Məhkəmə qərarları › İş №1(003)-159/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-159/2024

10.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-159/2024 10.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs nümayəndəsi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1954-cü ildə Ermənistan, Barana rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1, 322.1 və 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs 04 aprel 2023-cü il tarixdə saat 15 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən Xəzər RPİ-nin 2-ci PŞ-nin qarşısında dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs məxsus «Reno Dacia» markalı, ** ED *** dövlət qeydiyyat nişanlı avtomobildə olarkən sonuncuya məxsus rəsmi və mühüm sənədlər olan diplomu, hərbi bileti, əmək kitabçasını talamış, məhkəmə aid sənədləri götürmüş, eləcə də avtomobildən içərisində 200 manat pul olan dəyəri 20 manat təşkil edən pul kisəsini, dəyəri 560 manat təşkil edən mobil telefona qoşulan qol saatını gizli olaraq talayıb Zərərçəkmiş şəxs 780 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmiş, mühüm ziyan vuraraq özbaşınalıq etmiş, rəsmi və mühüm sənədləri talamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməllərin törədilməsində təqsirli bilməyərək ifadəsində bildirdi ki, qohumu Nağı, Zərərçəkmiş şəxs avtomobil satmışdır, lakin Zərərçəkmiş şəxs avtomobilin pulunu tam vermədiyindən Nağı avtomobilin geri qaytarılmasını tələb etmiş, Elməddin isə avtomobili qaytarmamış və gizlətmiş, Nağıya qarşı məhkəmədə iddia qaldırmışdır. Həmin məhkəmə işində onu da şahid qismində cəlb etmişlər. Hadisə vaxtı o, “Koroğlu” metrostansiyasında Elməddinin idarə etdiyi avtomobilə əyləşmiş və avtomobildən düşməmişdir. Bundan sonra Elmədin avtomobili sürüb anasının götürmək üçün getmişdir. Bu zaman o hiss eləmişdir ki, avtomobilin içərisində olan ön saxlanc yerində (bardoçokunda) nəsə var və buna görə dizlərini həmin saxlanc yerə sıxmışdır. Sanatoriyadan Elmədin anasını götürmüş və 2-ci Polis şöbəsinin yanına gəlmişlər. Həmin zaman bir nəfər mülki formada ona yaxınlaşaraq özünü polis kimi təqdim etmiş və avtomobildən düşməsini demiş, o isə avtomobildən düşməyəcəyini bildirmişdir. Bundan sonra həmin şəxs çıxıb getmişdir. Sonra Nağını çağırmış, Nağı oraya gəlmişdir. Nağı gələndə Elməddin ilə anası orada olmuşdur. Elməddin ilə anası çıxıb getmişlər. O isə yerə düşüb maşının yanında dayanmışdır. Öz çantası ilə əlində yerə düşmüşdür. Bununla bağlı video görüntüdə var. O, Nağıya bardoçokda nə isə olduğunu bildirmiş, Nağı bardoçoku açıb və oradan sənədlər götürmüşdür. Nağı ona bildirmişdir ki, sənədlər ona məxsus avtomobillərin sənədləri olmuşdur. Həmin günü avtomobillə bağlı məhkəmə prosesi olduğundan Nağı ilə birlikdə məhkəməyə getmişlər. Həmçinin bildirdi ki, Elməddini uzun müddətdir ki, tanıyır. Nağı bacısının əridir. Elməddin ilə Nağı onun vasitəsilə tanış olmuşlar. Nağı ilə onun arasında düşmənçilik və ədavət yoxdur. Hadisə zamanı avtomobilə əyləşməsində məqsədi o olmuşdur ki, oturduğu maşını Elməddinin əlindən alıb aparıb öz həyətinə qoysun, Nağının avtomobilini gətirib verdikdən sonra həmin avtomobili geri alsın. Bu hərəkətinə görə özünü təqsirli bilir. Elməddin avtomobili gizlətdiyindən Nağı ona köməklik etməyini xahiş etmiş, o da Nağıya köməklik etmiş, polis orqanlarına şikayət etmiş, Nağının adından ona vəkalətnamə verilmişdir. Hadisə zamanı Elməddin tez-tez əlini avtomobilin içərisində olan ön saxlanc yerinə (bardoçoka) atdığını gördüyündən və onda hissiyyat güclü olduğundan başa düşmüşdür ki, orada nəsə var. Elməddin ilə anası gedəndən sonra o, avtomobildən düşmüş və Nağıya bildirmişdir ki, avtomobilin ön saxlanc yerində nəsə var. Bundan sonra Nağı avtomobilə daxil olmuş və həmin yeri açmış və oradan sənədləri götürmüşdür. Nağı ona bildirmişdir ki, həmin sənədlər ona məxsus avtomobilin sənədləridir, həmçinin həmin sənədlərin içərisində onun avtomobilinə dair saxta sənədlərin olduğunu bildirmişdir. Həmin vaxtı o, Nağıya avtomobilin evakuator vasitəsilə aparmalarını söyləmiş, Nağı razılaşmamış və avtomobilin Elməddinin bacısının ərinə məxsus olduğunu bildirmişdir. Bundan sonra onlar məhkəməyə getmişlər. Nağı avtomobildən sənədləri götürəndə o, avtomobildən aralanmışdır. Nəsimi Rayon Məhkəməsində avtomobildən götürülmüş sənədləri Nağı məhkəməyə təqdim etmişdir. Avtomobildən pul kisəsi, mobil telefona qoşulan qol saatını götürməmiş, hər hansı bir sənəd götürməmişdir. Nağı avtomobilin saxlanc yerində olan sənədlərə baxdığını, həmin sənədlərdən içərisindən seçib müəyyən sənədləri öz sumkasına qoyduğunu görmüşdür. Həmin zaman o, yerdə olmuşdur. Sənədlərdən başqa nəsə götürdüyü görməmişdir. Yolda isə Nağı ona bildirmişdir ki, düz edərək saxlanc yerini açmağa qoymamışdır. Belə ki, götürdüyü sənədlər ona məxsus avtomobilin sənədləri olmuş, içərisində isə saxtalaşdırılmış sənədlər olmuşdur. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda təqsirli olmadığından barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, hadisə günü Təqsirləndirilən şəxs onun avtomobilinə əyləşmiş, ondan avtomobilindən düşməsini tələb etmiş, Fəxrəddin isə düşməmişdir. Bundan sonra vəkili ilə telefon vasitəsilə əlaqə saxlayaraq bu barədə bildirmiş, vəkili 102 xidmətinə müraciət etməsini söyləmişdir. O 102 xidmətinə zəng vurmuş bu barədə bildirmiş, sonra isə anası ilə birlikdə məhkəməyə getməli olduğundan Bilgəh qəsəbəsinə anasının götürmək üçün getmişdir. Bilgəh qəsəbəsində sanatoriyanın yanında anasını götürmüşdür. Anası da Fəxrəddin avtomobildən düşməsini tələb etmiş, o isə düşməyəcəyini demişdir. Daha sonra ikinci dəfə 102 xidmətinə müraciət etmişdir. Ona 2-ci Polis şöbəsinə getməsini bildirmişlər. Bundan sonra 2-ci Polis şöbəsinə getmişdir. Polis şöbəsində sənədlərini təqdim etmiş, avtomobilin ona məxsus olduğunu bildirmiş və bir vətəndaşının onun avtomobilindən düşmək istmədiyini bildirmişdir. Bundan sonra mülki geyimli şəxsi onların yanına göndərmişlər. Həmin şəxs avtomobilin sənədlərini baxış keçirmiş, sonra Fəxrəddindən avtomobildən düşməsini tələb etmiş, Fəxrəddin isə vəkil olduğunu, avtomobildən düşməyəcəyini bildirmişdir. Həmin şəxs çıxıb getmiş, o da polis şöbəsinə yaxınlaşmış, ona bildirmişlər ki, qrup gələcək və onu avtomobildən düşürdəcəklər. Həmin günü məhkəmə olduğundan saata baxmış və məhkəməyə gecikdiyini görmüşdür. Avtomobildə ona məxsus sənədlər, həmçinin mülki işlə bağlı sənədləri olmuşdur. O, avtomobilə yaxınlaşaraq sənədləri götürmək istəyəndə Fəxrəddin icazə verməmiş, daha sonra anası götürmək istəmiş, anasına da icazə verməmişdir. Bundan sonra anası ilə birlikdə taksi ilə məhkəməyə getmişlər. Məhkəmədə isə Fəxrəddin özü sənədləri göstərərək onun sənədlərin onda olduğu bildirmişdir. Həmçinin bildirdi ki, avtomobilin ön saxlanc yerindən sənədləri götümək istəyəndə Fəxrəddinə avtomobildə şəxsi əşyalarının olduğunu və onları götürmək istədiyini bildirmişdir. Saxlanc yerində pul kisəsi, içərisində 200 manat pulu olmuş, oğluna hədiyyə aldığı mobil telefona qoşulan qol saatı, xarici pasportu, əmək kitabçası, hərbi bileti, məhkəmə işi ilə bağlı sənədləri, taksi şirkətində işləməsi ilə bağlı sənədləri olmuşdur. Məhkəmədən çıxandan sonra maşına daxil olmamış, polis idarəsinin növbətçisi hissəsinə yaxınlaşmış, polis əməkdaşlarına müraciət etmiş və polis əməkdaşları saxlanc yerinə baxış keçirmişlər və orada sənədlərinin olmadığını aşkar etmişlər. Nağı gələndə maşına yaxınlaşmamışdır. Birinci dəfə Xəzər RPİ-də ondan dörd dəfə izahatı alınmışdır. Həmin vaxtı özündə olmamışdır. Ola bilsin ki, ilk günü qol saatı ilə bağlı yadından çıxdığından heçnə bildirməmiş, lakin sonralar bildirmişdir. Qol saatını hadisədən 1 həftə əvvəl almış, 560 manata almış, oğlu üçün almışdır. Belə ki, oğlu instituta imtahan vermiş və instituta girəcəyinə əmin olduğu üçün hədiyyə almışdır. Fəxrəddin avtomobildən sənədləri götürməsini görməmişdir. Fəxrəddinlə Nağı arasında pul haqq-hesabı olduğundan hesab edir ki, onun sənədlərini Nağıdan pul tələb etmək məqsədilə Fəxrəddin götürmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, hadisə günü məhkəməyə getməli olmuşlar. Oğlu onunla telefonla əlaqə saxlayaraq Fəxrəddinin avtomobildə olduğunu və düşmədiyini bildirmişdir. O, oğlundan Fəxrəddinə heçnə etməməsini xahiş etmişdir. Belə ki, bilirki, o, Elməddini şərləmək istəyir. Sanatoriyanın yanına oğlu avtomobillə gələndə görmüşdür ki, Fəxrəddin maşının ön oturacağında oturmuşdur. Bundan sonra avtomobilə yaxınlaşıb Fəxrəddindən düşməsini tələb etmiş, Fəxrəddin maşından düşməmişdir. Elməddin 102 xidmətinə zəng vurmuş, sonra polis şöbəsinə yaxınlaşmışlar. Elməddin polis şöbəsinə getmiş, bu barədə bildirmiş sonra qayıtmışdır. Polis əməkdaşı gəlmiş, yenə də Fəxrəddin avtomobildən düşməmişdir. Məhkəməyə gecikdikləri üçün o, avtomobilə yaxınlaşmış sənədləri götürmək istəmiş, lakin Fəxrəddin icazə verməmişdir. Fəxrəddin Nağıya zəng vurmuş və Nağı 5 dəqiqə keçməmiş oraya gəlmişdir. Nağı gəlmiş və aralıda dayanmışdır. Oğlu ona məhkəməyə gecikdiklərini bildirdiyindən orada qalmamışlar və məhkəməyə getmişlər. Məhkəmədə isə Fəxrəddin sənədlərin onda olduğunu bildirmiş və məhkəməyə təqdim etmiş, özünü Nağının vəkili kimi təqdim etmişdir. Həmçinin bildirdi ki, avtomobildən Fəxrəddin tərəfindən nəsə götürüldüyünü görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, məhkəmə prosesi günü olduğundan Fəxrəddin ilə məhkəməyə getmək üçün birinci Fəxrəddinin yaşadığı evə getmiş, evdə olmadığından onunla əlaqə saxlamış və 2-ci Polis şöbəsinin yanında olduğu bildirdiyindən oraya getmişdir. Polis şöbəsinin yanında avtomobilini polis şöbəsinin divarının yanında saxlamış, 5 dəqiqə çəkməmiş o, Fəxrəddini götürüb məhkəməyə getmişlər. Həmçinin bildirdi ki, o, polis şöbəsinə gəldiyi vaxtı Fəxrəddin avtomobilin yanında, çöldə olmuş, orada Elməddin anası ilə birlikdə olmuş və 2 nəfər polis əməkdaşı da olmuşdur. Avtomobil onun Elməddinə satığı maşın olmamış, başqa maşın olmuşdur. Fəxrəddinin avtomobildən sənədlər və ya hər hansı bir əşya götürdüyünü görməmişdir. Özü maşına yaxınlaşmamış, maşına minməmiş və maşından heç bir sənəd götürməmişdir. Bir müddətdən sonra Elməddin, anası ilə birlikdə çıxıb gedən zaman, o da avtomobilinə tərəf getmiş, sonra avtomobillə Fəxrəddin ilə birlikdə məhkəməyə getmişlər. Fəxrəddin məhkəmədə iştirak üçün etibarnamə vermiş, lakin həmin etibarnaməni hakim qəbul etməmişdir. O, Fəxrəddinə zəng vurmuş, Fəxrəddin ona polis şöbəsinin yanında olduğunu bildirmişdir. Polis şöbəsinin yanına gələndə Fəxrəddin çöldə olmuşdur. Avtomobilini saxladığı yerlə Elməddin idarə etdiyi maşınla ara məsafəsi 20-30 metr olmuşdur. Elməddin ilə anası məhkəməyə getdiklərini bildirmişlər və onların arxası ilə gəlmiş maşına tərəf getmişlər, bundan sonra o öz maşınına getmiş və maşını ilə gəlib Fəxrəddini götürüb məhkəməyə getmişlər. Şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsində ziddiyyətlər olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə aralarında məhkəmə mübahisəsi var. Belə ki, Elməddin ona məxsus olan «Dacia Logan» markalı, ** ZN *** dövlət qeydiyyyat nişanlı avtomobili icarəyə götürmüşdür. Lakin sonradan Elməddinlə aralarında narazıçılıq yarandığından o həmin avtomobili başqa bir şəxsə icarəyə vermişdir. Lakin Elməddin onun qaynı Təqsirləndirilən şəxs ilə birlikdə qeyd olunan avtomobili həmin şəxsdən almışdır. Bu səbəbdən o hüquq-mühafizə orqanlarına müraciət etmiş və aralarında məhkəmə mübahisəsi var. Hadisə ilə bağlı onu bildirmişdir ki, 04 aprel 2023-cü il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs Elməddinin idarə etdiyi «Reno Dacia» markalı, ** ED *** dövlət qeydiyyat nişanlı avtomobillə Xəzər RPİ-nin 2-ci PŞ-nin qarşısında olduğunu bilib o da həmin yerə gəlmişdir. Orada olarkən Fəxrəddinin Elməddinin idarə etdiyi avtomobilin qabaq sağ oturacağında oturduğunu, Elməddin ilə anasının Fəxrəddini avtomobildən düşürtməyə çalışdığını, Fəxrəddinin ayağını bordaçoka dirəyərək avtomobildən düşmədiyini, Elməddinin eyni zamanda mobil telefonla baş verənləri çəkdiyini görmüşdür. O bir qədər kənarda dayanıb baş verənləri izləmişdir. Elməddin Fəxrəddini avtomobildən düşürə bilmədiyindən taksi çağırıb anası ilə birlikdə məhkəməyə getmişdir. Elməddinlə anası çıxıb getdikdən sonra Fəxrəddin ona avtomobilini işə salıb onu məhkəməyə aparmağını bildirmişdir. O avtomobilinin yanına gedib avtomobilini işə saldıqdan sonra Fəxrəddin gəlib onun avtomobilinə əyləşmişdir. Verilən suala cavab olaraq bildirmişdir ki, Fəxrəddin yalan deyir. Belə ki, o qeyd olunan avtomobilə yaxınlaşmadığını və həmin avtomobildən heç bir əşya götürmədiyini bildirmişdir. Həmin vaxt Fəxrəddinin əlində çantasının olduğunu bildirmiş və ola bilsin ki, Fəxrəddinin özü həmin sənədləri və əşyaları götürüb çantasına qoymuşdur. Eyni zamanda Fəxrəddinin ona şər atdığını bildirmişdir. Məhkəmə iclasında Şahid2 elan olunmuş izahatı vermədiyini, lakin izahatda olan imzanın ona məxsus olduğunu bildirmişdir. Belə ki, o, Fəxrəddini maşının çölündə görmüş və Fəxrəddinin maşından sənədlər götürməsini görməmişdir. Cinayət işinin materiallarında olan: -xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Xəzər RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi Neman Şirinov tərəfindən toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə ********* nörməli cinayət işi başlanaraq icraatına qəbul edilib iş üzrə istintaqın aparılması barədə qərar qəbul edilmişdir. -xx.xx.2023-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə görə şübhəli şəxs qismində tutulmuşdur. -xx.xx.2023-cü il tarixli cinayətin tövsif olunması barədə qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işinin materialları, eləcə də Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.1 və 322.1-ci maddələrinə tövsif edilərək istintaqının davam etdirilməsi qərara alınmışdır. -xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona Azərbaycan Respublikası CM-nin 177.1 və 322.1-ci maddələri ilə nəzərdə tutulan ittihamın elan edilməsi qərara alınmışdır. -xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət baxılması barədə Xəzər rayonu prokuroru vəzifəsini icra edən Zaur Ağakişiyevin qərarından görünür ki, təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi Neman Şirinovun vəsatətinin təmin edilməməsi, təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs azad edilməsi və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. -xx.xx.2023-cü il tarixli cinayət işinin tövsif olunması barədə qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.1 və 322.1-ci maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işinin materialları, eləcə də Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.1, 322.1 və 326.2-ci maddələrinə tövsif edilərək istintaqının davam etdirilməsi qərara alınmışdır. -xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1, 322.1 və 326.2-ci maddələri ilə nəzərdə tutulan ittihamın elan edilməsi qərara alınmışdır. -xx.xx.2023-cü il tarixli cinayət işinin icraata qəbul olunması barədə qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.1, 322.1 və 326.2-ci maddələri ilə olan ********* nömrəli cinayət işinin Xəzər RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi Rafiq Qarayev tərəfindən icraatına qəbul edilməsi və istintaq davam etdirilməsi qərara alınmışdır. -xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1954-cü il təvəllüdlü Təqsirləndirilən şəxs məhkum olunmamışdır. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(006)-1719/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Şahid2 qarşı “Dacia Logan” markalı ** ZN *** dövlət qeydiyyat nişanlı avtomobilə dair mülkiyyət hüququnun tanınması barədə iddiası təmin edilməmişdir. -Şahid2 tərəfindən Təqsirləndirilən şəxs verilmiş xx.xx.2017-ci il tarixli etibarnamənin surətindən görünür ki, Şahid2 tərəfindən həmçinin məhkəmə orqanlarında təmsil edilməsi, iddia verilməsi və sairə səlahiyyətlər Təqsirləndirilən şəxs etibar edilmişdir. Etibarnamə 20 il müddətinə verilmişdir. İş üzrə Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş və iş materiallarında mövcud olan xx.xx.2023-cü il tarixdə baş vermiş hadisənin əks etdirən fotoşəkillər və videogörüntülər olan bir ədəd CD disk məhkəmə iclasında tədqiq edilmiş və həmin fotoşəkil və videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs “Reno Dacia” markalı avtomobilin ön sağ qabaq hissəsində əyləşmişdir. Avtomobil polis şöbəsinin binasının qabağında, polis şöbəsinə gedən yolun sol hissəsində park edilmişdir. Videogörüntüdən görünür ki, Zərərçəkmiş şəxs və onun anası iş üzrə Şahid1 tələb etmələrinə baxmayaraq Təqsirləndirilən şəxs avtomobildən düşməkdən imtina edir, daha sonra isə avtomobilin həmin Təqsirləndirilən şəxs oturduğu ön saxlanc yerindən sənədlərinin olduqlarını və həmin sənədlərin götürməsinə imkan vermələrinin demələrinə baxmayaraq Təqsirləndirilən şəxs tərəfindən buna imkan verilmir. Həmçinin sonuncu videoyazıdan görünür ki, həmin yerə iş üzrə şahid olan Şahid2 gəlmiş, Şahid2 avtomobilin qabaq tərəfində sağ qanadının yanında dayanmış, Təqsirləndirilən şəxs avtomobildə əyləşərək düşməkdən imtina etməkdə davam edir. Zərərçəkmiş şəxs, Şahid1, Təqsirləndirilən şəxs və Şahid2 bir müddət sözlə mübahisə etdikdən sonra Zərərçəkmiş şəxs Şahid1 ilə oradan uzaqlaşır. Məhkəmə sorğusu vasitəsilə almış və məhkəmə iclasında tədqiq edilmiş Nəsimi Rayon Məhkəməsinin icraatında olan iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Şahid2 qarşı avtomobil üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə xx.xx.2023cü il tarixdə keçirilmiş məhkəmə prosesinin audio və video yazısından görünür ki, iddiaçı Zərərçəkmiş şəxs izahat verdiyi zaman məhkəmə iclas zalında əyləşmiş Təqsirləndirilən şəxs ayağa qalxaraq avtomobilə dair sənədlərin onda olduğunu bildirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs qeyd olunan hala dair münasibət bildərək qeyd etmişdir ki, avtomobildən sənədləri Nağı götürdüyündən və Nağı tərəfindən ona vəkalətnamə verildiyindən sənədlərin onda olduğunu bildirmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 1(003)-159/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən dövlət ittihamçısı Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 322.1-ci maddəsi ilə verilmiş ittihamdan imtina etdiyindən iş üzrə həmin hissədə ona qarşı cinayət təqibinə xitam verilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin izahat və ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 326.2-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1 və 326.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməmişdir. Belə ki, iş materiallarından və məhkəmə iclasında araşdırılmış hallardan müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə “Koroğlu” metrostansiyasının qabağında iş üzrə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs idarə etdiyi “Reno Dacia” markalı avtomobilin qabaq sağ sərnişin oturacağına əyləşmiş, ondan avtomobildən düşməsinin tələb olunmasına baxmayaraq düşməmişdir. Həmin günü Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılan Zərərçəkmiş şəxs iş üzrə şahid olan Şahid2 qarşı avtomobil üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə məhkəmə prosesində iştirak edilməsi üçün Zərərçəkmiş şəxs (Təqsirləndirilən şəxs avtomobildə olmaqla) anası iş üzrə Şahid1 arxası ilə Bilgəh qəsəbəsinə yollanmış, anasını götürdükdən sonra avtomobili Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis şöbəsinin qabağında saxlamış, polis şöbəsindən Təqsirləndirilən şəxs avtomobildən düşməsində köməklik istəmişdir. Lakin, Təqsirləndirilən şəxs yenədə avtomobildən düşməkdən imtina etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılan mülki iş üzrə məhkəmə prosesinə gecikməməsi ilə əlaqədar Zərərçəkmiş şəxs, anası Şahid1 ilə birlikdə avtomobili orada qoyaraq taksi ilə məhkəməyə getmişlər. Cinayət işi üzrə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilinməsində sübutların məcmusu zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin dindirilmə protokolları, şahid ifadələri, üzləşdirmə protokollarından və zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixdə baş vermiş hadisə ilə bağlı foto və videogörüntülərdən ibarətdir. Məhkəmə hesab edir ki, həmin sübutların Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilinməsi üçün əsas və təsdiqedici, yətərli olması kimi qəbul edilməsi mümkün deyil. Belə ki, ilkin olaraq məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixdə Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən Xəzər RPİ-nin 2-ci PŞ-nin qarşısında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs istifadəsində olan avtomobilin ön sağ saxlanc yerindən (bardoçokdan) hər hansı bir əşyanın götürdüyünü gördüklərini nə zərərçəkmiş şəxs, nə iş üzrə dindirilmiş şahidlər öz ifadələrində bildirməmişlər, həmçinin bu halı təsdiq edən hər hansı bir sübut cinayət işinin materiallarında da mövcud deyildir. Zərərçəkmiş şəxs, Şahid1 ifadələrinə, onların Təqsirləndirilən şəxs ilə üzləşdirmə protokollarına əsasən Təqsirləndirilən şəxs avtomobildən düşməməsi və avtomobildən sənədlərin götürmələrinə imkan verməməsi, həmçinin Nəsimi Rayon Məhkəməsində baxılan mülki işlə əlaqədar məhkəmə prosesində təqsirləndirilən şəxs tərəfindən sənədlərin onda olduğunu bildirməsi hallarını məhkəmə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə mötəbər və yetərli sübut kimi qəbul edilməsini əsaslı hesab etmir. Belə ki, bu hallar yalnız onların ehtimal və mülahizələrindən ibarətdir və hər hansı bir digər sübutla təsdiq olunmur. Ehtimal və mülahizələrin sübut kimi qəbul edilməsi isə yolverilməzdir. Təqsirləndirilən şəxs şübhəli şəxs, təqsirləndirilən şəxs kimi ibtidai istintaq zamanı və məhkəmə istinaqı zamanı eyni ifadə verərək bildirmişdir ki, o, avtomobildən qanunsuz olaraq düşmədiyini anlayır, lakin avtomobildən hər hansı bir sənəd və yaş əşya götürməmiş, avtomobildən sənədlər Şahid2 tərəfindən götürülmüşdür. Bu halla bağlı isə hər hansı bir instintaq hərəkəti aparılmaqla araşdırılmamış, ittiham aktında isə bu xüsusat zərərçəkmiş və şahid ifadələri, üzləşdirmə protokolları, maddi sübut, elecə də digər istintaq sənədləri ilə tam təkzib edilməsi ilə əsaslandırılmış, eyni zamanda həmin xüsusat vəsatət kimi qəbul edilərək rədd edildiyi qeyd olunmuşdur. İş üzrə Şahid2 isə ibtidai istintaq zamanı verdiyi izahatında və üzləşmə protokolunda “ola bilərki Fəxrəddin özü həmin sənədləri və əşyaları götürüb çantasına qoymuşdur” bildirsə də (hətta bu ifadə belə Şahid2 Təqsirləndirilən şəxs avtomobildən hər hansı bir əşya, sənəd götürməyini görmədiyini təsdiq edir), məhkəmə iclasında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin istifadəsində olan avtomobildən hər hansı bir sənəd, əşya götürmədiyini, ibtidai istintaq zamanı belə ifadə vermədiyini bildirmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaqa təqdim etdiyi foto və videogörüntülərdə yalnız Təqsirləndirilən şəxs avtomobilin ön sərnişin oturacağında əyləşməsi və həmin yerdə olan saxlanc yerindən sənədlərin (zərərçəkmiş şəxsin bildirdiyinə görə məhz həmin yerdə ona məxsus əmlak və sənədlər olmuş) götürülməsində imkan verməməsi əks olunmuşdur. Cinayət işinin materiallarında isə məhz Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə məxsus əmlak və sənədlərin həmin yerdən götürməsini təsdiq edən sübutlar mövcud deyil. Ona görə də məhkəmə hesab edir ki, həmin foto və video görüntülər olan CD diskin də iş üzrə sübut kimi qəbul edilməsi yol verilməzdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama — üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Həmin Məcəllənin 326.2-ci maddəsinə əsasən dənizçinin şəxsiyyət sənədini, vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və ya digər mühüm şəxsi sənədini talama — min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd olunan hər iki maddənin dispozisiyasından görünür ki, özgənin əmlakını gizli olaraq talama, vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və ya digər mühüm şəxsi sənədini talama cinayət məsuliyyətinə səbəb olur. Hazırki iş üzrə isə təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə məxsus rəsmi və mühüm sənədlər olan diplomu, hərbi bileti, əmək kitabçasını, eləcə də içərisində 200 manat pul olan dəyəri 20 manat təşkil edən pul kisəsini, dəyəri 560 manat təşkil edən mobil telefona qoşulan qol saatını gizli olaraq talmasını təsdiq edən mötəbər sübutlar olmadığı üçün təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın əsaslı olmasını qəbul etmək yolverilməzdir, çünki təqsirləndirilən şəxs barəsində aparılmış ittiham üzrə digər (əsaslı) sübutlar istintaq orqanı tərəfindən toplanılmamışdır. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs verilən ittihamda onun məhkəməyə aid sənədləri götürdüyü qeyd edilsə də həmin sənədlərin konkret olaraq hansı sənədlər olması, zərərçəkmiş şəxsə məxsus olub-olmaması ilə bağlı da hər hansı bir araşdırma aparılmamışdır. Eyni zamanda məhkəmə nəzərə çatdırır ki, iş üzrə Zərərçəkmiş şəxs, baş vermiş hadisə ilə bağlı Xəzər RPİ-nin 2-ci PŞ-nə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsində (ilkin ərizəsində) (iş səhifə 9) avtomobildən ona məxsus içərisində 200 manat olan pul kisəsini, xarici pasportunu, məhkəməyə aid bütün sənədləri, əmək kitabçasını, qara rəngli qeyd kitabçasını Təqsirləndirilən şəxs tərəfindən götürüldüyünü, bundan sonra Xəzər rayon prokurorluğuna ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsində (iş səhifə 22) ona məxsus sənədləri və əşyaların Təqsirləndirilən şəxs tərəfindən verilmədiyini qeyd etmiş, yalnız xx.xx.2023-cü il tarixdə zərərçəkmiş şəxs qismində dindirildiyi vaxtı (iş səhifə 59) həmçinin Təqsirləndirilən şəxs tərəfindən mobil telefona qoşulan bir ədəd qol saatının götürüldüyünü bildirmişdir. Məhkəmə iclasında isə həmin qol saatının oğlunun instituta daxil ola biləcəyini hesab edərək əvvəlcədən ona hədiyyə qismində aldığını bildirməsinə baxmayaraq həmin qol saatı ilə bağlı hər hansı bir sənəd məhkəməyə təqdim olunmamış, ibtidai istintaq zamanı da zərərçəkmiş şəxsə aid 560 manat dəyərində qol saatının olması istiqamətində hər hansı bir araşdırma aparılmamışdır. Odur ki, məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs aid 560 manat dəyərində qol saatının oğurlanması halı, həmçinin iş üzrə ziddiyyət təşkil edən haldan ibarətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələbinə əsasən ittiham konkret olmalıdır. İttiham aktından kənara çıxmaq qadağandır. Çünki, CPM-nin 7.0.20-ci maddəsinə əsasən ittiham - CPM-də müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir. Azərbaycan Respublikası Konstitusiyasının: -63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. -63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X5 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı ( 2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” işüzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, ədalətli və çəkişmə xarakterli məhkəmə araşdırması anlayışı prinsipcə onu nəzərdə tutur ki, başqa cür qərara gəlmək üçün əsaslı səbəblər yoxdursa, məhkəmə ittiham tərəfinin təqdim etdiyi, şahidin məhkəməyə qədər dindirmə protokolunda qeydə alınmış ifadəsindən daha çox, məhkəmə iclasında verdiyi ifadəyə əhəmiyyət verməlidir. Digər səbəblərlə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, məhkəməyə qədər dindirmə ilk növbədə ittiham tərəfinin məhkəmədə öz mövqeyini müdafiə etmək məqsədi ilə məhkəmə araşdırması üçün məlumat toplaması prosesidir. Məhkəmə tərəfindən həyata keçirilən məhkəmə araşdırmasının vəzifəsi isə faktiki olaraq təqdim edilmiş bütün sübutların ədalətli qiymətləndirilməsindən sonra təqsirləndirilən şəxsin təqsiri məsələsini dəlillərin məhkəmədə birbaşa yoxlanılması əsasında müəyyən etməkdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Həmçinin, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarında göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Beləliklə, məhkəmə bir daha qeyd edir ki, ittiham aktında şəxsə istinad edilən cinayət əməllərinin baş vermə şəraitinə dair şübhəli nəticələr və faktlar şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 326.2-ci maddələri ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların məcmusu onun təqsirli hesab edilməsinə əsas vermir. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 326.2-ci maddələri ilə verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur; 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 326.2-ci maddələri ilə təqsiri sübuta yetirilmədiyi üçün ona verilən ittiham üzrə bəraət verilməli və barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qismində qətimkan tədbiri ləğv edilməlidir. CPM-in 56-cı maddəsinə və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 326.2-ci maddələri ilə bəraət verilsin və o, Azərbaycan Respublikasının adından təqsirsiz elan edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququnun və həmin hüququn həyata keçirilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Cinayət işinin materiallarında olan bir ədəd disk iş materillarında saxlanılsın. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 25 saata görə 150 manat, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 180 manat, ümumilikdə 330 (üç yüz otuz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan edildiyi gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar