Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-14/2024 30.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X7, müdafiəçi – Bakı şəhəri 10 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxx 1981-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, taksi sürücüsü işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Ayna Sultanova küçəsi ev 30-da qeydiyyatda olmaqla həmin evdə yaşayan, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-268/2022 saylı 10 iyun 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduğu 08 iyun 2022-ci il tarixdən hesablanan və Xəzər rayon prokuroru, baş ədliyyə müşaviri Fəxri Ələsgərovun 01 noyabr 2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılmasından imtina edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 178.2.4 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə torpağa dair saxta bələdiyyə sənədi hazırlayaraq torpağı satmaqla özgənin xeyli miqdarda əmlakını ələ keçirib zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə gəlir əldə etmək qərarına gəlib öz mülkiyyətində olan, lakin qohumu X5 adına sənədləşdirilmiş 15 sentyabr 2006-cı il tarixli Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən 0,1132 ha sahədən ibarət 6 saylı bağ sahəsinin 11361 saylı bağ müqaviləsini gizlədərək, gələcəkdə həmin torpaq sahəsini sənədlə birlikdə digər şəxsə satmaq niyyətilə 2008-ci ilin yay aylarında həmin torpaq sahəsini X2 dair yalandan vəd verib aldatmaqla, habelə L.V.Abbası inandırmaq üçün saxta yolla istintaqa məlum olmayan vaxtda və yerdə hazırlatdırdığı 07 fevral 2008-ci il tarixli, 033 saylı Bakı şəhəri Əzizbəyov rayonu Buzovna Bələdiyyəsi sədrinin sərəncamını düzəltdirib ona təqdim etməklə ünvan 1 ünvanında sonuncunun 36000 manat pulunu ələ keçirib verdiyi vədə əməl etməməklə dələduzluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.4 və 320.1-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiyi kimi, mərhum atası X9 onun adına Buzovna qəsəbəsi Bağlar massivi ərazisində 12 sot torpaq sahəsi almışdır. Həmin torpaq sahəsi bağ sahəsi ilə onun adına olmuşdur. Sonradan isə 2006-cı ildə həmin torpaq sahəsini qohumu mərhum Kamalın adına keçirmişdir. 2008-ci ildə həmin torpaq sahəsini satmaq qərarına gəlmiş və bu məqsədlə də Buzovna qəsəbəsində makler kimi fəaliyyət göstərən Şahid2 müraciət etmişdir. Elçin ona zəng vuraraq demişdir ki, qohumu Buzovna qəsəbəsində torpaq almaq istəyir. O, torpağı 35000 manata satdığını ona bildirmişdir. 2008-ci ilin yay aylarında o, Elçin və onun qohumu olan Mübariz ilə birlikdə torpaq sahəsinin yerləşdiyi yerdə görüşmüşlər. Torpaq sahəsinə baxdıqdan sonra o, torpaq sahəsini sonu 35000 manata satdığını onlara bildirmişdir. Həmin gün axşam saatlarında Elçin onu yaşadığı evə çağırıb qohumunun torpaq sahəsini istədiyini demiş, o, Elçinin yaşadığı evə getmişdir. Həmin vaxt Elçinin evinə Mübarizlə onun arvadı Ləman da gəlmişlər. Elçin orada ona demişdir ki, torpağa görə 33000 manat pul verirlər. O isə torpağı 35000 manatdan ucuz satmayacağını bildirmişdir. Elçin və Mübariz ondan torpağa görə sənəd istəmişlər. O, torpağın sənədini itirdiyini bildirəndə onlar bələdiyyə sənədini verməyini demişlər. O, arxivdə torpağın sənədi olduğunu bildirmişdir. Lakin bağlar idarəsi müvəqqəti olaraq işlərini dayandırdığı üçün ona demişlər ki, ola bilsin ki, dövlət sənədi onlardan alıb, ya bələdiyyə sənədi verəcək, ya da torpaq əmlak komitəsinin nəzdinə keçəcəkdir. Ona görə də onlara söz vermişdir ki, torpağın bələdiyyə sənədini düzəltdirəcəkdir. Bu məqsədlə də onlardan 35000 manat pul almış və Buzovna Bələdiyyəsinə gedərək torpaq sahəsinin Ləman Abbasa aid olmasına dair Bələdiyyə sənədi almışdır. Təxminən 2010-cu ildə bağlar idarəsinin işi bərpa olunmuş, o da arxiv idarəsinə gedib Mübarizə satdığı torpaq sahəsinin sənədini qohumu Kamalın adına çıxartdırmışdır. Bundan sonra o, Kamal və Elçin Yasamal rayonu ərazisində yerləşən notariat kontoruna getmiş, orada Kamal Elçinin adına torpağa dair etibarnamə vermişdir. Hazırkı açıq məhkəmə iclasında bir daha bildirir ki, torpağı satanda pulu Mübariz Elçinə, Elçin də ona vermişdir. Mübarizgilin tələbinə görə onlara torpağa dair Bələdiyyə sənədi vermişdir. Həmin sənəd dövlət orqanı tərəfindən verilmiş qanuni sənəddir. 2008-ci ildə həmin sənədi bələdiyyədən almışdır. Sənəd itdiyinə görə bağlar idarəsinə müraciət etmişdir. Lakin orada ona bildirmişlər ki, sənəd ola bilsin ki, ya Bələdiyyəyə, ya da BTİ-yə verilmişdir. O da sənədi Bələdiyyədən almışdır. Ona cəmi 35000 manat pul verilmişdir. Elçin ona demişdir ki, özlərinin vaxtları olmadığından xalası qızı Ləman sənədləşməni ona etibar etmişdir. Bağ qohumu Kamalın adına olmuşdur. Etibarnamə Kamalın adından Elçinə verilmişdir. Ləman xanımgilin telefon nömrəsi onda olmamışdır. Elçinin vasitəsilə Ləman xanımı və əri Mübarizi tanımışdır. Elçin sənədi əldə etmək üçün Kamala 200 manat şirinlik vermişdir. Etibarnaməni Kamal yaşlı adam olduğuna görə yaşadığı evin yaxınlığındakı notariat kontorunda özü Elçinə etibarnamə vermişdir. Elçin pulu verəndən sonra bələdiyyə sənədini ona vermişdir. 2008-ci ildə bələdiyyə sənədini onlara verəndə bağın əsil sənədləri maşından oğurlanmışdır. Bundan sonra özlərinin razılığı ilə Bələdiyyədən sənəd alaraq onlara vermişdir. Torpağı satanda Mübariz və arvadına bağın əsil sənədinin oğurlandığını demişdir. Qohumu Kamalla birlikdə arxivdən sənəd düzəltdirib Elçinə vermişdir. Elçin ona heş bir sənəd qaytarmamışdır. Ziyanı, Tabili və Ədaləti tanımır. Ziyanın torpağı necə özəlləşdirdiyini bilmir. Elçinin göstərişi ilə başqasına etibarnamə vermişdir. Ədalətə sənədi Elçin özü vermişdir. Ləman xanıma 12 sot torpaq satmışdır. Ləman xanım torpaqla bağlı qohumu olan Elçinə etibarnamə vermişdir. 2010-cu ildə Elçinə etibarnamə vermişdir. O, ona zəng edərək bildirmişdir ki, Ləman xanımla əri torpağa baxmağa gələcəklər, lakin sənəd barədə heç nə deməsin. 35000 manat pulu o, Elçinə vermişdir. 2020-ci ildə Elçin evinə gəlmiş və demişdir ki, başı qarışıqdır, oğlu müharibədədir. Ona bağlar idarəsindən yeni sənəd versin. Xalası qızının ona etibar etdiyini, torpağa onun nəzarət etdiyini demişdir. O da inanmış, Elçinə etibarnamə vermişdir. Sənədləşmə ilə əlaqədar olaraq 2010-cu ildə arxivdən bağlar idarəsinin sənədini əldə edərək Elçingilə getmişdir. Çünki torpağı satanda söz vermişdir ki, torpağın sənədi var və onlara təqdim edəcəkdir. 33000 manat pulu Mübarizə Elçinlə bələdiyyədə işləyən İsrafil adlı şəxs təklif etmişlər. O, Mübarizə pul təklif etməmişdir. Elçinlə İsrafilin xahişinə əsasən Mübarizdən vaxt istəmişdir. O, heç kəsə 2 dəfə torpaq satmamışdır. 2020-ci ildə Elçin ondan etibarnamə almışdır və ona demişdir ki, sənədləri İsrafilə versin. Torpağı alan şəxslərdən kim olduqlarını, camaatın torpağına niyə girdiklərini soruşduqda demişlər ki, sənədləri vardır. Elçin ona demişdir ki, 16500 manatı o, 16500 manatı isə İsrafil verib və həmin 33000 manat pulu o, ona təqdim etsin. Elçin həmin vaxt torpağı satdığını ona deməmişdir. O, istintaqda olduğu kimi ifadə vermişdir, lakin müstəntiq istədiyi kimi işi aparmışdır. Bağlar idarəsinin sənədini alıb Elçinə verəndə ona demişdir ki, Mübarizgilə xəbər versin. Lakin Elçin ona bildirmişdir ki, xalası qızı ona etibarnamə vermiş və onun bütün işlərini özü görəcəkdir. O, Elçini dürüst adam kimi tanımışdır. Hesab edir ki, o, heç bir cinayət törətməmişdir, ona görə də barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X17 göstərdi ki, Şahid2 xalası oğludur, Şahid1 isə əridir. Təxminən 2008-ci ildə əri Mübariz Buzovnada torpaq almaq istədiyini və həmin torpaq sahəsini onun adına alacağını demişdir. Əri Mübariz xalasə oğlu Elçin və o, birlikdə gedib sənədlərə imza etmişdir. Lakin sonradan torpaq sənədləşdirilməmiş, başqa şəxsə məxsus olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxsdən şikayətçidir. Əri Mübariz torpağı xalası oğlu Elçinin vasitəsilə tapmışdır. Elçin onun ərinə təklif etmişdir ki, ucuz qiymətə yaxşı torpaq var. Torpağa gedib baxmağı yadında deyil. Təqsirləndirilən şəxs birinci dəfə harada görməyi yadında deyil. Onların torpaq almaq niyyəti olmamışdır. Xalası oğlu Elçin belə bir təklif etmiş, əri də razılaşmışdır. Elçin demişdir ki, Ürfanın atası xəstədir, onlara pul lazımdır və buna görə də torpağın bir hissəsini satır. Ərini Ürfan ilə xalası oğlu Elçin tanış etmişdir. Əri sənədsiz torpaq almayacağını demiş, Ürfanla Elçin isə bələdiyyə sənədi təqdim edəcəklərini bildirmişlər. Sənədləşdirməyə Elçinlə o getmiş, Ürfan da gəlmişdir. Bələdiyyədə imza etmiş, lakin sənədi Elçin götürmüş və demişdir ki, həmin sənəd əsasında torpağa kupça düzəldəcəkdir. O, evdə olanda Elçin zəng edib soruşmuşdur ki, “torpağı satmısız, hasarda elan verilmiş, telefon nömrəsi yazılmışdır”. Bundan sonra Ürfanı axtarmışlar, əri, o və Elçin həmin torpaq sahəsinə getmişlər. Bir az sonra isə Ürfan da gəlmişdir. Torpağın özgəninkiləşdirilməsi ilə bağlı polisə ərizə ilə müraciət etmişdir. Həmin torpağı əri onun adına almışdır. İş materiallarında olan mülki iddiaçı qismində tanınmağı barədə ərizədəki imza ona məxsus deyildir. Pul veriləndə o, iştirak etməmişdir, pulu əri vermişdir. Urfan torpağa bələdiyyə sənədi verəcəyini demişdir. Kişilər öz aralarında söhbət etdiklərinə görə o, onların söhbətinə müdaxilə etməmişdir. Ona qalsaydı, sənədsiz torpaq almazdı. Elçinlə birlikdə Buzovna Bələdiyyəsinə getmişlər. Ürfan da sənədə imza edibsə, yəqin ki, orada olubdur. O da sənədə imza etmişdir, lakin həmin sənədi Elçin götürmüşdür. Hansı sənədlərə imza etdiyini dəqiq bilmir, deyəsən alqı-satqı sənədi olmuşdur. Pulu yəqin ki, əri Elçinə vermişdir. Hesabat cədvəlini Elçin onlardan xəbərsiz tərtib etdirmiş, sonra isə ərinə göstərmişdir. Torpaq hasara alınmış, suyu da olmuşdur. Elçin sənədi özündə saxlayanda demişdir ki, kupça düzəldəcəkdir. Hətta əri buna görə deyəsən 1000 manat şirinlik də vermişdir. Elçin kupça məsələsini özü həll edəcəyini demiş, onlar da etiraz etməmişlər. 2021-ci ildə torpağın satıldığını bilmişlər. 2008-ci ildən 2021-ci ilə kimi tez-tez gedib torpağa baxmışlar. Bu müddət ərzində dəfələrlə Elçindən tələb etmişlər ki, torpağın sənədini niyə düzəltmir, o da hər dəfə demişdir ki, “olan kimi veriləcək, bizim evin də sənədi yoxdur”. Əri xalası oğlu Elçinə çox inanırmış, Elçinin onları bu vəziyyətdə qoyacağını fikirləşməmişlər. Elçinə qarşı əlində heç bir sübutu yoxdur. Ərizə ilə polisə müraciət etmişdir ki, bu məsələ araşdrılsın. Pulu verən əri Mübarizdir, pul onu maraqlandırmır. Cinayətin açılmasını, cinayətkarın müəyyən olunmasını gözləyir. Bu işdə Ürfandan başqa kimlərinsə olmasını istintaq müəyyən etməli olmuşdur. Torpağa aid bağlar idarəsinin sənədinin olub-olmamasını bilmir. Ürfan demişdir ki, atası xəstədir, pul lazımdır və buna görə də torpağı satır. Əri işi ilə əlaqədar tez-tez rayonlarda olurmuş, o isə uşaqlarla məşğul olurmuş. Baş qarışıq olduğuna görə ev tikməyi planlaşdırmamışlar. 13 il ərzində torpağın darvazasının açarı Elçində olmuşdur, torpağa gedib baxırmış. Ona demişlər ki, orada nəsə əksin. Özləri də arada bir gedib-gəlirmişlər. 13 il ərzində torpağa dair heç bir müdaxilə olmamışdır. Elçin ona demişdir ki, Ürfan torpağı geri almaq istəyir və buna görə 50000 manat pul təklif edir. Lakin onlar razı olmamışlar. 2021-ci ildə torpaqları zəbt olunarkən oraya gedən yeni sakinlərin torpağı kimdən aldıqlarını demələri yadında deyildir, deyəsən Ziyanın adını çəkmişdilər. Vərəsəlik sənədi göstərərək onlara səhv sənəd verildiyini demişlər. Torpağı alan şəxslərin Ürfana yaxın olduqlarını, onu tanıdıqlarını hiss etməmişdir. Ürfan sonradan utana-utana əraziyə gəlmiş, Elçin də çox əsəbi olmuşdur. 2-ci dəfə Elçinin evində olanda Ürfan da orada olmuşdur. Ürfan ona demişdir ki, Elçin etibarnaməni satmış və həmin puldan ona 800 manat pul vermişdir. Bu barədə Elçindən soruşduqda, o, Ürfanın satdığını demiş, bir-birlərini günahlandırmışlar. Elçingildə olanda Elçin əri Mübarizə demişdir ki, “evimi satmaq da olsa, sənin pulunu qaytaracağam”. Elçinlə hazırda heç bir münasibəti yoxdur. Torpağı Ürfandan aldığına görə ona qarşı şikayətçidir. Torpağın qiymətini hazırkı bazar qiyməti ilə tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Şahid2 arvadı Ləman Abbasın xalası oğludur. 2008-ci ildə Elçinin vasitəsilə Təqsirləndirilən şəxslə tanış olaraq ondan 33000 manata Buzovna qəsəbəsində torpaq sahəsi almışdır. 33000 manat pulu Elçingildə Təqsirləndirilən şəxs vermişdir. Əlavə olaraq 2000 manat pulu Elçinə torpağın sənədləşməsi üçün, 1000 manat isə zəhmət haqqı olaraq vermişdir. Elçinin vasitəsilə torpağı almışdır. Elçin ona demişdir ki, yaxşı torpaq var, ucuz qiymətə. Elçinlə birlikdə gedib torpağa baxmışlar, Elçin torpağın sahibi Ürfanı da çağırmışdır. İşi ilə əlaqədar rayonda olduğu üçün sənədləşməyə arvadı Ləman getmişdir və ona demişdir ki, sənədləşmədən sonra bütün sənədləri Elçinə versin. Elçinə də demişdir ki, sənədlər onda qalsın, sonra qaytarar. Elçin söz vermişdir ki, sənədləşməni özü edəcəkdir və bu işin 1500- 1600 manat xərci olduğunu demişdir. O da Elçinə sənədləşmə üçün 2000 manat pul vermişdir. Təxminən 2016-cı ildə Elçin ona demişdir ki, “torpağı satırsan? 70000 manat pul təklif edirlər”. O, torpağı satmadığını bildirmişdir. Sənədləşmə ilə bağlı Elçinlə heç bir əlaqə saxlamamışdır. Ona demişdir ki, sənədlər ondadır, bələdiyyəyə aparıb təqdim edəcək, sənədləri götürəcək. Bələdiyyədən sonra Elçin torpağın sənədləşməsi ilə bağlı ona heç bir söz deməmişdir. Arvadı Ləman ona zəng edərək demişdir ki, torpaq satılır və əlaqə nömrəsi yazılmışdır. Bundan sonra Elçin, o və arvadı oraya getmişlər. Sonradan Ürfan da oraya gəlmişdir. Onları qarşılayan şəxslərdən torpağı kimdən aldıqlarını soruşduqda Ziyanın adını çəkmişlər. Sonradan Ziya ilə görüşüb söhbət edəndə onlara demişdir ki, Nərimanov rayonunda makler ona torpağın satıldığını bildirmişdir. Həmin vaxt bilmişdir ki, Ziya bu işdə heç kimdir, ara adamıdır. Elçin demişdir ki, torpağı alan adamlar saxta sənəd əldə etmişlər. Urfan, o, arvadı Ləman Elçingildə görüşəndə demişdir ki, ya torpağı qaytarsınlar, ya da ziyanını ödəsinlər. Elçinlə Ürfan ondan vaxt istəmişlər. X13 33000 manat pul təklif etmişlər. Lakin o, razı olmamışdır. Onlar yenə də ondan vaxt istəmişlər ki, pulun üstünü düzəldib versinlər. Urfan, Elçin və o, maşında olarkən Elçin demişdir ki, Ürfan kasıb adamdır, 33000 manat pul tapa bilib. O, razı olmamışdır ki, bu pula nə edə bilər, üstünü düzəltsinlər. Həmin vaxt Ürfan ondan vaxt istəmiş, Elçinə etibarnamə verməsi ilə bağlı ona heç nə deməmişdir. Pulu o vermişdir, onun puludur. Müstəntiq ona deyəndə işi ilə əlaqədar rayonda olmuşdur, qayıdanda bilmişdir ki, müstəntiq arvadını zərərçəkmiş şəxs kimi tanımışdır. Hasarlı, darvazalı torpaq olmuşdur. Torpağa Elçin nəzarət etmişdir. Heç bir kənar müdaxilə, maneçilik olmamışdır. Bu müddət ərzində elə bilmişdir ki, Elçin sənədləşməni aparmışdır. Arada ona demişdir ki, müştəri var, torpağı almaq istəyir, lakin o, razı olmamışdır. İstintaq zamanı üzləşmə aparılmış, müstəntiqin otağında Ziya ilə üzləşdirilmiş, lakin həmin protokol iş materiallarına əlavə edilməmişdir. Təxminən yay aylarında istintaq təcridxanasında Ürfan, o və Elçin üzləşdirilmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, təxminən 2008-ci ildə Təqsirləndirilən şəxs ona demişdir ki, özünə məxsus Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi bağlar massivində yerləşən torpaq sahəsində 12 sot torpağı var, həmin torpaq sahəsini 36000 manata satır. Həmin ərəfədə xalası qızı X17 və əri Şahid1 onun yaşadığı evə qonaq gəlmişlər. Söhbət əsnasında o, onlara demişdir ki, Buzovna qəsəbəsində 12 sot torpaq sahəsi satılır. Mübariz və Ləman demişlər ki, həmin torpaq sahəsini almaq istəyirlər. Bundan sonra o, Ləman və Mübariz torpağa baxmağa getmişlər, həmin vaxt Ürfana da zəng vurmuşdur ki, gəl torpağı göstər. Torpağa baxandan sonra Mübariz və Ləmanın torpaq xoşlarına gəlmiş və onlar demişlər ki, oranı alacaqlar. Həmin vaxt onlar razılaşmışlar ki, Ürfan torpağı 33500 manata satacaq, əlavə olaraq da 2500 manat bələdiyyə sənədi üçün pul almışdır ki, bələdiyyə sənədini də Ürfan özü düzəldəcəkdir. Səhərisi gün Mübariz və Ləman yaşadığı evə gəlmişlər. Özü də Ürfana zəng vurmuşdur ki, gəl, torpağın pulunu gətiriblər. Bir neçə dəqiqə sonra Ürfan yaşadığı evə gəlmiş və yanında Mübariz Ürfana 33500 manat pul vermişdir. Eləcə də bələdiyyə sənədi üçün də əlavə olaraq 2500 manat pul vermişdir. Həmin vaxt onlar razılaşmışlar ki, səhərisi gün Ürfan Ləmanın adına torpağa dair bələdiyyə sənədi verəcəkdir. Ləman öz şəxsiyyət vəsiqəsinin əslini Ürfana vermişdir. Səhərisi gün bildiyinə görə Ürfan və Ləman Buzovna bələdiyyəsində görüşüblər və Ləmanın adına sənəd düzəldiblər. Həmin gün Ləman və Mübariz yaşadığı ünvana gəlib torpağın bələdiyyə sənədini ona vermişlər ki, qoy onda qalsın. Həmin vaxtdan etibarən torpaq sahəsinə gedib baxmışdır. Təxminən 2010-ci ildə Ürfanla Buzovna qəsəbəsində görüşərkən, o, bildirmişdir ki, torpağın bağlar sənədini ona vermək istəyir. Həmin gün Ürfanla görüşüb Yasamal rayonu ərazisində yerləşən 19 saylı notariat kontoruna getmişlər, orada X10 və onun ailə üzvləri onun adına torpağın bağ sənədinə görə etibarnamə vermişlər. Bundan sonra həmin sənədləri yaşadığı ünvanda saxlamışdır. Təxminən 2015-ci ildə torpaq sənədini öz torpağına otuzdurmaq üçün “Asan Xidmət”ə getmiş, orada isə bildirmişlər ki, Kamal Namazov ölüb, vərəsələrin razılığı lazımdı, buna görə həmin sənədi düzəltməmişdir. Təxminən 2020-ci ilin yay aylarında həmin sənədi Ürfana qaytarmışdır. Bir müddət keçəndən sonra xalası qızı Ləmanın adına Ürfandan alınmış torpaq sahəsinə baxmağa gedəndə görmüşdür ki, hasarın üzərində telefon nömrəsi qeyd edilib, darvazanın kilidi də dəyişdirilib. Bundan sonra Ləmana zəng vuraraq demişdir ki, torpaq sahəsini satmısız bəyəm? O da demişdir ki, torpağı satmamışlar. Bundan sonra hasarın üzərində olan telefon nömrəsinə zəng vurmuşdur ki, “siz torpağı kimdən almısınız”. Həmin şəxs də demişdir ki, torpaq sahəsini Ziya adlı şəxsdən almışdır. Həmin şəxsi söhbət etmək üçün çağırmış, o isə bildirmişdir ki, hazırda o gələ bilmir. Səhərisi gün Ləman və Mübarizlə birlikdə torpaq sahəsinin olduğu yerə getmişlər, oradan Ürfana zəng vurmuşdur ki, o da gəlsin. Sonra torpaq sahəsini alan şəxsə zəng vurmuş, bir neçə dəqiqədən sonra oraya bir nəfər gələrək çıxarış göstərmiş və həmin torpağı Ziya adlı şəxsdən aldığını bildirmişdir. Ürfan da bunları gördükdə, nala-mıxa vurmağa başlamışdır. İş materiallarında olan müdafiə tərəfindən şahid qismində məhkəmədə dindirilməsi barədə vəsatət verilmiş Şahid6 məhkəməyə ünvanladığı ərizədən görünür ki, o, Təqsirləndirilən şəxslə bir məktəbdə oxumuşdur. Mübahisəli torpaq sahəsi ilə bağlı Təqsirləndirilən şəxs ona müraciət edərək aldadıldığını bildirmiş, onunla Sumqayıt şəhərinə getməsini xahiş etmişdir. Sumqayıt şəhərinə o, Elçin və Ürfanla birlikdə verərək Şahid4lə görüşmüşlər. Görüş zamanı kənarda oturub qulaq asmışdır. İş materiallarında olan müdafiə tərəfindən şahid qismində məhkəmədə dindirilməsi barədə vəsatət verilmiş Şahid3 məhkəməyə ünvanladığı ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs tanımır və torpaq sahəsinin alınmasında Təqsirləndirilən şəxs iştirak etməmişdir. Torpaq sahəsi Şahid5 tərəfindən 130000 manata Muradov X1. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 600 nömrəli ölüm kağızından görünür ki, X10 xx.xx.2014-cü il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 209 nömrəli ölüm kağızından görünür ki, X14 xx.xx.2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsi 1-ci PB-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 2 ünvan satıldığından Şahid4 həmin ünvanda yaşamır. İş materiallarında olan Xəzər RPİ-nin 2-ci PŞ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Şahid5 və Şahid6 yaşayış ünvanları qeyri-dəqiq olduğundan həmin şəxslərin müəyyən edilərək məhkəmə iclasında iştiraklarını təmin etmək mümkün olmamışdır. İş materiallarından görünür ki, istintaq zamanı torpaq sahəsinə baxış keçirilərkən həmin torpaq sahəsinin Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən 6 saylı bağ sahəsi olması, orada müvafiq tikinti işlərinin aparılması müəyyən olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Əzizbəyov rayonu Buzovna Bələdiyyəsi sədrinin xx.xx.2008-ci il tarixli, 033 saylı sərəncamından görünür ki, vətəndaş X8 Buzovna qəsəbəsində 1200 kv-m torpaq sahəsi bağ evi tikilməsi üçün ayrılmışdır. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının bağlar təsərrüfatının İnkişafı və İstismar birliyinin Buzovna ərazisindəki 6 nömrəli bağın istifadəyə verilməsi haqqında 11361 saylı xx.xx.2006-cı il tarixli müqaviləyə baxış keçirilərkən həmin sənədin X5 adına olması müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2010-cu il tarixli notarius sənədindən görünür ki, X12 tərəfindən həmin torpağa dair müvafiq hərəkətlər edilməsi üçün Şahid2 etibarnamə verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli notarius sənədindən görünür ki, X15 və onun ailə üzvləri tərəfindən Təqsirləndirilən şəxs adına Buzovna qəsəbəsi 6 saylı bağa dair müvafiq hərəkətlər edilməsi üçün etibarnamə verilmişdir. İş materiallarında olan Elektron Notariat avvtomatlaşdırılmış İnformasiya sistemindən götürülmüş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Buzovna qəsəbəsi 6 saylı bağ sahəsinə dair notarial hərəkətlər edilməsinə görə Şahid4 adına etibarnamə verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 22 iyun 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə torpağa dair saxta bələdiyyə sənədi hazırlayaraq torpağı satmaqla özgənin xeyli miqdarda əmlakını ələ keçirib zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq cinayətini törətməsi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü təqsirli bilməməsi barədə ifadəsinə tənqidi yanaşaraq qeyd edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olmaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.4 və 320.1-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrlə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə torpağa dair saxta bələdiyyə sənədi hazırlayaraq torpağı satmaqla özgənin xeyli miqdarda əmlakını ələ keçirib zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq cinayətini 2008-ci ildə törətmişdir. Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi CM-nin 15-ci maddəsinə əsasən az ağır cinayət hesab edilir. Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi isə CM-nin 15-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət hesab edilir. Məhkəmə iclasında müəyyən edildiyi kimi, Azərbaycan Respublikası CM-nin 178.2.4 və 320.1-ci maddələri ilə törədilimiş cinayət hadisəsi 2008-ci ildə baş vermişdir, hazırda baş vermiş cinayət hadisəsindən 15 ildən artıq müddət keçmiş və cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçmişdir. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4 və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli, lakin Azərbaycan Respublikası CPM-in 44.2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası CM-in 75.1, 75.1.1-ci maddələri ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən, o, Azərbaycan Respublikası CM-nin 178.2.4 və 320.1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilməli və həmin maddələrlə ona cəza təyin edilməməlidir. İş materiallarından göründüyü kimi, Xəzər RPİ İŞ-nin müstəntiqi Elçin Süleymanovun 07 iyun 2022-ci il tarixli qərarı ilə zərərçəkmiş şəxs X17 mülki iddiaçı kimi tanınmış, lakin o, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə qarşı yazılı formada mülki iddia verməmiş, məhkəmə istintaqı zamanı isə izah olunmasına baxmayaraq, təqdim etdiyi mülki iddia ərizəsində təqsirləndirilən şəxsə qarşı irəli sürdüyü 100000 (yüz min) manat pul tələbinə görə “Dövlət rüsumu haqqında” Qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunu ödəməmiş və bunu təsdiq edən qəbzi iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası CPM-nin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Azərbaycan Respublikası CPM-nin 179.1, 179.2 və 179.3-cü maddələrinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur, mülki-prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsaən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 89.3-cü maddəsinə əsasən X7 cinayət prosesində mülki iddiaçı qismində iştirakına xitam verilməli və mülki iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CMnin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.4 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkilləri X4 və X6 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X4 40 iş zaatına görə 240,00 (iki yüz qırx) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X6 20 iş saatına görə 120,00 (bir yüz iyirmi) manat olmaqla, ümumilikdə 360,00 (üç yüz altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə ekspertiza xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344-349, 351-353, 356-358 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4 və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası CM-in 75.1, 75.1.1-ci maddələri ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və həmin maddə ilə ona cəza təyin edilməsin. Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası CM-in 75.1, 75.1.1-ci maddələri ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və həmin maddə ilə ona cəza təyin edilməsin. Azərbaycan Respublikası CPM-nin 89.3-cü maddəsinə əsasən X7 cinayət prosesində mülki iddiaçı qismində iştirakına xitam verilsin və mülki iddia ərizəsi geri qaytarılsın. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X4 240,00 (iki yüz qırx) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X6 120,00 (bir yüz iyirmi) manat olmaqla ümumilikdə 360,00 (üç yüz altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-14/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-14/2024
30.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver