Məhkəmə qərarları › İş №1(003)-152/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-152/2022

20.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-152/2022 20.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, 07 fevral 1967-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Bolluq yaşayış sahəsi fərdi evdə yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 yanvar 2022-ci il tarixli 4(003)- 16/2022 saylı qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduğu 07 yanvar 2022-ci il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi xalis çəkisi - 0,894 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsinə daşıyaraq üzərində saxlamış, 07 yanvar 2022-ci il tarixdə, saat 19:20-də Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən Binə qəsəbəsi Bolluq massivində yerləşən yaşadığı evin yaxınlığında saxlanılaraq Xəzər RPİ-nin 3-cü PŞ-nə dəvət olunmuş və orada Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli şalvarının sol cibində olan 01 ədəd siqaret qutusundan 01 ədəd şüşə ampulada qeyd olunan çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və narkotik vasitə heroin izləri olan 02 ədəd 2 ml-lik şrpis aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, ibtidai istintaq zamanı ona edilmiş fiziki və psixi təzyiqlər nəticəsində özünə qarşı ifadə verərək göstərmişdir ki, o, təxminən 3 ildir ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. Narkotik vasitələrdən istifadə etmədikdə bədənində kəskin ağrılar olur və həmin ağrılara dözə bilmədiyi üçün üzdən tanıdığı şəxslərdən narkotik və psixotrop maddələr alaraq istifadə edirmiş. Sonuncu dəfə 07 yanvar 2022-ci il tarixdə səhər saatlarında Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün bir büküm narkotik vasitə heroin almış və onu cibində saxladığı içərisində şpris və narkotik vasitələri istifadə etmək üçün lazım olan digər ləvazimatların yanına qoymuşdur. Daha sonra içərisində narkotik vasitə heroin olan bükümü açaraq cibindəki siqaret qutusunun içində saxladığı şüşə ampula tökmüşdür. Həmin gün saat 19:20 radələrində Binə qəsəbəsi Bolluq yaşayış massivində yaşadığı evin yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş və narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyərək onu Xəzər RPİ 3-cü PŞ-nə aparmışlar. 3-cü PŞ-nin inzibati binasında xidməti otaqların birində polis əməkdaşlarının və vəkil Bəhruz Səfərovun iştirakı ilə videoçəkilişlə təhqiqatçı üzərində şəxsi axtarış keçirməyə başlamışdır. Əvvəlcə ona hüquq və vəzifələri izah edilmiş və üzərində qeyriqanuni əşya varsa könüllü təqdim etməyi təklif edilmişdir. Bundan sonra o, əynindəki qara rəngli şalvarın cibində saxladığı içərisində narkotik vasitə heroin və onu istifadə etmək üçün ləvazimatlar olan siqaret qutusunu təqdim etmiş, sorğu zamanı baş verənləri olduğu kimi danışmışdır. Şəxsi axtarış zamanı üzərindən başqa qeyri-qanuni əşya aşkar olunmamışdır. Üzərindən aşkar olunaraq götürülənlər zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib edilərək ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən zərfin üzəri və protokol imzalanmışdır. Hazırkı açıq məhkəmə iclasında əsil həqiqəti söyləyir və bildirir ki, o, təxminən 3 ildir ki, narkotik vasitələrdən istifadə edir, son aylarda isə narkotik vasitələrdən istifadə etmir. Əvvəllər narkotik vasitələrdən istifadə etdiyinə görə cinayət məsuliyyətinə cəlb edilərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 10 mart 2022-ci il tarizdə məhkəməni qərarı ilə barəsində sonuncu amnistiya Qərarı tətbiq edilərək cəzasının çəkilməmiş hissəsindən azad edilmiş və üzərindən məhkumluq götürülmüşdür. Hazırda üstündə aşkar edildiyi deyilən həmin 01 büküm narkotik vasitə heroin ona məxsus olmamış, Polis bölməsinə gətirilərkən üstündə narkotik vasitə olmamışdır. Həmin narkotik vasitə heroin polis əməkdaşları tərəfindən PŞ-də onun üzərinə videoçəkilişdən əvvəl qoyulmuş və ona fiziki və psixoloji təzyiq göstərilərək müdafiəçisinin iştirakı ilə videoçəkilişlə dindirilərkən sözügedən narkotik vasitənin guya ona məxsus olmasını deməyə məcbur edilmişdir. Qorxduğu üçün polis əməkdaşlarının əvvəlcədən verdikləri təlimata uyğun olaraq öz əleyhinə ifadə vermiş, lakin ona göstərilmiş təzyiqlər barədə heç bir yerə şikayət etməmiş, hətta onun barəsində həbs qətimkan tədbiri seçilərkən hakimə də heç nə deməmişdir. Özünü təqsirli bilmir, buna görə də barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ 3-cü PŞ-nin əməliyyat müvəkkili X3 göstərdi ki, 07 yanvar 2022-ci il tarixdə 3-cü PŞ-nə “Mütəllim” adlı şəxsin narkotik vasitələrin və psixotrop maddələrinin qəbulu ilə məşğul oması, eyni zamanda həmin şəxsin Binə qəsəbəsi Bolluq yaşayış massivində yerləşən yaşadığı evin yaxınlığında olduğu barədə əməliyyat məlumatı daxil olmuşdur. Araşdırma zamanı məlum olmuşdur ki, “Mütəllim” adlı şəxs 07 fevral 1967-ci ildə ünvan 3 ünvanında qeydiyyatda olan, Binə qəsəbəsi Bolluq yaşayış sahəsi fərdi evdə yaşayan Təqsirləndirilən şəxsdur. Bundan sonra digər polis əməkdaşı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qəbulu ilə məşğul olması barədə daxil olmuş məlumatı yoxlamaq və onu ifşa etmək məqsədi ilə 07 yanvar 2022-ci il tarixdə, saat 19:10 radələrində Binə qəsəbəsi Bolluq yaşayış massivində yerləşən yaşadığı evin yaxınlığına yollanmışlar. Orada müşahidələr aparmağa başlamışlar və Təqsirləndirilən şəxs qeyd olunan yerdə saat 19:20 radələrində müəyyən etdikdən sonra ona yaxınlaşıb özlərini təqdim edərək Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları olduqlarını bildirib onu 3-cü PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs də heç bir etiraz etməyib onlarla birlikdə PŞ-nə getmişdir. Faktla bağlı araşdırma aparılmasından ötrü material baş təhqiqatçı Anar Hacıyevə həvalə edilmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsindən ötrü müdafiəçi dəvət etmiş və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuşdur. Daha sonra təhqiqatçı X7 Əliyevin, müdafiəçi Bəhruz Səfərovun və onların iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Şəxsi axtarış keçirilməmişdən qabaq ona hüquq və vəzifələrini izah edib üzərində qeyri-qanuni əşya varsa könüllü təqdim etməyi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sol cibindən 01 ədəd siqaret qutusunu içərisində olan 01 ədəd şüşə ampuladakı qəhvəyi rəngli maddə kütləsi, 02 ədəd şprisi şpris başlıqları ilə birlikdə təqdim etmişdir. Şüşə ampulada olan maddənin “kakos” dediyi narkotik vasitə heroin olduğunu və öz istifadəsi üçün 07 yanvar 2022-ci il tarixdə saat 15:00 radələrində Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Həmin bükümün içərisindən spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən digər qanunsuz digər əşya və predmet aşkar olunmamışdır. Bundan sonra baş verənlər barədə protokol tərtib edilmiş və Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdə olan maddə və digər əşyalar zərfə qoyularaq möhürləndikdən sonra iştirakçılar tərəfindən zərfin üzəri və protokol imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə inspektoru Şahid2 da oxşar, eyni məzmunlu ifadə verərək şahid X1 göstərdiklərini təsdiq etdi. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəməbioloji ekspertizasının 08 yanvar 2022-ci il tarixli, 6/94 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan zərfdəki üzərində “Prima” yazısı olan siqaret qutusunda 1 (bir) ədəd şüşə ampulun içərisində təmiz çəkisi 0,864 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Həmin qutuda olan 2 ədəd 2 ml-lik şprisin içərisində heroinin izləri vardır. İz şəklində olduğu üçün heroinin təmiz çəkisini müəyyən etmək mümkün deyildir. Qeyd: Heroinin təmiz çəkisi – 0,864 qram, tədqiqata sərf edildi – 0,1 qram, qalıq – 0,764 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 114,00 (bir yüz on dörd) manat təşkil edir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbayjan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmənarkoloji ekspertizasının 03 fevral 2022-ci il tarixli, 500 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixotrop maddə metamfetaminin birgə qəbul edidlməsi nətijəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd siqaret qutusundakı 01 ədəd şüşə ampulada olan 0,864 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və narkotik vasitə heroin izləri olan 02 ədəd iynəsi ilə birlikdə 2 ml-lik şpris maddi sübut kimi tanınaraq 01 ədəd siqaret qutusundakı 01 ədəd şüşə ampulada olan hazırkı çəkisi 0,764 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və narkotik vasitə heroin izləri olan 2 ədəd 2 mllik şpris və şpris başlıqları məhkəmənin hökmünə qədər Xəzər RPİ-də saxlanılır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 3-cü PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 26 yanvar 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə iki dəfə məhkum olunmuş, sonuncu dəfə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 iyun 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69-cu maddəsinə əsasən 02 (iki) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli 7(003)-739/2022 saylı Qərarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-118/2019 saylı 21 iyun 2019-cu il tarixli hökmü ilə 02 (iki) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs “8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndi tətbiq edilmiş və Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsindən azad edilmiş və onun üzərindən məhkumluq götürülmüşdür. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib saxlaması faktı şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilməmiş və öz müdafiəsi üçün dəlil gətirərək məhkəmə-narkoloji ekspertizasının rəyi ilə tanışetmə protokoluna, ibtidai istintaqının qurtarmasının elan edilməsi barədə məlumat vermə protokoluna və cinayət işinin materialları ilə tanış olma barədə protokola imza etməkdən imtina etdiyini bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadə həqiqətə uyğun deyildir, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə haqqında protokol, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olub cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilmiş ittiham üzrə təqsirli olmamasına dair gətirdiyi dəlilləri araşdıraraq hesab edir ki, həmin dəlillər əsassızdır və qəbul edilə bilməz. Təqsirləndirilən şəxs ona verilmiş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham üzrə özünü təqsirli bilməməsini üstündə aşkar edilmiş narkotik vasitə heroinin ona məxsus olmaması, Polis şöbəsində ona fiziki və psixoloji təsir göstərilməsi, həmin narkotik vasitənin onun üzərinə qoyulması, narkotik vasitə üstündə gəzdirmədiyi halda, törətmədiyi cinayəti etiraf etməyə məcbur edilməsi ilə əlaqələndirir. Lakin məhkəmə qeyd edir ki, məhkəmə iclasında şahid ifadələri, cinayət işinin materiallarında olan sənədlərlə və təqsirləndirilən şəxsin ilkin izahat və ifadələri ilə müəyyən edilmişdir ki, narkotik vasitə məhz Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə baxış keçirilərkən aşkar edilmişdir. Aparılmış məhkəmə narkoloji ekspertizasının nəticələrinə əsasən onun narkomaniya xəstəliyindən əziyyət çəkməsi müəyyən edilmişdir. Digər tərəfdən, Təqsirləndirilən şəxs məhkəmə iclasında Polis şöbəsinə gətirildikdən sonra ona fiziki və psixoloji təzyiqlər göstərilməsi və öz əleyhinə ifadə verməyə məcbur edilməsini bildirsə də, həmin vaxt bununla bağlı heç bir yerə şikayət etməmiş, məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilərkən bu barədə hakimə heç nə bildirməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən - Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Məhkəmə iclasında Təqsirləndirilən şəxsnın cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasını çəkməsinin əvvəli tutulduğu 07 yanvar 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - 01 ədəd siqaret qutusundakı 01 ədəd şüşə ampulada olan narkotik vasitə heroin və narkotik vasitə heroin izləri olan 2 ədəd 2 ml-lik şpris və şpris başlıqları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 3-cü PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 114,00 (bir yüz on dörd) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş 08 saylı Vəkil Bürosunun vəkilləri X4 və Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X4 20 iş saatına görə 120,00 (bir yüz iyirmi) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 10 iş saatına görə 60,00 (altmış) manat olmaqla 180,00 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli tutulduğu 07 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - 01 ədəd siqaret qutusundakı 01 ədəd şüşə ampulada olan narkotik vasitə heroin və narkotik vasitə heroin izləri olan 2 ədəd 2 ml-lik şpris və şpris başlıqları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 3-cü PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 114,00 (bir yüz on dörd) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun X4 120,00 (bir yüz iyirmi) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60,00 (altmış) manat olmaqla ümumilikdə 180,00 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar