanını evdəki dolabın gözündən gizli yolla talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 5400 manat məbləğində, xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, xx.xx.2021-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, yeni yaşayış sahəsində yerləşən fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs1 ilə şəxsi münasibətlərin pozulması-ailə məişət zəminində mübahisə etmiş, mübahisə zamanı Zərərçəkmiş şəxs1 sillə və yumruq zərbələri ilə baş nahiyəsinə vuraraq ona qəsdən qapalı kəllə beyin travması, təpə nahiyəsinin hematoması, sol yanağının qançırından ibarət sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməllərin törədilməsində qismən təqsirli bilərək ifadəsində bildirdi ki, ona elan edilmiş ittihamda olan AR CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilir, lakin ittihamda olan AR CM-nin 177.2.4-cü maddəsi ilə özünü təqsirli bilmir, bu hissə ilə bağlı qeyd edir ki, Xəzər rayonu ərazisində işlətdiyi mağazanın fəaliyyətini genişləndirmək üçün ona pul lazım olmuş, bu səbəbdən də evlərində olan qızıl-zinət əşyalarını lombarda qoyaraq pul götürmüşdür. Evdə olan qızıl-zinət əşyalarını lombarda qoyub pul götürməsi ilə bağlı Aydanın xəbəri və razılığı olmuşdur. Təqsirləndirilən şəxs son sözündə ona elan edilmiş ittihamda olan AR CM-nin 128ci maddəsi hissəsində əməlindən səmimi peşman olmasını, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ilə barışdığını göstərmiş və bu səbəbdən barəsində olan cinayət işinin icraatına həmin hissədə xitam verilməsini, ona elan edilmiş ittihamda olan AR CM-nin 177.2.4-cü maddəsi hissəsində isə cinayət əməli törətmədiyini bu səbəbdən də barəsində həmin hissədə bəraət hökmünün qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirdi ki, xx.xx.2021-ci il tarixdə saat 11 radələrində Faiq evə içkili gəlmiş, bir qədər sonra pepsini viski ilə qatışdırıb içmiş çox sərxoş olaraq onunla mübahisə edib evin əşyalarını sındıraraq onu təhqir edib döyməyə başlamış, telefonunu yoxlamaq üçün almış, o, özü qonşuluqda yaşayan İntiqamın ona mesajlar yazdığını söyləsə də Faiq onu döyədöyə, başına vura-vura onu İntiqamı evlərinə dəvət edib onunla görüşməkdə günahlandırmışdır. O, utandığından heç bir söz tapmayıb qorxusundan ağlamış, Faiq İntiqamı öldürməyə getdiyni deyib evdən çıxaraq qayıdıb onu da öldürəcəyini dedikdən sonra o, Əlihüseynin köməkliyi ilə hasarın üstündən aşaraq evdən qaçmışdır. O, gecəni küçələrdə qalmışdır. Bundan başqa anası ona saxlamaq üçün öz qızıllarını vermiş, təxminən 2021-ci ilin oktyabr ayında həmin qızılları yerində görməyib oğurlandığını başa düşsə də qorxusundan bu barədə heç kimə biz söz deməmişdir. Təxminən bir həftə sonra öyrənmişdir ki, Faiq anasına məxsus olan qızıl-zinət əşyalarını evdən oğurlayaraq Elnur adlı şəxsə girov qoyaraq pul götürmüşdür. Faiq bundan öncə də ona məxsus qızıllarıda aparıb satmışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirdi ki, 2006-cı ildə qızı Aydan onun və ərinin razılığı olmadan Təqsirləndirilən şəxs ilə evlənmiş, 2 il müddətində onlar Aydanı qəbul etməmiş, sonradan mərhum qaynanasının təkidi ilə qəbul etmişlər. Faiqin ailəsinin ev şəraiti çox acınacaqlı olduğuna görə əri, qızının xahişi ilə 2008-ci ilin avqust ayında Aydanın adına Şağan qəsəbəsində bələdiyyə sənədi ilə aldığı torpaqda bir mərtəbəli ev tikdirib içinin əşyalarını da alaraq onlara hədiyyə etmişdir. Faiq Aydanla evlənəndən sonra da tez tez onu döyüb incitmiş, təhqir etmişdir. Son 6-7 il ərzində bu hal daha da kəskinləşmiş və acınacaqlı şərait yaranmışdır. Buna səbəb Faiqin mütamadi olaraq spirtli içki qəbul etməsi olmuşdur. Dəfələrlə ərinin Faiqlə apardığı söhbətlər nəticəsində o, üzdə bu işlərə son qoyacağını desədə o sözünü tutmayaraq sərxoşluğa davam edib. Bildiyimə görə Faiq şəhər psixoloji dispanserində qeydiyyatdadır. Bu səbəbdən vaxtı ilə həqiqi hərbi xidmətdən geri qaytarılmışdır. xx.xx.2021-ci il tarixdə əri Fuad torpaq sahəsini satıb Aydanın ailəsi üçün 3000 manat pul ayırmış və onları öz evinə dəvət edib 1000 manat Faiqə, 1500 manat Aydana və 500 manat nəvələrinə vermişdir. Faiq evə gedəndən sonra Aydana deyib ki, ona pul az verilib o, 10000 manat gözləyirmiş. Bununla əlaqədar aralarında dava-dalaş olub, Faiq Aydanı döyüb. Aydan bunları ona xəbər versə də, o bu barədə Fuada bildirməmişdir. xx.xx.2021-ci il tarixdə Əlihüseyn onlara zəng edib bildirmişdir ki, atası ilə anası mübahisə etmiş, Faiq Aydanı döymüş sonra gedib qonşu İntiqamı öldürüb gəlib Aydanı öldürəcəkdir. O, Fuadla birlikdə Aydanın evinə getmiş, Əlihüseynlə Rəfiqəni həyətdə görmüş və onlar Faiqin qonşu İntiqamın həyətində olduğunu, Aydanın isə evdən qaçdığını bildirmişlər. Əlihüseyn Fuada xəbər vermişdir ki, təxminən 2 həftə əvvəl İntiqam Aydana gizli mesaj göndərərək onunla münasibət yaranması barədə təklif etmişdir. Aydan bu barədə ona, özünün qayınanasına yəni Faiqin anasına və öz uşaqlarına xəbər vermişdir. X8 həyətinə dəvət edib Aydana yazdığı mesaj barədə soruşduqda İntiqam özünü itirmiş halda «Fuad müəllim mən bir qələt eləmişəm şeytanlara uymuşam mənim qanım sizə halaldır» deyərək cavab vermişdir. Fuad ona bu məsələyə Faiqlə qızı ortaya çıxandan sonra qayıdacağını deyib onu yola salıb, yenidən Faiqə zəng edib harada olmasını soruşmuşdur. Faiq də Fuada demişdir ki, Aydana avtomobil almaqla «sən mənim arvadımı əxlaqsız etdin». Bir az vaxt keçdikdən sonra Faiq sərxoş vəziyyətdə gəlmiş və İntiqamı orada görsə də özünü elə aparmışdır ki, güya onu görmür, X9 nə mesajdı yazdığını nə üçün soruşmayıb ancaq Aydanı gunahkar bilib onu döydüyünə görə iradını bildirdikdə Faiq «siz istəyirsiz ki, mən İntiqamı öldürüb tutulum, o, xoşbəxtliyi sizə yaşatmaram» deyərək cavab vermişdir. Belə olan halda Fuad bu işin onun öz qurması olduğunu demiş və uşaqları da götürüb evlərinə getmişlər. Rafiqə bu hadisələr barədə çox danışmasada Əlihüseyn anasının ünvanına, onu alçaldan, yaşına və başına uyğun olmayan sözlər danışmışdır, Əlihüseynin və İntiqamın yaş fərqləri çox olsada onlar dost kimi davranmışlar. Hərəsinin xaski cinsli itləri olmuşdur. Mesajın yazılmasında onlar Əlihüseynin özündən də şübhələndiklərini bildirmişlər, çünki Faiqinin təhriki ilə bu az yaşlı İntiqamın telefonundan mesaj göndərə bilər və bundan da Faiq istifadə edib Əlihüseyni qorxu altında saxlayar. İntiqamın telefonunun Əlihüseynin əlinə keçməsi çox sadədir, çünki onlar çox vaxt bir yerdə olurdular. Əlihüseyn dəfələrlə onun adından gizli anasına mesajlar göndərib, onların arasına söz söhbət salmışdır. Aydan evdən qaçdıqdan sonra əvvəlcə özünü itirmiş, gecə vaxtı hara getməli olduğunu bilməyib küçələrdə qalmış, həmin gün axşam atası ilə əlaqə saxlamış onların evinə gəlmişdir. Qızı evə gələndə görmüş ki, onun sir sifəti pis gündədir, sol yanağı qançır içərisindədir, baş nahiyəsində şişkinlik var, halsız vəziyyətdədir, özünü pis hiss edir, baş nahiyəsində ağrılar olduğunu bildirmişdir. O və əri qızından kim onu bu günə qoyduğunu soruşanda, Aydan bildirmiş ki, xx.xx.2021-ci il tarixdə Faiq onu evdə yumruq və sillə zərbələri vuraraq döymüşdür. Fuad Aydanla söhbət zamanı bütün həqiqətləri danışmış, sonra Fuad Faiqi evlərinə çağırıb Aydana qarşı böhtanları yığışdırmasını ya da Aydanın barəsində dediklərini sübut etməsini tələb etmişdir. xx.xx.2021-ci il tarixdə saat 10 radələrində Faiq nəvəsi Əlihüseynlə birlikdə onların evinə gələrək Aydanın ona xəyanət etməsi barədə söhbətləri təkrarlayaraq Fuadı Aydana qarşı təhrikləsədə, Fuad ona başa salmışdır, bu halda boşansın. Lakin Faiq arada nə söz söhbətlər olsa da Aydanı qəbul edib evinə aparmaq istədiyini söyləmiş, Aydan isə artıq bezdiyini, onunla birgə həyat sürmək istəmədiyini məhkəmə vasitəsi ilə boşanacağını demişdir. X6 həyətin aşağı tərəfinə çağırıb ona armatur parçası verərək babasını vurmağa təhrik etmişdir. Fuad isə onların həyətdən çıxmalaranı tələb etdikdə aralarına mübahisə yaranmışdır. Bu zaman Fuad 1-ci polis şöbəsinə zəng etmiş, polis əməkdaşları gəlib onları aparmışlar. Orada qızının döyülməsi barədə ərizə yazmışlar. Sonradan ona məlum olmuqşdur ki, 2021-ci ilin oktyabr ayında Təqsirləndirilən şəxs onun özünə məxsus olan və saxlaması üçün Aydana verdiyi 1 ədəd 700 manat dəyərində 750 əyarlı 5 qram çəkidə ağ qızıl üzüyü, 1 ədəd 1000 manat dəyərində 750 əyarlı ağ qızıldan hazırlanmış 3 ədəd dörd künc briliant qaşlı üzüyü, 1 ədəd 1500 manat dəyərində 750 əyarlı tək briliant qaşlı üzüyü, 1 ədəd 1000 manat dəyərində 750 əyarlı xırda briliant qaşlı üzüyü, 1 ədəd 1200 manat dəyərində 583 əyarlı Mercedes markalı avtomobil açarının asılqanını oğurlayıb sataraq pulunu özünə xərcləmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Bu səbəbdən də təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, Kürəkəninə o, vaxtı ilə qızını verməmiş, Faiq onun qızını qaçırmışdır. Faiq ilə qızının həmişə mübahisələri olmuş, qızı hər dəfə onlara gəlmişdir. Hər dəfəsində Faiq Aydanı döymüşdür. Dəfələrlə Faiq ilə Aydanı barışdırmışdır. xx.xx.2021-ci il tarixdə gecə saat 03 də nəvəsi Əlihüseyn nənəsi, yəni onun həyat yoldaşına zəng edərək demişdir ki, “anam ilə atam dalaşıblar, az qalmışdır ki, atam anamı öldürsün! Atam anamın telefonlarında alıb evdən çıxmışdır.” Onlar tələsik maşını sürüb qızı gilə gəlmişlər. Gəlib görmüşdür ki, Aydan da, kürəkəni Faiq də evdə yoxdur. O, Faiqə zəng edib harada olduğunu soruşmuş, Faiq isə cavabında onu təhqir edərək müxtəlif sözlər demişdir. O, Faiqdən Aydanın harada olduğunu soruşmuşdur, Faiq isə ona Aydanın harada olduğunu bilmədiyini demişdir. O, Faiqə Aydanın itməsi ilə bağlı polisə ərizə yazmasını demişdir. Faiq isə ona ərizə yaza bilməyəcəyini, əgər yazarsa polislərin onu axtaracağını demişdir. Sonradan o, qızı Aydanı tapmış, Aydan ona hadisənin necə olduğunu danışmışdır. Faiq isə ona Aydanın əxlaqsız olduğunu, Aydanın qonşu İntiqamla əlaqəsinin olduğunu demişdir. O, İntiqamdan belə bir şeyin olub-olmadığını soruşmuş, İntiqam isə heç vaxt belə şeyin olmadığını demişdir. Faiq onun qızı Aydanı vurub, döymüşdür. Aydanın üzündə xəsarət izləri olmuşdur. Qızıllara qalanda isə iş üzrə qızılları o, arvadına almışdır. Müvəqqəti olaraq isə istifadə etməsi üçün qızı Aydana vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirdi ki, keçən il Faiq ona demişdirki, pul lazımdır, o, isə qızıl lazım olduğunu qızılı girov qoyub pul götürməyin mümkün olduğunu demişdir. Faiq qızılları ona gətirmiş, o, həmin qızılları lombarda aparmış, lakin lombardda ona bu qızıllara görə lazım olan məbləğdə pul verə bilməyəcəklərini demişlər. Bundan sonra o, qayınanasının adına 3000 manat bankdan kredit götürmüş, 2000 manatını Faiqə vermiş, 1000 manatını isə özü üçün istifadə etmişdir. Sonradan Faiqin problemləri çıxmışdır, o, qayınanasında olan qızılları ondan alıb qayınanası ilə birlikdə polis əməkdaşlarına təqdim etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 bildirdi ki, gecə saat 4ün yarısı radələrində Fuad adlı şəxs yaşadığı evinin qapısını döymüşdür. O, qapını açan zaman Fuad ona Aydana sms yazdığını deyərək, səbəbini soruşmuşdur. O, izah etmişdir ki, Aydanın maşınını avtoyuma yerinə aparmışdır, buna görə Aydan ona minnətdarlıq smsi yazmışdır. O, isə sonradan həmin smsi silmişdir. Bundan sonra o, whatsapp sosial şəbəkəsində statusuna şəhid dostunun şəklini yerləşdirmişdir. Bu statusuna Aydan baş sağlığı smsi yazmışdır, o, da cavabında minnətdarlıq smsi yazmışdır. Sonra yenə də həmin smsləri silmişdir. Bununla bağlı ondan Faiq də soruşmuşdur. O, eyni ilə ona da izah etmişdir. Sonra onu təhqiqata və istintaqa çağırmışlar. O, orada da yazılı ifadələrini vermişdir. Faiqlə uzun müddətdir ki, qonşu olmuşlar. Faiqi pis insan kimi tanımamışdır. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid2 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, o, atası, anası və qardaşı Əlihüseynlə birlikdə Bakı şəhəri, Xəzər rayonu, B.Əliyev küçəsi ev 15 mənzil 30-da qeydiyyatda olsalarda babası Şahid1 onlar üçün aldığı torpaq sahəsində tikdirdiyi Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Yeni sahədə yerləşən fərdi yaşayış evində yaşamışlar. Atası Təqsirləndirilən şəxs təxminən 5 ilə yaxındır ki, həddən artıq spirtli içki qəbul edir, bu səbəbdən də özündə olmur və mütamadi olaraq anası Zərərçəkmiş şəxs1 ilə mübahisə edib anasını onların gözü qarşısında heç bir səbəb olmadan döyüb xəsarətlər yetirməklə ailələrində gərgin vəziyyətlər yaratmışdır. Dəfələrlə anası atası Təqsirləndirilən şəxs bu hərəkətlərinə dözməyib onu və qardaşı Əlihüseyni götürüb ata evinə yəni babası Şahid1 yaşadığı evə aparmışdır. Bundan sonra da atası gəlib anasından etdiyi hərəkətlərə görə üzr istədiyi üçün onlar geri yaşadıqları evə qayıtmışlar. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə axşam saatlarında atası Təqsirləndirilən şəxs yenədə içkili vəziyyətdə yaşadıqları evə gəlmiş və yenə də anası ilə mübahisə etməyə başlamış və anasını ittiham etmiş ki, guya anası kənar kişilərlə mesajlaşır və həmin şəxslərlə nalayiq əlaqələrə girir. Anası atasına and, aman etsədə, atası ona məhəl qoymamış və anasını sillə, qapazla başına vurmuşdur. Bundan sonra onlarla qonşuluqda yaşayan İntiqamın anası mesaj yazmasını deyib onu öldürməyə getdiyini, qardaşı Əlihüseynə tapşırmış ki, anasını heç hara buraxmasın, evdə olan bütün telefonları, evin açarlarını və avtomobilin açarlarını götürüb getmiş, hətta evdən çıxanda demiş ki, qayıdan kimi Aydanı öldürəcəkdir. Atası gedəndən sonra qardaşı Əlihüseyn anası Aydana şərait yaratmış ki, sonuncu evdən qaçsın hətta hasardan tullanmağa köməklik etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X3 bildirdi ki, Hadisə baş verən gün atası işdən evə gəlmişdir, ailəvi olaraq yemək yedikdən sonra, atası demişdir ki, “gedim yatım səhər işim var”. O, da bacısı ilə həftənin ikinci günü olduğundan və səhər məktəbə gedəcəklərindən yatmağa getmişlər. Anası da hamam otağına keçmişdir. Gecə saat 02 radələri olardı ki, o, anası ilə atasının səs-küyünə oyanmışdır. Otaqlarına keçmiş və görmüşdür ki, atası anasının telefonunu əlində tutaraq yuxarı qaldırmış, anası isə atasına “telefonu ver bura mən her şeyi sənə başa salacam, sənə hər şeyi danışacam” demişdir. Atası isə telefonu verməmiş, bacısı ilə onu otaqdan çıxarmışdır. Sonra atası ilə anası danışmağa başlamışlar. Anası atasına qonşuları olan İntiqamın ona sevgi məktublarının yazdığını demişdir. Biraz keçmiş, atası ilə anası otaqdan çıxmış və atası gələrək evdə olan bütün telefonları yığaraq götürmüş, paltarını geyinmiş, evin açarını, maşının açarını balaca ev telefonunu da götürmüş və evdən küçəyə çıxmışdır. Atası evdən çıxan kimi anası “Atan məni öldürəcək” deməyə başlamışdır. Evdə köhnə telefonları olmuşdur, anası həmin köhnə telefona telefon naqilini taxaraq bir nömrəyə zəng etmiş və demişdir ki, “Salam mənəm Aydan, whatsapp yazışmalarını çıxarmaq olur, yoxsa yox?” telefonda danışdığı şəxs isə yox demiş və anası telefonun dəstəyini asmışdır. Mətbəxdə şkafda evin ehtiyat açarı olmuşdur, anası həmin açarı götürərək evin qapısını açmış və evdən qaçıb getmişdir. O, da bu halda bacısının ağladığını görmüş və babasına zəng edərək vəziyyəti izah etmişdir. Babasıgil onlara gəlmişlər, babası ona İntiqam adlı qonşularının hasarına çıxaraq onların həyətinə düşməsini və qapını açmasını demişdir. O, da elədə edib qapını açmışdır, babası İntiqamı çağırmış, İntiqam da gəlmişdir. Babası İntiqama onların yaşadığı həyətdə 3 ədəd şillə və 1 ədəd yumruq vurmuşdur. Sonra babası atası Faiqə zəng etmiş və atası Faiq də həyətə gəlmişdir. Sonra qarajda atası, babası və İntiqam söhbət etmişdilər, “məsələni aydınlaşdırarıq, belə deyil söhbət və sair danışıqlar gedirdi”. Bu zaman o, hər şeyi açıb danışmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 bildirdi ki, o, evdə olan zaman bacısı Həyata zəng gəlmiş, bacısı olduğu otağı dəyişərək başqa otağa keçmişdir. Aydan xanım bacısına zəng edərək demişdir ki, guya Faiq Aydanı döymüşdür, bu səbəbdən də o, qaçaraq onlara gəlir. Lakin, Aydan xanım onlara gələn zaman döyülmüş insana bənzəməmişdir. Belə ki, onun heç bir yerində nə qızartı, nə göyərti izləri olmamışdır. Aydan xanım özü sonradan onlarda olanda demişdir ki, onun telefonda başqa şəxslə yazışması olmuşdur, Faiq telefonu ondan alaraq baxmış, bu səbəbdən də Faiqdən qaçıb onlara gəlmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 bildirdi ki, Aydan xanım onun qızı Həyatın müdiri olmuşdur. Qızı işə səhər saat 9 da getmiş və axşam saat 9 da qayıtmışdır. Qızı Həyat axşam işdən evə gəlmiş, evə gələndən yarım saat sonra Aydan xanım ağlaya-ağlaya onlara gəlmişdir. O, Aydan xanımdan niyə ağladığını soruşmuşdur, Aydan xanım qonaqlıqda olduqlarını, əri Faiqin onu qonaqlıqda döydüyünü, bu səbəbdən də buraya gəldiyini bildirmişdir. O, Aydan xanıma niyə bura gəldiyini, atası evinə niyə getmədiyini və atasına zəng etməsini demişdir. Aydan ona yox zəng etməməklərini, onu axtarmalarını istədiyini demişdir. O, israrla Aydana atasına zəng etməsini demişdir, Aydan atasına zəng etmiş, atası da gəlib Aydanı aparmışdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyi tərəfindən keçirilmiş canlı şəxsin ekspertizası barədə 15 dekabr 2021-ci il tarixli, 1529 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində baş-beyin silkələnməsi halında olan qapalı kəllə beyin travması, təpə nahiyəsinin hematoması, sol yanağın qançırı aşkar edildi. Qeyd olunan xəsarətlər göstərilən xx.xx.2021-ci il tarixdə törənmələri istisna olunmur və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən tərəfindən verilmiş 17 mart 2022-ci il tarixli 6/1313- 9/1488 saylı məhkəmə iqtisad ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, təqdim edilmiş məmulatların metalı 750 əyarlı qızıldan hazırlanmışdır, ümumi çəkisi 23,13 qramdır. Məmulatlar üzərində olan qaşlar brilyantdır. Ayrı-ayrılıqda göstəricələri tədqiqi hissədə göstərilmişdir. Ekspertiza tədqiqatına təqdim olunan məmulatların 2021-ci ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 3311,0 manat müəyyən olunur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1985-ci ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarında olan 15 yanvar 2022-ci il tarixli qərardan görünür ki, 15 yanvar 2022-ci il tarixdə Xəzər RPİ İŞ-nin müstəntiqi, polis kapitanı Elçin Süleymanov tərəfindən fakta görə AR CM-nin 128-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. İş materiallarında olan 28 fevral 2022-ci il tarixli qərardan görünür ki, 28 fevral 2022-ci il tarixdə Xəzər RPİ İŞ-nin müstəntiqi, polis kapitanı Elçin Süleymanov tərəfindən ********* saylı cinayət işi üzrə əməl AR CM-nin 128-ci maddəsindən həmin Məcəllənin 128 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. İş materiallarında olan 28.0.2022-ci il tarixli protokoldan görünür ki, 28 fevral 2022ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ İŞ-nin müstəntiqi, polis kapitanı Elçin Süleymanov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 01 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ İŞ-nin müstəntiqi, polis kapitanı Elçin Süleymanov tərəfindən Azərbaycan Respublikasının CM-nin 128 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən AR CM-nin 128 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı vəsatət və təqdimat təmin edilməmişdir. İş materiallarında olan 01 mart 2022-ci il tarixli qərardan görünür ki, 01 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ilə barışdığı, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığı qeyd edilmiş və bu səbəbdən onun cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun Təqsirləndirilən şəxs ilə barışdığı, Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində ona dəymiş ziyanın ödənildiyi, ona qarşı heç bir şikayət və tələbinin olmadığı qeyd edilmiş və bu səbəbdən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası CM-in 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, iş üzrə təqsirləndirilən və zərər çəkmiş şəxsin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ona qarşı şikayətinin və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən, yəni zərər çəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün həmin Məcəllənin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar