Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-143/2024 22.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 24 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1970-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində yetkinlik yaşına çatmayan bir uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nında yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 09 iyun 2023-cü il tarixdə saat 13:30 radələrində idarə etdiyi “Mazda CX” **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobilə yanacaq doldurmaq üçün Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Mərdəkan şosesində fəaliyyət göstərən “Azpetrol” YDM-nə gəlmiş, həmin vaxt xidmətdə olan operator Zərərçəkmiş şəxs postuna yaxınlaşaraq ondan 30 manat miqdarında avtomobilinə yanacaq doldurmasını istəmiş, Zərərçəkmiş şəxs yanacaq tapançasını Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin çəninə daxil etdikdən sonra məntəqənin digər postuna da xidmət edən iş yoldaşının nahara getdiyi üçün iş yoldaşına köməklik etmək məqsədi ilə həmin posta yaxınlaşan müştərinin avtomobilinə yanacaq vurmaq məqsədi ilə digər müştərinin avtomobilinə yanacaq dolduran zaman Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs digər avtomobilə yanacaq vurduğu üçün Zərərçəkmiş şəxs ilə mübahisə edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər edərək ətrafdakı şəxslər üçün aşkar sürətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, ehtinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq, mənəviyyat normalarına əməl etməyib, idarə etdiyi avtomobildən düşərək yanacaq doldurma məntəqəsinin gündəlik iş rejminin pozulmasına və müştərilərin mənafelərinə toxunan hərəkətlər etməklə qəsdən bir neçə dəfə sillə zərbəsi ilə Zərərçəkmiş şəxs vuraraq sonuncuya sağ əlin sıyrıqları kimi sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilməyən xəsarət yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, 09 iyun 2023-cü il tarixdə şəxsi avtomobilinə benzin doldurmaq üçün Xəzər rayonu ərazisində fəaliyyət göstərən “Azpetrol” YDM-nə gələrək kart vasitəsi ilə benzin üçün ödəniş etdikdən sonra, oradakı işçi benzin vurmayaraq kənarda dayanıb iş yoldaşı ilə söhbət etməyə başlamışdır. Bu zaman o, həmin işçiyə iradını bildirərək nə üçün benzin vurmadığını soruşmuş, işçi isə ona kobud surətdə “nə olub, gəlirəm də” deyib benzini vurub qurtardıqdan sonra yanacaq pistoletini onun avtomaşınından çıxarmayaraq iş yoldaşı ilə söhbət etməyə davam etmişdir. Güzgüdən yanacağın tam olaraq dolduğunu, operatorun isə söhbət etdiyini görüb yenidən operatora tez gəlib işini yerinə yetirməsini tələb etdikdə operator yenidən ona kobud cavab verərək onu təhqir etməyə başlamışdır. O, avtomobildən düşməyərək pəncərədən operatora iradını bildirdikdə, operator onun üzərinə qışqıraraq təhqir etməyə davam etmişdir. Avtomobildən düşüb operatora sözlərinə fkir verməsini bildirdikdə, operator təhqirə davam etmişdir. O, buna dözməyərək operatoru vurmuş, operator da onu sillə ilə vurmuşdur. Operator ona kişi söyüşləri söyərək təhqir etmiş, o da operatora cavab vermişdir. Sonra o, avtomobilinə minərək getmək istəmiş, avtomobildə olan zaman operator söyüşlərə davam edərək yumruqla onun avtomobilinin arxa şüşəsini sındırmışdır. Bundan sonra o, “102” xidmətinə zəng edərək oradan çıxıb getmişdir. Özünü təqsirli bilmir, çünki, bu, şər və böhtandır, o, heç kəsə qarşı xuliqanlıq hərəkəti etməmişdir, bu səbəbdən sənədlərə də qol çəkməmişdir. Buna baxmayaraq, hazırda zərərçəkmiş şəxs Şəhriyarın ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Himayəsində yetkinlik yaşına çatmayan bir uşağı vardır. Bütün bunların nəzərə alınaraq barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, o, Binə qəsəbəsində fəaliyyət göstərən “Azpetrol” YDM-də operator vəzifəsində işləyir. 09 iyun 2023-cü il tarixdə saat 14 radələrində işdə olan zaman “Mazda” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil postuna yaxınlaşmışdır. Avtomobili idarə edən qadın ondan 30 manatlıq yanacaq istəmiş, o da yanacağı kassaya yazaraq tapançanı avtomobilin çəninə daxil etmişdir. Qadın ödənişi kartla etdiyi üçün posterminaldan pulu çıxmaqdan ötrü posterminal ilə xanıma yaxınlaşmışdır. Həmin qadın ona tələsdiyini deyib, yanacağı qoşmağını, sonra isə posterminaldan pulu çıxmağını demişdir. O, əvvəlcə posterimanldan pulu çıxmış, sonra gedib yanacağı qoşmuşdur. Digər postda iş yoldaşı nahara getdiyi üçün avtomobilə yanacaq vurmaqdan ötrü iş yoldaşının postuna yaxınlaşıb yanacağı qoşmuşdur. Sürücü 100 manat verdiyi üçün həmin pulun qalığını qaytaran zaman adını sonradan bildiyi sürücü Təqsirləndirilən şəxs qışqıraraq onu çağırıb tələsdiyini bildirmişdir. O, həmin xanıma gəldiyini demiş, Gülsuqra isə cavabında ona “ağzıvı ayırıb o yana baxırsan“ demişdir. Gülsuqraya işini gördüyünü demiş, Gülsuqra isə ona qarşı nalayiq ifadələr işlədərək ”şərəfsiz və alçaq” olduğunu demişdir. O, Gülsuqranı sakitləşdirməyə çalışsa da, Gülsuqra getdikcə onu daha ağır sözlərlə təhqir edib söyməyə başlamışdır. Sonra Gülsuqra avtomobildən düşərək sillə ilə bir neçə dəfə onu vurub xəsarət yetirmiş, o da onu itələyib kənara çəkmişdir. Bu zaman orada olan işçilər Gülsuqranı ondan ayırmışlar. Gülsuqra dayanmayaraq onun atasını söymüş və təhqir etmişdir. Atası yeni öldüyü üçün Gülsuqranın sözləri ona pis təsir etmiş və o, hisslərini cilovlaya bilməyərək bir dəfə yumurqla onun avtomobilinin arxa şüşəsinə zərbə vurmuş, zərbənin təsirindən avtomobilin arxa şüşəsi sınmışdır. Gülsuqra onu söyüb təhqir edərək DİN-nin “102” xidmətinə zəng etmiş, sonra müdiriyyət gələrək onu sakirləşdirməyə çalışmış, lakin Gülsuqra onu və ailə üzvlərini söyərək idarə etdiyi avtomobillə oradan getmişdir. Hadisə təxminən 4 dəqiqə davam etmişdir. Hadisə zamanı o, Gülsuqranı vurmamış və xəsarət yetirməmişdir. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və ya digər tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid göstərdi ki, Mərdəkan şosesində fəaliyyət göstərən “Azpetrol” YDM-də növbə rəisi vəzifəsində işləyir. 09 iyun 2023-cü il tarixdə xidmətdə olan zaman saat 13:30 radələrində əvvəllər tanımadığı bir nəfər qadın idarə etdiyi “Mazda CX” **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobillə yanacaq doldurma məntqəsinə gəlmişdir. Həmin vaxt o, 76 saylı məntəqədə olmuşdur. Orada olarkən ucadan qadın səsi gəldiyini və qadının nalayiq ifadələr işlədərək söyüş söydüyünü eşidib həmin qadının olduğu məntəqəyə yaxınlaşmışdır. Həmin qadın nalayiq ifadələr işlədərək avtomobilindən düşmüş və postda işləyən Zərərçəkmiş şəxs üz nahiyəsindən bir neçə dəfə sillə ilə vuraraq xəsarət yetirmişdir. O və orada olan digər bir işçilər həmin qadını ayıraraq sakitləşməsini və məntəqənin iş rejmini pozmamasını tələb etmişlər. Lakin həmin qadın bunlara məhəl qoymayaraq Şəhriyarın və valideynlərinin ünvanına nalayiq ifadələr işlətməyə davam etmişdir. Şəhriyar həmin qadına atasının yeni vəfat etdiyini deyərək söyüş söyməməsini tələb etməsinə baxmayaraq, həmin qadın söyüşlərinə davam etmişdir. Şəhriyar həmin qadının bütün iradlara baxmayaraq hərəkətlərini davam etdirib ölmüş atasının ünvanına nalayiq ifadələr işlədərək söydüyü üçün hisslərini cilovlaya bilməyib bir dəfə yumruqla həmin qadının avtomobilinin arxa şüşəsinə zərbə vuraraq şüşəni sındırmışdır. Bundan sonra həmin qadın avtomobilindən telefonu götürüb çəkiliş aparmağa başlamış, sonra da avtomobilinə oturaraq oradan uzaqlaşmışdır. Hadisə təxminən 4 dəqiqə davam etmiş və həmin vaxt ərzində məntəqənin işi müvəqqəti olaraq dayanmışdır. Hadisə zamanı qadın Şəhriyarı vursa da, Şəhriyar ona heç bir zərbə vurmamış və xəsarət yetirməmiş, sadəcə əli ilə qadını itələyib zərbələrin dəyməməsi üçün özünü müdafiə etmişdir. Cinayət işinə əlavə edilmiş hadisə yerinin müşahidə kamerasından götürülmüş video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs 09 iyun 2023-cü il tarixdə saat 13:39– da idarə etdiyi avtomobillə YDM-nə gəlir. Həmin vaxt xidmətdə olan operator Zərərçəkmiş şəxs postuna yaxınlaşaraq ondan avtomobilinə yanacaq doldurmasını istəyir, Zərərçəkmiş şəxs yanacaq tapançasını Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin çəninə daxil etdikdən sonra məntəqənin digər postuna yaxınlaşır və oradakı avtomobilə yanacaq doldurur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə mübahisə etməyə başalayır. Saat 13:40-da Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən düşərək bir neçə dəfə sillə zərbəsi ilə Zərərçəkmiş şəxs vurur. Oradakı şəxslər onları ayırdıqdan sonra Təqsirləndirilən şəxs yenidən Zərərçəkmiş şəxs nə isə deyir, sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs avtomobilinin arxa şüşəsini yumruqla vuraraq sındırır, bundan sonra Təqsirləndirilən şəxs avtomobilə minərək oradan gedir. İş üzrə məhkəmə-tibbi ekspertizasının 13 iyun 2023-cü il tarixli 620 nömrəli rəyində göstərilmişdir ki, 1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ əlin sıyrıqları məhdud səthə malik əşya (ola bilsin şüşə parçası) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 4-5 gün əvvəl olmaqla, qərarda göstərilən 09 iyun 2023-cü il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İş materiallarından görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək ifadəsini təsdiq etdiyini və Təqsirləndirilən şəxs ilə üzləşmək istəmədiyini bildirmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan bir uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 08 sentyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı Qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. CM-nin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. İctimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq Cinayət Məcəlləsinin 128 -ci maddəsi ilə tövsif edilməsinə ehtiyac qalmır. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutları araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaş üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq cinayətini törətməsi zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyi və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadə həqiqətə uyğun deyildir, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyi və cinayət işinin digər materialları ilə təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olub cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. İş materiallarında olan Xəzər RPİ İŞ-nin baş müstəntiqi Rafiq Qarayev tərəfindən qəbul edilmiş 28 avqust 2023-cü il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaq şöbəsinə əməliyyat tapşırığı əsasında təmin etmək mümkün olmadığına görə onun barəsində axtarış elan edilərək CPM-nin 53.1.2-ci maddəsinə əsasən cinayət işinin istintaqı dayandırılmış, 02 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs könüllü şəkildə gələrək istintaqa təslim olduğuna görə iş üzrə icraat təzələnmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və ya digər tələbinin olmamasını, himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxsnun cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu əməlin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların mövcud olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən də islah olunması mümkün olduğuna görə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanununun sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxsnun barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri Binəqədi rayonu Cavadxan küçəsi ev 3A mənzil 217-də çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün gecə saat 24.00-dan səhər saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda müdafiə etmiş Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X1 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X1 20 iş saatına görə ümumilikdə 120,00 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinsin və ona 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanını gecə saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxsnun cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə ümumilikdə 120,00 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-143/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-143/2024
22.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver