Məhkəmə qərarları › İş №1(003)-159/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-159/2025

30.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-159/2025 30.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 6, RPİ-nin inzibati binasına qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyətilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 13 avqust 2024-cü il tarixdə sifarişli taksi fəaliyyəti ilə məşğul olduğu vaxt sərnişin kimi tanış olduğu Zərərçəkmiş şəxs özünə iş axtardığını bilib özünü ona “Qızıl Buta” beynəlxalq ictimai-siyasi analitik jurnalının əməkdaşı olmaqla geniş əlaqələri olan işgüzar şəxs kimi təqdim edərək pul müqabilində Zərərçəkmiş şəxs işlədiyi jurnalın rəhbəri ilə danışıb onu işə düzəldəcəyinə dair yalan vədlər verib, həmçinin, jurnalın əməkdaşı olmasına dair vəsiqə surətini onun mobil telefonuna göndərməklə inandırıb aldadaraq, Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən “İrşad” telekom mağazasından xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs adına “İphone 15 pro” markalı mobil telefonu kreditə götürüb 1000 manata satacağını bildirərək telefonu alıb, bir müddət sonra işin düzəlməsində yaranmış çətinliyi aradan qaldırmaq üçün 3500 manat məbləğində pul lazım olduğunu yalandan deyib 23 avqust 2024-cü il tarixdə Zərərçəkmiş şəxs adına Bakı şəhəri Sabunçu rayonu ərazisindəki “Beynəlxalq bank” filialından 3000 manat kredit götürüb aldığı “İphone 15 pro” markalı mobil telefonun kreditini bağlatmış bundan sonra yenidən banka qayıdaraq Zərərçəkmiş şəxs adına 3500 manat kredit götürmüş və Zərərçəkmiş şəxs əvəzinə onun banka olan 6500 manat məbləğində borcunu ödəyəcəyini yalandan bildirməklə, bundan bir neçə gün sonra işin düzəlməsi üçün əlavə 1000 manat pul lazım olduğunu yenə yalandan deyib inandıraraq, sonradan 5 ədəd 100 manatlıq pul əskinasının şəklini Zərərçəkmiş şəxs mobil telefonuna göndərərək özü qoyduğunu və ona əlavə 500 manat lazım olduğunu deyib bütün çətinlikləri aradan qaldıracağına inandırmaqla yenidən aldadaraq Zərərçəkmiş şəxs 27 avqust 2024-cü il tarixdə mobil telefonuna göndərdiyi özünə məxsus olmaqla "xxxx" kartının 4169-7388-8659-7214 kart hesab nömrəsinə mobil tətbiq vasitəsilə 500 manat məbləğində pulu ünvan 2 ünvandan köçürtdürməklə Zərərçəkmiş şəxs cəmi 7000 manat məbləğində xeyli miqdarda pul alıb verdiyi vədə əməl etməyərək aldığı pulları şəxsi ehtiyacına sərf edərək etibarından suiistifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunmuş qəsdlə özgənin əmlakını ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 7.000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək bildirdi ki, taksi fəaliyyəti ilə məşgul olmuşdur. xx.xx.2024-cü il tarixdə “BOLT” proqramı vasitəsilə sifariş qəbul etmiş və ünvana yaxınlaşmışdır. Orada bır qadın müştəri kimi avtomobilə əyləşmiş, onunla taksidə söhbət edən zamanı onun işləmədiyini bilmiş və ona özünü "Qızıl Buta” jurnalının əməkdaşı kimi təqdim etmişdir. Həmçinin jurnalın müdiri olan Cəmilə adlı xanımın onun yaxın tanışı olduğunu demiş və ona 2000 manat əmək haqqı ala biləcəyi iş düzəldəcəyini deyib yalan vəd vermişdir. Bundan sonra o, özünə məxsus ***-***-**-** saylı mobil nömrəni verib həmin nömrənin Cəmilə xanıma məxsus olduğunu bildirmişdir. Danışıq zamanı onu işə düzəldəcəyini və özünə avtomobil almaq üçün yığdığı pulun çatışmayan hissəsi olan 4500 manatı ondan alacağını bildirmiş, bundan başqa, onlar bir-birinin nömrələrini götürmüşlər. Həmin gün o, Cəmilə xanım adı ilə mesaj yazmış və aralarındakı qısa danışıq olmuşdur. Daha sonra öz nömrəsi ilə onunla danışmağa başlamış və aralarında sevgi münasibətləri başlamışdır. xx.xx.2024-cü il tarixdə o, Nəzrinə təcili 1000 manat pul lazım olduğunu bildirmişdir. O isə pulu olmadığını dedikdə, həmin pulu onu işə düzəltmək üçün ona verdiyi 4500 manat məbləğdən çıxacağını bildirib, mobil telefon götürməyi təklif etmiş və Nəzrin də bununla razılaşmışdır. Onlar birlikdə Nərimanov rayonunda yerləşən “İrşad Telecom”-a getmiş, oradan Nəzrin öz adına “İphone 15 Pro” markalı mobil telefonu kreditlə götürüb ona vermişdir. O, Nəzrinə tanışının dükanında həmin telefonu satacağını demiş və Nəzrin də bununla razılaşmışdır. Daha sonra həmin telefonu 1800 manata satıb, Nəzrinə telefonu 1000 manata satdığını bildirmişdir. xx.xx.2024-cü il tarixdə o, Nəzrinə əlavə 3500 manat pul lazım olduğunu bildirib, kredit götürməsini xahiş etmişdir. Həmçinin həmin pulun ona iş düzəldəcəyini bildirdiyi 4500 manatın qalıq hissəsi olduğunu və əlavə olaraq ondan pul istəməyəcəyini bildirmişdir. Nəzrinlə razılaşdıqdan sonra onlar birlikdə Sabunçu rayonunda yerləşən Azərbaycan Beynəlxalq Bankının filialına getmişdirlər. Orada Nəzrin kredit götürmək üçün müraciət etdikdə, onun adında telefon krediti olduğu üçün kredit verə bilməyəcəklərini bildirmişlər. Bundan sonra ona mobil telefonun kreditini bağlamaq üçün kredit verə biləcəklərini, həmin krediti bağladığı halda isə əlavə 3500 manat kredit veriləcəyini demişlər və Nəzrin də bununla razılaşmışdır. Nəzrin həmin filialdan 3000 manat götürüb ona vermiş və o, Sabunçu rayonunda yerləşən “İrşad Telecom”-un filialına gəlib 2900 manat ödəniş edərək həmin telefonun kreditini bağlamışdır. Sonra onlar bankın filialına gedib, əlavə olaraq Nəzrin 3500 manat pul götürüb ona təqdim etmişdir. xx.xx.2024-cü il tarixdə Nəzrinə yazıb yenidən 1000 manat pul lazım olduğunu bildirmiş, Nəzrin isə ona pul tapa bilməyəcəyini demişdir. Bir az sonra o, Nəzrinə 5 ədəd 100 manatlıq əskinazın şəkilini çəkib atmış və 500 manat pul tapdığını, əlavə 500 manatı təcili tapmasını istəmişdir. Nəzrin isə ondan kart istəmiş və ona özünə məxsus "xxxx" ASC kartının şəklini göndərdi. Bir az sonra Nəzrin, onun göndərdiyi kart hesabına 500 manat pul göndərmişdir. Bu barədə ona qəbzin şəklini göndərdikdə, o, iş barədə yenə soruşduqda cavab verməmişdir. Münasibətlər davam etmiş və Nəzrin, hər dəfə iş barədə soruşduqda, ona müxtəlif bəhanələr gətirmişdir. O, həmçinin Nəzrini inandırmaq üçün vəzifəli şəxslərlə əlaqəsi olduğunu, Cəmilə adlı xanımın isə X5 Mehriban xanım Əliyevanın qohumu olduğunu bildirmişdir. Bu günə kimi zərərçəkmiş şəxsə 3150 manat məbləğində pul ödəmişdir. Qalan pulu isə hər ay hissə-hissə ödəyəcəkdir. Təqsirləndirilən şəxs son sözündə törətdiyi əmələ görə peşman olmasını, həmçinin hazırda da borcunu hissə-hissə ödədiyini nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə taksi proqramı vasitəsilə taksi sifariş vermiş, bir vaxt sonradan adını Şəhriyar olduğunu bildiyi şəxs idarə etdiyi avtomobil ilə gəlmiş və onun avtomobilinə əyləşmişdir. Avtomobildə olan zaman aralarındakı söhbət zamanı Şəhriyara hazırda işlədiyi işdən çıxmaq istədiyini və yeni iş axtardığını bildirmiş, o isə ona tanışı olan Cəmilə adlı qadının “Qızıl Buta” beynəlxalq, ictimai-siyasi, analitik jurnalının rəhbəri olduğunu və həmin jurnalda onu işlə təmin edə biləcəyini bildirmişdir. Həmçinin Cəmilə xanımın Birinci vitseprezident Mehriban xanım Əliyevanın yaxın qohumu olduğunu və Şəhriyarın da həmin jurnalda işlədiyini bildirmişdir. Bundan sonra Şəhriyar həmin şəxsin nömrəsini götürmüş və ona Cəmilə xanımın nömrəsi olduğunu dediyi ***-***-**-** saylı mobil nömrəni vermişdir. O, həmin jurnalda işlədiyini təsdiq edərək, onu inandırmaq üçün həmin jurnala məxsus öz adının qeyd olunduğu vəsiqənin şəklini göndərmişdir. Şəhriyar, həmin şəxsin işə düzəldəcəyi təqdirdə, ondan 4500 manat alacağını bildirmişdir. Şəhriyarla razılaşdıqdan sonra “WhatsApp” proqramı vasitəsi danışmağa başlamışlar və münasibətləri sevgi münasibətlərinə çevrilmişdir. Həmin münasibətlər zamanı Şəhriyar, ona “Range Rover” markalı avtomobil alacağını və həmin avtombili almaq üçün yığdığı pulun 4500 manatlıq hissəsinin çatışmadığını bildirmiş, onu işlə təmin edəcəyi üçün ondan istədiyi məbləği avtomobil almağa istifadə edəcəyini bildirmişdir. Şəhriyar, avtomobil almaq üçün əlində olan 60000 manat pulu Cəmilə xanımın verdiyini və həmin xanımın pulunu qaytarmaq üçün əlavə iş kimi taksi fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir. O, Şəhriyarın sözlərinə və inandırmaq üçün göstərdiyi arqumentlərə inanmış və buna görə ona 4500 manat pul verəcəyi barədə razılığa gəlmişdirlər. Bir müddət sonra, Şəhriyar iş düzəltməsi üçün Cəmilə xanımla danışdığını və qısa müddətdə işin həll olacağını bildirmiş, ondan təcili 1000 manat pul verməsini tələb etmişdir. O, Şəhriyarın dediklərinə uyğun olaraq, bankdan kredit götürməyə çalışmışdır. Şəhriyar ona telefon götürməyi təklif edərək, həmin telefonu satıb pulunu nağd formada götürəcəyini və o pulu onu işə düzəldəcəyi halda ona verməyə razılaşmış və 4500 manat məbləğdan çıxacağını bildirmişdir. Şəhriyarla razılaşaraq birlikdə Nərimanov rayonunda yerləşən “İrşad Telecom” mağazasına gedib, “İphone 15 Pro” markalı mobil telefonu onun adına kreditlə götürmüşdür. Mağazadan çıxdıqda həmin telefonu Şəhriyara vermiş və o, telefonu tanışının dükanında satacağını bildirmişdir. Sonra o, həmin telefonu 1000 manata satdığını bildirmişdir. xx.xx.2024-cü il tarixində Şəhriyar ona mesaj yazaraq əlavə 3500 manat pul lazım olduğunu bildirmiş, həmin pulun iş düzəltməsi üçün verdiyi 4500 manatın qalıq hissəsi olduğunu bildirmişdir. Şəhriyar ona bir daha kredit götürməyi təklif etdikdə, o, bankdan yenidən kredit götürmək üçün razı olmuşdur. Birlikdə Sabunçu rayonunda yerləşən "xxxx" ASC-yə gedərək kredit götürmüş və həmin kreditdən 3000 manat Şəhriyara vermişdir. Onlar daha sonra Sabunçu rayonunda yerləşən “İrşad Telecom”un filialına gedərək, telefonun kreditini ödəmişlər və əlavə 3500 manat kredit alaraq, həmin məbləği Şəhriyara təqdim etmişdir. Bundan sonra Şəhriyar ona yeni vədlər vermiş və işin həll olunmasında gecikmələr olduğunu bildirmişdir. Nəhayət, xx.xx.2024-cü il tarixində Şəhriyar ona yenidən 1000 manat lazım olduğunu bildirərək əlində 5 ədəd 100 manatlıq əskinazın şəkilini göndərmiş və əlavə 500 manat tapmağını tələb etmişdir. O, buna inanaraq 500 manatı kart hesabına göndərmişdir. Bir müddət sonra Şəhriyarın onu aldatmasını başa düşüb verdiyi pulu geri tələb etmişdir. Sonra isə polis idarəsinə şikayət etmişdir. Hazırda Şəhriyar dəymiş ziyandan 3150 manatını qaytarmışdır. Krediti isə vaxtı-vaxtında ödəyir. Ona qarşı şikayəti yoxdur. Barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini istəmir, çünki belə olacağı təqdirdə onun pulunu heç kim qaytarmayacaq. İş materiallarında olan: -“Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 19:15-də şübhəli şəxs qismində tutulmuşdur. -“Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edillmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. -Bakı şəhəri Xəzər rayon prokuroru, baş ədliyyə müşaviri Fəxri Ələsgərovun “vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə Xəzər RPİ-nin müstəntiqi, polis baş leytenantı Bəşir Bəşirlinin vəsatətinin müdafiə edilməsindən imtina edilməsi və Təqsirləndirilən şəxs saxlanıldığı yerdən azadlığa buraxılması qərara alınmışdır. -xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. -“Məhkumluğun yoxlanılmasına dair” Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinərək ona 02 il müddətində islah işləri cəzası cəzası təyin edilmişdir. -Sumqayıt şəhər Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli, 21-2/3-2336 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2016cı il tarixli hökmünə əsasən CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından 20 faiz dövlət nəfinə tutulmaqla 02 il müddətinə islah işləri cəzasına məhkum edilmiş və “28 May-Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Mill Məclisinin xx.xx.2016-cı il tarixli qərarının 1.5-ci bəndinə əsasən cəzadan azad edildiyi üçün barəsində olan şəxsi iş xx.xx.2016-cı il tarixdə şöbənin qeydiyyatından çıxarılmışdır. -“Axtarışda olan şəxsin tutulması barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 10:30-da Abşeron rayonu, Xırdalan şəhəri ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(003)-420/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən, saat 10:30-dan hesablanmaqla 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(003)-495/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlanılma müddətinin uzadılmasına dair təqdimatın rədd edilməsi və dərhal məhkəmə iclas zalında həbsdə azad edilməsi qərara alınmışdır. -xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini, həmçinin hazırda da ziyanın azaldılması ilə nəticələnən hərəkətlərin edilməsini təqsirləndirilən şəxsin cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal(lar) müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə şəxs tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, həmçinin xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, hazırkı halda təqsirləndirilən şəxsə ittiham olunduğu maddənin sanksiyasında nəərdə utulmuş ən ağır cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” İş üzrə maddi sübut, məhkəmə xərci yoxdur, mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğunun xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı cəmi 01 (bir) ay 27 (iyirmi yeddi) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 06 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 180 manat, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 manat olmaqla, ümumilikdə 240 məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ**********0000001944, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar