Məhkəmə qərarları › İş №1(003)-158/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-158/2022

02.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-158/2022 02.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs xx xxx 1981-ci ildə Əli-Bayramlı (hazırda Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvası təşkil edərək bu məqsədlə mənzil sahəsi vermişdir. Belə ki, Təqsirləndirilən şəxs 28 noyabr 2017-ci il tarixdə, saat 17:35-də tamah niyyəti ilə yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində Şahid3 fahişəliklə məşğul olması üçün əxlaqsızlıq yuvası təşkil etməsi barədə aralarında olan razılığa əsasən onun həmin ünvanda Şahid4 ilə cinsi əlaqədə olması məqsədilə yataq dəsti ilə təchiz olunmuş vəziyyətdə bir saat müddətinə mənzil sahəsi verərək Şahid4 20 manat pul almışdır. Həmin gün saat 18 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan X1 Baş İdarəsinin bir qrup əməkdaşının keçirtdiyi əməliyyat tədbirləri zamanı həmin evin əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsi faktı müəyyən edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 2 ünvanında yaşamışdır. 28 noyabr 2017-ci il tarixdə evdə olarkən “Facebook” sosial şəbəkəsindən tanıdığı Vüsal adlı şəxs zəng edərək nişanlısı ilə onlara qonaq gələcəyini demişdir. O, etiraz etmədikdən sonra Vüsal nişanlısı ilə onlara qonaq gəlmişdir. Vüsal onlara araq və pivə almaq üçün ona 20 manat pul vermiş və o, saat 18 radələrində pulu götürüb mağazaya getmək istəyərkən evin yaxınlığında bir neçə nəfər mülki geyimli şəxs yaxınlaşaraq yaşadığı mənzildə əxlaqsızlıqla məşğul olan kişi və qadının olduğunu bildirib mənzilə baxış keçirtmişlər. Baxış zamanı evin yataq otağında Vüsal və Göyçək polislər tərəfindən yarıçılpaq vəziyyətdə aşkar olunmuşdur. O, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşamış, orada Vüsalın qadınla cinsi əlaqədə olması üçün mənzil şəraiti təşkil etməmiş və buna görə ondan pul almamışdır. Vüsalın araq və pivə almaq üçün verdiyi 20 manat pulu polis əməkdaşına təqdim etmişdir. Bu barədə protokol tərtib olunmuş və o, həmin protokolu imzalamışdır. Barəsində hər hansı qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə verdiyini bildirdi. Təqsirləndirilən şəxs təqsiri özünün qismən etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası DİN-in İnsan X1 Baş İdarəsinin X2 ilə İşin təşkili şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evində əxlaqsız yuva təşkil etməsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında iş yoldaşı Şahid2, hal şahidləri Şahid6 və Şahid5 iştirakı ilə 28 noyabr 2017-ci il tarixdə, saat 17:35 radələrində həmin ünvanın yaxınlığına getmişlər. Orada Təqsirləndirilən şəxs əvvəldən tanımadığı, sonradan bildiyi Şahid4 ilə Şahid3 bir qədər söhbət etdikdən sonra onları qeyd olunan fərdi yaşayış evinə dəvət etdiyini müşahidə etmişlər. Təxminən 30-40 dəqiqədən sonra, yəni saat 18:05 radələrində evin yaxınlığında dayanmış Təqsirləndirilən şəxs yaxınlaşıb İnsan X1 Baş idarəsinin əməkdaşları olduqlarını deyərək evində əxlaqsız yuva təşkil etməsi barədə məlumatlarının olmasını bildirmişlər. Təqsirləndirilən şəxs ona məxsus evdə Şahid4 ilə Şahid3 cinsi əlaqədə olmaları üçün mənzil sahəsi ayırmasını və buna görə Şahid4 20 manat pul aldığını etiraf etmişdir. Sonra Təqsirləndirilən şəxs razılığı ilə evə baxış zamanı yataq otağında Şahid4 ilə Şahid3 yataqda yarıçılpaq vəziyyətdə aşkar etmişlər. Şahid4 və Şahid3 cinsi əlaqədə olmaq məqsədilə gəldiklərini və məqsədlərinə nail olduqlarını bildirmişlər. Şahid4 Göyçəklə cinsi əlaqədə olub istirahət etmək üçün bir saatlığa ev sahibi Təqsirləndirilən şəxs 20 manat pul verdiyini demişdir. Təqsirləndirilən şəxs də, Şahid4 20 manat pul aldığını entiraf etmiş və könüllü olaraq həmin pulu təqdim etmişdir. Həmin pulu zərfə qoymuşlar və imzalarla təsdiq etmişlər. Sonra həmin şəxsləri idarəyə dəvət edib orada protokol tərtib etmişlər və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında ifadəsi elan olunmuş şahid Azərbaycan Respublikası DİN-nin İnsan X1 Baş İdarəsində baş əməliyyat müvəkkili Şahid2 istintaq zamanı Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Şahid5 ifadəsində göstərdi ki, 28 noyabr 2017-ci il tarixdə, saat 16 radələrində İnsan X1 Baş idarəsinin yaxınlığından keçərkən sonradan həmin idarənin əməkdaşı olduğunu bildiyi Şahid1 adlı şəxs yaxınlaşaraq keçiriləcək tədbirdə hal şahidi qismində iştirak etməyi təlkif etmişdir. O, etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə ünvan 4 ünvanın yaxınlığına gəlmişlər. Küçə qapısının qarşısında sonradan tanıdığı ev sahibi Təqsirləndirilən şəxs bir kişi və bir qadınla görüşüb söhbət etdikdən sonra onlarla həmin evin həyətinə daxil olmuşlar. Bir qədər sonra Təqsirləndirilən şəxs küçə qapısının yaxınlığına gəlmiş və polis əməkdaşları ona yaxınlaşmışlar. Polis əməkdaşları Təqsirləndirilən şəxs evində əxlaqsız yuva saxladığını bildirərək evə daxil olmuşlar. Həmin vaxt əvvəlcədən bayırda gördükləri bir kişi və bir qadın yataqda yarıçılpaq vəziyyətdə olmuşlar. Həmin şəxslər cinsi əlaqədə olmaq üçün Vüsalın evinə gəldiklərini və buna görə ona 20 manat pul verdiklərini demişlər. Vüsal 20 manat pulu aldığını etiraf etmiş və həmin pulu polis əməkdaşlarına təqdim etmişdir. Sonra onu İnsan X1 Baş idarəsinə dəvət etmişlər və o, tərtib edilmiş sənədləri imzalamışdır. Məhkəmə iclasında Şahid6 Şahid5 ifadəsinə uyğun, eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid4 istintaq zamanı ifadəsində göstərmişdir ki, 28 noyabr 2017-ci il tarixdə tanışı Şahid3 ilə əlaqə saxlayaraq cinsi əlaqədə olmaq istədiyini bildirmiş və buna görə ona 50 manat pul təklif etmişdir. Göyçək onunla razılaşdıqdan sonra həmin gün saat 16:55 radələrində Vüsal adlı şəxsə zəng edib cinsi əlaqədə olmaq üçün bir neçə saatlıq mənzil şəraiti yaratmasını xahiş etmişdir. Vüsal ondan 20 manat pul istəmiş və o, razılaşaraq saat 17:35-də Şahid3 ilə birlikdə Vüsalın ünvan 5 ünvanında yerləşən evinin qarşısına getmişdir. Vüsal onları evinə dəvət edib yataq otağını onlara vermiş və ondan 20 manat pul alaraq evdən çıxmışdır. O, Göyçəklə evin yataq otağında cinsi əlaqədə olduqdan bir qədər sonra İnsan X1 Baş İdarəsinin əməkdaşları, evin sahibi Təqsirləndirilən şəxs və tanımadığı şahidlər içəriyə daxil olmuşlar. Həmin vaxt onlar yarıçılpaq vəziyyətə olmuşlar. Ev sahibi Təqsirləndirilən şəxs mənzil şəraiti yaradaraq ondan 20 manat pul almasını bildirmiş və polis əməkdaşlarının təklifi ilə həmin pulu könüllü təqdim etmişdir. Sonra polis əməkdaşları onları İnsan X1 Baş İdarəsinə dəvət etmişlər və o, orada tərtib olunmuş sənədləri imzalamışdır. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid3 istintaq zamanı ifadəsində göstərmişdir ki, 28 noyabr 2017-ci il tarixdə tanışı Vüsal onunla cinsi əlaqədə olmaq istədiyini bildirmiş və buna görə ona 50 manat pul təklif etmişdir. O, Vüsalla razılaşdıqdan sonra Vüsal onu ünvan 6 ünvanının yaxınlığına dəvət etmişdir. Orada evin sahibi Vüsal adlı şəxs onları qarşılayıb evinə dəvət etmiş və Təqsirləndirilən şəxs evin sahibi Vüsala evə görə 20 manat pul vermişdir. O, Şahid4la yataq otağında cinsi əlaqədə olduqdan bir qədər sonra ev sahibi və bir neçə nəfər şəxs evə daxil olmuşlar. Həmin şəxslər polis əməkdaşları olduqlarını bildirdikdən sonra ev sahibi Təqsirləndirilən şəxs evi onlara verdiyinə görə Şahid4 20 manat pul aldığını demiş və həmin pulu polis əməkdaşlarına təqdim etmişdir. Sonra polis əməkdaşları onları İnsan X1 Baş İdarəsinə dəvət etmişlər. Orada sənədlər tərtib olunmuş və o, həmin sənədləri imzalamışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 01 fevral 2022-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxx 1981-ci ildə Əli-Bayramlı (hazırda Şirvan) şəhərində anadan olmuş Təqsirləndirilən şəxs – 1) Şirvan şəhər Məhkəməsinin 30 iyun 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş cəza şərti hesab edilmiş və 2 il sınaq müddəti təyin edilmişdir. 2) Şirvan şəhər Məhkəməsinin 03 mart 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1 və 71.5-ci maddələrinə əsasən 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 01 oktyabr 2014-cü il tarixli qərarı ilə Şirvan şəhər Məhkəməsinin 03 mart 2014-cü il tarixli hökmü dəyişdirilərək üzərində 3 il 2 ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. 11 fevral 2017-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmədə müəyyən olundu ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin 30 iyun 2010-cu il tarixli hökmü və Şirvan şəhər Məhkəməsinin 03 mart 2014-cü il tarixli hökmü üzrə məhkumluğu ödənilməmişdir. Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətdiyindən onun əməli cinayətin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası CM-nin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətin residivi təhlükəli sayılır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini qismən etiraf etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə cinayətin təhlükəli residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən, ağırlaşdıran və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. İş materiallarına əlavə edilmiş 14 fevral 2018-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs çağırışa gəlməkdən qəsdən boyun qaçırdığına və istintaqdan gizləndiyinə görə barəsində axtarış elan edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.2-ci maddəsinə əsasən dayandırılmışdır. İş materiallarına əlavə edilmiş 26 mart 2018-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında qərar xitam olunmuşdur. İş materiallarında olan 26 mart 2018-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 27 mart 2018-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu vaxtdan hesablanmışdır. İş materiallarında olan 01 aprel 2018-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarına əlavə olunmuş Xəzər RPİ-nin 12 fevral 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 12 fevral 2022-ci il tarixdə tutularaq İstintaq şöbəsinə təhvil verilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli 12 fevral 2022-ci il tarixdən hesab olunmalı və Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi Ramil Mehdiyevin 16 fevral 2022-ci il tarixli qərarından görünür ki, 01 (bir) ədəd 20 (iyirmi) manatlıq pul əskinası maddi sübut kimi tanınmış və saxlanılması üçün Xəzər RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər rayon Polis idarəsində maddi sübut kimi saxlanılan 01 (bir) ədəd 20 (iyirmi) manatlıq pul əskinası hökm qanuni qüvvəsinə mindikdən sonra dövlət nəfinə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Cəzasının əvvəli 12 fevral 2022-ci il tarixdən hesablanmaqla cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə Bakı şəhəri Xəzər rayon Polis idarəsində maddi sübut kimi saxlanılan 01 (bir) ədəd 20 (iyirmi) manatlıq pul əskinası hökm qanuni qüvvəsinə mindikdən sonra dövlət nəfinə alınsın. Hökmdən elan olunduğu, məhkum Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar