Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-149/2022 20.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1986-cı il tarixdə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində yetkinlik yaşına çatmayan iki uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), Bərdə rayonunun Balaqəcər kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi 1-ci döngə fərdi yaşayış evində yaşamış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-22/2022 saylı 13 yanvar 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 11 yanvar 2022ci il tarixdən hesablanan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.3-2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs dövlət əhəmiyyətli rabitə xəttini gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 09 yanvar 2022-ci il tarixdə saat 02 radələrində dövlət əhəmiyyətli rabitə xətti olmaqla Azərbaycan Respublikasının Nəqiliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "xxxx" MMC-nin 5 saylı Rabitə Xidməti Mərkəzinin balansında olan Bakı şəhəri Xəzər rayonu Qala-Pirallahı şose yolunun sağ tərəfində Qala qəsəbəsinə girən hissəsində yerləşən lyukların içərisinə qanunsuz daxil olaraq 01 metri 15,17 manat olmaqla ümumi dəyəri 3034 manat olan TPP 200x2x0,4 ölçülü telefon rabitə kabelinin 200 metr məsafəsi və 01 ədədi 15,50 manat olmaqla ümumi dəyəri 31 manat olan 02 ədəd 200x2 mufta birbaşa detalını gizli yolla talayaraq "xxxx" MMC-nin 5 saylı Rabitə Xidməti Mərkəzinə 3065,00 (üç min altmış beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, 09 yanvar 2022-ci il tarixdə saat 01 radələrində Qala qəsəbəsindəki 24/7 işləyən marketdən özünə siqaret almaqdan ötrü evdən zavod yoluna çıxmış və yolunun üstündə olan lyukun ağzının açıq vəziyyətdə olduğunu görmüşdür. Lyukun içərisinə baxdıqda oradan elektirik naqillərinin keçdiyini görmüş, bundan sonra yol kənarından bir taksiyə əyləşib marketə gedib oradan siqaret almış, yenə də yol taksisinə əyləşib evə qayıtmışdır. Maşından düşəndən sonra siqaret almağa gedərkən rastına çıxan lyukun içərisindəki elektirik naqillərini kəsərək oğurlamaq fikrinə düşmüşdür. Evə gedib kəlbətin götürmüş və saat 02 radələrində həmin lyukun yanına qayıtmışdır. Orada olan kabelləri kəsərək doğramış, işini bitirdikdən sonra onları yaxınlıqda olan yaşadığı ünvana aparmış, lakin bu barədə heç kimin məlumatı olmamışdır. Həmin gün saat 06 radələrində tanışı, eyni zamanda onunla bir məhəllədə yaşayan, metal qəbulu məntəqəsini işlədən Faiqlə əlaqə saxlayıb ona bildirmişdir ki, həyətində elektirik naqilləri var, gedib onları götürüb sataraq onun da pulunu verər. Həmin kabelləri həyət qapısının giriş hissəsinin yaxınlığında qoymuş, özü də işi ilə bağlı evdən çıxıb Bakı şəhərinə getmiş, Faiqin onun həyətinə girib çıxmasına icazə vermişdir. Faiqlə telefonla əlaqə saxlayarakən telefonunun enerjisi qurtardığına görə onunla çox danışa bilməmiş, yalnız ona bildirmişdir ki, elə satsın ki, həmin puldan onun özünə də xeyir qalsın. Faiq onlara gəlib kabelləri götürüb getmiş, həmin vaxt o, evdə olmamışdır. Həmin gün axşam Faiqlə onların evində görüşmüş, Faiq ona 100 manat vermiş, kabelləri isə ümumilikdə 170 manata satdığını bildirmişdir. Faiq ondan kabelləri haradan əldə etdiyini soruşduqda, o, onları tapdığını bildirərək kabelləri oğurluq yolu ilə əldə etməyi barədə Faiqə heç nə deməmişdir. Əməlindən peşmandır, lakin zərərçəkmiş hüquqi şəxsə dəymiş maddi ziyanı ödəməyə hazırda maddi imkanı olmadığına görə onunla barışıq əldə edə bilməmişdir. Himayəsində yetkinlik yaşına çatmayan iki uşağı vardır. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, 10 yanvar 2022-ci il tarixdə işlədiyi "xxxx" MMC-nin balansında olan Xəzər rayonu Qala-Pirallahı yolunun sağ hissəsində Qala qəsəbəsi ərazisində yolun kənarında yerləşən beton lyukların içərisindən keçən 01 metri 15,17 manat olmaqla ümumi dəyəri 3034 manat olan TPP 200x2x0,4 ölçülü olan 200 metr uzunluğunda telefon rabitə kabeli və 01 ədədi 15,50 manat olmaqla ümumi dəyəri 31 manat olan 02 ədəd birləşdirici muftun birbaşa detalları oğurlanmışdır. Həmin əmlakın oğurlanması nəticəsində şirkətə 3065,00 (üç min altımış beş) manat və 628,94 manat ƏDV daxil olmaqla həmin kabelin yenidən bərpa edilməsi üçün, yəni işçilik 14%-lə 429,10 manat maddi ziyan dəymişdir. Bununla bağlı dərhal DİN “102” zəng xidməti mərkəzinə məlumat vermişlər və polis əməkdaşları gəlib hadisə yerini muayinə edərək protokol tərtib edib fotoşəkillər çəkmişlər. Şirkətə dəymiş ziyanla bağlı cədvəli təqdim etmişdir. Təqsirləndirilən şəxs "xxxx" MMC-nə dəymiş maddi ziyanı indiyə qədər ödəməmişdir, buna görə də onlar Təqsirləndirilən şəxslə barışmamışlar. Əslində onlar Vasifin tutulmasını yox, dəymiş ziyanın ödənilməsini istəyirlər, ziyanın ödənilməyəcəyi təqdirdə isə Vasifdən şikayətçidirlər və törətdiyi əməlinə görə onun barəsində qanuni hökm çıxarılmasını xahiş edirlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid göstərdi ki, 09 yanvar 2022-ci il tarixdə saat 06 radələrində həm qonşusu, həm də tanışı olan Vasif onunla telefon əlaqəsi saxlayaraq bildirmişdir ki, həyətində elektrik naqilləri var, həmin naqilləri elə qiymətə satım ki, həm də özünə pul qalsın. O, Vasifin xahişi ilə onun həyətinə getmiş, həmin elektirik naqillərinə baxmış və görmüşdür ki, naqillər mis naqillərdir. Həmin naqilləri gətirib yaşadığı evin həyətində yandıraraq təmiz mis halına gətirmişdir ki, elə təmiz qiymətə alırlar. Bundan sonra onları torbaya yığıb yola çıxmış, yoldan keçən nömrə nişanını xatırlamadığı “VAZ- 2106” markalı avtomaşını saxlatdıraraq taksi olmaqla onu Dərnəgül qəsəbəsinə aparmağı xahiş etmişdir. Belə ki, o, özü metal qəbulu məntəqəsi işlədir. Dərnəgüldə işləyən Vüsal adlı şəxsi tanıyır, Vüsal da yüksək qiymətlə hər zaman ondan metal qəbul edir. O, Dərnəgül qəsəbəsində həmin elektrik naqillərini Vüsala 170 manata satmış, əldə etdiyi puldan 10 manat taksiyə verib evə qayıtmışdır. Həmin gün axşam o, qalan puldan 100 manatını Vasifə evlərində vermiş, onun özünə 60 manat qalmışdır. Vasifdən elektrik naqillərini haradan aldığını soruşduqda, o, ona həmin elektrik naqillərini sahədə gəzərkən yerdən tapdığını bildirmişdir. Daha sonra isə Polis Şöbəsində ona məlum olmuşdur ki, Vasif həmin naqlləri oğurlamışdır. Onun oğurluq barədə əvvəlcədən məlumatı olsaymış, o, Vasif üçün aparıb həmin misləri satmazmış və polisə deyərmiş. İş materiallarında olan ifadənin yerində yoxlanılması barədə protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin dəqiqliyini yoxlamaq üçün onun ifadəsi yerində yoxlanılmış və o, ifadəsində qeyd etdiyi xüsusatları istiqamətləndirici hərəkətləri ilə göstərərək bir daha təsdiq etmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan iki uşağı vardır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-22/2022 saylı 13 yanvar 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduğu 11 yanvar 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 26 yanvar 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 28 fevral 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 16 mart 2017-ci il tarixli 2744 saylı Əfv sərəncamına əsasən cəzanın çəkilməmiş hissəsindən azad edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir (və ya götürülməmişdir). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs dövlət əhəmiyyətli rabitə xəttini gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etməsi cinayətini törətməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidin ifadələri, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf edərək peşmançılıq çəkməsini, himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə (götürülməməsinə) baxmayaraq, yenidən qəsdən cinayət törətməsini və bununla da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli tutulduğu 11 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxs tərəfindən 3065,00 (üç min altımış beş) manat məbləğində maddi ziyanın mövcudluğu göstərilsə də, təqsirləndirilən şəxsə qarşı belə bir tələb irəli sürülmədiyindən, həmin ziyanın tutulması barədə hər hansı qərar qəbul edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, zərərçəkmiş hüquqi şəxsə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri X1 və Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X1 15 (on beş) iş saatına görə 90,00 (doxsan) manat və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 15 (on beş) iş saatına görə 90,00 (doxsan) manat olmaqla ümumilikdə 180,00 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut, ekspertiza xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli tutulduğu 11 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş hüquqi şəxsə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə 90,00 (doxsan) manat və Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90,00 (doxsan) manat, ümumilikdə 180,00 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-149/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-149/2022
20.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver