Məhkəmə qərarları › İş №1(003)-152/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-152/2025

12.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-152/2025 12.03.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.2004-cü ildə Tər-tər rayonu Səhləbad kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Tər-tər rayonu Səhləbad kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, yeni tikilidə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə, xx.xx.2024-cü il tarixdə, saat 02:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Z.Əliyev küçəsi, 2 saylı binanın yaxınlığında X2 idarə etdiyi Range Rover markalı **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda surət qutusunun yanında açıqlıqda qoyulmuş olan 3500 manat pulu gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümümilikdə 3500 (üş min beş yüz) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan sonra o, təkrarən, tamah niyyətiylə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 22 avqust 2024-cü il tarixdə saat 07 radələrində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, “Qum Beach” adlı dənizkənarı istirahət mərkəzində yerləşən spirtli və spirtsiz içkilər olan taxtadan düzəldilmiş barda kassa aparatının yanında açıqlıqda qoyulmuş Zərərçəkmiş şəxs1 məxsus HP PROBOOK 450 G2 markalı 500 manat dəyərində olan noutbuku, DELL latitude 5000 5550 markalı 500 manat dəyərində noutbuku, 200 manat nağd pulu və 2000 manat dəyərində, üzərində 20 manat dəyərində olan 050 *** ** ** simkart nömrəsi və 10 manat dəyərində dəri üzlüyü olan **********67438 imei kodlu “İphone 14 pro” markalı mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 3230 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək qeyd etdi ki, Zərərçəkmiş şəxs2 bir müddətdir tanıyır. Toğrul Binəqədi şosesində “003 Restop” restoranını işlədir və o da həmin restoranda kassir işləmişdir. xx.xx.2024-cü il tarixdə saat təxminən 02 radələrində onlar həmin restorandan çıxmış, Toğrul ona “mən sprtli içki qəbul etmişəm avtomobili sən idarə et” demişdir. O, da etiraz etməmiş və Toğrula məxsus olan “Rang Rover” markalı **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməklə sonuncunun yaşadığı binanın qarşısına gətirmişdir. Toğrulu düşürdən zaman görmüşdür ki, xeyli sayda pul əskinazları avtomobilin sürətlər qutusunun yanına qoyulmuşdur. Onun pullara ehtiyacı olduğu üçün gizlincə həmin pulları götürmüşdür. Sonra isə avtomobildən düşüb getmişdir. Həmin pulları saymış, 3500 manat olduğunu müəyyən etmişdir. Sonradan Toğrul ona zəng etmiş və ona pullarını götürməyini demiş, o, əməlini etiraf etmiş, qaytaracağını ona demişdir. Bundan başqa avqust ayında evində ailə problemləri olduğundan dostu Fəridin işlədiyi, Xəzər rayonu, Şüvəlan qəsəbəsində, dənizkənarında yerləşən, “Qumbar Beach” adlı istirahət mərkəzinə getmişdir. Həmin gecə orada qalmış, səhər saat 07 radələrində yuxudan oyanmış, pulu olmadığından qərara almışdır ki, nəsə oğurlayıb satıb pul əldə etsin. Bu səbəbdən oradan iki ədəd noutbuku, 200 manat nağd pulu və “İphone 14 pro” markalı mobil telefonu obyektin taxtadan düzəldilmiş barından götürmüş, sonra oradan çıxıb getmişdir. Etdiyi əməllərindən peşmandır. Vurduğu maddi ziyanı ödəmiş və zərərçəkmiş şəxslərlə barışmışdır. Qeyd olunanları və cavan olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, 2024-cü ilin may ayından sentyabr ayının əvvəlinə kimi olan müddətdə Xəzər rayonu, Şüvəlan qəsəbəsində, dənizkənarında yerləşən, “Qumbar Beach” adlı istirahət mərkəzini icarəyə götürüb işlədibdir. Qisməti həmin yerdə “barmen” kimi işləyən Fəridin tanışı kimi bilmişdir. 21 avqust 2024-cü il tarixdə o, həmin yerə getmiş, dostları ilə istirahət etmiş, saat 03 radələrində kotteclərin birində yatmazdan öncə iki ədəd noutbuku, 200 manat nağd pulunu və mobil telefonunu obyektin taxtadan düzəldilmiş barına qoymuşdur. Səhər 09 radələrində oyanıb bara getmiş orada rəfdən pulunun, telefonunun və noutbukların oğurlanmasını aşkar etmişdir. Sonra polisə zəng edib məlumat vermiş, kamera görüntüsünə baxış zamanı obyektdə işləyən barmen Şahid tanışı Təqsirləndirilən şəxs tərəfindən əmlaklarının oğurlanmasını aşkar etmişdir. Hadisə zamanı 3230 manat ona maddi ziyan dəymişdir. Ona dəyən ziyan tam ödənilib, təqsirləndirilən şəxsi bağışlamış və onunla barışmışdır. Hal-hazırda təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Digər Zərərçəkmiş şəxs2 Adil oğlu teleqramla məhkəməyə müraciət edərək Naxçıvan şəhərində olduğundan məhkəmə iclasında üzürlü səbəblərdən iştirak edə bilməyəcəyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmaığını bildirmişdir. İbtidai araşdırma zamanı zərərçəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs2 Adil oğlu məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs2 Adil oğlu ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində qeyd etmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində “003 restopub” restoranını icarəyə götürüb işlədir. Təqsirləndirilən şəxs 2024-cü ilin may ayının sonlarından etibarən xx.xx.2024-cü il tarixədək həmin restoranda kassir işləmişdir. xx.xx.2024-cü il tarixdə saat 02 radələrində o, Təqsirləndirilən şəxslə işlədiyi restoranından çıxaraq özünə məxsus Range Rover markalı **-ZU-*** nömrəli avtomobilə əyləşmiş və onun yaşadığı ünvan 1 ünvanına doğru hərəkət etmişlər. O, az miqdarda spirtli içki içdiyi üçün avtomobili Təqsirləndirilən şəxs idarə etməsini xahiş etmişdir. Yolda o, ön sağ oturacaqda əyləşib yuxulayıb yatmışdır. Həmin vaxtı şalvarının sol cibində 3500 (üç min beş yüz) manat pul olmuşdur. O, həmin pulu çıxarıb avtomobilin salon hissəsində sürətlər qutusunun yaxınlığındakı açıq yerə qoymuşdur. Həmin günü saat 05 radələrində Xırdalan şəhəri, Z.Əliyev küçəsində yaşadığı binanın qarşısında yuxudan ayılmış və Qismətin onu orada yatdığı vəziyyətdə qoyub getməsini aşkar etmişdir. O, avtomobilin salon hissəsində yanına qoyduğu 3500 manatın yerində olmadığını aşkar etmişdir. Səhəri günü xx.xx.2024də saat 10 radələrində o, Qismətlə əlaqə saxladıqda sonuncu onun gecə 3500 manatı avtomobilin içərisinə səpələməyini və sonradan o pulları yığıb ona verməsini, oradan uzaqlaşıb getməyini və pulu götürməməsini bildirmişdir. O, dəfələrlə Qismətə sonradan zəng edib pulunu qaytarmağını və ondan şikayət etməyəcəyini bildirsə də, Qismət onunla görüşməkdən imtina edib zənglərinə cavab verməyərək işə gəlməmişdir. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış Şahid bildirmişdir ki Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. 2024-cü ilin iyun-sentyar aylarında “Qumbar Beach” adlı, Şüvəlan qəsəbəsində yerləşən dənizkənarı istirahət mərkəzində bu ilin barmen kimi işləmişdir. 21 avqust 2024 tarixdə axşam saat 20 radələrində Təqsirləndirilən şəxs ona zəng edərək problemləri olduğunu, evdən çıxdığını demiş, o, isə sonuncunu yanına çağırmışdır. Bir qədər sonra Qismət obyektə gəlmiş, orada dincəlmiş, yeyib-içmişdir. Həmin zaman İsa da orada olmuşdur. Səhər radələrində İsa ona bildirmişdir ki, Qismət iki ədəd noutbuku və “İphone 14 pro” markalı mobil telefonunu, həmçinin 200 manat pulunu oğurlamışdır. Sonra İsa polisə zəng edib deməsini ona bildirmişdir. Müşahidə kameralarına baxdıqda, həqiqətən də Qismətin həmin əşyaları oğurlaması görünmüşdür. Dərhal Qismətə zəng edərək gğtürdüyü əşyaları qaytarmasını tələb etmişdir. Sonradan eşitmişdir ki, Qismət oğurladığı əşyaları geri qaytarmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi dəniz kənarında yerləşən “Qumbar Beach” istirahət mərkəzində baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmişdir; - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, ünvan 1 ünvanının qarşısında Zərərçəkmiş şəxs2 Adil oğluna məxsus avtomobildə baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; - Axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 13:30-da tutulmuşdur; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 Adil oğlu cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; - xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs barəsində olan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmiş və onun əməli CMnin 177.2.2-ci maddəsinə tövsif edilmişdir; - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona yenidən ittiham elan olunmuşdur; - xx.xx.2024-cü il tarixli videodiskə baxış keçirilməsi barədə protokoldan aydın olur ki, 22 avqust 2024 tarixdə saat 07 radələrində Təqsirləndirilən şəxs tək olaraq dənizkənarı istirahət mərkəzində olan sərinləşdirici içkilər olan rəfdən gizlin yolla iki ədəd noutbuku, eləcə də digər əmlakı götürüb, daha sonra naməlum istiqamətə getməsi müəyyən edilir; - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(003)-436/2024 saylı qərarına əsasən müəyyən olunur lkki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.21, 177.2.3-cü maddəsi ilə təqsirli bilnərək 02 il 11 ay 26 gün müddətinə azadlığn məhdudlaşdırılması cəzasına məhkum edilmişdir; - Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ona Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığn məhdudlaşdırılması cəzasının heç bir hissəsini çəkməmişdir; - Məhkəmə-əmttəşünaslıq ekspertizasının 16 oktyabr 2024-cü il tarixli 8021 saylı rəyi ilə 01 ədəd bənövşəyi rəngli İphone 14pro markalı mobil telefonun satış üçün bazar qiyməti 1500 manat müəyyən edilir; - Zərərçəkmiş şəxs2 Adil oğlu tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2025-ci il tarixli teleqramdan görünür ki, onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur; - Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə verilmiş ərizədən məlum olur ki, onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 -ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - təkrarən törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.4.4-cü maddəsinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir; 68.1.1-1-ci maddəsinə görə cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini (CM-nin 59.1.12), dəymiş maddi ziyanı ödəməsini (CM-nin 59.1.13), etdiyi əməli etiraf edərək səmimi peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzaya məhkum edilməsi CMnin 18.4.4-cü maddəsinə əsasən cinayətlərin residivi kimi nəzərə alınmır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), daha əvvəl dəfələrlə məhkum olunmasını, həmçinin onun sonuncu dəfə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasını nəzərə alaraq məhkəmə hesab edir ki, az ciddi cəza növünün təyini cəzanın məqsədlərini təmin edə bilməməsi kimi qiymətləndirilməli və təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanmaqla hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilərək qəti cəza təyin edilməli (CM-67.1), cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM 56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-302/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanmaqla 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut olan 01 (bir) ədəd disk iş materiallarında saxlanılsın, “İphone 14 pro” markalı mobil telefonun zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin (X3, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22). Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 10 saat vaxta görə 60 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saat vaxta görə 60 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ**********0000001944, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar