Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-157/2021 04.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət X1 Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1956-cı ildə Naxçıvan MR-nin Nehrəm kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 mənzil 212 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən fərdi evdə yaşayan barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxmaqla hava-damcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin daşıyıcısı olması və bu barədə xx.xx.2020-ci il tarixdən rəsmi məlumatı olduğu üçün yaşadığı evdə özünü təcrid rejimində qalmalı olduğu halda, Azərbaycan Respublikası ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının və onun törədə biləcəyi fəsadların, infeksiya yoluxma hallarının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı əlavə tədbirlər barədə” xx.xx.2020-ci il tarixli qərarın tələblərini pozaraq və bu tələblərə riayət etməyərək, o cümlədən təcrid olunma qaydalarını pozaraq yaşayış yerini tərk etməklə xx.xx.2020-ci il tarixdə saat 11 radələrində insanların kütləvi toplaşdığı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, R.Qasımov küçəsi 30-da yerləşən 26№-li Birləşmiş Şəhər Xəstəxanasının qarşısına gələrək karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratması Xəzər Rayon Polis İdarəsinin NMB-nin əməkdaşları tərəfindən aşkar edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2020-ci il tarixdə Naxçıvandan Bakıya təyyarə ilə gəldikdən sonra Bakıda hava limanında təyin olunmuş xüsusi yerdə ondan COVİD-19 ilə bağlı yaxma analizi götürmüşlər. xx.xx.2020-ci il tarixdə səhər saatlarında istifadəsində olan ***-***-**-** nömrəsinə COVİD-19 ile bağlı verdiyi analizin nəticəsinin pozitiv olduğu, yaşayış yerini tərk etməməyi, əks təqdirdə cinayət məsuliyyətinə cəlb edilə biləcəyi ilə bağlı məlumat verilmiş, bundan sonra həmin smsi tibb işçisi olan qızı Şahid3 göndərmiş, Sevil onlara bununla bağlı məlumat vermiş və evdə oturub yaşayış ünvanını tərk etməməli olduqlarını bildirmişdir. O, bununla da COVİD-19 infeksiyasına yoluxduğunu bilmiş və bu səbəbdən çox narahatlıq keçirmişdir. O, həmin infeksiyanın aşkar əlamətlərini özündə hiss etmədiyi üçün təkrar yoxlanmaq məqsədi ilə xx.xx.2020-ci il tarixdə saat 11 radələrində həyat yoldaşı Şahid1 Həsən oğlu ilə birlikdə onun idarə etdiyi avtomobil vasitəsi ilə Xəzər rayonu Mərdəkan qəsəbəsi, R.Qasımov küçəsində yerləşən 26№-li Birləşmiş Şəhər Xəstəxanasına yola düşmüş,oraya çatdıqdan sonra onlar avtomobildən düşərək xəstəxananın inzibati binasına daxil olmaq istəyərkən xəstəxananın qarşısında biri xüsusi geyimdə olmaqla iki nəfər polis əməkdaşı yaxınlaşaraq ona COVİD-19 infeksiyasına yoluxduğu təqdirdə nəyə görə yaşayış ünvanını tərk etməyi ilə bağlı sual vermiş, o, isə ona sadəcə tibbi yardım almaq üçün müayinə olunmağa gəldiyini bildirmişdir. Polis əməkdaşı ona bunun mümkün olmayacağını yaşadığı ünvana geri qayıtmalı olduğunu, karantin və özünü təcrid qaydalarını pozmamağını bildirmişdir.Bundan sonra o, yoldaşının idarə etdiyi avtomobilə əyləşərək onunla yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən evinə getmişdir. O, bildirmişdir ki, yoluxduğu infeksiyanın pandemiyaya çevrildiyindən, insanların həyat və sağlamlıqları üçün ciddi təhlükə yaratdığından məlumatlı imiş, belə ki, bununla bağlı müntəzəm olaraq kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə, televiziyada, qəzetlərdə təbliğat aparılır. Həmçinin, bununla bağlı xx.xx.2020ci il tarixdə xüsusi olaraq istifadəsində olan ***-***-**-** nömrəsinə sms daxil olmuşdur. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, əməlini səmimi olaraq etiraf etdiyini və ilk dəfə cinayət törətdiyini bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, Xəzər RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində çalışır. Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının və onun törədə biləcəyi fəsadların, infeksiyaya yoluxma hallarının qarşısının alınması, həmçinin həmin infeksiyaya yoluxmuş şəxslərin epidemiya əleyhinə rejimin, sanitariyagigyena və ya karantin qaydalarını pozaraq həmin xəstəliyin yayılmasına və digər şəxslərin həyatı üçün real təhlükə yaratmalarına şərait yaratmasının qarşısının alınması və bu əməllərə yol verən şəxslərin aşkar edilməsi istiqamətində onlar tərəfindən müxtəlif tədbirlər keçirilir. Bu tədbirlər çərçivəsində Xəzər RPİ-nin NMB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid4lə birlikdə xx.xx.2020-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, R.Qasımov küçəsində, 26№-li Birləşmiş Şəhər Xəstəxanasının qarşısında vətəndaşlar tərəfindən karantin qaydalarına riayyət edilməsinin yoxlanması ilə bağlı reyd apararkən COVİD-19 infeksiyasına yoluxmuş Təqsirləndirilən şəxs onlar tərəfindən aşkar edilmişdir.O, videoçəkiliş altında həmin şəxsə yaxınlaşaraq özünü təqdim edib, COVİD-19 infeksiyasına yoluxduğu təqdirdə evi tərk etməməli olduğunu və yaşayış ünvanına geri qayıtmasını bildirmişdir. Daha sonra həmin şəxs **- ES-*** dövlət qeydiyyat nişanlı avtomobilə minərək onların müşayiəti ilə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən evlərinə getməsi onlar tərəfindən təmin edilmişdir. Bu barədə protokol tərtib edilmiş və həmin videogörüntülərin olduğu videodisk protokola əlavə edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 eyni məzmunlu ifadələr verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirdi ki, Təqsirləndirilən şəxs onun anasıdır. xx.xx.2020-ci il tarixdə ona zəng edərək analizin cavabı ilə bağlı ona məlumat vermişlər, o, anasına bu analizin cavabının pozitiv olduğunu, yəni COVİD-19 virusuna yoluxduğunu bildirmiş, tibb işçisi olduğu üçün ona məlumat vermiş bu halda evi tərk etməməli olduqlarını bunun anasının və digər şəxslərin həyatları üçün təhlükəli ola biləcəyini qeyd etmişdir. Daha sonra ona məlum olmuşdur ki, anası xx.xx.2020-ci il tarixdə atası ilə birlikdə evi tərk edib xəstəxanaya getdiyi üçün polis tərəfindən saxlanılmış və barəsində araşdırma başlanılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Həsənoviç bildirdi ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. xx.xx.2020-ci il tarixdə səhər saatlarında Həcərin istifadəsində olan ***-***-**-** nömrəsinə COVİD- 19 infeksiyası ilə bağlı verdiyi analizin nəticəsinin pozitiv olması, onun yaşayış yerini tərk etməməsi, əks təqdirdə cinayət məsuliyyətinə cəlb edilə biləcəyi ilə bağlı məlumat verilmişdir. Bundan sonra həmin smsi tibb işçisi olan qızı Şahid3 göndərmişlər, Şahid3 onlara bununla bağlı məlumat vermiş və bildirmişdir ki, evdə oturub yaşayış ünvanını tərk etməmək lazımdır. Bu smsdən sonra o, və ailə üzvləri çox narahat olmuşlar, təkrar yoxlanmaq və müalicə təyin edilməsi məqsədi ilə xx.xx.2020-ci il tarixdə saat 11 radələrində onun idarə etdiyi avtomobil vasitəsilə Həcər ilə birlikdə Xəzər rayonu Mərdəkan qəsəbəsi, R.Qasımov küçəsində yerləşən 26№-li BŞX-ya yola düşmüşlər. Oraya çatdıqdan sonra onlar avtomobildən düşərək xəstəxanın inzibati binasına daxil olmaq istəyərkən xəstəxananın qarşısında biri xüsusi geyimdə olmaqla iki nəfər polis əməkdaşı yaxınlaşaraq Həcərə COVİD-19 infeksiyasına yoluxuduğu təqdirdə nəyə görə yaşayış ünvanını tərk etməyi ilə bağlı suallar vermiş, Təqsirləndirilən şəxs isə sadəcə tibbi yardım almaq üçün müayinə olunmağa gəldiyini bildirmişdir. Bundan sonra onlar onun idarə etdiyi avtomobilə əyləşərək yaşadıqları ünvana getmişlər. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1992-ci ildə Naxçıvan MR-nin Nehrəm kəndində doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 31.1-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublukasının Qanunun 2.3-cü maddəsinə əsasən insanların sağlamlığını ətraf mühit amillərinin mənfi təsirindən qorumaq və möhkəmləndirmək məqsədilə onların sanitariya-epidemioloji salamatlığının təmin edilməsi; sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməsinə, eləcə də sanitariya-gigiyena və epidemiya əleyhinə tədbirlərin görülməsinə nəzarət sisteminin yaradılması; sanitariya normalarını və qaydalarını, gigiyena normativlərini pozmağa görə məsuliyyət dərəcələrinin müəyyən edilməsi; vətəndaşların salamatlığının qorunması hüququnu təmin etməyə yönəldilən qanunvericilik, hüquqi və təşkilati tədbirlər kompleksinin yaradılması Aərbaycan Respublikası sanitariya qanunvericiliyinin əsas vəzifələrini təşkil edir. Həmin Qanunun 11.1-ci maddəsinə əəsasən təsdiq edilmiş sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl etmək, dövlət sanitariya nəzarətini həyata keçirən vəzifəli şəxslərin tələblərinə əməl etmək sanitariya-epidemioloji salamatlığın təmin edilməsi ilə bağlı dövlət orqanlarının, ictimai birliklərin, müəssisələrin, təşkilatların, idarələrin, vəzifəli şəxslərin və vətəndaşların vəzifələrinə aiddir. Həmin Qanunun 38-ci maddəsinə əəsasən Azərbaycan Respublikasının sanitariya qanunvericiliyinə, o cümlədən qüvvədə olan sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməməsi, epidemiya əleyhinə tədbirlərin görülməməsi, Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji; xidməti orqanları və idarələri vəzifəli şəxslərinin rəylərinin, qərarlarının və göstərişlərinin yerinə yetirilməməsi ilə əlaqər vətəndaşların hüquqlarına və cəmiyyətin mənafeyinə toxunan qeyri-hüquqi, təqsirli hərəkət sanitariya sahəsində hüquq pozuntusu sayılır.Sanitariya sahəsində hüquq pozuntularına yol vermiş vəzifəli şəxslər və vətəndaşlar inzibati, cinayət və mülki-hüquq məsuliyyətinə cəlb edilə bilərlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. ” Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi əməldən səmimi peşmançılığını, qadın olmasını və 65 yaşının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli qərarında göstərilmişdir ki, “Təqsirli şəxsə islah işləri və ya cərimə cəzası təyin edilərkən onun maddi vəziyyəti, öhdəsində yetkinlik yaşına çatmayanların, əmək qabiliyyəti olmayan digər şəxslərin olması və s. aydınlaşdırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən “Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda - iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, qadın olması, yaşlı (65 yaş) olması nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növü kimi cərimə cəzası təyin edilməlidir. İş üzrə ekspertiza xərci yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx xxx 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut olan 1 (bir) ədəd disk iş materiallarında saxlanılsın. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat, ümumilikdə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-157/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-157/2021
04.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver