Məhkəmə qərarları › İş №1(003)-151/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-151/2022

04.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-151/2022 04.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs xx xxxxxxx 1978-ci ildə Ermənistan respublikası, Masis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs Təhsil Nazirliyində yüksək vəzifəli tanışının olduğunu bildirib sonuncunun qızı X1 məktəblərin birinə 4000 manat müqabilində müəllimə düzəldəcəyinə dair yalandan vəd verib etibarından sui istifadə etməklə hissə-hissə yəni 25 oktyabr 2021-ci il tarixdə ünvan 2 ünvanının qarşısında 2000 manat pulu və 30 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi R.Məmmədhüseynov küçəsi, 35 saylı binanın qarşısında 2000 manat pulu alaraq vədinə əməl etməyib zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla ümumilikdə 4000 manat pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Şahid1 bibisi oğludur, Etibarı isə Rəşadın qonşusu olaraq tanımış və bir neçə dəfə birlikdə kafedə yeyib içmişlər. Zərərçəkmiş şəxs ilə 2020-ci ilin oktyabr ayında Etibarın vasitəsilə tanış olmuşdur. Belə ki, 2020-ci ilin oktyabr ayında Etibarın bacısının ərinin yas məclisində iştirak edərkən Etibar onu iş yoldaşı Zərərçəkmiş şəxsla tanış etmiş və söhbət əsnasında Bəybala qızını məktəbə müəlliməliyə işə düzəldə bilən şəxs axtardığını bildirmişidr. O, Təhsil Nazirliyində tanışları olduğunu və onların vasitəsilə qızını məktəblərin birinə müəllimə düzəldə biləcəyini deyərək bunun üçün 4000 manat pul istəmişdir. Bəybala onunla razılaşmış və pulun yarısını həmin gün yaşadığı evin qarşısında qızının şəxsiyyət vəsiqəsinin surəti ilə birlikdə ona vermişdir. Təxminən 2 gün sonra Bəybala Binə qəsəbəsində onunla görüşüb əlavə 2000 manat pul vermişdir. Bu zaman Etibar da, onların yanında olmuşdur. Bundan 3 gün sonra Etibarla görüşüb ona 300 manat pul verib özlərinin yeyib içməyinə xərcləmələri üçün saxlamasını demişdir. Bundan 1 ay sonra Etibara zəng edərək 300 manat puldan 150 manatını Rəşada verməsini tapşırmışdır. Rəşad da, 150 manatı Etibardan götürüb Bakı şəhəri Nərimanov rayonunda ona vermişdir. Bundan 2-3 gün sonra Etibar qalan 150 manatı onun kartına köçürmüşdür. Təxminən 2-3 ay sonra Bəybala mütəmadi olaraq zəng edib qızının işi ilə maraqlanmış, o isə tezliklə düzələcəyini demişdir. Həmin ərəfədə anası ağır xəstə olduğundan və özü heç bir yerdə işləmədiyindən pulu xərcləmişdir. Hazırda Zərərçəkmiş şəxs dəymiş maddi ziyan tam olaraq ödənilmişdir. Zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur, onunla barışmışdır. Buna görə də, barəsində cinayət işinə xitam verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, qızı Gülnar Rəhimova Azərbaycan Pedaqoji Universitetini texnologiya müəllimliyi ixtisası üzrə ali təhsil almış, lakin son üç il ərzində işə qəbul üçün təşkil olnmuş imtihanlardan keçə biləmişdir. 25 oktyabr 2020-ci il tarixdə iş yoldaşı Etibarın bacısının ərinin yas məclisində iştirak edərkən Etibarın qonşusu Rəşadın dayısı oğlu Təqsirləndirilən şəxsla tanış olmuş və söhbət zaman qızının işə düzəldə biləcək adam axtardığını demişdir. İsmayıl Təhsil Nazirliyndə işləyən tanışlarının vasitəsi ilə qızının müəllim işinə qəbul olunması həll edəcəyini, lakin bunun üçün 4000 manat pul lazım olduğunu demişdir. O, İsmayıl ilə razılaşıb həmin gün Binə qəsəbəsində yaşadığı evin qarşısında ona 2000 manat pul və qızının şəxsiyyət vəsiqəsini surətini vermişdir. Bundan 2 gün sonra Binə qəsəbəsində görüşüb Etibarın yanında İsmayıla əlavə 2000 manat pul vermişdir. Bundan 3 ay sonra İsmayıldan qızının işinin nə yerdə olduğunu soruşmağa başlamış, İsmayıl əvvəlcə bir iki günə, sonra 10-15 günə düzələcəyini deyərək onu aldatmış, daha sonra isə onunla görüşməkdən yayınaraq zənglərinə cavab verməmişdir. Ona görə də, məcbur olub İsmayıldan şikayət etmişdir. 01 avqust 2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs X3 tərəfindən ona dəymiş ziyan ödənildiyi üçün təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi olmadığını, onunla barışdığını bildirmiş və cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmədə Şahid2 ifadəsində göstərdi ki, təxminən 1 il olar ki, qonşusu Şahid1 dayısı oğlu Təqsirləndirilən şəxs tanımış və bir neçə dəfə birlikdə yeyib içmişlər. İsmayıl ona müəyyən qədər pul ödəmək şərti ilə onun Gədəbəy rayonu Yenikənd kəndində müəllimə işləyən qızını Təshil Nazirliyində tanışlarını vasitəsi ilə Bakı şəhərinə gətirə biləcəyini təklif etmiş, o isə pulu olmadığını bildirib imtina etmişdir. Sonra isə iş yoldaşı Bəybalanın qızı Günayı məktəbə müəllimə işinə qəbul etdirmək üçün belə bir adam axtardığını xatıralayaraq bu barədə Bəybalaya bildirmişdir. Daha sonra qohumunun yas məclisində Bəybala ilə İsmayılı tanış etmişdir. Orada İsmayıl onun yanında Bəybalaya 4000 manat müqabilində onun qızını Bakı şəhərində yerləşən istənilən məktəbə, habelə direktor özünün tanışı olan 23 saylı məktəbdə işə qəbul etdirə biləcəyini demişdir. Bəybala razılaşaraq pulun yarısını həmin gün, qalan hissəsini isə bir neçə gün sonra da Bankdan kredit götürüb verəcəyini demişdir. Sonra onlar Bəybalanı evinin qarşısna gəlmiş və Bəybala 2000 manat pulu İsmayıla vermişdir. Bir neçə gün sonra Bəybala onunla birlikdə «Bank of Baku»dan 2000 manat kredit götürmüş və İsmayıla vermişdir. Bundan 2 gün sonra İsmayıl onu Binə qəsəbəsinin mərkəzinə çağırıb ona 300 manat pul verib gələcəkdə yeyib içməyə xərcləmələri üçün özünlə saxlamasını demişdir. Təxminən 1 ay sonra həmin pulun 150 manatını İsmayılın tapqşırığı ilə ona göndərməsi üçün Rəşada vermiş, bundan 2-3 gün sonra isə qalan 150 manatı İsmayılın tapşırığ ilə ona bildirdiyi kartın hesabına mədaxil etmişdir. Bundan sonra İsmayıl onlardan gizlənməyə başlamış, Bəybala isə aldandığını başa düşüb İsmayıla verdiyi pulu ondan tələb etməyə başlamışdır. Məhkəmədə ifadəsi elan olunmuş Şahid1 istintaq zamanı Şahid2 ifadəsinə uyğun, yeni məzmunlu ifadə vermişdir. 28 aprel 2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, ailə vəziyyəti ilə əlaqədar növbəti məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini qeyd etmiş və nəzərə alınmasını xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 04 mart 2022-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxxxxx 1978-ci ildə Ermənistan respublikası, Masis rayonunda anadan olmuş Təqsirləndirilən şəxs - 1) Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 7 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəza şərti hesab edilmiş və 2 il sınaq müddəti təyin olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 04 mart 2016-cı il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2015-ci il tarixli hökmündən CM-nin 70-ci maddəsinin tətbiq edilməsinə dair müddəalar xaric edilərək məhkəmə iclas zalından həbs edilmişdir. 2) Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 08 iyul 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsinə əsasən 8 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 3) Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 27 oktyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsinə əsasən 9 il 3 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 10 yanvar 2018-ci il tarixli qərarı ilə barəsində Azərbaycan Respublikası CM-nə dəyişikliklər edilməsi haqqında 20 oktyabr 2017-ci il tarixli qanunu tətbiq edilərək CM-nin 178.3.2-ci maddəsi CM-nin 178.2.4-cü maddəsinə, CM-nin 178.2.4-cü maddəsi CM-nin 178.1-ci maddəsinə tövsüf edilmişdir. Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən cəzası 5 ilə endirilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 05 fevral 2018-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 3 il 21 gün hissəsi 500 manat cərimə cəzası ilə əvəz edilmiş və cəzadan azad edilmişdir. 26 noyabr 2018-ci ildə cəriməni ödədiyi üçün qeydiyyatdan çıxarılmışdır, məhkumluğu ödənilmişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilir. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs 01 avqust 2022-ci il tarixli məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam olaraq ödəmişdir. Ona qarşı şikayət və tələbi yoxdur, onunla barışmışdır. Buna görə də, cinayət işinə xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı tamamilə ödəyərək onunla barışdığına görə cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Elçin Süleymanovun 15 yanvar 2022-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işinin icraatı dayandırılmışdır. İş materiallarına əlavə edilmiş axtarışda olanın tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 yanvar 2022-ci il tarixdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Elçin Süleymanovun 02 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək saxlanılıdığı Xəzər RPİ-nin MSY-dən azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 25 (iyirmi beş) saat vaxt, məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 30 (otuz) saat olmaqla ümumilikdə 55 (əlli beş) saat vaxt sərf etmişdir. Ona görə də, 330 (üç yüz otuz) manat məbləğində vəsait vəkilə ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 73-1.1, 344– 348, 356, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı tamamilə ödədiyinə və onunla barışdığına görə onun barəsində Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs istintaqda və məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 330 (üç yüz otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada vəkil Müdafiəçi ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar