Məhkəmə qərarları › İş №1(003)-152/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-152/2023

08.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-152/2023 08.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1991-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Sovxoz kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Xətai kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi nömrəsiz fərdi evdə yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-553/2022 saylı 18 noyabr 2022-ci il tarixli Qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 16 noyabr 2022-ci il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşya tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək təkrarən xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 30 may 2022-ci il tarixdə təxminən saat 21 radələrində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində yerləşən “Nəqşicahan” çay evinin yaxınlığında olan adsız kafedə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək heç bir əsaslı səbəb olmadan aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs2 sifət nahiyəsindən yumruqla qəsdən bir dəfə vuraraq ona sol və sağ gözaltı nahiyənin sıyrıqları əmələ gəlməsi ilə müşayiət olunan sağlamlığa zərərvurmayan və dərəcələri təyin edilməyən xəsarətlər yetirərək qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bundan başqa, o, təkrarən 09 iyun 2022-ci il tarixdə təxminən saat 20 radələrində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Donuzçuluq sovxozu Kanalüstü adlanan küçədə silah qismində istifadə olunan əşya tətbiq etməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək heç bir əsaslı səbəb olmadan aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrindən yumruqtəpiklə, eləcə də silah qismində istifadə etdiyi daş parçası və Zərərçəkmiş şəxs1 məxsus avtomobilin arxa görüntü güzgüsü ilə qəsdən vuraraq ona sol gözaltı nahiyənin qançırı, sağ dirsəyin, sağ baldırın əzilmiş yaraları, sol bazunun, sol saidin, sol və sağ ayağın sıyrıqları ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olduğuna görə sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər yetirməklə, həmçinin Zərərçəkmiş şəxs1 məxsus “Mercedes” markalı **-VD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qabaq alın şüşəsini daş parçası ilə qəsdən vuraraq avtomobilin salonundakı arxa görüntü güzgüsünü isə əlləri ilə dartıb qopararaq yararsız hala salıb Zərərçəkmiş şəxs1 ümumilikdə 150 manat məbləğində ziyan vurmaqla qərəzli xuliqanlıq hərəkləri etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxslərin, şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, ibtidai istintaq zamanı özünü təqsirli bilərək göstərmişdir ki, o, əvvəllər Binə qəsəbəsində yaşamışdır. Zərərçəkmiş şəxs2 təxminən 3-4 ildir ki, tanıyır. Belə ki, Azər də Binə qəsəbəsində yaşadığından onların tanışlığı yaranmışdır. 30 may 2022-ci il tarixdə təxminən saat 21 radələrində Binə qəsəbəsində “Nəqşicahan” çay evinin yaxınlığında olan adsız kafeyə istirahət etmək üçün getmiş və həmin vaxt orada Azəri görmüşdür. Pulu olmadığından, Azərə yaxınlaşıb ondan 2 manat borc pul istəmişdir. Azər ona pulunun olmadığını bildirmiş, o isə ona əvvəllər pul xərclədiyini xatırladaraq nə üçün indi ona pul vermədiyini soruşmuşdur. Azərin bu sözlərindən əsəbiləşərək onun sifət nahiyəsindən bir yumruq zərbəsi vurmuş və oradan çıxaraq uzaqlaşmışdır. Zərərçəkmiş şəxs1 onun həmyerlisidir, onu uşaqlıqdan tanıyır. 09 iyun 2022-ci il tarixdə saat 20 radələrində o, Binə qəsəbəsindəki “Yaşıl aptek”in yanında Mahmudu görmüşdür. Binə qəsəbəsində yaşayan anasının yanına getməli olduğundan və Mahmud taksi işlədiyindən ona yaxınlaşıb Binə qəsəbəsi Donuzçuluq sovxozunda yerləşən Kanalüstü adlanan yerə sürməyini xahiş etmişdir. Bundan sonra Mahmuda məxsus avtomobillə Binə qəsəbəsi Donuzçuluq sovxozunda yerləşən kanalüstü adlanan yerə getmişlər. Avtomobildən düşərkən Mahmuda üstündə pulunun olmadığını, taksi pulunu başqa vaxt verəcəyini demiş, Mahmud isə onu nalayiq söyüşlərlə söyməyə başlamışdır. Mahmuda söyüş söyməməyini demiş və avtomobildən düşmüşdür. Mahmud da avtomobildən düşmüş və onun yaxasından tutmuşdur. Həmin vaxt onun köynəyi cırılmışdır. Mahmud onu söydüyü üçün o, onun sifət nahiyəsindən bir yumruq zərbəsi vurmuşdur. Mahmuda yumruq zərbəsi vurduqdan sonra Mahmud ürəyindən əməliyyat olunduğunu bildirmiş və o, ona yaxın getməmişdir. Həmin vaxt Mahmudun avtomobilinin güzgüsünü qopardaraq onu vurmamış, həmçinin, Mahmudu yerə sürüyərək düşürtməmiş və daş parçası ilə onu vurmamış, avtomobilin qabaq şüşəsini sındırmamışdır, buna görə də həmin hissədə özünü təqsirli bilmir. Gedərkən isə, Mahmud yenə onu nalayiq söyüşlərlə söydüyündən, o, yerdən daş parçası götürüb Mahmudun avtomobilinə atmış və oradan uzaqlaşmışdır. Törətdiyi əməllərdən peşmandır, hazırda hər iki zərərçəkmiş şəxslə barışaraq onlara dəymiş ziyanı tamamilə ödəmişdir və zərərçəkmiş şəxslərin ondan heç bir şikayətləri və ya digər tələbləri yoxdur. Himayəsində iki azyaşlı uşağı vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, Təqsirləndirilən şəxs təxminən 3 ildir ki tanıyır. Belə ki, Eltac Binə qəsənbəsinin sakini olduğundan kafelərdə bir neçə dəfə onu görmüşdür. 30 may 2022-ci il tarixdə saat 20 radələrində Binə qəsəbəsində yerləşən “Nəqşicahan” çay evinin yaxınlığında olan adsız kafeyə istirahət etmək üçün getmiş, kafedə özünə çay sifariş vermiş, həmin vaxt Eltac onun oturduğu masaya yaxınlaşaraq ondan 2 manat pul istəmişdir. Təxminən 2 gün ondan əvvəl Eltac yenə ondan 5 manat pul istəmiş, lakin o, ona pul verməmişdir. Ümumiyyətlə Eltac avaralıqla məşğul olur və o, bu səbəbdən ona pulunun olmadığını demişdir. Eltac isə ondan pulu olduğu halda nə üçün ona pul vermədiyini soruşmuşdur. O, ona pul verməyəcəyini dedikdə Eltac çıxıb getmişdir. Təxminən bir saat sonra, yəni saat 21 radələrində Eltac yenə kafeyə gəlmiş və ona nə üçün pul vermədiyini soruşmuş, o Eltaca pul verməyəcəyini bildirən zaman Eltac qəflətən onun sifət nahiyəsindən bir yumruq zərbəsi vurmuşdur. Eltac onu vurub nalayiq ifadələrlə söyən zaman kafedə müştəri qismində əyləşən insanlar və Eltacın səsinə kənardan toplaşan insanlar olmuşlar. Həmin şəxslər onu Eltacın əlindən almış və Eltacı kafedən uzaqlaşdırmışlar. Hadisə təxminən 10 dəqiqə davam etmişdir. Bundan sonra kafenin sahibi Tünzalə xanım DİN “102” zəng mərkəzinə yığaraq hadisə barədə məlumat vermişdir. Hazırda Eltac ilə barışmışdır və ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq Eltaca hər hansı cəza verilib-verilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, o, 19 yanvar 2023-cü il tarixdə məkəmənin hazırlıq iclasında iştirak etmiş, 03 fevral 2023-cü il tarixdə isə məhkəməyə ərizə ünvanlayaraq ibtidai istitaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmamasını, ona hər hansı cəza verilib-verilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını, işləri ilə əlaqədar bundan sonra məhkəmə iclaslarına gələ bilməyəcəyini bildirmiş, buna görə də işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq onun ibtidai istintaq zamanı verdiyi ifadə elan edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, 20 ilə yaxındır ki, Binə qəsəbəsində yaşayır və özünə məxsus “Mercedes” markalı **-VD- *** dövlət nömrə nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşul olaraq ailəsini dolandırır. 09 iyun 2022-ci il tarixdə təxminən saat 20 radələrində Binə qəsəbəsində yerləşən “Yaşıl aptek” adlı aptekin yanında sərnişin gözlədiyi vaxt həmyerlisi olan tanıdığı Eltac adlı şəxs avtomobilinə əyləşərək onu Donuzçuluq Sovxozunda yerləşən kanalın yanına aparmağını xahiş etmişdir. Həmin ünvana çatacatda Eltac kanalın yanında ondan gediş haqqı alıb-almayacağını soruşmuş, o Eltaca gediş haqqını alacağını dedikdə Eltac ona avtomobili saxlamağını demiş və sinəsindən yumruqla vurmuşdur. O, özünü itirmiş və avtomobili saxlamışdır. Eltac isə avtomobilin arxa görüntüsünü əks etdirmək üçün quraşdırılmış güzgünü yerindən çıxarmış, onun baş nahiyəsinə vurmağa başlamışdır. Bundan sonra Eltac avtomobildən düşərək onu avtomobildən sürüyərək yerə salmış və onun ayaq nahiyəsindən təpiklə bir neçə zərbə vurduqdan sonra yerdən daş parçası götürmüş, baş nahiyəsindən vurmuşdur. Ona məxsus avtomobilinin qabaq alın şüşəsinin yararsız hala düşməsi və arxa görüntü güzgüsünün sınması nəticəsində ona 150 manat maddi ziyan dəymişdir. Həmin vaxt orada Hacıbaba adlı şəxs də olmuşdur. Bundan sonra o, huşunu itirmiş və olanlar barədə xəbəri olmamış, ayılanda isə artıq 3 saylı şəhər kliniki xəstəxanasında olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid göstərdi ki, o, Binə qəsəbəsindəki “Nəqşicahan” çay evinin yaxınlığında olan adsız kafeni işlədir. Eltac adlı şəxsi o, kafenin müştərisi kimi tanımış, Azəri də kafenin müştərisi kimi tanımışdır. 30 may 2022-ci il tarixdə saat 20 radələrində Azər kafeyə gəlmiş və çay içmişdir. Həmin vaxt Eltac da kafedə olmuş və pivə içdikdən sonra kafedən çıxarkən Azərdən borca pul istəmişdir. Həmin vaxt Azər pulunun olmadığını demiş və Eltac mübahisə edərək çıxıb getmişdir. Bir qədər sonra Eltac yenə kafeyə gəlmiş və Azərə söyüş söyərək nə üçün ona pul vermədiyini soruşmuş və onun sifət nahiyəsindən bir yumruq zərbəsi vurmuşdur. Onlar Eltacı ayırmış və kafedən çıxararaq uzaqlaşdırmışlar. Bundan sonra o, DİN “102” zəng mərkəzinə yığmış, hadisə barədə məlumat vermişdir. İş materiallarında olan 17 noyabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə üzləşmə zamanı ifadəsində göstərdiyi xüsusatları sonuncunun üzünə qarşı deyib bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 03 iyun 2022-ci il tarixli 617 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol və sağ gözaltı nahiyənin sıyrıqları küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilən 30 may 2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 716 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol gözaltı nahiyənin qançırı, sağ dirsəyin, sağ baldırın əzilmiş yaraları, sol bazunun, sol saidin, sol və sağ ayağın sıyrıqları küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri onun "X2 " X3 müraciətindən az əvvəl olmaqla, müayinə olunan göstərdiyi xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İş materiallarında olan 01 iyun 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan və protokola əlavə edilmiş foto cədvəldən görünür ki, hadisə Binə qəsəbəsində yerləşən “Nəqşicahan” çay evinin yaxınlığında olan adsız kafedə baş vermişdir. İş materiallarında olan 14 iyun 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan və protokola əlavə edilmiş foto cədvəldən görünür ki, hadisə Binə qəsəbəsi Donuzçuluq sovxozu kanal üstü adlanan küçədə baş vermişdir. İş materiallarında olan və Zərərçəkmiş şəxs1 tərəfindən yazılaraq məhkəməyə təqdim olunmuş 03 fevral 2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, ona hər hansı cəza verilib-verilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. İş materiallarında olan və Zərərçəkmiş şəxs2 tərəfindən yazılaraq məhkəməyə təqdim olunmuş 20 aprel 2023-cü il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, ona hər hansı cəza verilib-verilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən 10 noyabr 2022-ci il tarixdə daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 1 (bir) il 7 (yeddi) ay 29 (iyirmi doqquz) gün hissəsi 9 (doqquz) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli qərarı ilə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 6 (altı) ay azaldılmış, 07 fevral 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir.. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir (götürülməmişdir). Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşya tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək təkrarən xuliqanlıq etməsi məhkəmə baxışı zamanı özünün qismən etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxslərin, şahidin ifadələri, üzləşdirmə protokolları və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilməsi barədə ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünümüdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlləri qismən etiraf edərək peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərlə barışmasını və onların ondan heç bir şikayətlərinin və tələblərinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etmələrini, himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayəti təkrar törətməsi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran haldır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, azadlıqdan məhrum etmə cəzasını çəkməsinin əvvəli həbsə alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 27 iş saatına görə (ibtidai istintaq zamanı 12 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 15 saat) ümumilikdə 162,00 (yüz altmış iki) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli həbsə alındığı 16 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə ümumilikdə 162,00 (yüz altmış iki) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar