Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-145/2023 18.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, təqsirləndirilən şəxslər İskandarov Anarın (X1) və Təqsirləndirilən şəxs1 iştirakları ilə, 22 fevral 1997-ci il tarixdə Bakı şəhərində doğulmuş, Gürcüstan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - İskandarov Anarın (X1) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə və xx xxxxxxx 1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, "xxxx" MMC-də fəhlə işləyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaql orada yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən İskandarov Anar (X3) bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, İskandarov Anar (X3) tanışı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında 23 avqust 2022-ci il tarixdə, saat 02 radələrində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində yerləşən “Caspian” otelin həyətində fəaliyyət göstərən kafedə və həmin otelin çıxışında küçədə heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ictimai və şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş, birgə yaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ətrafdakı insanlarda qorxu və narahatlıq yaradan, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib ətrafda olan şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs ünvanına nalayiq söyüşlər söymüş və onun bədəninin müxtəlif nahiyələrindən təpik zərbələri ilə qəsdən çoxsaylı zərbələr endirib sol dirsəyin, qarnın, sol budun sıyrıqları, sol saidin, qarnın, bel nahiyəsinin, sol baldırın qançırları, sol dirsəyin və sol saidin yumşaq toxumalarının əzilməsi ilə nəticələnən və yetirildiyi anda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirib xuliqanlıq etmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tanışı İskandarov Anar (X3) ilə bir qrup şəxs halında 23 avqust 2022-ci il tarixdə, saat 02 radələrində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində yerləşən “Caspian” otelin həyətində fəaliyyət göstərən kafedə və həmin otelin çıxışında küçədə heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ictimai və şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş, birgə yaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ətrafdakı insanlarda qorxu və narahatlıq yaradan, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib ətrafda olan şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs ünvanına nalayiq söyüşlər söymüş və onun bədəninin müxtəlif nahiyələrindən təpik zərbələri ilə qəsdən çoxsaylı zərbələr endirib sol dirsəyin, qarnın, sol budun sıyrıqları, sol saidin, qarnın, bel nahiyəsinin, sol baldırın qançırları, sol dirsəyin və sol saidin yumşaq toxumalarının əzilməsi ilə nəticələnən və yetirildiyi anda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirib xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxslərin əməlləri məhkəmədə tədqiq edilmiş, onların, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, cinayət işinin materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən İskandarov Anar (X3) Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü məhkəmə istintaqının əvvəlində təqsirli bilməyərək göstərdi ki, 23 avqust 2022-ci il tarixdə saat 02 radələrində tanışı Vasiflə birlikdə ona məxsus olan “Opel” markalı **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobillə istirahət etmək məqsədilə Türkan qəsəbəsində yerləşən “Caspian” otelin həyətində fəaliyyət göstərən kafeyə getmişlər. Həmin oteli Dəniz adlı qadın işlədir. Vasiflə bir qədər yeyib-içdikdən sonra öz aralarında söhbət edərkən o, söyüş söydüyünə görə digər masada əyləşən, əvvəllər tanıdığı, həmin vaxt oraya qızlarla gələn və içkili vəziyyətdə olan Ceyhun adlı şəxs yanlarına gələrək heç bir söz demədən onun sifətindən bir yumruq zərbəsi vurmişdur. Həmin vaxt Vasif Ceyhunu əli ilə itələmiş və Ceyhun yerə yıxılmışdır. Bundan sonra Ceyhun ayağa qalxıb Vasifin üstünə gəldikdə Vasif yenə əli ilə Ceyhunu itələmiş və Ceyhun yenə də yerə yıxılmışdır. Mübahisə otelin çölündə baş vermiş, səs-küyə adamlar toplaşmışlar. Ceyhun ayağa qalxıb oradakı şəxslərə otelin darvazasını bağlamalarını bildirmişdir. Həmin vaxt onları döyəcəklərindən qorxaraq maşınla otelin həyətindən çıxmaq istəmişlər. O, avtomobilə əyləşən vaxt Ceyhun otelin həyətində olan zibil qutusunu götürmüş və Vasifin kürəyindən zibil qutusu ilə bir zərbə vurmuşdur. Vasif yenə Ceyhunu itələmiş və Ceyhun yerə yıxılmışdır. Vasiflə o, avtomobilinə minərək oradan uzaqlaşmışlar. Bir neçə gündən sonra onu 1-ci Polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt bilmişdir ki, Ceyhun onlardan polisə şikayət etmişdir. Təqsirləndirilən şəxs İskandarov Anar (X3) məhkəmə istintaqının sonunda özünü təqsirli bilərək, ilk dəfə törətdiyi əməlini etiraf etdi, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını və ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və tələbinin olmamasını bildirdi və bütün bunların nəzərə alınmasını və ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü məhkəmə istintaqının əvvəlində təqsirli bilməyərək göstərdi ki, 23 avqust 2022-ci il tarixdə saat 02 radələrində tanışı Anarla birlikdə Anara məxsus olan “Opel” markalı **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobillə istirahət etmək məqsədilə Türkan qəsəbəsində yerləşən “Caspian” otelin həyətində fəaliyyət göstərən kafeyə getmişlər. Həmin oteli Dəniz adlı qadın işlədir. Anarla bir qədər yeyib-içdikdən sonra öz aralarında söhbət edərkən Anar söyüş söydüyünə görə digər masada əyləşən, əvvəllər tanıdığı, həmin vaxt oraya qızlarla gələn və içkili vəziyyətdə olan Ceyhun adlı şəxs yanlarına gələrək heç bir söz demədən Anarın sifətindən bir yumruq zərbəsi vurmişdur. Həmin vaxt o, Ceyhunu əli ilə itələmiş və Ceyhun yerə yıxılmışdır. Bundan sonra Ceyhun ayağa qalxıb onun üstünə gəldikdə, o, yenə əli ilə Ceyhunu itələmiş və Ceyhun yenə də yerə yıxılmışdır. Mübahisə otelin çölündə baş vermiş, təxminən 1 saat çəkmiş, səs-küyə ətrafdan tanımadığı adamlar, otelin kafesində əyləşmiş tanımadığı müştərilər və ofisiantlar toplaşmışlar. Ceyhun ayağa qalxıb oradakı şəxslərə otelin darvazasını bağlamalarını bildirmişdir. Həmin vaxt onları döyəcəklərindən qorxaraq maşınla otelin həyətindən çıxmaq istəmişlər. Anar avtomobilə əyləşən vaxt Ceyhun otelin həyətində olan zibil qutusunu götürmüş və onun kürəyindən zibil qutusu ilə bir zərbə vurmuşdur. O, yenə Ceyhunu itələmiş və Ceyhun yerə yıxılmışdır. Anarla o, avtomobilə minərək oradan uzaqlaşmışlar. Bir daha bldirir ki, o, Ceyhunu vurmamışdır, ona xəsarət yetirməmişdir. Sadəcə olaraq, Ceyhunu itələyəndə Ceyhun yerə yıxılmış və ola bilsin ki, həmin vaxt hansısa xəsarət almışdır. Bir neçə gündən sonra onu 1-ci Polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt bilmişdir ki, Ceyhun onlardan polisə şikayət etmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqının sonunda özünü təqsirli bilərək, ilk dəfə törətdiyi əməlini etiraf etdi, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını və ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və tələbinin olmamasını bildirdi və bütün bunların nəzərə alınmasını və ona yüngül cəza verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə dəfələrlə məlumat verilmiş, o, 31 yanvar 2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq təqsirləndirilən şəxslər İskandarov Anar (X3) və Təqsirləndirilən şəxs1 ilə barışdığını, ona dəymiş ziyanın tamamilə ödənildiyini, onlardan heç bir şikayətinin və ya digər tələbinin olmadığını, barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxslərə cəza verilməsini istəmədiyini, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq onun ibtidai istintaq zamanı verdiyi ifadə elan edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə işdən çıxaraq tanışı ilə görüşmək üçün “Caspian” otelə getmişdir. Oteldə olarkən təxminən gecə saat 02 radələrində o, evə getmək üçün taksi sifariş vermiş və otelin həyətindən çıxarkən Anar və Vasif adlı şəxslərin uca səslə söyüş söydüklərini eşitmişdir. Həmin vaxt onlara yaxınlaşaraq Anara ətrafda yaşayış evlərinin olduğunu və söyüş söyməməsini demiş, Anar isə onu nalayiq söyüşlərlə söyərək onluq olmadığını demiş və bu vaxt qəflətən arxadan başının arxa hissəsindən Vasif yumruq zərbəsi vurmuşdur. O, müvazinətini itirərək yerə yıxılmışdır. Bu zaman Anar və Vasif hər ikisi təpiklə onun qollarından, ayaqlarından və belindən vurmağa başlamışlar. O, əlləri ilə sifət nahiyəsini tutmuşdur ki, sifətindən xəsarət almasın. Orada olan tanımadığı şəxslər Vasiflə Anarı uzaqlaşdırmışlar. Bundan sonra onlar oteldən çıxaraq Anara məxsus “Mercedes” markalı avtomobilə əyləşərək gedərkən Vasif yenə onu vuraraq yerə yıxmış və avtomobilə minərək oradan getmişlər. Hadisə vaxtı orada otelin işçiləri və tanımadığı kənar şəxslər olmuşlar. O, onların adlarını hadisədən sonra öyrənmiş, lakin o, “Caspian” oteldə işlədiyi dövrdə onları müştəri kimi tanımışdır. Onların əvvəllər heç bir ədavətləri olmamışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, o, bir ildir ki, Türkan qəsəbəsində yerləşən “Caspian” oteldə ofisiant kimi işləyir. Anar və Vasif adlı şəxsləri isə “Caspian” otelin daimi müştəriləri kimi tanımışdır. Ceyhunu isə təxminən 8 ildir ki, tanıyır. Belə ki, onun Ceyhunla dostluq münasibətləri olmuşdur. 23 avqust 2022-ci il tarixdə Anar və Vasif otelin həyətində fəaliyyət göstərən kafedə əyləşib yeyib-içmişlər. Təxminən saat 02 radələrində o, onların masasına yaxınlaşaraq hesabı istədikdə Anar Vasifə söyüşlə bildirmişdir ki, guya o, Anardan artıq pul almışdır. O, Anara iradını bildirərək nə üçün söyüş söydüyünü soruşduqda digər masada əyləşən tanışı Ceyhun yanlarına yaxınlaşaraq Anara söyüş söyməməsini demişdir. Bu vaxt Vasif yerindən qalxaraq Ceyhunun sifət nahiyəsindən bir yumruq vurmuş və zərbənin təsirindən Ceyhun yerə yıxılmışdır. Həmin vaxt Anar və Vasif birlikdə Ceyhunu döyməyə başlamışlar. Bundan sonra onlar otelin həyətindən küçəyə çıxmışlar və küçədə Vasif Ceyhunu yerə yıxaraq döyməyə başlamışdır. Daha sonra Vasiflə Anar avtomobilə əyləşərək oradan uzaqlaşmışlar. Həmin vaxt Ceyhun Anarı və Vasifi vurmamış və onlara heç bir xəsarət yetirməmişdir. Vasiflə Anar yalan danışmış, onların hər ikisi birlikdə Ceyhunu döyərək xəsarət yetirmişlər. Buna o və həmin vaxt orada olan digər şəxslər şahidlik etmişdir. Onların hər ikisi həmin vaxt içkili olmuşlar. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, o, bir ilə yaxındır ki, Xəzər rayonu Türkan qəsəbəsində yerləşən “Caspian” oteldə ofisiant kimi işləyir. Anar və Vasif adlı şəxsləri isə “Caspian” otelin daimi müştəriləri kimi tanımışdır. Ceyhunu da həmçinin daimi müştəri kimi tanımışdır. 23 avqust 2022-ci il tarixdə Anar və Vasif otelin həyətində fəaliyyət göstərən kafedə əyləşib yeyib-içmişlər. Həmin vaxt o, obyektdə ofisiantlıq etdiyindən Anar və Vasifin əyləşdiyi masaya da qulluq etmişdir. Təxminən saat 02 radələrində Dənizin Anar və Vasiflə mübahisə etdiklərini görmüşdür. Həmin vaxt onlar uca səslə söyüşlər söymüşlər, bunu görən Ceyhun Anara yaxınlaşaraq söyüş söyməməsini demiş, bu zaman Vasif qəflətən Ceyhunu vuraraq yerə yıxmış, bundan sonra həm Anar, həm də Vasif yerdə olan Ceyhunu vurmağa başlamışlar. Orada olan kənar şəxslər onları ayırmışlar. Bundan sonra onlar küçəyə çıxdıqda Vasif yenə də Ceyhunu vuraraq yerə yıxmış və çıxıb getmişlər. Ceyhun orada Anar və Vasifi vurmamışdır. Vasiflə Anar hər ikisi birlikdə Ceyhunu döyərək xəsarət yetirmişlər. Buna o və həmin vaxt orada olan digər şəxslər şahidlik etmişlər. Onların hər ikisi həmin vaxt içkili olmuşlar. İş materiallarında olan üzləşdirmə protokollarından görünür ki, təqsirləndirilən şəxslər İskandarov Anar (X3), Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs istintaq zamanı vermiş olduqları ifadələrini üzləşdirmə zamanı bir-birinin üzünə qarşı deyərək bir daha təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 1110 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol dirsəyin, qarnın, sol budun sıyrıqları, sol saidin, qarnın, bel nahiyəsinin, sol baldırın qançırları, sol dirsəyin və sol saidin yumşaq toxumalarının əzilməsi aşkar edildi. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən onun məhkəmə tibb müayinəsindən 1-2 gün əvvəl törənmişlər, qərarda göstərilən xx.xx.2022-ci il tarixdə törənmələri istisna olunmur və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterlərini və lokalizasiyalarını nəzərə alsaq demək olar ki, həmin xəsarətlərin bədənin əlçatan nahiyələrində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi və öz boyu hündürlüyündən yıxılaraq bərk küt əşyaya dəyməsi nəticəsində əmələ gəlmələri inandırıcı deyildir. İş materiallarında olan 23 avqust 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan və protokola əlavə edilmiş foto cədvəldən görünür ki, hadisə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən “Caspian” otelin qarşısında baş vermişdir. İş materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılaraq məhkəməyə göndərilmiş 31 yanvar 2023-cü il tarixli ərizədən görünür ki, o, təqsirləndirilən şəxslər İskandarov Anar (X3) və Təqsirləndirilən şəxs1 ilə barışmışdır, ona dəymiş ziyan tamamilə ödənilmişdir, onlardan heç bir şikayəti və ya digər tələbi yoxdur. Barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxslərə cəza verilməsini istəmir. İş materiallarında olan və 22 may 1997-ci il tarixdə Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İHB-nın Pirallahı qəsəbə nümayəndəliyi tərəfindən verilmiş XX ЖГ № 329222 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 22 fevral 1997ci il tarixdə Bakı şəhərinin Pirallahı qəsəbəsində doğulmuşdur. İş materiallarında olan və 15 oktyabr 2010-ci il tarixdə Bakı şəhəri 168 №-li tam orta məktəbi tərəfindən verilmiş Ümumi orta təhsil haqqında A № 245260 saylı Şəhadətnamənin surətindən görünür ki, X3 1997-ci ildə anadan olmuş və 2012-ci ildə Bakı şəhəri 168 №-li tam orta məktəbi bitirmişdir. İş materiallarında olan və Gürcüstan Respublikasının vətəndaşı İskandarov Anara məxsus və 07 iyun 2016-cı il tarixdə Gürcüstan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 15BA68413 saylı ümumvətəndaş pasportunun surətindən görünür ki, İskandarov Anar 22 fevral 1997-ci il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 18 avqust 2023-cü il tarixli Arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 həmin MMC-də fəhlə işləyir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 02 dekabr 2022-ci il tarixli Tələbnamədən görünür ki, İskandarov Anar (X3) əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 19 oktyabr 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs İskandarov Anarın (X1) Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə baxışının əvvəlində özünün etiraf etməməsinə baxmayaraq, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə İskandarov Anarın (X1) məhkəmə baxışının əvvəlində özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadə həqiqətə uyğun deyildir, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMnin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə baxışının əvvəlində özünün etiraf etməməsinə baxmayaraq, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə baxışının əvvəlində özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadə həqiqətə uyğun deyildir, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər İskandarov Anarın (X1) və Təqsirləndirilən şəxs1 cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə tövsif edilmişdir və onlar, həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barələrində ittiham hökmü çıxarılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər İskandarov Anarın (X1) və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə, onların şəxsiyyətinin digər xüsusiyyətlərinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxs İskandarov Anarın (X1) ilk dəfə törətdiyi əməli məhkəmə iclasının sonunda etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və ya tələbinin olmamasını və ona cəza verilməsini istəməməsini bildirməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında İskandarov Anarın (X1) cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Məhkəmə ayrı-ayrılıqda cəzanı yüngülləşdirən halları, həmçinin bu cür halların məcmusunu və cəzanı ağırlaşdıran halların mövcud olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs İskandarov Anara (X2) təqsirli bilindiyi cinayət qanununun sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, İskandarov Anarın (X1) 17 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə şübhəli şəxs qismində saxlanılmış, 18 oktyabr 2022-ci il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, İskandarov Anarın (X1) şübhəli şəxs qismində 17 oktyabr 2022-ci il tarixdən 18 oktyabr 2022-ci il tarixədək saxlanıldığı 1 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 1 (bir) gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə iclasında müəyyən edildi ki, İskandarov Anar (X3) Gürcüstan Respublikasının vətəndaşıdır, lakin o, 22 fevral 1997-ci il tarixdə Bakı şəhərinin Pirallahı qəsəbəsində doğulmuşdur, 2012-ci ildə Bakı şəhəri 168 №-li tam orta məktəbi bitirmişdir, uzun illərdir ki, valideynləri və qohumları ilə birlikdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayır. Məhkəmə hesab edir ki, yuxarıda göstərilənlərə görə İskandarov Anarın (X1) Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılması tətbiq olunmamalıdır. Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Azərbaycan Respublikası CM-nin 52.2, 52.2.1 və 52.2.3-cü maddələrinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək beş il Azərbaycan Respublikasının ərazisində daimi yaşayan şəxslərə və Azərbaycan Respublikasında doğulmuş şəxslərə şamil edilmir. Məhkəmə hesab edir ki, İskandarov Anar (X3) Gürcüstan Respublikasının vətəndaşı olmasına baxmayaraq, 22 fevral 1997-ci il tarixdə Bakı şəhərinin Pirallahı qəsəbəsində doğulmaqla, 2012-ci ildə Bakı şəhəri 168 №-li tam orta məktəbi bitirməklə, uzun illərdən bəri valideynləri və qohumları ilə birlikdə ünvan 1 ünvanında qeydiyyatda olub orada daimi yaşamaqla Azərbaycan Respublikası ilə davamlı, sıx bağlılığı, qohumluq əlaqələri olduğuna görə qüvvədə olan cinayət qanunvericiliyinin yuxarıda istinad edilən normalarının tələblərinə əsasən ona Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilməz. Məhkəmə İskandarov Anarın (X1) ilk dəfə az ağır cinayət törətməsini, məhkəmə iclasının sonunda törətdiyi əməli etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və ya tələbinin olmamasını və ona cəza verilməsini istəməməsini bildirməsini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün sayaraq, onun Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində həmin Məcəllənin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İskandarov Anarın (X1) davranışına nəzarət yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalı və onun üzərinə hökmün icrasına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. İskandarov Anarın (X1) barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 ilk dəfə törətdiyi əməli məhkəmə iclasının sonunda etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və ya tələbinin olmamasını və ona cəza verilməsini istəməməsini bildirməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Məhkəmə ayrı-ayrılıqda cəzanı yüngülləşdirən halları, həmçinin bu cür halların məcmusunu və cəzanı ağırlaşdıran halların mövcud olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid edilmədən də islah olunması mümkün olduğuna görə, ona təqsirli bilindiyi cinayət qanununun sanksiyasının hüdudları daxilində aylıq qazancından dövlət nəfinə müəyyən faiz məbləğdə pul tutulmaqla islah işləri növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 15 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə şübhəli şəxs qismində saxlanılmış, 17 oktyabr 2022-ci il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində 15 oktyabr 2022-ci il tarixdən 17 oktyabr 2022-ci il tarixədək saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 04 (dörd) gün hesablanmaqla ona təyin edilmiş aylıq qazancından dövlət nəfinə müəyyən faiz məbləğdə pul tutulmaqla islah işləri cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq aylıq qazancından dövlət nəfinə müəyyən faiz məbləğdə pul tutulmaqla islah işləri cəzası saxlanılmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzaçəkmə müddətinin əvvəli qazancından tutulmalar aparıldığı vaxtdan hesablanmalı, hökmün icrası onun yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, İskandarov Anarın (X1) və Təqsirləndirilən şəxs1 CM-nin 221.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər İskandarov Anarın (X1) və Təqsirləndirilən şəxs1 dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 Dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs İskandarov Anarın (X1) ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 ümumilikdə 50 iş saatına görə (ibtidai istintaq zamanı 25 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 25 saat) cəmi 300,00 (üç yüz) manat, Təqsirləndirilən şəxs1 istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 ümumilikdə 50 iş saatına görə (ibtidai istintaq zamanı 25 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 25 saat) cəmi 300,00 (üç yüz ) manat olmaqla ümumilikdə 600,00 (altı yüz ) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: İskandarov Anar (X3) Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İskandarov Anarın (X1) 17 oktyabr 2022-ci il tarixdən 18 oktyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 1 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 1 (bir) gün hesablanmaqla ona təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən İskandarov Anara (X2) təyin edilmiş 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə ona 1 (bir) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində İskandarov Anarın (X1) davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası İskandarov Anarın (X1) yaşadığı ərazi üzrə Bakı şəhər Probasiya idarəsinə həvalə olunsun. İskandarov Anarın (X1) barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğdə pul tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində 15 oktyabr 2022-ci il tarixdən 17 oktyabr 2022-ci il tarixədək saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 04 (dörd) gün hesablanmaqla ona təyin edilmiş aylıq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğdə pul tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq aylıq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğdə pul tutulmaqla 01 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə islah işləri cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli qazancından tutulmalar aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs İskandarov Anarın (X1) hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 cəmi 300,00 (üç yüz) manat, Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 cəmi 300,00 (üç yüz) manat olmaqla ümumilikdə 600,00 (altı yüz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-145/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-145/2023
18.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver