Məhkəmə qərarları › İş №1(003)-152/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-152/2024

08.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-152/2024 08.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçilər – Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X1 və “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, 01 avqust 1985-ci il tarixdə Ağdaş rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağsu rayonu Mürsəl kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşa-Xuna bağlar massivi nömrəsiz fərdi evdə yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-336/2023 saylı 14 iyul 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 12 iyul 2023-cü il tarixdən hesablanan və hazırdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə və xx xxxxx 1987-ci il tarixdə Naxçıvan Muxtar Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşa-Xuna bağlar massivi nömrəsiz fərdi evdə yaşamış, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş – - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında arvadı - Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək üçün tamah məqsədilə vahid niyyətlə əhatə olunan qəsdlə 01 may 2023-cü il tarixdən 31 may 2023cü il tarixədək olan müddət ərzində qonşuluqda, yəni Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşa-Xuna bağlar massivi nömrəsiz fərdi yaşayış evində yaşayan Zərərçəkmiş şəxs evləndirəcəklərini yalan vəd verib aldadaraq ona olan etibarından sui-istifadə edib evində hissə-hissə olmaqla ümumilikdə 16000 manat məbləğində qızıl-zinət əşyasını aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla vədinə əməl etməyib Zərərçəkmiş şəxs qarşı dələduzluq etmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında əri - Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək üçün tamah məqsədilə vahid niyyətlə əhatə olunan qəsdlə 01 may 2023-cü il tarixdən 31 may 2023-cü il tarixədək olan müddət ərzində qonşuluqda, yəni Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşa-Xuna bağlar massivi nömrəsiz fərdi yaşayış evində yaşayan Zərərçəkmiş şəxs evləndirəcəklərini yalan vəd verib aldadaraq ona olan etibarından sui-istifadə edib evində hissə-hissə olmaqla ümumilikdə 16000 manat məbləğində qızıl-zinət əşyasını aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla vədinə əməl etməyib Zərərçəkmiş şəxs qarşı dələduzluq etmişdir. Təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməli məhkəmədə tədqiq edilmiş, onların, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, Hicranı və ailəsini bir qonşu kimi tanımış və onlarla münasibəti hər zaman yaxşı olmuşdur. Hicrana məxsus qızıl-zinət əşylarını - 01 ədəd üzüyü, 01 komplekti, 01 ədəd sepi, 01 sırğanı, 02 bilərziyi, 01 klonu götürmüş, lakin onlaraın arasında qızıl diş olmamışdır. Həmin əşyaları yadında qalmayan zamanda, təxminən may-iyun ayları arasında Hicrandan götürüb lombarda vermişdir. Belə ki, Hicran onu qapıya çağıraraq qızıl verib onu əritməsini istəmiş, o isə ilk dəfə onun təklifini qəbul etməmişdir. Hicran ikinci dəfə yenə qızılları ona verib əritməsini istəmiş, bu dəfə onun təklifini qəbul etmiş və qarşılıqında Hicrandan pul istəmiş, sonra qızılları aparıb lombarda qoyaraq Hicrana 800 manat pul vermiş, lakin Hicran ona söz verdiyindən az məbləğdə pul vermişdir. O, Hicranın istəyi ilə bir dəfə onun üçün qızıl satmış, sonrakı dəfələrdə isə öz planı üzrə Hicrandan qızılları götürmüşdür. Hicranın ona az pul verməsindən acıqlı qalmış və onun evindəki qızlları aldadaraq almaq fikirinə düşmüşdür. Buna görə Hicranın yanına gedib ona illər öncə elçi gələn Adəm adlı şəxsi tapdığını, Adəm ilə görüşməsinə, evlənməsinə köməklik edəcəyini bildirmiş və Nicran bu xəbərdən sevinmişdir. Bundan sonra o, tanımadığı, lakin adını bildiyi Adəmin adından Hicrana telefon almağı üçün pul göndərməsi və həmin pulu onun, yəni Cavidin vasitəsilə verməsi barədə sarımtıl rəngli damalı kağız vərəqdə yalandan məktub yazmış və həmin məktubu aparıb ona vermişdir. Hicran məktubu alıb oxuduqdan bir neçə saat sonra ona 02 ədəd qolbağ gətirib vermiş və onları Adəmə verməsini xahiş etmişdir. Onun məktubuna inanan Hicrana bir neçə gün sonra yenidən məktub yazmış və qızıl istəmişdir. Hicran ona hər dəfə qızıllar gətirmiş, o da həmin qızılları satmışdır. Bir neçə gün sonra Adəmin adından Hicrana yazdığı məktubları Hicranın qardaşı Asif görmüş və onun qaynatasına zəng edib şikayət etmişdir. Bundan sonra o, həyat yoldaşı Sevda ilə Asifgilə getmiş və ona bildirmişdir ki, Adəmi bir gün içində tapıb gətirəcəkdir. Bir gün sonra Asif ona zəng etmiş, lakin o, Asifə yalandan Adəmi hələ tapmadığını bidirmişdir. Onu da bildirir ki, ziyan məbləği şişirdilmişdir, çünki, Hicran ona cəmi 4-5 ədəd qızıl vermişdir ki, onların da qiyməti 16000 manat ola bilməzdi, buna görə də özünü qismən təqsirli bilir. Əldə etdiyi pulları evə gətirməmiş, şəxsi ehtiyaclarına xərcləmişdir. İlk dəfə törətdiyi bu əməlindən peşmandır, həmin əməli tək törətmişdir, həyat yoldaşı Sevdanın bu işdə heç bir rolu və iştirakı olmamışdır. Himayəsində iki azyaşlı uşağı vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, Hicran onun qapı qonşusudur, evlənmək üçün hər şey edə biləcək adamdır. Çünki, 2011-ci ildə Hicran qardaşı Asifə məxsus qızılları ona məlum olmayan şəxslərə verib və bu söhbətlər o vaxt bütün məhəllədə yayılmışdı. 2023-cü ilin may ayında gecə saat 01 radələrində Asif onun atasına zəng edib bidirmişdir ki, Hicranın əlində məktublar tapıblar və həmin məktublarda Cavidin adı keçir, dur, gəl bizə. Bundan sonra atası ona zəng edərək bu barədə Asifdən eşitdiklərini bildirmiş və onun yanına gəlməsini demiş, o da tək, eyni həyətdə yaşadıqları atasının evinə getmişdir. Atası ona demişdir ki, Asif zəng edərək evdən məktub tapdığını və həmin məktubda Cavidin adının keçdiyini bildirmişdir. Belə ki, məktubda Cavidin Hicrandan qızıl alması barədə söhbət gedirmiş. Atası bu barədə ondan soruşmuş, o da atasına demişdir ki, heç bir şeydən məlumatı yoxdur. Evə qayıdıb Cavidi oyatmış və onunla birlikdə Asifin qonşuluqda yaşadığı evə getmişdir. Həmin vaxt orada Asif, qızı, kürəkəni, arvadı Zinyət və Hicran olmuşdur. Asif Caviddən Hicrandan qızıl alıbalmadığını soruşmuş, Cavid də etiraf edərək bildirmişdir ki, Hicran sellofan torbada qızılları gətirərək ona vermişdir. Asif bu məsələnin polisə düşməməsi üçün Hicranın verdiyi qızılları tapıb gətirməsini Caviddən tələb etmiş, sonra onlar öz evlərinə qayıtmışlar. Evdə o, Cavidi danlamış və ondan tələb etmişdir ki, qızılları haraya veribsə, gedib gətirsin və Hicrana geri qaytarsın. Cavid bu barədə heç nə deməyərək getmiş, lakin bir neçə gün keçməsinə baxmayaraq, Cavidin qızılları gətirmədiyini görüb ondan yenə dəfələrlə tələb etmişdir ki, Hicranın qızllarını gətirib qaytarsın, lakin Cavid qızılları geri qaytarmadığı üçün Asif Polis şöbəsinə şikayət etmişdir. Onun bu işdə heç bir rolu və iştirakı olmamışdır, belə ki, o, Hicrana bu barədə heç bir söz deməmiş, Hicran qızılları Cavidə verərkən onların yanında olmamışdır. Atasının birinci niyə Cavidə deyil, ona zəng etməsinin səbəbini bilmir, yəqin ki, qızı olduğu üçün birinci ona zəng etmişdir. Özünü təqsirli bilmir, çünki, hər hansı bir cinayət əməlini törətməmişdir, himayəsində iki azyaşlı uşağı vardır. Bütün bunların nəzərə alınaraq barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, 2023-cü ilin may ayında qonşuları Sevda və Cavid onu bağlarına çağırıb bildirmişlər ki, onunla evlənmək üçün Adəm adlı şəxs var, Ramanı qəsəbəsində anası ilə qalır və evlənmək istəyir. Bundan sonra onun mənəvi hissləri oyanmış və o da başqa şəxslər kimi ailə həyatı qurmaq istəmişdir. Cavidə və Sevdaya bildirmişdir ki, onu evləndirsinlər. Bundan sonra Sevda bildirmişdir ki, mağazaya borcları var və ödəyə bilmirlər, o, onların borclarını ödəsə, onu Adəmlə tanış edəcəklər. O, inandığı üçün anasından xatirə olan protezi və üzərində olan 8 ədəd qızıl dişi aparıb Cavidgilə vermişdir. Bir neçə gün sonra Cavid ona bir məktub vermiş və bu məktubun Adəmdən gəldiyini bildirmişdir. Adəmin məktubda ona əlaqə saxlaması üçün telefon lazım olduğunu, onda isə hal-hazırda telefonu almaq üçün pul olmadığını, evdə olan qızıllardan verməsini, eyni zamanda qızılı Cavidin vasitəsi ilə verməsini yazdığını oxuduqdan sonra o, evdə olan qızıllardan Cavidə verməyə başlamış və guya Cavid məktubda qeyd olunmuş kimi, həmin qızılları Adəmə aparırmış. Bundan sonra Cavid Adəmdən daha 2 məktub gətirmiş və o, Cavidə hər dəfəsində qızıl vermişdir. Hər dəfə o, Cavidə qızıl verdikdə Cavid ona bildirmişdir ki Sevda ilə birlikdə onu evləndirəcək, sadəcə Adəmin dediklərini etsin və Adəmin sözündən çıxmasın. Hər dəfə Adəm qızıl istəyəndə, o, evdə olan qızılları Cavidin vasitəsi ilə Adəmə göndərmişdir. Bir ay sonra o, Cavidin əməllərindən, özünü şübhəli aparmasından bilmişdir ki, Cavid onu aldadır və Adəm adlı şəxs yoxdur. Həmin gün təsadüfən qardaşı Asif məktubları onun əlində görmüş, beləliklə, hər şeyin üstü açılmışdır. Hesab edir ki, bu əməli Sevda və Cavid planlaşdıraraq onu aldatmışlar. Sevda ona əvvəldən deməsəydi, Cavidə hec vaxt inanmazmış. Təqsirləndirilən şəxslərin əməli nəticəsində ona ümumilikdə 16000 manat məbləğində maddi ziyan dəymişdir və həmin ziyan indiyə qədər ödənilməmişdir. Cavidin guya qızılları lombarda qoyduqdan sonra ona 800 manat verməsi barədə dedikləri yalandır. Buna görə də o, Cavid və Sevdadan şikayətçidir, dəymiş ziyanın ödənilməsinə köməklik göstərilməsini və təqsirləndirilən şəxslərə törətdikləri əməllərinə görə qanuna müvafiq cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid göstərdi ki, bacısı Hicranın ailə həyatı dağılmış və uzun illərdir ki, onunla yaşayır. Bu ilin may ayında bacısının əlində bir neçə məktub görmüş və ondan nə səbəbə əlində kağız olduğunu soruşmuş, o da ona bildirmişdir ki, qonşuları Cavid və Sevda onu Adəm adlı şəxslə tanış edib evləndirəcəklər, buna görə də Adəm ona məktublar yazır. O, bacısına inanmamış və Cavidin qaynatasına zəng edib bildirmişdir ki, Sevda və Cavid onun bacısı Hicranı aldatmışlar. Sonra o, bacısından soruşmuşdur ki, “sən onlara bunun qarşılığında nə vermisən?” Hicran ona evin bütün qızllarını Cavidə və Sevdaya verdiyini bildirmişdir. Bundan sonra Sevda və Cavid onun evinə gəlmiş, Cavid bildirmişdir ki, Adəm adlı şəxsi tanıyır və yaxın adamdır, Adəmin Hicrana fikri ciddidir və ona elçi gələcək. Sevda da ona bildirmişdir ki, Adəmi o da tanıyır, hətta onun evində olub və Adəm də onun evinə gəlibdir. Bundan sonra o, Sevdaya inanmış və Cavidə demişdir ki, Adəmi onun evinə gətirsinlər. Bir gün sonra o, neçə dəfə Cavidgilə zəng etsə də onun zənginə cavab verməmişlər. İş materiallarında olan 12 iyul 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə zaman onlar ifadələrindəki xüsusatları bir-birləninin üzünə qarşı deyərək təsdiq etmişlər. İş materiallarında olan 17 iyul 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə zaman onlar ifadələrindəki xüsusatları bir-birləninin üzünə qarşı deyərək təsdiq etmişlər. İş materiallarında olan Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması barədə 14 iyul 2023-cü il tarixli protokoldan görünür ki, onun ifadəsi yerində yoxlanılmış və bu barədə fotoşəkillər çəkilib protokola əlavə olunmuşdur. İş materiallarında olan Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı Cavidan Allahverdiyev tərəfindən hal şahidlərinin iştirakı ilə tərtib edilmiş 14 iyul 2023-cü il tarixli götürmə haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs könüllü olaraq təqdim etdiyi 01 vərəq sarımtıl rəngli damalı xətlər üzərində qırmızı rəngli yazı ilə yazılmış məktub, 02 vərəq sarımtıl rəngli damalı xətlər üzərində göy rəngli yazı ilə yazılmış məktub iş üçün əhəmiyyət kəsb etdiyindən, götürülmüş və iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı Cavidan Allahverdiyev tərəfindən hal şahidlərinin iştirakı ilə tərtib edilmiş 14 iyul 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs1 ona təqdim olunmuş 01 vərəq sarımtıl rəngli damalı xətlər üzərində qırmızı rəngli yazı ilə yazılmış məktubun, 02 vərəq sarımtıl rəngli damalı xətlər üzərində göy rəngli yazı ilə yazılmış məktubun onun xətti ilə yazılmasını və ona məxsus olmaqla 2023-cü ilin may-iyun aylarının müxtəlif günlərində yazılmasını bildirmiş və həmin məktubların qarşısında imza etmişdir. Zərərçəkmiş şəxs ona təqdim olunmuş 01 vərəq sarımtıl rəngli damalı xətlər üzərində qırmızı rəngli yazı ilə yazılmış məktubun, 02 vərəq sarımtıl rəngli damalı xətlər üzərində göy rəngli yazı ilə yazılmış məktubun 2023-cü ilin may-iyun aylarının müxtəlif günlərində qonşusu Təqsirləndirilən şəxs1 tərəfindən ona verilməsini bildirmişdir. Xəzər RPİ-də xidməti otaqda keçirilmiş baxış zamanı fotoşəkil çəkilmişdir. İş materiallarında olan Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı Cavidan Allahverdiyev tərəfindən tərtib olunmuş maddi sübut kimi tanınma haqqında 14 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs verdiyi 01 vərəq sarımtıl rəngli damalı xətlər üzərində qırmızı rəngli yazı ilə yazılmış məktub və 02 vərəq sarımtıl rəngli damalı xətlər üzərində göy rəngli yazı ilə yazılmış məktub maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı Cavidan Allahverdiyev tərəfindən tərtib olunmuş sənədlərin cinayət işinə əlavə edilməsi haqqında 10 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 qızılları "xxxx" MMC-nə girov qoyması barədə girov biletlərinin surətləri cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 himayəsində 03 noyabr 2012-ci il təvəllüdlü X2 və 13 yanvar 2018-ci il təvəllüdlü X3 adlı iki azyaşlı uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 16 sentyabr 2023-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 16 sentyabr 2023-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq cinayət əməlini törətmələri özlərinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadələri, üzləşdirmə protokolları, əl yazması olan 3 vərəq məktub, təqdim etmə və götürmə aparılması barədə qərar, protokol, baxış keçirmə barədə protokol, maddi sübut kimi tanınma barədə qərar, ifadənin yerində yoxlanılması barədə protokol, fotoşəkillər və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda özünü məhkəmə istintaqı zamanı qismən təqsirli bilmiş, lakin onun həmin ifadəsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, zərərçəkmiş şəxsin, şahidin ifadələri, üzləşdirmə protokolları, əl yazması olan 3 vərəq məktub, təqdim etmə və götürmə aparılması barədə qərar, protokol, baxış keçirmə barədə protokol, maddi sübut kimi tanınma barədə qərar, ifadənin yerində yoxlanılması barədə protokol, fotoşəkillər və cinayət işinin materiallarında olan digər sübutlarla təkzib edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı özünü qismən təqsirli bilməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamda özünü məhkəmə istintaqı zamanı təqsirli bilməmiş, lakin onun həmin ifadəsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, zərərçəkmiş şəxsin, şahidin ifadələri, üzləşdirmə protokolları, əl yazması olan 3 vərəq məktub, təqdim etmə və götürmə aparılması barədə qərar, protokol, baxış keçirmə barədə protokol, maddi sübut kimi tanınma barədə qərar, ifadənin yerində yoxlanılması barədə protokol, fotoşəkillər və cinayət işinin materiallarında olan digər sübutlarla təkzib edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir və onlar həmin maddələrlə təqsirli bilinərək barələrində ittiham hökmü çıxarılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə, onların şəxsiyyətinin digər xüsusiyyətlərinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə törətdiyi əməli etiraf edərək peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-336/2023 saylı 14 iyul 2023-cü il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinən Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 12 iyul 2023-cü il tarixdən hesablanmaqla 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə eyni zamanda hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli həbsə alındığı 12 iyul 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə az ağır cinayət əməli törətməsini, himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 17 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuş, 18 iyul 2023-cü il tarixdə ona həmin maddələrlə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində 17 iyul 2023-cü il tarixdən 18 iyul 2023-cü il tarixə qədər 1 (bir) gün saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 2 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşa-Xuna bağlar massivi nömrəsiz fərdi evdə çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün gecə saat 24.00-dan səhər saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs verdiyi 01 vərəq sarımtıl rəngli damalı xətlər üzərində qırmızı rəngli yazı ilə yazılmış məktub və 02 vərəq sarımtıl rəngli damalı xətlər üzərində göy rəngli yazı ilə yazılmış məktub hökm qanuni qüvvəyə mindikdən sonra iş materiallarında saxlanılmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxs tərəfindən maddi ziyanın mövcudluğu göstərilsə də, təqsirləndirilən şəxslərə qarşı belə bir tələb irəli sürülmədiyindən, həmin ziyanın tutulması barədə hər hansı qərar qəbul edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxslərə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkil X4 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaqda və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X4 cəmi 50 (əlli) iş saatına görə (30 saat ibtidai istintaq zamanı və 20 saat məhkəmə baxışı zamanı) ümumilikdə 300,00 (üç yüz ) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir, ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli həbsə alındığı 12 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində 17 iyul 2023-cü il tarixdən 18 iyul 2023-cü il tarixədək saxlanıldığı 1 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 2 (iki) gün hesablanmaqla ona təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşa- Xuna bağlar massivi nömrəsiz fərdi evini gecə saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut - Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs verdiyi 01 vərəq sarımtıl rəngli damalı xətlər üzərində qırmızı rəngli yazı ilə yazılmış məktub və 02 vərəq sarımtıl rəngli damalı xətlər üzərində göy rəngli yazı ilə yazılmış məktub hökm qanuni qüvvəyə mindikdən sonra iş materiallarında saxlanılsın. Zərərçəkmiş şəxsə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxslərə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaqda və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X4 ümumilikdə 300,00 (üş yüz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs1 isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar