Məhkəmə qərarları › İş №1(003)-153/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-153/2021

28.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-153/2021 28.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, zərərçəkmiş şəxslər X4 və X2, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli 1(003)- 153/2021 saylı qərarı ilə həbs qətimkan tədbiri ilə dəyişdirilmiş, həbsetmənin əvvəli tutulduğu 13 aprel 2021-ci il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz olaraq daxil olub özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib daşıyaraq üstündə saxlama cinayətləri törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə 05 oktyabr 2020-ci il tarixdə təxminən saat 13 radələrində X2 yaşadığı ünvan 2 ünvanda yerləşən yaşayış sahəsi olan evə açıq vəziyyətdə olan qapıdan qanunsuz daxil olaraq yataq otağından 350 manat nağd pul, bir ədəd dəyəri olmayan “xxxx” ASC-yə aid plastik kart, bir ədəd qiyməti 2 manat olan “Redmi” markalı mobil telefonun iynəsini, bir ədəd dəyəri olmayan paltaryuyan maşının zəmanət kartını, bir ədəd dəyəri olmayan “Redmi” markalı mobil telefonun qutusunu, bir ədəd qiyməti 40 manat olan “Samsung” markalı GT-S3802W modelli mobil telefonu üzərindəki qiyməti 5 manat olan ***-***-**-** nömrəli “GSM” kartı ilə birlikdə, bir ədəd qiyməti 2 manat olan kişi pul qabını və bir ədəd qiyməti 5 manat olan qadın üçün pul qabını gizli olaraq talayıb zərərçəkmiş Xalid Qılmanova cəmi 404 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə 05 noyabr 2020-ci il tarixdə saat 03:00 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 3 ünvanda yerləşən yaşayış sahəsi olan evə açıq vəziyyətdə olan qapıdan qanunsuz daxil olaraq yataq otağında olan dolabın üzərindəki şalvarın cibindən Zərərçəkmiş şəxs1 məxsus həmin tarixə məzənnəsi 4845 manat olan 2850 ABŞ dolları və 7440 manat məbləğində nağd pulları, cəmi 12285 manat məbləğində, yəni xeyli miqdarda özgə əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,781 qram olan bir büküm narkotik vasitə heroin əldə edib Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsinə daşıyaraq üstündə saxlamış, 05 noyabr 2020-ci il tarixdə saat 14:00 radələrində Xəzər RPİ 1-ci PŞ-nin əməkdaşları tərəfindən oğurluq etməkdə şübhəli olması ilə əlaqədar Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Xəzər RPİ-nə dəvət olunmuş və həmin gün saat 17:10 radələrində Xəzər RPİ-nin inzibati binasında xidməti otaqların birində videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı onun əynindəki gödəkçənin sol cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,781 qram olan narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, ailə həyatı qurmasa da, Samir adlı bir şəxslə qeyri-rəsmi olaraq ər-arvad kimi yaşamış və həmin şəxsdən biri qız, biri oğlan olmaqla iki övladı olmuşdur. Samir hazırda cinayət etdiyinə görə həbsdədir, o isə iki azyaşlı övladı, anası və xəstə bacısı ilə birlikdə Türkan qəsəbəsi Xanlar küçəsi döngə 7 ev 31 ünvanda yaşayır. Təxminən 5 il olar ki, el arasında “kakos” kimi tanınan narkotik vasitə heroindən istifadə edir, narkotik vasitəni adətən tanımadığı şəxslərdən alır. 05 noyabr 2020-ci il tarixdə gecə saat 03 radələrində kənd sakini olan Elnurdan siqaret almaq üçün mağazanı açmasını demək məqsədi ilə yaşadıqları evə getmiş, onun yaşadığı evin həyətinə daxil olaraq Elnuru çağırmış, lakin çölə çıxan olmamışdır. Bundan sonra evə yaxınlaşaraq yenidən Elnuru çağırmış, lakin yenə də ona cavab verən olmamışdır. Buna görə də o, evin qapısına yaxınlaşmış və evin giriş qapısının açıq vəziyyətdə olduğunu görmüşdür. Həmin qapıdan evə daxil olmuş, zalda heç kəsin olmadığını görüb yataq otağına keçmiş, orada Elnurun çarpayıda yatdığını və şalvarını soyunaraq çarpayının kənarına qoyduğunu görmüşdür. Şalvarı götürüb zala keçmiş, zalda şalvarın ciblərinə baxmış və şalvarın cibində xeyli miqdarda pulun olduğunu görmüşdür. Pulları saymadan götürüb yaşadığı evə getmiş və həmin pulun üzərindən narkotik vasitə almaq və xərcləmək üçün bir qədər götürərək qalan pulu bir ədəd sellofana yığıb evin həyətində ağacın altında gizlətmişdir. Bundan sonra evdən çıxıb getmiş, bir qədər gəzib-dolaşmış, tanımadığı bir nəfər şəxsdən şəxsi istifadə məqsədi ilə hazırda xatırlamadığı məbləğdə pul verərək bir büküm narkotik vasitə almış və üzərindən götürüb bir qədər istifadə etmişdir. Daha sonra həmin gün, yəni 05 noyabr 2020-ci il tarixdə saat 14:00 radələrində yaşadığı evə gedərkən polis əməkdaşları onu saxlamış və oğurluq etməkdə şübhəli olduğunu bildirmişilər. Həmin vaxt o, oğurluq etdiyini etiraf edərək narkotik vasitənin qalıq hissəsini də üzərində şəxsi axtarış keçirilərkən təqdim etmişdir. Bundan əvvəl bir dəfə 05 oktyabr 2020-ci il tarixdə təxminən saat 13 radələrində sonradan adını bildiyi Türkan qəsəbə sakini Xalid Qılmanova məxsus evə açıq vəziyyətdə olan qapıdan daxil olaraq yataq otağındakı şkafdan içərisində 350 manat pul, bir ədəd “xxxx” ASC-yə aid plastik kart, bir ədəd mobil telefon iynəsi, zəmanət kartı olan pul qabını, bir ədəd içərisi boş olan qadın üçün pul qabını və bir ədəd “Samsung” markalı telefonu oğurlamışdır. Oğurladığı pulları xərcləmiş, mobil telefon və “xxxx” ASC-yə aid kartı isə polis əməkdaşına təhvil vermişdir. İlk dəfə törətdiyi əməllərdən peşman olmuş, zərərçəkmiş şəxslərlə barışıq əldə edərək onlara dəymiş ziyanı tam ödəmişdir, buna görə də onların ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Himayəsində iki azyaşlı uşağı vardır. Bütün bunların nəzərə alınmasını və ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, Türkan qəsəbəsi H.Hacıyev küçəsi ev 25 ünvanda qeydiyyatda olmaqla yaşayır. 05 noyabr 2020-ci il tarixdə saat 06 radələrində yuxudan oyandıqda şalvarının gecə yatarkən soyunub qoyduğu yerdə olmadığını görmüşdür. Qonaq otağına keçmiş və görmüşdür ki, şalvarı həmin otaqda çarpayının yanına atılmışdır. Şalvarını götürüb baxdıqda cibində olan pulların hamısının yuxuda olarkən naməlum şəraitdə oğurlandığını görmüş və bu barədə polisə müraciət edərək ona dəymiş ziyanın ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Ərizə verərkən oğurlanmış pullarının miqdarını 10.000 manat göstərsə də, əslində 2850 ABŞ dolları və 7440 manat məbləğində pulu oğurlanmışdır. Ərizə verərkən cibində olmuş pulları dəqiq hesablamamış, ümumi olaraq təxmini bir məbləğ qeyd etmişdir. 2850 ABŞ dollarını manata çevirdikdə ona ümumilikdə 12285 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxs Şəfiqə Əliyeva ona dəymiş ziyanı tamamilə ödəyərək onunla barışmışdır. Buna görə də onun ondan heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edərək təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X5 göstərdi ki, o, fərdi əməklə məşğul olaraq ailəsini dolandırır, səhər saat 08 radələrində işə gedərək axşam saat 18 radələrində evə gəlir. O, işdə olan vaxt arvadı və iki azyaşlı uşağı qorxduqları üçün qaynanasının evinə gedirlər. 03 oktyabr 2020-ci il tarixdə həmişəki qaydada işə getmiş, arvadı və iki azyaşlı uşağı isə həmin gün saat 12 radələrində eyni qəsəbədə yaşayan qaynanasının evinə getmişlər. Həmin gün saat 17 radələrində ailəsi ilə birlikdə evə gəlmiş, həyət qapısını açarla açmaq istəmiş, lakin qapının açılmadığını görüb hasardan həyətə keçmiş və görmüşdür ki, həyət qapısı arxadan bağlanmışdır. Bu, onda evə kənar şəxslərin daxil olması barədə şübhə yaratmış, evin həyət qapısını açıb ailə üzvlərini həyətə keçirmiş, sonra həyətdə yerləşən fərdi yaşayış evinə yaxınlaşmışdır. O, evin qapısını daim açıq saxladığı üçün evin qapısından evə daxil olmuş, evə kənar şəxsin daxil olmasından şübhələndiyi üçün dərhal yataq otağına keçmiş və yataq otağında şkafda olan pul qabını axtarmış, lakin pul qabını tapa bilməmişdir. Həmin pul qabının içində ona məxsus 350 manat nağd pul, bir ədəd "xxxx” ASC-yə aid plastik kart, bir ədəd “Redmi” markalı mobil telefonun iynəsi, paltaryuyan maşının qarantiya kartı olmuşdur. Eləcə də, həmin şkafda olan "Redmi” markalı mobil telefonun qutusunun da oğurlandığını müəyyən etmişdir. Daha sonra otağa nəzər yetirib müəyyən etmişdir ki, taxtın üzərində olan bir ədəd "Samsung” markalı mobil telefon və termonun üzərində olan arvadı Nurlanənin istifadə etdiyi pul qabı da oğurlanmışdır. Evindən bundan başqa əmlak oğurlanmamışdır. Oğurluq barədə Xəzər RPİ 1-ci PŞ-nə ərizə ilə müraciət etmiş, sonradan polis əməkdaşları evindən oğurluq etmiş şəxsi müəyyən etmişlər. Bilmişdir ki, evindən oğurluq edən şəxs onunla eyni qəsəbədə yaşayan xx xxxxxx 1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxsdır. Polis əməkdaşları maddi sübut olaraq bir ədəd “Samsung” markalı mobil telefonu üzərindəki ***-***-**-** saylı “GSM” nömrəsi ilə və bir ədəd “xxxx” ASC-yə aid plastik kartı Təqsirləndirilən şəxs götürmüşlər. Oğurluq nəticəsində ona ümumilikdə 414 manat maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxs Şəfiqə Əliyeva ona dəymiş ziyanı tamamilə ödəyərək onunla barışmışdır. Buna görə də onun ondan heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edərək təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ 1-ci PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili Şahid göstərdi ki, 05 noyabr 2020-ci il tarixdə saat 14:00 radələrində Təqsirləndirilən şəxs oğurluq etməkdə şübhəli olması ilə əlaqədar Türkan qəsəbəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Xəzər RPİ İŞ-nə gətirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs oğurluq etməkdə şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra o, ifadə verərkən üzərində bir büküm narkotik vasitənin olmasını etiraf edərək həmin bir büküm narkotik vasitəni təqdim edə biləcəyini bildirmişdir. Bununla əlaqədar Təqsirləndirilən şəxs, vəkilin, onun və Xəzər RPİ İŞ-nin müstəntiqi, polis kapitanı Ruslan Məmmədovun iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, şəxsi axtarış keçirilməmişdən qabaq ona hüquq və vəzifələri izah olunmuş, üzərində qeyri-qanuni əşya varsa, könüllü təqdim etməyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol cibindən bir ədəd siqaret qutusunun üzərindəki sellofanın arxa tərəfinə qoyduğu bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülünü təqdim etmişdir. Həmin bükülü açılaraq içərisinə baxış keçirilmiş və bükülünün içərisində qəhvəyi rəngli tozşəkilli maddə olduğu aşkar edilmişdir. Aşkar edilmiş bir ədəd gümüşü rəngli bükülü bir ədəd zərfə qoyularaq möhürlənib götürülmüşdür. Bunun ardınca Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilsə də, iş üçün əhəmiyyət kəsb edəcək heç nə aşkar olunmamışdır. Bundan sonra bu barədə protokol tərtib edilərək ucadan oxunmuş, iştirakçılar tərəfindən zərf və protokol imzalanmışdır. İş materiallarında olan götürmə aparılması haqqında 20 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi bir ədəd “Samsung” markalı mobil telefon üzərindəki “GSM” kartı ilə birlikdə və “xxxx”a aid plastik kart Xəzər RPİ 1-ci PŞ-nin təhqiqatçısı, polis mayoru İman İmranov tərəfindən götürülmüşdür. İş materiallarında olan baxış keçirilməsi haqqında 06 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, X5 bir ədəd “Samsung” markalı telefonu nəzərdən keçirib bildirmişdir ki, həmin telefon ona məxsus olmaqla Türkan qəsəbəsi Dənizkənarı küçəsi ev 5 ünvanda yerləşən yaşadığı evdən oğurlanmış telefondur. İş materiallarında olan ifadələrin yerində yoxlanılması barədə protokollardan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadələrinin dəqiqliyini yoxlamaq üçün onun ifadələri yerində yoxlanılmış və o, ifadələrində qeyd etdiyi xüsusatları istiqamətləndirici hərəkətləri ilə göstərərək bir daha təsdiq etmişdir. İş materiallarında olan 07 noyabr 2020-ci il tarixli götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi 2400 ABŞ dolları və 6425 manat pul iş üçün əhəmiyyət kəsb etdiyindən, götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin məhkəmə-kimyəvi ekspertizasının 6 noyabr 2020-ci il tarixli 6/2396 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs üzərindən götürülmüş...” yazısı olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,781 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Təmiz çəkisi 0,781 qram olan heroinin 0,100 qramı tədqiqata sərf edilmiş, 0,681 qram hissəsi qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 114,00 (bir yüz on dörd) manatdır. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”in İ siyahısına daxildir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 06 yanvar 2021-ci il tarixli, 14 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “xxxx” MMC-nin 08 yanvar 2021-ci il tarixli 01 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş “Samsung” markalı, GT-S3802W modelli mobil telefonun orta bazar qiyməti 40,00 manat, ***-***-**-** nömrənin qiyməti isə 5,00 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50,00 (əlli) manatdır. İş materiallarında olan Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş 05 noyabr 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. İş materiallarından görünür ki, iş üzrə əldə edilmiş bir ədəd “Samsung” markalı mobil telefon üzərindəki “GSM” kartı ilə birlikdə, “xxxx”a aid plastik kart, eləcə də 2400 ABŞ dolları və 6425 manat pul maddi sübut kimi tanınmış, bir ədəd “Samsung” markalı mobil telefonun üzərindəki “GSM” kartı ilə birlikdə və “xxxx”a aid plastik kart sahibi X3, 2400 ABŞ dolları və 6425 manat pul isə sahibi Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 0,781 qram çəkidə olan narkotik vasitə - heroin maddi sübut kimi tanınmış və hazırkı çəkisi 0,681 qram olan narkotik vasitə - heroin məhkəmənin hökmünə qədər Xəzər RPİ-də saxlanılır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarına əlavə olunmuş və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X5 tərəfindən yazılaraq məhkəməyə təqdim edilmiş 17 mart 2021-ci il tarixli Ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs onlara dəymiş ziyanı tam ödəyərək onlarla barışmışdır. Hazırda onların təqsirləndirilən şəxsdən heç bir şikayəti və ya tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Buna görə də təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edirlər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 05 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində saxlanılmış, 06 noyabr 2020-ci il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrindən həmin Məcəllənin 177.2.3, 177.2.4 və 234.1-ci maddələrinə tövsif edilmiş, o, təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə ittiham elan edilmiş, barəsində həbs qətimkan tədbiri seçilməsindən ötrü Xəzər rayon prokuroru qarşısında vəsatət qaldırılmış, lakin vəsatət təmin edilməmiş, buna görə də həmin tarixdə onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək Xəzər RPİ MSY-dən azad edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaq vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 13 noyabr 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz olaraq daxil olub özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib daşıyaraq üstündə saxlama cinayətləri törətməsi məhkəmə baxışı zamanı onun özünün etirafedici ifadəsindən başqa, hadisə yerinə baxış keçirilməsi və ifadənin yerində yoxlanılması haqqında protokollarla, zərərçəkmiş şəxslərin, şahidin ifadələri və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrlə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi əməlləri etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödəyərək onlarla barışıq əldə etməsini və zərərçəkmiş şəxslərin ondan heç bir şikayətlərinin və ya tələblərinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etmələrini, himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə, onun şəxsiyyətinin digər xüsusiyyətlərinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələrinin hər biri ilə ayrı-ayrılıqda həmin maddələrin sanksiyalarında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini, CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli 1(003)-153/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi, barəsində həbsli axtarış elan edilməsi və həbsetmənin əvvəlinin tutulduğu gündən hesablanması qərara alınmışdır. İş materiallarında olan Xəzər RPİ 1-ci PŞ tərəfindən məhkəməyə ünvanlanmış 14 aprel 2021-ci il tarixli 056/4496 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası CMnin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs, axtarışda olan Təqsirləndirilən şəxs 13 aprel 2021-ci il tarixdə Xəzər RPİ-nin əməkdaşları tərəfindən tutularaq saxlanılması üçün Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarında olan Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası tərəfindən məhkəməyə ünvanlanmış 20 aprel 2021-ci il tarixli 17/38-2521 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs, axtarışda olan Təqsirləndirilən şəxs 13 aprel 2021-ci il tarixdə Xəzər RPİ-nin əməkdaşları tərəfindən tutularaq saxlanılması üçün 15 aprel 2021-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs 05 noyabr 2020-ci il tarixdən 06 noyabr 2020-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasını çəkməsinin əvvəli tutulduğu 13 aprel 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut - iş üzrə əldə edilmiş bir ədəd “Samsung” markalı mobil telefonun üzərindəki “GSM” kartı ilə birlikdə, “xxxx”a aid plastik kartın sahibi – zərərçəkmiş şəxs X3, 2400 ABŞ dolları və 6425 manat pulun isə sahibi – Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. İş üzrə zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınmalıdır. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq qalmış, kustar üsulla hazırlanmış narkotik vasitə - 0,681 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 164,00 (bir yüz altmış dörd) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 50 iş saatına görə (ibtidai istintaq zamanı 35 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 15 saat) cəmi 300,00 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 05 noyabr 2020-ci il tarixdən 06 noyabr 2020-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli həbsə alındığı 13 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - iş üzrə əldə edilmiş bir ədəd “Samsung” markalı mobil telefonun üzərindəki “GSM” kartı ilə birlikdə, “xxxx”a aid plastik kartın sahibi – zərərçəkmiş şəxs X3, 2400 ABŞ dolları və 6425 manat pulun isə sahibi – Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınsın. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq qalmış, kustar üsulla hazırlanmış narkotik vasitə - 0,681 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 164,00 (bir yüz altmış dörd) manat məbləğində ekspertiza xərci alınaraq Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 300,00 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar