Məhkəmə qərarları › İş №1(003)-143/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-143/2022

27.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-143/2022 27.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1981-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı və yetkinlik yaşına çatmayan bir uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 3-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli 1(003)- 143/2022 saylı qərarı ilə həbs qətimkan tədbiri ilə dəyişdirilmiş, həbsetmənin əvvəli tutulduğu 09 aprel 2022-ci il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə torpağa dair saxta blanklardan çıxarış hazırlayaraq satmaqla özgənin xeyli miqdarda əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla dələduzluq edib saxta sənəd vermişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 08 avqust 2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Donuz kökəltmə sovxozu ərazisində yerləşən 10 sot torpaq sahəsinə 1100 manat müqabilində çıxarış düzəldəcəyinə dair yalandan vəd verib Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 1 ünvanının qarşısında sonuncunun əri Şahid3 1100 manat pulu alıb Zərərçəkmiş şəxs2 adına istintaqa məlum olmayan vaxtda və yerdə “15 avqust 1990-cı il tarixli 12 iyul 1990-cı ilin 135 nömrəli əmri ilə təsdiq edilmiş Abşeron rayon Donuz kökəltmə sovxozu üzrə çıxarışı” rəsmi hüquq verən sənədi saxtalaşdırıb qanunsuz hazırlamaqla torpağa dair saxta çıxarışı zərərçəkmiş şəxsə aldatma yolu ilə 1100 manat müqabilndə satmaqla həmin məbləğdə pulu ələ keçirərək Zərərçəkmiş şəxs2 ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Donuz kökəltmə sovxozu ərazisində yerləşən 10 sot torpaq sahəsindən 3 sotunu Zərərçəkmiş şəxs1 Qəhraman oğluna 20500 manata satacağına dair yalandan vəd verib 10 avqust 2021-ci il tarixdə saat 10 radələrində sonuncudan Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yaşayış massivində xeyli miqdarda, yəni 19500 manat pulu, 17 avqust 2021-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində yerləşən Poliklinikanın qarşısında 1000 manat pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirərək ümumilikdə 20500 manat pulu alaraq 8 sot torpağa dair Zərərçəkmiş şəxs1 Qəhraman oğlunun adına istintaqa məlum olmayan vaxtda və yerdə “25 sentyabr 1992-ci il tarixli 20 avqust 1992-ci ilin 90 nömrəli əmri ilə təsdiq edilmiş Abşeron rayon Donuzkökəltmə sovxozu üzrə çıxarışı” rəsmi hüquq verən sənədi saxtalaşdırıb qanunsuz hazırlamaqla torpağa dair arxiv sənədini zərərçəkmiş şəxsə aldatma yolu ilə 20500 manat müqabilində satmaqla həmin məbləğdə pulu ələ keçirərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4və 320.1-ci maddələri ilə elan edilmiş ittihamda özünü məhkəmə iclasının əvvəlində təqsirli bilməyərək göstərdi ki, Zərərçəkmiş şəxs2 və onun əri Şahid3 həmkəndliləri olmaqla uzun illərdir ki, tanıyır. 2021-ci ildə Dilavər ona Rasimənin adına olan, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yaşayış massivində yerləşən 8 sot torpaq sahəsinin 3 sotunu satmaq istədiyini bildirmiş və onlar həmin 3 sot torpaq sahəsinin 19500 (on doqquz min beş yüz) manata satılmasına razılaşmışlar. O, torpaq sahəsinə dair Dilavərdən sənəd istədikdə Dilavər Zərərçəkmiş şəxs2 adına olan 15 avqust 1990-cı ilin Abşeron rayon Donuzkökəltmə sovxozu üzrə əmrdən çıxarış vermişdir. Sonra o, həmin torpaq sahəsinə dair verilmiş əmrin arxivdə olmadığını öyrənmişdir. Bu ərəfədə o, qeyd olunan torpaq sahəsini qonşuluqda yaşayan Cabir adlı şəxsin almaq istədiyini bilib sonuncu ilə torpaq sahəsini 20500 manata razılaşmış və Cabirdən ilkin olaraq 5000 manat beh alaraq bu pulun 4000 manatını Dilavərə beh kimi vermiş, 1000 manatını özündə saxlamışdır. X5 Xidmətinin əməkdaşını çağırıb həmin şəxsə 100 manat verərək torpaq sahəsinin mülkiyyətdə olmasını təsdiq edən çıxarışın olmadığını öyrənmişdir. Həmin yerin arxivinin olmamasına görə o, Dilavərdən beh kimi verdiyi 4000 manatı geri istəmişdir. Dilavər isə 4000 manatın 1000 manatını arxiv sənədlərinin düzəltdirməsi üçün verdiyini deyərək ona 3000 manat qaytarıb yerdə qalan 1100 manat pulu isə qaytaracağına söz versə də, bu günədək qaytarmamışdır. Cabirdən aldığı 20500 manatı isə təxminən 1 ay əvvəl qaytarmışdır. O, Zərərçəkmiş şəxs2 adına olan torpaq sahəsi üçün çıxarış alacağını vəd etməklə onları aldadıb 1000 manat pulunu alaraq ələ keçirməmişdir. Məhkəmə iclasının sonunda Təqsirləndirilən şəxs özünü təqsirli bilərək törətdiyi əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödəyərək onlarla barışdığını, zərərçəkmiş şəxslərin hazırda ondan heç bir şikayətlərinin və ya digər tələblərinin olmadığını, eyni zamanda himayəsində bir azyaşlı və yetkinlik yaşına çatmayan bir uşağının olmasını göstərdi və bütün bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, təxminən 1990-cı ildə mərhum atası X2 ona hədiyyə olaraq Bakı şəhəri Binə qəsəbəsi Donuzçuluq sovxozu adlanan ərazidə 8 sot torpaq sahəsi vermişdir. Maddi imkanı olmadığı üçün həmin torpaq sahəsində tikinti işləri aparmamış, lakin mişar daşları ilə hasarlamış, giriş hissəsində darvaza qoydurmuşdur. Təxminən 2021-ci ilin avqust ayının əvvələrində əri Şahid3 evdə olarkən həmkəndlisi Təqsirləndirilən şəxs onların evinin həyətinə gələrək Dilavərə həmin torpaq sahəsində obyekt açmağı və torpağın çıxarışını almağı təklif etmiş, 1000 manata torpaq sahəsinə çıxarış düzəldəcəyini vəd etmişdir. Onlar da inanaraq Elşənə onun şəxsiyyət vəsiqəsini və 1000 manat pul vermişlər. 2 gün keçdikdən sonra Dilavər Elşənə zəng edib sənədi soruşduqda Elşən gətirəcəyini söyləmiş, təxminən 3 gün sonra Elşən onun adına 8 sot torpaq sahəsinə dair 12 iyul 1990-cı il tarixli əmrdən çıxarış gətirmişdir. 2 gün sonra isə Elşən onların evinə gəlib torpağın xəritəsini çəkmək lazım olduğunu deyərək bu işi gördürmək üçün 100 manat tələb olunduğunu deyib almışdır. Təxminən bir həftə sonra Elşən torpağın xəritəsini Dilavərə vermiş, lakin onun şəxsiyyət vəsiqəsini saxlamışdır. Dilavər Elşənə zəng vurub şəxsiyyət vəsiqəsini istədikdə, Elşən vəsiqənin avtomobilində qaldığını, yaxın günlərdə gətirib verəcəyini söyləyərək həmçinin demişdir ki, guya o, yaxın günlərdə Xəzər rayon İcra Hakimiyyətinə gedib imza çəkdikdən sonra Nərimanov rayonunda yerləşən Əmlak komitəsindən çıxarış götürmək üçün getməlidirlər. Sonradan isə Dilavər dəfələrlə Elşənə zəng vursa da, Elşən zənglərinə cavab verməmiş və təxminən 10 gün sonra əri evə gələrkən kiminsə torpaq sahəsində binə qazma işləri gördüyünü xəbər vermiş və bir neçə dəfə Elşənə zəng vursa da, sonuncu yenə də zənglərə cavab verməmşdir. Təxminən 2 gün sonra Elşən telefona cavab vermiş, Dilavər ondan nə baş verdiyini, binə qazma işlərini kimlərin gördürdüyünü soruşduqda, Elşən sabah torpağın çıxarışını düzəldəcəyini vəd edərək bu məqsədlə əlavə 382 manat pul tələb olunduğunu bildirmiş, binə qazma işlərini isə özü gördürdüyünü və guya gələcəkdə orada obyekt tikdirəcəklərini söyləmişdir. Təxminən 3-4 gün sonra Dilavər torpaq sahəsinə getmiş və orada məlum olmuşdur ki, torpaq sahəsinin 3 sotunu Elşən 20500 manata Cabir adlı şəxsə satıb pulunu özü götürmüşdür. Bundan sonra Elşən onların torpaq sahəsinin satıldığını başa düşdüyünü bilib evlərinə gələrək onlara 4000 manat pul versə də, onlar pulu götürməyib Elşəndən torpağı Cabirdən geri almasını və onun şəxsiyyət vəsiqəsini qaytarmasını tələb etmişlər. Dilavər şəxsiyyət vəsiqəsini Elşəndən istədikdə o, Dilavərə demişdir ki, 4000 manatı götürməsə şəxsiyyət vəsiqəsini qaytarmayacaq. Bir neçə gün sonra Elşən şəxsiyyət vəsiqəsini qaytarmaq üçün Dilavərə demişdir ki, Cabirə yalandan özünün Elşənlə aralarında pul məsələsi olduğunu desin. X6 Elşənlə heç bir pul məsələsi olmadığını və torpağın Elşənə deyil onlara məxsus olduğunu bildirişdir. Ona dəymiş ziyan hazırda tamamilə ödənilmişdir, buna görə də o, təqsirləndirilən şəxslə barışmışdır, ondan heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bu barədə yazaraq notarial qaydada təsdiq etdirdiyi ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 Qəhraman oğlu göstərdi ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq Aslan yaşayış massivində qardaşı X1 evinin yaxınlığında özü üçün fərdi yaşayış evi tikdirmək məqsədilə boş torpaq sahəsi axtararkən 08 avqust 2021-ci il tarixdə həmin ərazidə boş torpaq sahəsinin hasarının üzərində ***-***-**-** saylı mobil telefon nömrəsinin yazıldığını və torpaq sahəsinin satıldığı qeyd olunmasını görüb həmin telefon nömrəsi ilə əlaqə saxlamış, ona cavab verən şəxs özünü Elşən kimi təqdim edərək torpağın 3 sotunun 20500 manata satıldığını və sənədləri qaydasında olduğunu bildirmişdir. Beləliklə, onlar razılaşıb 09 avqust 2021-ci il tarixdə torpağın yerində Elşənlə görüşmüşlər. Həmin vaxt Elşənin yanında özünü qohumu kimi təqdim etdiyi Yalçın adlı şəxs də olmuşdur. Elşən həmin vaxt torpaq sahəsinin Dilavər adlı şəxsə məxsus olduğunu bildirmişdir. 10 avqust 2021-ci il tarixdə saat 11 radələrində o, qohumu İsaxanla birlikdə Elşənin işlədiyi Xəzər rayonu Binə qəsəbəsi Atcılıq Aslan yaşayış massivində yerləşən kafeyə gedib Elşənə onun qohumu olan Yalçının yanında ona 19500 manat nəğd pul vermişdir. Həmin vaxt razılaşmışlar ki, 11 avqust 2021ci il tarixdə Elşən torpağın onun adına sənədləşdirlməsi ilə bağlı arxiv sənədi verəcəkdir. 11 avqust 2021-ci il saat 18 radələrində torpağın yerləşdiyi yerdə Elşən ona arxiv sənədəi olan: Abşeron rayonu Donuzkökəltmə sovxozunun ərazisindən fərdi yaşayış evi tiklməsi üçün 0,08 ha torpaq sahəsinin Zərərçəkmiş şəxs1 Qəhraman oğluna ayrılması barədə sovxozun direktoru B.A.İsayev tərəfindən imzalanmış və möhürlənmiş 20 avqust 1992-ci il tarixli 90 saylı əmrdən çıxarış vermişdir. Elşən torpağı ölçüb ona aid hissəsinin haradan başlayacağını deyib evin bünövrəsini qoyacağı yeri göstərmişdir. 14 avqust 2021-ci il tarixdə o, torpaq sahəsinə 250 ədəd mişar daşları və 0.5 kub taxta aparıb boşaldaraq hasarın bünövrəsini qazdırmış və təxminən 2 günə yaxın orada ustalar işləyib betonlama işləri görmüşlər. 15 avqust 2021-ci il tarixdə saat 17 radələrində Elşənlə Buzovna qəsəbəsində Poliklinikanın qarşısında görüşüb ona 1000 manat pul vermiş, Elşən də ona torpağa dair kadastr sənədini təqdim etmişdir. 18 avqust 2021-ci il tarixdə torpaq sahibi Dilavər adlı şəxs onun qardaşı Pünhanın yaşadığı evə gedərək torpaq sahəsinin özünə məxsus olduğunu bildirib sonrada torpaq sahəsinin hasarının bünövrəsini dağıtmışdır. Bu sözləri eşitdikdən sonra o, Abşeron rayon İcra Hakimiyyətinin arxiv idarəsinə gedərək Elşənin verdiyi sənədin həqiqiliyini yoxladarkən ona şifahi şəkildə həm də sonradan 05 oktyabr 2021-ci il tarixdə rəsmi məktubla bildirilmişdir ki, Abşeron rayon Donuzkökəltmə sovxozunun ərazisində onun adına torpaq sahəsi aşkar edilməmişdir. O, məktubu aldıqdan sonra Elşən və Dilavərlə görüşüb onlardan pulunu tələb etmiş, Elşən aldığı puldan 4000 manatını Dilavərə verdiyini, sonradan həmin puldan 2900 manatını aldığını, 1100 manatı isə qaldığını bilidrmişdir. Təxminən bir ay sonra Elşən özünün iş yerində onun qohumu İsaxana 4700 manat pul vermiş, İsaxan da, həmin pulu ona çatdırmışdır. Bu günə kimi Elşən onun pulunun hamısını qaytarmayıb dələduzluq yolu ilə 15800 manat pulunu ələ keçirmişdir. Ona dəymiş ziyan hazırda tamamilə ödənilmişdir, buna görə də o, təqsirləndirilən şəxslə barışmışdır, ondan heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bu barədə yazaraq notarial qaydada təsdiq etdirdiyi ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 Zərərçəkmiş şəxs2 ifadəsi ilə oxşar, eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etdi. İş materiallarında olan üzləşdirmə protokolundan görünür ki, Şahid3 Təqsirləndirilən şəxsla üzləşdirilərkən ifadəsində göstərilən xüsusatları onun üzünə qarşı da təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 Zərərçəkmiş şəxs1 ifadəsi ilə oxşar, eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 Bahadır oğlu göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma dayısı oğludur,. Elşən ilə tez-tez rastlaşır, o, mütəmadi olaraq onun işlədiyi təndirxanaya gedib-gəlir. Təxminən 2021-ci ilin avqust ayında Elşən ilə Binə qəsəbəsi Atçılıq Binə massivində rastlaşarkən Elşəndən xahiş etmişdir ki, onu əsas yola kimi idarə etdiyi avtomobillə aparsın. Onlar yolda gedərkən Elşən bir nəfərlə 5 dəqiqəlik işi olduğunu deyərək avtomobili yolun kənarında saxlamış və sonradan adını bildiyi Cabir adlı şəxslə görüşüb söhbət etmişlər. Sonra Elşən avtomobilə əyləşəndə ona həmin şəxsə torpaq sahəsini satdığını bildirmişdir. O, Elşənin işlərinə qarışmadığı üçün heç bir sual verməmişdir. Ertəsi gün Elşənin işlədiyi yerə getmiş və görmüşdür ki, Elşən Cabir və sonradan adını bildiyi İsaxanla torpaq haqqında danışıb bir-birilərinə halallıq verirlər, Cabir təxminən 20500 manat pul vermiş, o, özü də Elşənə pulu saymaqda köməklik etmişdir. Bundan sonra isə o, ayrılıb getmişdir. Bir müddət sonra Cabirlə Binə qəsəbəsində rastlaşarkən Cabir ona Elşənlə aralarında problem yarandığını, Elşənin ona satdığı yerin başqa adamın olduğunu bildirmişdir. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs1 Qəhraman oğlunun təqdim etdiyi və Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivindən ona verilmiş F1028 nömrəli, 05 oktyabr 2021-ci il tarixli arayışdan görünür ki, Abşeron rayonu Donuzkökəltmə sovxozunun 20 avqust 1992-ci il tarixli 90№ li qərarında Zərərçəkmiş şəxs1 adı aşkar ediməmişdir. İş materiallarından görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ona təqdim etdiyi “Abşeron rayonu Donuzkökəltmə sovxozunun ərazisindən fərdi yaşayış evi tikilməsi üçün 0,08 ha torpaq sahəsinin Zərərçəkmiş şəxs1 Qəhraman oğluna ayrılması barədə sovxozun direktoru B.A.İsayev tərəfindən imzalanmış və möhürlənmiş 20 avqust 1992-ci il tarixli 90 saylı əmrdən çıxarış”ı təqdim edərək cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarında olan və Zərərçəkmiş şəxs2 tərəfindən yazılaraq notarial qaydada təsdiq olunmuş 27 aprel 2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı tamamilə ödəyərək onunla barışmışdır, buna görə də onun ondan heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır, bunun nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan və Zərərçəkmiş şəxs1 tərəfindən yazılaraq notarial qaydada təsdiq olunmuş 27 aprel 2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı tamamilə ödəyərək onunla barışmışdır, buna görə də onun ondan heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır, bunun nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı və yetkinlik yaşına çatmayan bir uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 28 yanvar 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə torpağa dair saxta blanklardan çıxarış hazırlayaraq satmaqla özgənin xeyli miqdarda əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla dələduzluq edib saxta sənəd verməsi zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü məhkəmə istintaqının əvvəlində təqsirli bilməmiş, lakin onun həmin ifadəsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla təkzib edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqının əvvəlində özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrlə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasının sonunda törətdiyi əməlləri etiraf edərək peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tamamilə ödəyərək onlarla barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin hazırda ondan heç bir çikayətlərinin və ya digər tələblərinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etmələrini, himayəsində bir azyaşlı və yetkinlik yaşına çatmayan bir uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və buna görə də ona təqsirləndirildiyi maddələrin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə aylıq qazancından dövlət nəfinə müəyyən faiz məbləğdə pul tutulmaqla islah işləri cəzası təyin edilməli, CM-nin 68.3.1-ci maddəsinə əsasən islah işlərinin 02 (iki) günü azadlığın məhdudlaşdırılmasının 01 (bir) gününə bərabər tutulmaqla azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməli, Azərbaycan Respublikası CM-nin 66.2 maddələsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 17 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə şübhəli şəxs qismində tutulmuş, 19 yanvar 2022-ci il tarixdə ona həmin maddələrlə ittiham elan edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli 1(003)-143/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi, barəsində həbsli axtarış elan edilməsi və həbsetmənin əvvəlinin tutulduğu gündən hesablanması qərara alınmışdır. İş materiallarında olan Xəzər RPİ-nin 3-cü PŞ tərəfindən məhkəməyə ünvanlanmış 09 aprel 2022-ci il tarixli 341-2134-1222 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə təqsirləndirilən şəxs, axtarışda olan Təqsirləndirilən şəxs 09 aprel 2022-ci il tarixdə Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən Xəzər rayonu Binə Atçılıq yeni yaşayış massivində saxlanılaraq Xəzər RPİ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 17 yanvar 2022-ci il tarixdən 19 yanvar 2022-ci il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün və 09 aprel 2022-ci il tarixdən 27 aprel 2022-ci il tarixə qədər təqsirləndirilən şəxs qismində həbsdə saxlanıldığı 18 (on səkkiz) gün, cəmi 20 (iyirmi) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə islas zalında həbsdən azad edilməli, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 3-də çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.2, 178.2.4və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 30 iş saatına görə (ibtidai istintaq zamanı 20 saat və məhkəmə baxışı zamanı 10 saat) cəmi 180,00 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə ekspertiza xərci yoxdur, mülki iddia verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344-349, 351-353, 356-358 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə aylıq qazancından dövlət nəfinə 15% məbləğdə pul tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.3.1-ci maddəsinə əsasən islah işlərinin 02 (iki) günü azadlığın məhdudlaşdırılmasının 01 (bir) gününə bərabər tutulmaqla 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 17 yanvar 2022-ci il tarixdən 19 yanvar 2022-ci il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün və 09 aprel 2022-ci il tarixdən 27 aprel 2022ci il tarixə qədər təqsirləndirilən şəxs qismində həbsdə saxlanıldığı 18 (on səkkiz) gün, cəmi 20 (iyirmi) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 10 (on) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanını axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 180,00 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar