Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-143/2021 03.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Allahqulu qızının, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1978-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində üç azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs arvadı X2 boşanması ilə əlaqədar sonuncunun anası Zərərçəkmiş şəxs1 və bibisi Zərərçəkmiş şəxs2 Allahqulu qızı cehizlərini aparmaq üçün gəldiyi zaman, yəni xx xxxxxxx 2020-ci il tarixdə saat 15 radələrində yaşadığı ünvan 1-də Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Allahqulu qızı ilə cehizləri aparmaları səbəbindən aralarında baş vermiş mübahisə zamanı qəsdən Zərərçəkmiş şəxs2 Allahqulu qızının üz nahiyəsindən yumruğu ilə vurmuş, daha sonra sındırdığı pəncərə şüşəsinin bir hissəsi ilə isə baş nahiyəsindən vuraraq ona təpə nahiyəsinin kəsilmiş yarası, sol almacıq nahiyəsinin qançırı ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvuran bədən xəsarəti, eləcə də Zərərçəkmiş şəxs1 qəsdən həmin şüşə parçası ilə boyun nahiyəsindən vuraraq ona boyun nahiyəsinin kəsilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvuran bədən xəsarəti yetirmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, 2010-cu ildə X3 ilə rəsmi nikahları olmasa da, molla kəbini kəsdirərək el adəti ilə toy etmişlər, 3 azyaşlı övladları vardır. Elnarə ilə əvvəllər münasibətləri normal olsa da, lakin son 2 ildə aralarında tez-tez mübahisələr olmuşdur. Elə bu səbəbdən də 2020-ci ilin oktyabr ayında onlar ayrılmışlar və həmin vaxtdan Elnarə anası Esmira ilə birlikdə yaşayır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinə əsasən ondan hər uşağa görə ayda 130 manat ödəmək şərti ilə aliment tutulması qət edilmişdir. xx xxxxxxx 2020-ci il tarixdə o, işlə əlaqədar evdən çıxmış, həmin gün saat 15 radələrində atası Feyruz onun mobil telefonuna zəng vuraraq ona bildirmişdir ki, Elnarə, anası Esmira, bibiləri Məlahət, Nəsibə və Mahizər Elnarənin əşyalarını aparmağa gəlmişlər. O da bundan əsəbiləşmiş və evə gələrək onlara öz iradını bildirmişdir ki, məhkəmənin qərarı olmadan nə ixtiyarla onun evinə gəlib buradan əşya aparırlar. Bundan sonra aralarında mübahisə yaranmış, Elnarə onun üstünə gəlmiş və dartışmışlar. Həmin vaxt Elnarənin anası Esmira və bibisi Məlahət onları ayırmaq üçün onlara yaxınlaşmışlar. Həmin vaxt o, kənara çəkildiyindən, Məlahət yıxılmış, başı pəncərəyə dəymiş və pəncərənin şüşəsi sınmışdır. Sınmış şüşə parçaları Məlahətin başını, Esmiranın boğazını və onun əlini kəsmişdir. Sonda onlar DİN 102 xidmətinə zəng vuraraq hadisə yerinə polis əməkdaşlarını çağırmışlar. İlk dəfə törətdiyi bu əməldən peşman olaraq Esmira və Məlahətlə barışmış və onlara dəymiş ziyanı tamamilə ödəmişdir. Hazırda Esmira və Məlahətin ondan heç bir şikayəti və ya tələbi yoxdur. Barışmalarının nəzərə alınaraq onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, 2010-cu ildə qızı Elnarə Teyfur ilə ailə həyatı qurmuş və 3 azyaşlı övladları vardır. Son 2 ildə onlar aralarında yaranmış münaqişə nəticəsində ayrılmışlar və hazırda qızı Elnarə uşaqları ilə birlikdə onunla yaşayır. Eyni zamanda Teyfur tərəfindən hər uşağa görə ayda 130 manat aliment verilməsi barədə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə qətnamə çıxarılmışdır. xx xxxxxxx 2020-ci il tarixdə o, baldızları Məlahət, Nəsibə, Mahizər və qızı Elnarə ilə birlikdə Teyfurun evinə getmişlər ki, orada olan Elnarəyə məxsus əşyaları götürsünlər. Həmin vaxt evdə Teyfurun atası Feyruz, anası Qəndab olmuşdur. Feyruz zəng vuraraq oğlu Teyfuru da çağırmışdır. Aradan bir az keçmiş əvvəlcə Teyfurun bacısı Laləzar, onun ardınca isə Teyfur da evə gəlmişdir. Həmin vaxt saat 15 radələri olmuşdur. Teyfur onların ora gəldiyindən bərk əsəbiləşibərək onların üstünə hücum edib əvvəlcə oturmuş vəziyyətdə olan baldızı Məlahətin üstünə gələrək sağ əli ilə onun sifətinin sol nahiyəsindən yumruqla vurmuşdur. Sonra isə yumruqla evin pəncərəsinin şüşəsini sındırmış və yerdən şüşə parçasını götürərək onu sağ qolu ilə tutaraq sol əlindəki şüşə parçası ilə boğaz nahiyəsini kəsib xəsarət yetirmişdir. Həmin vaxt baldızı Məlahət araya girmişdir ki, Teyfuru sakitləşdirsin, lakin Teyfur əlində olan şüşə parçasını var gücü ilə Məlahətin başına vurmuş və Məlahət başından da xəsarət almışdır. Sonra o, Azərbaycan Respublikası DİN 102 zəng xidmətinə hadisə barədə məlumat vermiş və hadisə yerinə gələn polis əməkdaşları onları xəstəxanaya aparmışlar. Orada o və Məlahət müayinə olunduqdan sonra isə onları Xəzər RPİ 3-cü PB-nə aparmışlar. Xəstəxanada Məlahətin başına 12 tikiş qoyulmuşdur. Hadisə təxminən 15-20 dəqiqə davam etmişdir. Hazırda Teyfur ilə barışmışdır, Teyfur ona dəymiş ziyanı tamamilə ödəmişdir, buna görə də onun ondan heç bir şikayəti və ya tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq Teyfur barəsində olan hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 Allahqulu qızı göstərdi ki, Elnarə onun qardaşı qızıdır. Elnarə 2010-cu ildə Teyfur ilə ailə həyatı qurub və hazırda 3 azyaşlı övladları vardır. Son 2 ildə onlar arasında yaranmış münaqişə nəticəsində Elnarə 2020-ci ildə Teyfurdan ayrılmış və hazırda uşaqları ilə birlikdə anası Esmiranın evində yaşayır. Eyni zamanda Teyfur tərəfindən hər uşağa görə ayda 130 manat aliment verilməsi barədə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə qətnamə çıxarılmışdır. xx xxxxxxx 2020-ci il tarixdə o, bacıları Nəsibə, Mahizər, gəlinləri Esmira və qızı Elnarə ilə birlikdə Teyfurun evinə getmişlər ki, orada olan Elnarəyə məxsus əşyaları götürsünlər. Onlar həmin ünvana həmin ərazinin sahə inspektoru polis leytenantı Cavidanın razılığı ilə getmişlər. Belə ki, Cavidan Teyfurun atasından icazə almış və onlar onun müşayiəti ilə həmin ünvana getmişlər. Lakin mübahisə baş verən zaman Cavidan orada olmamışdır. Həmin vaxt evdə Teyfurun atası Feyruz, anası Qəndab olmuşdur. Sonra Feyruz zəng vuraraq oğlu Teyfuru da çağırmışdır. Aradan bir az keçmiş əvvəlcə Teyfurun bacısı Laləzar, onun ardınca isə Teyfur da evə gəlmişdir. Həmin vaxt saat 15 radələri olmuşdur. Teyfur onların ora gəldiyindən bərk əsəbiləşərək onlara hücum edib əvvəlcə sağ əli ilə onun sifətinin sol nahiyəsindən yumruqla vurmuşdur. Sonra isə yumruqla evin pəncərəsinin şüşəsini sındırmış və yerdən şüşə parçasını götürərək Esmiranı sağ qolu ilə tutub sol əlindəki şüşə parçası ilə Esmiranın boğaz nahiyəsini kəsərək xəsarət yetirmişdir. Həmin vaxt o, araya girmişdir ki, Teyfuru sakitləşdirsin, lakin Teyfur əlində olan şüşə parçasını var gücü ilə onun başına vurmuş və o, başından da xəsarət almışdır. Sonra Esmira zəng edərək polisə hadisə barədə məlumat vermiş və hadisə yerinə gələn polis əməkdaşları onları xəstəxanaya aparmışlar. Orada o və Esmira müayinə olunduqdan sonra onları Xəzər RPİ 3-cü PB-nə aparmışlar. Xəstəxanada onun başına 12 tikiş qoyulmuşdur. Hadisə təxminən 15-20 dəqiqə davam etmişdir. Hazırda Teyfur ilə barışmışdır, Teyfur ona dəymiş ziyanı tamamilə ödəmişdir, buna görə də onun ondan heç bir şikayəti və ya tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq Teyfur barəsində olan hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 da oxşar, eyni məzmunlu ifadə verərək zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Allahqulu qızının göstərdiklərini təsdiq etdi. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 elan edilmiş ifadəsi ilə onun da Şahid2 ifadəsi ilə oxşar, eyni məzmunlu ifadə verərək zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Allahqulu qızının göstərdiklərini təsdiq etməsi müəyyən edildi. İş materiallarında olan canlı şəxsin ekspertizası ilə bağlı 1191 saylı, xx xxxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 Allahqulu qızının bədənində aşkar edilmiş xəsarətlər – təpə nahiyəsinin kəsilmiş yarası kəsici təsirə malik əşya (ola bilsin şüşə parçası); sol almacıq nahiyəsinin qançırı isə küt əşya təsirindən törənmiş, törənmə müddətləri xx xxxxxxx 2020-ci il tarixə və şəraitə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa Yüngül dərəcəli zərərvurmaya aiddir. İş materiallarında olan canlı şəxsin ekspertizası ilə bağlı 1192 saylı, xx xxxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlər – boyun nahiyəsinin kəsilmiş yarası kəsici təsirə malik əşya (ola bilsin şüşə parçası) təsirindən törənmiş, törənmə müddətləri xx xxxxxxx 2020-ci il tarixə və şəraitə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa Yüngül dərəcəli zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxxxxx 2020-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Allahqulu qızı tərəfindən yazılaraq məhkəməyə təqdim olunmuş ərizələrdən görünür ki, onlar Təqsirləndirilən şəxs ilə barışmışlar, Teyfur onlara dəymiş ziyanı tamamilə ödəmişdir, buna görə də onların ondan heç bir şikayəti yoxdur, gələcəkdə də olmayacaqdır. Barışmalarının nəzərə alınaraq Teyfurun barəsində olan hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş edirlər. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona istinad edilən əməli törətməsi onun özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, MTE və PA Birliyinin aktı və cinayət işinin materialında olan digər sənədlərlə tam sübuta yetirildi. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində nəzərdə tutulmuş hallardan başqa, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinin tələbinə görə, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. “Azərbaycan Respublikası CPM-nin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli Qərarının 2-ci və 3-cü bəndlərinə əsasən, Azərbaycan Respublikası CPM-nin 37.4-cü maddəsinin tələblərinə görə, həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən şəxs zərərçəkmiş şəxslə barışdıqda və ya ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimaixüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 37.3-cü maddəsində sadalanan az ağır və ya ağır cinayətlər üzrə ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilə bilməz. Cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 Allahqulu qızının və Zərərçəkmiş şəxs1, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilmələrinə razılığını, Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını və dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilməsi, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin ləğv edilməsi məqsədə uyğundur. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını məhkəmədə müdafiə etmiş 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 10 (on) iş saatına görə (ibtidai araşdırma zamanı 05 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 05 saat) cəmi 60,00 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37.4, 43.3, 197-198, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 Allahqulu qızı və Zərərçəkmiş şəxs1 ilə barışdığına və dəymiş ziyanı tamamilə ödədiyinə görə onun barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 60,00 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178,VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-143/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-143/2021
03.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver