Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-151/2021 17.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 185.2.1-ci maddələri ilə təqsirli bilinib CM-nin 66.3-cü maddəsinə əsasən 03 (üç) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxx 2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə edib daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi xalis çəkisi - 0,218 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Ə.İsazadə küçəsində yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı Cəzaçəkmə Müəssisəsinin yaşayış sahəsindəki məhkumların istifadə etdiyi soyuducuların saxlandığı yerdə soyuducunun içərisində gizlədib saxlamışdır. xx xxxxxxx 2020-ci il tarixdə, saat 20:35 radələrində həmin Müəssisənin yaşayış sahəsindəki məhkumların istifadə etdiyi soyuducuların saxlandığı yerdə müəssisənin əməkdaşları tərəfindən hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs istifadəsində olan soyuducuya baxış keçirilən zaman soyuducuda sellofanda olan sonuncuya məxsus ərzaq mallarının arasında, yəni düyünün içərisində gizlədilmiş şəffaf rəngli sellofan kəsiyinə bükülmüş 01 ədəd bükümdə qeyd olunan çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və cəzasını Penitensiar Xidmətin 2 saylı Cəzaçəkmə Müəssisəsində çəkmişdir. xx xxxxxxx 2021-ci il tarixdə günorta saatlarında cəza çəkdiyi Müəssisənin həyətində olarkən yerdə olan şəffaf sellofana bükülmüş 01 ədəd bükülü diqqətini cəlb etdiyindən, həmin bükülünü götürüb içərisinə baxmış və bükümün içərisində psixotrop maddə olduğunu görmüşdür. Həmin bükülünü əvvəlcə cibinə qoymuş, daha sonra məhkumların soyuducularının saxlandığı yerə gedib öz istifadəsində olan soyuducunun içərisindəki özünə məxsus şəffaf sellofanda olan düyünün içərisində gizlətmişdir ki, imkan düşəndə özü istifadə edər. Belə ki, o, azadlıqda olarkən psixotrop maddə istifadə etdiyindən, həmin maddəni tanıyırmış. Elə həmin gün təxminən saat 20:35 radələrində müəssisə əməkdaşları ona yaxınlaşıb özünü şübhəli apardığını bildirərək onu məhkumların soyuducularının saxlandığı otağa dəvət etmişlər. Orada müəssisə əməkdaşları hal şahidlərinin iştirakı ilə onun istifadəsində olan soyuducuya baxış keçirəcəklərini bildirmişlər. O, razılıq verdikdən sonra müəssisə əməkdaşları onun istifadəsində olan soyuducuya baxış keçirməyə başlamışlar. Baxış zamanı soyuducudakı ona məxsus şəffaf sellofanda olan düyünün içərisində gizlətdiyi şəffaf sellofana bükülmüş 01 büküm psixotrop maddə metamfetamin müəssisə əməkdaşları tərəfindən aşkar edilib götürülmüşdür. Ondan bu barədə soruşulduqda, o, hər şeyi etiraf etmişdir. Bundan sonra müəssisə əməkdaşları tərəfindən həmin 01 bükümdə psixotrop maddə metamfetamin zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilərək ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən zərf və protokol imzalanmışdır. Törətdiyi əməlindən peşmançılıq çəkir. Bunun nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən 2 saylı X1 Şöbəsinin böyük inspektoru Şahid1 göstərdi ki, xx xxxxxxx 2020-ci il tarixdə, axşam saatlarında daxil olmuş əməliyyat məlumatına əsasən xəbər tutmuşlar ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsinə əsasən 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs istifadəsində olan soyuducuda narkotik vasitə var. Həmin məlumatı yoxlamaq üçün elə həmin gün saat 20:35 radələrində Müəssisənin yaşayış sahəsində yerləşən məhkumların istifadə etdikləri soyuducuların saxlandığı yerdə Təqsirləndirilən şəxs, eləcə də hal şahidi qismində dəvət edilmiş məhkum Şahid4 və məhkum Şahid5 iştirakı ilə Təqsirləndirilən şəxs istifadəsində olan soyuducuya tərəflərindən baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs istifadə etdiyi soyuducuda sellofanda olan düyünün içərisində şəffaf rəngli sellofan kəsiyinə bükülmüş 01 ədəd büküm aşkar edilib götürülmüşdür. Həmin bükülünün içərisindən şəffaf kristal fomasında psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin psixotrop maddə metamfetamin olduğunu və öz istifadə üçün düyünün içərisində gizlədib saxladığını bildirmişdir. Bundan sonra həmin maddə zərfə qoyularaq möhürlənmiş, protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən 2 saylı Cəzaçəkmə müəssisəsinin əməkdaşları Şahid2 Hüseynbaba oğlu və Şahid3 da Şahid1 ifadəsinə uyğun məzmunda ifadə verməklə onun göstərdiklərini təsdiq etdilər. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Penitensiar Xidmətin 2 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Şahid4 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, xx xxxxxxx 2020-ci il tarixdə, təxminən saat 20:30 radələrində cəza çəkdiyi 2 saylı CÇM-nin əməkdaşları ona və digər məhkum Şahid5 Müəssisənin yaşayış sahəsində yerləşən məhkumların istifadə etdikləri soyuducuların saxlandığı yerdə məhkum Təqsirləndirilən şəxs istifadə etdiyi soyuducuya baxış keçirəcəklərini və həmin baxışda onların da iştirak etməyini bildirmişlər. Onlar razılıq verdikdən sonra onlara hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra müəssisənin əməkdaşları onların və məhkum Təqsirləndirilən şəxs iştirakı ilə Müəssisənin yaşayış sahəsində yerləşən məhkumların istifadə etdiyi soyuducuların saxlandığı yerdə Təqsirləndirilən şəxs istifadə etdiyi soyuducuya baxış keçirtmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs istifadə etdiyi soyuducuda sellofanda olan düyünün içərisində şəffaf rəngli sellofan kəsiyinə bükülmüş 01 ədəd büküm müəssisə əməkdaşları tərəfindən aşkar edilib götürülmüşdür. Həmin bükülünün içərisindən şəffaf kristal formasında maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin psixotrop maddə metamfetamin olduğunu və öz istifadəsi üçün düyünün içərisində gizlədib saxladığını bildirmişdir. Bundan sonra həmin 01 ədəd bükümdə olan maddə onların iştirakı ilə zərfə qoyularaq möhürlənmiş, protokol tərtib edilərək tərəflərindən protokol və zərf imzalanmışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Penitensiar Xidmətin 2 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Şahid5 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, o da Şahid4 ifadəsi ilə oxşar, eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəməkimyəvi ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli, 6/2234 saylı ekspert arayışı ilə müəyyən edildi ki, tədqiqata təqdim edilmiş üzərində : “...Məhkum Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,218 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi 0,218 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 0,168 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 40,91 (qırx, doxsan bir) manatdır. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəməkimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 6/2267 saylı ekspert rəyi ilə müəyyən edildi ki, tədqiqata təqdim edilmiş üzərində : “...Məhkum Təqsirləndirilən şəxs istifadə etdiyi soyuducudan aşkar edilərək götürülmüş...” və s. qeydlər olan zərfdəki 01 ədəd bükümdəki təmiz çəkisi 0,168 qram ağ rəngli kristal hissəcikdən ibarət maddə, tərkibinə görə psixotrop maddə – metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi 0,168 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 0,118 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 108,46 (bir yüz səkkiz, qırx altı) manatdır. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmənarkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 3360 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan, güclü təsir edici dərman preparatı olan preqabalindən (lirikadan) sui-istifadə edilməsi nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan soyuducudan aşkar edilərək götürülmüş 0,218 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatlarına sərf olunduqdan sonra qalıq qalmış 0,118 qram çəkidə psixotrop maddə metamfetamin məhkəmə baxışına kimi saxlanması üçün Xəzər RPİ-nə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-870/2018 saylı xx xxxxxx 2018-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəzaçəkməsinin əvvəli xx xxxxx 2018-ci il tarixdən hesablanmaqla 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının surətindən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 870/2018 saylı xx xxxxxx 2018-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Baş Prokurorunun müavini, İİ dətəcəli dövlət ədliyyə müşaviri Namiq Əsgərov tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-870/2018 saylı xx xxxxxx 2018-ci il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmiş, Təqsirləndirilən şəxs barəsində tətbiq olunan Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinin müddəaları hökmdən hökmdən xaric edilmiş və Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxxxxx 2021-ci il tarixli Tələbnamədən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 185.2.1-ci maddələri ilə təqsirli bilinib CM-nin 66.3-cü maddəsinə əsasən 03 (üç) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qərarı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, xx xxxx 2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-870/2018 saylı xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir (götürülməmişdir). Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə edib saxlaması faktı özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi az ağır cinayətini etiraf edərək peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə (götürülməməsinə) baxmayaraq, yenidən qəsdən cinayət törətməsini və bununla da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə iclasında müəyyən olundu ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-870/2018 saylı xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası ƏN-nin Penitensiar Xidmətinin 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkərkən hazırda təqsirləndirilən cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qanunvericiliyin qeyd olunan müddəasına əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə hökmlərin məcmusu üzrə cəza təyin edilməli, hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-870/2018 saylı xx xxxxxx 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının xx xxxxxx 2021-ci il tarixə çəkilməmiş qalan 06 (altı) il 08 (səkkiz) ay 01 (bir) gün hissəsi ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün – azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablanmalı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-870/2018 saylı xx xxxxxx 2018ci il tarixli hökmü ilə təyin edilmiş 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını hazırda çəkdiyinə görə barəsində həbs qətimkan tədbirinin seçilməməsi nəzərə alınmalıdır. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,118 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 149,37 (bir yüz qırx doqquz, otuz yeddi) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 20 iş saatına görə (ibtidai istintaq zamanı 10 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 10 saat) cəmi 120,00 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-870/2018 saylı xx xxxxxx 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının xx xxxxxx 2021-ci il tarixə çəkilməmiş qalan 06 (altı) il 08 (səkkiz) ay 01 (bir) gün hissəsi ilə qismən birləşdirilərək ona qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-870/2018 saylı xx xxxxxx 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını hazırda çəkdiyinə görə barəsində həbs qətimkan tədbirinin seçilməməsi nəzərə alınsın. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,118 qram maddə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəmi 149,37 (bir yüz qırx doqquz, otuz yeddi) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 120,00 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-151/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-151/2021
17.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver