Məhkəmə qərarları › İş №1(003)-144/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-144/2024

04.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-144/2024 04.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Yevlax şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış və barəsində «həbs» qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası ƏN PX-in 3 saylı İT-də saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talama məqəsdi ilə 18 iyul 2023-cü il tarxdə saat 01 Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Ə.İsazadə küçəsindən Təcili tibbi yardım stansiyasına gedən yolunun sol hissəsində, Poçtun yaxınlığında yerləşən və fəaliyyət göstərən «All» marketin plastik materialdan olan nəfəsliyini sındıraraq marketə qanunsuz daxil olduqdan sonra marketin daxilində olan video müşahidə kamerasının onu çəkməməsi üçün əynində olan ağ rəngli qısaqol gödəkçəni kameranın üstünə atmış, daha sonra isə müdir otağında olan açıq seyfdən 732,20 manat nağd pulu gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs «Al Market MMC»-yə ümumilikdə 732,20 (yeddi yüz otuz iki manat iyirmi qəpik) manat oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Şahid uzun illərdi ki, tanıyır. 18 iyul 2023-cü il tarixdə saat 00 radələrində kafedə oturub spirti içki qəbul etmiş, həmin vaxt maddi vəziyyətinin pis olduğu üçün pul əldə etmək niyyəti ilə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən Al marketə gedib oğurluq etmək niyyətinə gəlmişdir. Təxminən saat 01 radələrində Al marketin yaxınlığında olub, ətrafa baxıb kimsənin olmamasından tam əmin olub marketin arxa hissəsində olan balaca ölçülü nəfəslikdən içəri girmək üçün plastik nəfəsliyi yerindən qoparıb və nəfəslikdən marketin sanitar qovşağına daxil olmuşdur. Bundan sonra marketin içində olan videomüşahidə kamerasına düşməmək üçün əynindəki ağ rəngli qısaqol köynəyini çıxarıb kameranın üstünə keçirtmişdir. Bundan sonra marketin içərisində müdir otağındakı olan seyfdən pulları götürüb həmin nəfəslikdən çölə çıxmışdır. Həmin ərazidən uzaqlaşmış, pulları saymış və həmin pulun 350 manatını götürmüşdür. Daha sonra yaxın dostu olan Pünhanın evinə gəlmişdir. Pünhanla görüşmüş, ona gələcəkdə tutulacağını deyib və həbsdən çıxandan sonra ona geri qaytarması üçün qalan 377 manat pulu vermişdir. Daha sonra polis əməkdaşları onu oğurluq etdiyinə görə tutmuşlar. O, oğurladığı pulun qalanını Pünhana verdiyini etiraf etmişdir. Onun oğurladığı pul 732 manat olmuşdur. Məhkəmədən törətdiyi əməldən səmimi olaraq peşman olduğunu, götürdüyü pulu geri qaytardığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, 2020-ci ildən etibarən "xxxx" MMC-nin hüquqşünası vəzifəsində işləyir. Şirkət direktoru tərəfindən nümayəndə qismində iştirak etməyi üçün ona etibarnamə verilmişdir. 18 iyul 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Ə.İsazadə küçəsindən Təcili tibbi yardım stansiyasına gedən yolunun sol hissəsində, Poçtun yaxınlığında yerləşən və fəaliyyət göstərən «Al» marketdən işçisi tərəfindən şirkətə məlumat verilərək oğurluq olmasını bildirmişlər. O, həmin market yerləşən ünvana getmiş və orada ona bir daha məlum olmuşdur ki, müdir otağındakı seyifdən ümumilikdə 732,20 manat pul oğurlanmışdır. Hətda oğurluq etmiş şəxsin qısa görüntüsü marketdə olan müşahidə kamerasının yaddaşına düşmüşdür. O, barədə müvafiq sənədləşmə işləri aparmış və aidiyyəti üzrə məlumat vermişdir. «Al» marketə dəymiş ziyan təqsirləndirilən şəxs tərəfində ödənilmiş, hazırda onların şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Şahid ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. xx.xx.2023-cü il tarixdə saat 01:30 radələrində Təqsirləndirilən şəxs onun yaşadığı evə gəlmiş və onu küçəyə çağırmışdır. Vüsal ona cinayət törətdiyini və buna görə də, həbs olunacağını demiş və həbsdən çıxandan sonra xəcləməsi üçün 375 manat pulu ona verərək saxlamasını xahiş etmişdir. Təqsirləndirilən şəxs ona demişdir ki, o, həbsdən çıxandan sonra həmin pulu Vüsala geri qaytarsın. O da razılaşaraq pulu götürüb saxlamışdır. Bundan sonra Vüsal oradan getmişdir. Bir neçə saatdan sonra polis əməkdaşları onun evinə gəlmiş və Vüsalın ona verdiyi pulu təqdim etməsini tələb etmişlər. Bundan sonra o, Vüsalın ona saxlaması üçün verdiyi 375 manat pulu polis əməkdaşlarına təqdim etmişdir. Vüsal oğurluqda tək olmuş, o, sonradan həmin yerə tək girmişdir. Vüsalla birlikdə getməmişdir. İş materiallarına əlavə olunmuş cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılmış, başlanmış cinayət işinə ********* nömrəsi verilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli cinayət əməlinin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl CM-nin 1772.3-cü maddəsindən həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(003)-344/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 178.2.4-cü maddələri ilə təqsirli bilinmiş və CM-nin 69.4-cü maddəsi tətbiq olunmaqla 1 000 manat cərimə cəzasına məhkum edilmişdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 185.1-ci maddələri ilə təqsirli bilinmiş və 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2018-ci il tarixdə Xətai Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 185.1-ci maddələri CM-nin 177.2.3, 185.1-ci maddələrinə tövsif olunmuş, CM-nin 66.2-ci maddəsi əsasən 03 il 09 ay cəza təyin edilmiş, CM-nin 177.2.2-ci maddəsi hökmdən xaric edilmiş, xx.xx.2020-ci il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2018-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı dəyişdirilmiş, CM-nin 177.2.3, 185.1, 66.2 maddəsinə əsasən qəti olaraq 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2020-ci il tarixdə cəza müddəti bitdiyindən şöbə qeydiyyatından çıxarılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli cinayət işi üzrə əməlin hüquqi tövsif olunması və sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki,

1. İş üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.3-cü maddəsinə hüquqi tövsif olunmuşdur.

2. Təqsirləndirilən şəxs 19 iyul 2023-cü il tarixdə elan olunmuş ittihama əlavə və dəyişikliklər edilməklə yenidən Azərbaycan gespublikası CM-nin 177.2.3-cü maddəsi ilə ittiham elan olunmuşdur.

3. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsinə heç bir əsas olmadığından nəzərə alınmışdır.

4. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.4 və 186-cı maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir.

5. Sabunçu rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın bitməsi, cəzaya əsasən onun əməlində cinayətin residivi yaranmaması nəzərə alınmışdır.

6. Təqsirləndirilən şəxs və Şahid polis əməkdaşları tərəfindən təziq olunması xüsusatı araşdırılmasından ötrü material ayrılmış və araşdırma aparılmasından ötrü Xəzər rayon prokurorluğuna göndərilmişdir.

7. İş üzrə alınmış ifadələr, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsi, şahid ifadələri, hadisə yerinə baxış protokolları, fotoşəkillərlə, baxış keçirmə və maddi sübutun götürülməsi barədə 18 iyul 2023-cü il tarixli protokolu, 18 iyul 2023-cü il tarixli CD diskə baxış keçirmə barədə protokol, qiymət qaiməsi, üzləşdirmə protokolu, eləcə də digər istintaq sənədləri sübut növü kimi qiymtələndirilmişdir.

8. Qərarın surəti məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xəzər rayonu uroruna göndərilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etməsi məhkəmə baxışı zamanı onun özünün etirafedici ifadəsindən başqa, cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək peşman olmasını, cinayət nəticəsində dəymiş maddi ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin olmamasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama — yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər həbsdə saxlanıldığı 10 ay 17 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi R.Məcidov küçəsi, 33 saylı evində çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhəri ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Zərərçəkmiş şəxs "xxxx" MMC-yə 732,20 manat maddi ziyanın tam şəkildə ödənilməsi nəzərə alınmalıdır. İş üzrə Şahid barəsində material cinayət işinin materiallarından ayrılaraq araşdırılması üçün Xəzər Rayon Prokurorluğuna göndərilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X1 180 manat və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 180 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

h ö k m e t d i:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər həbsdə saxlanıldığı 10 ay 17 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi R.Məcidov küçəsi, 33 saylı evini axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs "xxxx" MMC-yə 732,20 manat maddi ziyanın tam şəkildə ödənilməsi nəzərə alınsın. İş üzrə Şahid barəsində material cinayət işinin materiallarından ayrılaraq araşdırılması üçün Xəzər Rayon Prokurorluğuna göndərilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X1 180 manat və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 180 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar