Məhkəmə qərarları › İş №1(003)-158/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-158/2025

07.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-158/2025 07.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1958-ci ildə Naxçıvan MR, Nehrəm kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, Naxçıvan MR, Nehrəm kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Binə Atçılıq Y/M-də fərdi evdə yaşayan, barəsində “başqa yerə germəmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs AF007811 nömrəli, “B” kateqoriyalı sürücülük vəsiqəsi ilə X4 məxsus, texniki cəhətdən saz vəziyyətdə olan “Opel Astra” markalı, 99 0L 748 dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2024-cü il tarixdə saat 19:17-də Bakı şəhəri, Xəzər rayonu, X9 Yaşayış Massivində 20 km/saat sürətlə etibarnamə əsasında idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən hərəkətə başlayarkən, yerdəyişərkən, dönərkən manevrin təhlükəsiz olması və digər iştirakçılar üçün maneə yaratmaması qaydalarına riayət etməklə mövcud şəraitdə yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda. bunlara əməl etməyərək X9 Yaşayış Massivində yerləşən “Oba” marketin qarşısında avtomibili yolun solundan sağa doğru manevr etdirməklə digər yol hərəkəti iştirakçısının hərəkəti üçün təhlükə yaradaraq ehtiyatsızlıqdan əks istiqamətdən hərəkətdə olan, Zərərçəkmiş şəxs idarə etdiyi “Tufan M50” markalı və modelli mopedi avtomobilinin ön tərəfi ilə vurmuş, nəticədə mopedin sürücüsü Zərərçəkmiş şəxs sağ baldır sümüklərinin açıq, qəlpəli, yerdəyişən sınıqları kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan bədən xəsarətləri yetirib ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurulmasına səbəb olmaqla yol hərəkəti qaydalarını pozub yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, “Opel Astra” markalı, 99 0L 748 dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. 29 iyul 2024-cü il tarixdə saat 19 radələrində etibarnamə əsasında idarə etdiyi “Opel Astra” markalı avtomobilində Bakı şəhəri, Xəzər rayonu, Binə Atçılıq YYM-də yerləşən “Oba” marketin qarşısından hərəkətə başlamaq istədikdə qarşıdan gələn qara rəngli avtomobil ona keçməyi üçün yol verdiyi üçün o, saatda təxminən 20 km saat sürətlə hərəkətini davam etdirmişdir. Bu zaman ona yol verən avtomobilin arxasından anidən sürətlə moped gələrək həmin avtomobilin sol tərəfindən keçib onun avtomobilinin qabaq hissəsinə çırpılmışdır. Nəticədə mopedin sürücüsü yıxılaraq xəsarət almışdır. Ardınca o, sürücü Ceyhun adlı şəxsi xəstəxanaya aparmışdır. Həmin vaxtı o, qarşı tərəfdən mopedin gəldiyini görməmiş və görə bilməzdi. Mopedin sürücüsü də yol hərəkəti qaydalarının tələblərini pozaraq sürəti çox olmuşdur. Hadisə onun təqsirindən yox moped sürücüsünün təqsirindən baş vermişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, “Tufan M50” markalı, matorun həcmi 49 kub metr olan mopedi təxminən 7-8 ay əvvəl almışdır. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində yaşadığı ünvandan çıxıb işə gedərkən Bakı şəhəri, Xəzər rayonu, Binə Atçılıq YYM-də yerləşən “Oba” marketin qarşısında yolun sağ kənarında dayanmış “Opel” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilin yanından öz yolu ilə düzünə hərəkət etmək istədikdə anidən marketin qarşısından “Opel Astra” markalı avtomobilin yola çıxmasını görmüşdür. O, 40-45 km/saat sürətlə hərəkət edirmiş və toqquşmadan yayınmaq üçün əyləcdən istifadə edib sükanı sol tərəfə döndərib qəzadan yayınmaq istəsə də mopedi ilə qeyd olunan avtomobilin ön sağ hissəsi ilə toqquşub avtomobilin arxa tərəfinə yıxılmış və nəticədə bədən xəsarətləri almışdır. Ardınca həmin avtomobilin sürücüsü onu xəstəxanaya aparmışdır. Lakin sonradan ona dəymiş maddi ziyanı ödəməkdən boyun qaçırmışdır. Müalicə xərcləri üçün təxminən 6000 manata yaxın pulu çıxmışdır. Müalicə xərclərinin ödənilməsini tələb edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 29 iyul 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi protokolundan görünür ki, yolnəqliyyat hadisəsi Bakı şəhəri, Xəzər rayonu, X9 yaşayış massivində yerləşən “Oba” marketin qarşısında baş vermişdir. Bu barədə fotoşəkillər çəkilərək və görüntü əldə edilərək protokola əlavə edilmişdir; - Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin xx.xx.2024-cü il tarixli, 1/6819 saylı protokolundan görünür ki, sürücü Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu müəyyən olunmamışdır; - AD N 902369 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən aydın olur ki, “Opel Astra” markalı ** OL *** dövlət nişanlı avtomobil X3 mülkiyyətindədir; - AD 007811 seriyalı sürücülük vəsiqəsinin surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2027-ci ilədək B kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir; - xx.xx.2024-cü il tarixli qərardan məlum olur ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xəzər RPİ- nin DYPŞ-dən alınmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs AF 007811 seriyalı sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilməmiş və hər hansı bir məhdudiyyət yoxdur; - Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 952 saylı rəyindən aydın olur ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ baldır sümüklərinin açıq, qəlpəli, yerdəyişən sınıqları aşkar edildi. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən onun “Elmitədqiqat Travmatologiya və Ortopediya İnstitutu” X8 müraciətindən az əvvəl törənmişlər, qərarda göstərilən xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı törənmələri istisna olunmur və dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aiddirlər; - Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2024-cü il tarixli, 8/2336 saylı rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Opel Astra” markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən Tufan markalı mopedin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; - xx.xx.2024-cü il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi A.Abbasov tərəfindən Azərbaycan Respublikasının CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; - Hadisə yerində quraşdırılmış müşahidə kamerasından götürülmüş diskə məhkəmə iclasında baxış keçirilmişdir. Baxış zamanı diskdə olan videogörüntüdən müəyyən edilmişdir ki, saat 19:17-də Bakı şəhəri, Xəzər rayonu, X9 yaşayış massivində yerləşən “Oba” marketin qarşısında “Opel Astra” markalı avtomobil parklanma yerindən asta sürətlə hərəkətə başlayır. Bu zaman yolun sol tərəfindən gələn qara rəngli avtomobil sürətini dayanma həddinə qədər azaldır. Bundan sonra “Opel Astra” markalı avtomobil qövsvari hərəkətlə yola çıxır və bu zaman qarşı tərəfdən dayanmış avtomobilin arxa və sol tərəfindən “Tufan” markalı moped gələrək “Opel Astra” markalı avtomobilin qabaq hissəsinə çırpılır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməlin törədilməsində təqsirli olması tam sübuta yetmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu ifadəsi qeyri-səmimi olmaqla yanaşı işin həqiqi hallarına uyğun gəlməməklə digər mötəbər sübutlarla tam təkzib olunur və o, həmin ifadəsini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə vermişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.1-1-ci maddəsinə görə eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda –üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarına əsasən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işləri üzrə şəxsin təqsirlilik məsələlərini həll edərkən məhkəmələr işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərini pozduğunu və bu pozuntunun konkret nədə ifadə olunduğunu göstərməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğunu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmadığını müəyyənləşdirməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini (CM-59.1.1) cəzanı yüngülləşdirici hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən iş üzrə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halın olmamasını, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri olan 85 manat ondan alınaraq dövlət nəfinə tutulmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində ona elektron nəzarət vasitəsi tətbiq edilməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri tapşırılmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 2020 saylı Qərarına əasasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakıları nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X7 Massivində fərdi ev ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 85 manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə tutulsun (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22). Maddi sübut kimi tanınmış “Opel Astra” markalı avtomobilin və “Tufan M50” markalı mopedin sahiblərinə qaytarılması nəzərə alınsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi vaxta görə 120 manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saat vaxta görə 60 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar