Məhkəmə qərarları › İş №1(003)-159/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-159/2022

26.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-159/2022 26.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, 04.04.1978-ci ildə Gürcüstan Respublikası, Dmanisi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 15 fevral 2020-ci il tarixdə, saat 12 radələrində fəhlə işlədiyi X3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən fermadan hər biri 130 manat olan 03 ədəd ağ rəngli plastik qapıları, hər birinin dəyəri 250 manat olan 02 ədəd nerjaveyka materialından olan çəni, hər birinin dəyəri 150 manat olan 02 ədəd dəmir qapıları, hər birinin dəyəri 150 manat olan 02 ədəd dəmir barmaqlı qapıları, hər birinin dəyəri 60 manat olan 04 ədəd dəmir setkaları, hər metri 1 manat 60 qəpik olan 50 ədəd 3 metrlik 22mm-lik armaturu, hər birinin dəyəri 60 manat olan 02 ədəd dəmir peçləri, hər birinin dəyəri 25 manat olan 03 ədəd qapı üçün nəzərdə tutulmuş list dəmirləri, 01 ədəd dəyəri 60 manat olan yem qabını, hər birinin dəyəri 60 manat olan 6 ədəd dəmir qapıları, ümumi dəyəri 150 manat olan 8 ədəd dəmir barmaqlıqları, 02 ədəd hər birinin dəyəri 160 manat olan 02 ədəd ağ rəngli plastik pəncərələri, hər metri 2 manat 20 qəpik olan 7 ədəd 3 metrlik 32 mm armaturu, hər birinin dəyəri 15 manat olan 5 ədəd künclüyü, hər birinin dəyəri 30 manat olan 4 ədəd 200 litrlik dəmir boçkaları, hər birinin dəyəri 15 manat olan 02 ədəd hamam vannalarını, 01 ədəd dəyəri 150 manat olan qaynaq aparatını gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 3476 manat, 20 qəpik manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 18 fevral 2020-ci il tarixdə, saat 15 radələrində fəhlə işlədiyi X3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən fermadan 01 baş dəyəri 1700 manat olan qırmızı rəngli dişi inəyi, 01 baş, dəyəri 1300 manat olan ağ-qara rəngli erkək dananı və 01 baş dəyəri 150 manat olan çoban iti cinsindən olan iti gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 3150 manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində qismən təqsirli bilərək ifadəsində bildirdi ki, o, 2019-cu ilin sonlarından Türkan qəsəbəsində Xəqaniyə məxsus fermada fəhlə kimi işləmişdir. 2020-ci ilin fevral ayında pula ehtiyacı olduğu üçün fermanın həyətində yığılmış dəmir və plastik materialları Xəqaniyə demədən oğurlayıb satmaq qərarına gəlmişdir. 15 fevral 2020-ci il tarixdə, saat təxminən 12 radələrində fermadan təxminən 1 km aralıda yerləşən dəmir qəbulu məntəqəsinə getmiş və adı sonradan ona məlum olan Anar adlı şəxsə yaxınlıqda fermanın sahibi olduğunu və fermanın həyətində lazımsız dəmirləri satmaq istədiyini demişdir. Həmin vaxt Anar müdirinə zəng edib danışmış və Anarın idarə etdiyi nömrəsini xatırlamadığı “Qazel” markalı avtomobil ilə fermaya getmişlər. Həmin vaxt Anarın yanında adını hal-hazırda xatırlamadığı şəxsdə olmuşdur. Onlar fermada həmin malları avtomobilə yükləmişlər və metal qəbulu məntəqəsinə gəlmişlər. Həmin malları boşaltdıqdan sonra yenidən fermaya qayıtmışlar və qalan malları da avtomobilə yükləmişlər. Həmin vaxt o, Anara fermada olan donuzlara yem almaq üçün pul lazım olduğundan 2 baş inəyi satdığını demişdir. Bundan sonra onlar həmin malları aparıb metal qəbulu məntəqəsinə boşaltmışlar və məntəqənin sahibi Namiq metalları çəkmiş və mallara görə 2-3 günə 420 manat pul verəcəyini demişdir. 18 fevral 2020-ci il tarixdə o, metal qəbulu məntəqəsinə getmiş və Namiqdən 420 manat metalın pulunu götürmüşdür. Həmin vaxtı o, Namiqə 2 baş inəyi almaq niyyətinin olub-olmadığını soruşmuş və əgər almayacaqsa başqa şəxsə satacağını demişdir. Həmin günü o, saat təxminən 15 radələrində Namiq və Anarla fermaya getmişlər. Namiq heyvanlara baxmış və heyvanları ümumilikdə 1200 manata satacağı ilə bağlı razılaşmışdır. Heyvanları “Qazel” markalı avtomobilə yükləmişlər və Namiq həmin heyvanlara görə ona 1200 manat pul vermişdir. Həmin vaxt həyətdə olan 01 baş çoban iti cinsindən olan iti də Anara hədiyyə kimi vermişdir. Bundan sonra o, fermanı tərk edib getmişdir. Bundan başqa o, qeyd etdiyi cinayət hadisəsindən başqa heç bir cinayət hadisəsi törətmədiyini, metalları və heyvanları satan zaman özünə məxsus olduğunu, fermadan 01 ədəd nerjaveyka çən, 13 ədəd dəmir list, 01 ədəd yem qabı, 08 ədəd reşotka və 05 ədəd künclük oğurlamadığını demişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, yeni yaşayış massivində yerləşən özünə məxsus 15 sot torpaq sahəsində ferma tikərək təsərrüfatla məşğul olmuşdur. O, fermada 45 ədəd donuz və 3 baş iri buynuzlu inək saxlamışdır. 2020-ci ilin fevral ayının əvvəllərində Ramil fermada olan bəzi işləri görməsi üçün o, fermanın açarlarını Ramilə vermişdir ki, içəridə olan işləri görsün, orada olan otaqda yatsın və 2-3 gün ərzində qurtarıb açarları qaytarsın. Çünki o, heyvanlara baxmaq üçün çoban tutmalı olmuşdur. O, 19.02.2020-ci il tarixdə Ramilin fermadan oğurluq etdiyini öyrənmiş və fermaya gələn zaman orada hər birinin dəyəri 130 manat olan 3 ədəd ağ rəngli plastik qapıların, hər birinin dəyəri 250 manat olan 2 ədəd nerjaveyka çənin, hər birinin dəyəri 150 manat olan 2 ədəd dəmir qapının, hər birinin dəyəri 150 manat olan dəmir barmaqlı qapıların, hər birinin dəyəri 60 manat olan 4 ədəd setka torun, hər metri 1 manat 60 qəpik olan 50 ədəd 3 metr uzunluğundan 22-lik armaturun, hər birinin dəyəri 60 manat olan 2 ədəd odun peçinin, hər birinin dəyəri 25 manat olan 3 ədəd dəmir listlərin, dəyəri 60 manat olan yem qabının, hər birinin dəyəri 60 manat olan 6 ədəd balaca dəmir qapıların, ümumi dəyəri 150 manat olan 8 ədəd dəmir reşotkaların, hər birinin dəyəri 160 manat olan 2 ədəd ağ rəngli plastik pəncərələrin, hər metri 2 manat 20 qəpik olan 7 ədəd 3 metrlik 32-lik armaturun, hər biri 15 manat olan 5 ədəd künclüyün, hər biri 30 manat olan 4 ədəd 200 litrlik dəmir boçkaların, hər biri 15 manat olan 02 ədəd hamam vannalarının, 01 ədəd dəyəri 150 manat olan qaynaq aparatının, bir ədəd dəyəri 150 manat olan 3 aylıq dişi qafqaz çoban itinin dəyəri 1700 manat və 1300 manat olan 02 baş inəyin oğurlandığının şahidi olmuşdur. Bundan başqa o, fermada olan əmlakları və heyvanları Təqsirləndirilən şəxs etibar etmədiyini, həmin heyvanlara 2-3 gün baxmağı dediyini, 2-3 günə heyvanlara baxmaq üçün çoban gəlməli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir, bu səbəbdən təqsirləndirilən şəxsdən şikayətçidir və ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, o, Xəzər rayonu, Türkan qəsəbəsi, yeni yaşayış massivində metal qəbulu məntəqəsini işlədir. Şahid2 həmin metal qəbulu məntəqəsində işçidir. 15 fevral 2020-ci il tarixdə işçisi Anar ona zəng edərək kanalın üstündə fermadan bir nəfərin gəldiyini, fermanın sahibi kimi özünü təqdim etdiyini və fermada olan ona lazımsız dəmirləri satdığını demişdir. Həmin vaxt Anar Əsədəli ilə birlikdə fermaya gedib malları yükləyib iki dəfəyə gətirib metal qəbulu məntəqəsinə boşaltmışlar. Bundan sonra o, metal qəbulu məntəqəsinə gəlmiş və həmin əşyaları çəkmiş, həmin əşyalar 1 ton 600 kiloqram gəlmişdir. O, həmin metallara görə Ramilə 2-3 gündən sonra 420 manat verə biləcəyini demiş və Ramil onunla razılaşmışdır. O, Ramildən həmin əşyaların kimə məxsus olduğunu soruşanda Ramil həmin əşyaların özünə məxsus olduğunu bildirmişdir. Həmin metallar 3 ədəd plastik qapı, 2 ədəd dəmir qapı, 2 ədəd dəmir barmaqlı qapı, 4 ədəd setka tor, müxtəlif ölçülü armaturlar, 2 ədəd odun peçi, 2 ədəd böyük ölçülü plastik pəncərə, 4 ədəd boçka, 2 ədəd vanna, 01 ədəd nerjaveyka çən və 01 ədəd qaynaq aparatı olmuşdur. 18 fevral 2020-ci il tarixdə Ramil fermaya gəlmiş və o, Ramilə 420 manat pul vermişdir. Həmin vaxt Ramil ona və Anara fermada olan dozunlara yem almaq üçün pulunun olmadığına görə 2 baş inəyi satdığını demişdir. O və Anar gedib həmin inayə baxmağa qərara gəlmişlər. Ramil heyvanları 1500 manata satdığını demiş, o, isə heyvanlara görə 1200 manat verə biləcəyini demiş və Ramil onunla razılaşmışdır. Heyvanları yük avtomobilənə yükləyib metal qəbulu məntəqəsinə gətirib boşaltmışlar. Orada Ramil həyətdə olan çoban itini Anara hədiyəy kimi pay vermişdir. O, Ramilə heyvanlara görə 1200 manat pul vermiş və Ramil çıxıb getmişdir. Bundan sonra polis əməkdaşları gəlmişlər və ona məlum olmuşdur ki, Ramil həmin fermanın sahibi deyilmiş və ona satdığı inəylər və əşyaları oğurlayıb gətirib ona satmışdır. O, hadisədən sonra həmin əşyaları və 2 baş inəyi fermanın əsl sahibi Xəqaniyə qaytardığını, Ramilin özünü fermanın sahibi kimi apardığını, darvazanı özündə olan açarla açıb içəri daxil olduğundan ondan şübhələnmədiyini, Ramildən 01 ədəd nerjaveyka çən, 3 ədəd dəmir qapı üçün nəzərdə tutulan list dəmirlər, 01 ədəd yem qabı, 8 ədəd dəmir barmaqlıq və 5 ədəd künclüyü almadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış X8 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş X4 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, Xəzər rayonu, Türkan qəsəbəsi, yeni yaşayış massivində metal qəbulu məntəqəsini Şahid1 işlədir və o, arada ona kömək edib pul qazanır. 15 fevral 2020-ci il tarixdə o, Namiqə məxsus metal qəbulu məntəqəsində olan zaman bir nəfər adı sonradan ona məlum olan Ramil adlı şəxs gəldi və o, yaxınlıqda yerləşən fermanın sahibi olduğunu, fermada ona lazım olmayan köhnə əmlakları satmaq istədiyini və çox olduğunu Anara demişdir. Anar da öz növbəsində həmin vaxt Namiqə zəng edib bu barədə demişdir. Onlar birlikdə Ramilin fermasına getmişlər. Ramil özündə olan açarla qapını açmış və onlar fermaya daxil olmuşlar. Ramil orada satmaq istədikləri əşyaları onlara göstərmiş və onlar həmin əşyaları avtomobilə yığıb iki dəfəyə metal qəbulu məntəqəsinə aparmışlar. Həmin vaxt Namiq də gəlib çıxmış və Namiq metalları çəkmişdir, metalların çəkisi 1 ton, 600 kiloqram gəlmişdir. Namiq həmin metallara görə Ramilə 2-3 gündən sonra 420 manat verə biləcəyini demiş və Ramil Namiqlə razılaşmışdır. Həmin metallar 3 ədəd plastik qapı, 2 ədəd dəmir qapı, 2 ədəd reşotka qapı, 4 ədəd setka tor, müxtəlif ölçülü armaturlar, 2 ədəd odun peçi, 2 ədəd böyük ölçülü plastik pəncərə, 4 ədəd boçka, 2 ədəd vanna, 01 ədəd nerjaveyka çən və 0l ədəd qaynaq aparatı olmuşdur. Bundan sonra o, çıxıb getmiş və başqa heç nədən xəbəri olmamışdır. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 07.03.2020-ci il tarixli tələbnamədən görünür ki, 04.04.1978-ci ildə Gürcüstan Respublikasının Dmanisi rayonunda doğulmuş Təqsirləndirilən şəxs Tərtər Qarnizonu Hərbi Tribunalının 23.04.1996-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. 03.07.1996-cı il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Milli Məclisinin 22.05.1996-cı il tarixli amnistiya qərarının 4-cü maddəsinə əsasən əməyə mütləq cəlb edilməklə şərti azad edilmişdir. 14.10.1997-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Xalq Məhkəməsinin qərarına əsasən 01 il 02 ay 19 gün müddətində cəza çəkməsi üçün cəzaçəkmə müəssisəsinə qaytarılmışdır. Bakı şəhəri Sabunçu Rayon Xalq Məhkəməsinin 18.01.1999-cu il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs AR CM-nin 93-7.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur.23.01.2001-ci il tarixdə Təqsirləndirilən şəxs AR CM-nin 76-cı maddəsinə əsasən 10 ay 26 gün müddətinə cəzasının çəkilməmiş hissəsindən vaxtında əvvəl şərti azad edilmişdir. Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 26.10.2001-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs AR CM-nin 234.1, 181.2.1, 181.2.2, 181.2.5 və 67-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona 11 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur.11.12.2012-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 01.05.2013-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs AR CM-nin 185.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur.25.02.2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 09.10.2017-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur.13.09.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan axtarışda olanın tutulması barədə 01.02.2022-ci il tarixli protokoldan görünür ki, AR CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək axtarılan, 04.04.1978-ci il təvəllüdlü, evli, ünvan 2 ünvanında yaşayan, barəsində RPİ-nin CAŞ-si tərəfindən 09.04.2020-ci il tarixdə 10432/20 saylı axtarış işi açılmış Nəsibov X5 rayonunda 01.02.2020-ci il tarixdə saat 18:05-də saxlanılaraq Xəzər RPİ İŞ-nə təhvil verilmişdir. İş materiallarında olan 01.02.2022-ci il tarixli protokoldan görünür ki, 01 fevral 2022ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin İŞnin müstəntiqi, polis kapitanı Şahid4 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 03 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Şahid4 tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 03.02.2022-ci il tarixli qərarına əsasən AR CM-nin 177.2.2 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində 02 ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 01.02.2022-ci il tarixdə hesab edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” 29.01.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03.03.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23.07.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22.06.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02.04.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə təqsirləndirilən şəxsin AR CM-nin 59.2-ci maddəsinə əsasən əməlini qismən etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən “Cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən “Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08.07.2008ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən “Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25.05.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayəthüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06.09.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən “Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur” Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 09.10.2017-ci il tarixli hökmə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 02 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunmuşdur. 13.09.2019-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Həmin tarixdən cinayət qanunvericiliyinə əsasən iki il müddət keçmədiyindən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadəsinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən “Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” 18.06.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut yoxdur. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli 01 fevral 2022-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat, ümumilikdə 210 (iki yüz on) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar