Məhkəmə qərarları › İş №1(003)-148/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-148/2021

03.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-148/2021 03.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı,subay,ali təhsilli, “X1” şirkətinin aparıcı mütəxəsisi vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 mənzil 3 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Belə ki, Təqsirləndirilən şəxs yeni növ koronavirus (“COVİD-19”) infeksiyasına yoluxmaqla hava-damcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin daşıyıcısı olması və bu barədə xx xxxxxx 2020-ci il tarixdən məlumatı olduğu və yaşadığı evdə özünü təcrid rejimində qalmalı olduğu halda, Azərbaycan Respublikası ərazisində yeni növ koronavirus (“COVİD-19”) infeksiyasının insanlar arasında kütləvi yayılmasının və onun törədə biləcəyi fəsadların, infeksiya yoluxma hallarının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı əlavə tədbirlər barədə” xx xxxxxx 2020-ci il tarixli qərarın tələblərini pozaraq və bu tələblərə riayət etməyərək, o cümlədən təcrid olunma qaydalarını pozaraq yaşayış yerini tərk etməklə xx xxxxxx 2020-ci il tarixdə saat 09:45 radələrində insanların kütləvi toplaşdığı ünvan 2 saylı ünvanında, 26 №-li Birləşmiş Şəhər Xəstəxanasından çıxıb yaşadığı evə gedərkən karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratması Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin NMB-nin və CAŞ-nin əməkdaşları tərəfindən aşkar edilməsi faktına dair toplanmış material olmuşdur. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 139-1.1 maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə o, özünü piss hiss etdiyi üçün xx xxxxxx 2020-ci il tarixdə “Medi Club” özəl klinikasına müraciət etmişdir. Klinkada ondan yaxma analizini götürmüş və "COVİD-19" virusuna yoluxduğundan şübhələndiklərini bildirmişlər. Həmin günün səhəri - yəni xx xxxxxx 2020-ci il tarixdə o, “Medi Club” özəl klinikasına zəng vurub əlaqə saxlamış və orada analizin cavabının müsbət olduğunu, "COVİD-19" virusuna yoluxduğunu bildirmişlər. "COVİD-19" virusuna yoluxduğu üçün xəstəxanadan ona heç yerə çıxmamağını və izoliyasiya olmağını demişlər. Bu səbəbdən ailəsinə məxsus olan Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində yerləşən bağlarına gedərək orada tək qalmağa başlamışdır. Müalicə olunmaq üçün ilk olaraq “Medi Club” özəl klinikasının həkimi Səbinə xanımın yazdığı vitaminləri qəbul etməyə başlamışdır. Lakin səhhətində dəyişiklik olmadığından, o, müalicə olunmaq üçün ailə dostunun vastəsi ilə Elmira adlı terapevt həkim tapmış və həmin həkim ilə telefon vastəsilə əlaqə saxlamış, həkim ona sistem köçürülməli olduğunu bildirərək dərmanların adlarını bildirmişdir. Dərmanları almaq üçün ailə sürücüləri Vadimdən xahiş etmiş, Vadim dərmanları alıb ona bağa çatdırmışdır. Tanışlarının vastəsi ilə tibb bacısı tapmış və tibb bacısı bağa gələrək ona sistem köçürtmüşdür. Lakin tibb bacısı sistemi yaxşı qoya bilmədiyi üçün, o, məcbur qalmışdır ki, Mərdəkan qəsəbəsində yerləşən 26 №-li klinikaya müraciət etsin. Bu səbəbdən xx xxxxxx 2020-ci il tarixdə 26 saylı klinikada ona sistem köçürmüşlər və karantin rejimini poza bilməyəcəyi və evdən çölə çıxmağa icazəsinin olmaması ona izah edilmişdir. Lakin buna baxmayaraq, xx xxxxxx 2020-ci il tarixdə o, təkrarən 26 №-li klinikaya sistem köçürtmək üçün gəlmişdir. Sistemi ona köçürtmüşlər və təkrarən xəbərdarlıq etmişlər. Klinikadan çıxan zaman klinikanın qarşısında polis əməkdaşları xüsusi geyimdə çəklişlə ona yaxınlaşmışlar və "COVİD-19" virusuna yoluxduğunu, bunu bilə-bilə yaşayış yerini tərk etdiyini bildirmişlər. Özünü təqdim edərək, halı yaxşı olmadığı üçün, məcburiyyət qarşısında qalıb yaşayış yerini tərk etməsini bildirmişdir. Bundan sonra polis əməkdaşları onu yaşayış yerinə - Maştağa qəsəbəsinə ötürmüşlər. İlk dəfə törətdiyi əməli etiraf edir və peşmançılıq çəkir. Göstərdiklərinin üzrlü hal kimi nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ CAŞ-nin baş əməliyyat müvəkkili Şahid1 göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə Xəzər RPİ-də olduğu zaman 26 №-li Birləşmiş Şəhər Xəstəxanasından xx xxxxxx 1986-cı ildə Bakı şəhərində doğulmuş, ünvan 1 mənzil 2-də qeydiyyatda olan, Sabunçu rayonu Maştağa qəsəbəsi bağlar massivində yaşayan Təqsirləndirilən şəxs aktiv koronavirus (“COVİD-19”) xəstəsi olduğu və xəstəxanaya gəlib-getdiyi bildirilmişdir. Daxil olmuş məlumatın yoxlanılması üçün dərhal Xəzər RPİ-də əməliyyat qrupu yaradılaraq qeyd olunan ünvanın yaxınlığına getmişdir. xx xxxxxx 2020-ci il tarixdə müşahidələr apardıqdan sonra saat 09:45-də Mərdəkan qəsəbəsi R.Qasımov küçəsi 5 ünvanında piyada hərəkət edən və məlumatda qeyd olunmuş Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxs aktiv koronavirus ("COVİD-19") xəstəsi olduğu və hərəkətinə qəti qadağa qoyulduğu aşkar edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus ("COVİD-19") infeksiyasının insanlar arasında kütləvi yayılmasının və onun törədə biləcəyi fəsadların, infeksiyaya yoluxma hallarının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarının tələblərini pozması, təcrid olunma qaydalarını pozaraq xx xxxxxx 2020-ci il tarixdə saat 09:45 radələrində Mərdəkan qəsəbəsi R.Qasımov küçəsi 5 ünvanında müəyyən olunmuş təcrid olunma qaydalarını və karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratması müəyyən olunmuşdur. Ondan nə üçün yeni növ koronavirus ("COVİD-19") infeksiyasının daşıyıcısı ola-ola yaşayış yerini tərk etdiyi soruşulduqda, bildirmişdir ki, evdə ürəyi sıxıldığı üçün yaşadığı ünvanı tərk etmişdir. Odur ki, bununla bağlı tərəflərindən müvafiq raport tərtib edilmiş və Təqsirləndirilən şəxs həkimin iştirakı ilə öz istəyi ilə yaşadığı ünvana yerləşdirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ NMB-nin əməliyyat müvəkkili Şahid2 da oxşar, eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini təsdiq etdi. İş materiallarına əlavə edilmiş Xəzər RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş-leytenantı Şahid2 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli raportdan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə ünvan 1 mənzil 3-də qeydiyyatda olan, Sabunçu rayonu Maştağa qəsəbəsi bağlar massivində yaşayan "COVİD-19" virusuna yoluxmuş xx xxxxxx 1986-cı il təvəllüdlü vətəndaş Təqsirləndirilən şəxs yaşayış yerini tərk etdiyi üçün Xəzər rayonu Mərdəkan qəsəbəsi Ramin Qasımov küçəsində saxlanılaraq öz istəyi ilə yaşadığı ünvana təmin edilmişdir. İş materiallarına əlavə edilmiş “Medi Club” klinkasından daxil olmuş xx xxxxxx 2020-ci il tarixli 842 saylı məktubundan görünür ki, xx xxxxxx 1986-cı ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə “Medi Club” klinikasından Coronovirus-2019-nCov yaxmada PZR analizi vermiş və nəticə müsbətdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxxxxx 2021-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratması faktı onun özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsi qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs saxlanılması zamanı aparılmış videoçəkilişin 01 ədəd “CD” diski hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 12 iş saatına görə (ibtidai istintaq zamanı 5 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 7 saat) cəmi 72,00 (yetmiş iki) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2500 (iki min beş yüz) manat miqdarda cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut - Təqsirləndirilən şəxs saxlanılması zamanı aparılmış videoçəkilişin 01 ədəd “CD” diski hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 72,00 (yetmiş iki) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178,VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********1) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar