Məhkəmə qərarları › İş №1(003)-16/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-16/2025

23.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-16/2025 23.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1977-ci ildə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, əvvələr məhkum olunmuş, lakin məhkumluğu ödənilmiş, subay, orta təhsilli, Kəlbəcər rayonu, Seyidlər ərazi dairəsi, Seyidlər kəndində qeydiyyatda olub, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Təmənis yaşayış sahəsində yerləşən fərdi yaşayış evində yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 178.1, 188.1 və 188.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmiş, bundan başqa qanunla müəyyən olunmuş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini hasarlayıb tutaraq zəpt etmiş və torpaq sahəsi üzərində tikinti işləri aparmışdır. Belə ki, Təqsirləndirilən şəxs 2009-cu ilin yay aylarında Bakı şəhər keçmiş Əzizbəyov rayonu- hazır ki, Xəzər rayon Buzovna bələdiyyəsinin 27 sentyabr 2006-cı il tarixli 198/06 nömrəli icarə müqaviləsi ilə Zərərçəkmiş şəxs2 adına verilmiş və mülkiyyətində olan 0,075 ha torpaq sahəsinin 0,02 ha hissəsini qanunla müəyyən olunmuş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan hasarlamaqla zəbt edərək torpaq sahəsi üzərində özbaşına tikinti işləri aparmışdır. Bundan başqa Təqsirləndirilən şəxs 2009-cu ilin yay aylarında Zərərçəkmiş şəxs2 tərəfindən Bakı şəhəri 25 saylı notariat ofisində 23 aprel 2021-ci il tarixli AR-İİ № 226865 nömrəli etibarnamə əsasında Zərərçəkmiş şəxs1 verdiyi və mülkiyyətində olan 0,075 ha torpaq sahəsinin 0,03 ha hissəsini qanunla müəyyən olunmuş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan hasarlamaqla zəbt edərək torpaq sahəsi üzərində özbaşına tikinti işləri aparmışdır. Bundan başqa Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə 23 aprel 2021-ci il tarixli AR-İİ № 226865 nömrəli etibarnamə əsasında Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 verdiyi və mülkiyyətində olan 0,075 ha torpaq sahəsinin 0,015 ha hissəsini Zərərçəkmiş şəxs3 Məhəmməd qızına satacağını vəd verib buna inandıraraq inandıraraq, 07 dekabr 2021-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xurustlnı zavodunun yaxınlığında yerləşən fərdi yaşayış evində 4800 manat pulu alaraq, vədinə əməl etmədən etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs3 məxsus 4800 (dörd min səkkiz yüz) manat pulunu ələ keçirərək, sonuncuya maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.1, 188.1, 188.2-ci maddələri ilə elan edilmiş ittihamda özünü əvvəl təqsirli bilməyərək və daha sonra qismən təqsirli bilərək göstərdi ki, o, sözü gedən torpaq sahəsi bələdiyyə sədrindən almış, ittihamı həmin hissədə etiraf etmir. O, torpağın sotunu 1000 dollara almış, hasar tikmişdir. Həmin torpaq sahəsi 9 il hasarın içərisində qalmışdır. Əgər bu torpaq sahəsi Mətanət xanıma məxsusdursa nəyə görə o, 9 il ərzində bu barədə heç nə deməyib?! Onun yeri 5 sotdur. Həmin torpaq sahəsinin Mətanət xanımla əlaqəsi yoxdur. O, ittihamı Ülviyyə xanımla bağlı hissədə etiraf edir. Belə ki, ondan 3900 manat pul almış və 1,5 sot torpaq sahəsi ona satmışdır. O, ondan 4800 manat almamışdır. Daha sonra 500, 400, 700 olmaqla qaytarmışdır. Daha sonra özləri ilə razılaşdırılmış şəkildə başqa bir şəxsdən onlara 900 manat da göndərmişdir. Həmin 900 manat puldan 300 manatını dəqiq bilir ki, onlara vermiş, 600 manatının verilib verilməməsini bilmir. Bundan başqa qeyd etmişdir ki, o, aldığı torpaq sahəsini 7 il sonra başqa birinə satmışdır. Mətanət xanımın iddia etdiyi torpaq sahəsi 2-3 sotdur. Torpaq sahəsi onun adına olmamış, o torpağı Cahangir adlı şəxsin adına rəsmiləşdirmişdir, həmin 5 sot torpağa ayrıca sərəncam verilmiş, 12 isə Zahirin adına olmuşdur. Daha sonra o, torpağı Etibara, sonuncu isə başqasına satmışdır. Zahir ona etibarnamə vermiş, o isə torpağı Ülviyyəyə satmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 öz ifadəsində göstərdi ki, mübahisəli sözügedən torpaq sahəsi ümumi 40 sot olmuş, 8 nəfərə məxsus olmuşdur. O, ibtidai istintaqda verdiyi ifadəsini təsdir edir. 2022-ci ildə qonşu onunla əlaqə saxlayaraq bildirmişdir ki, ona məxsus torpaq sahəsində tikinti işləri aparılır. O, gəldiyi zaman 6 daşın qoyulduğunu görmüşdür. Daha sonra polisə müraciət etmişdir. Həmin tikinti işləri polisin köməyi ilə dayandırılmışdır. Polis soruşduqda məlum olmuşdur ki, torpağı Rövşən satıb. Onlar Rövşəni çağırsalarda o, gəlmədi. O, Rövşəndən soruşduqda sonuncu cavab olaraq bildirmişdir ki, torpaq ona məxsusdur və 2014-cü ildə almışdır. 2023-cü ildə qonşular yenidən ona xəbər vermişlər ki, torpaq sahəsində tikinti işləri gedir. O, bir daha polisə müraciət edərək onların köməyi ilə tikintini dayandırmışdır. Bələdiyyə sədri ona bildirmişdir ki, Rövşənə verilən sənəd saxtadır. Zərərçəkmiş şəxs1 verilən suallara cavab olaraq bildirdi ki, 2006-cı ildə ona torpaq sahəsi ayrılmış, icarəyə verilmişdir. Hasar 2023-cü ildə çəkilmişdir. Rövşən torpağı Rahibə vermiş, tikiti işlərini qazı aparmışdır. Həmin qazi bildirdi ki, torpaq sahəsini Rövşəndən almışdır. Ona məxsus torpaq sahəsi Ərkinazın adına olmuş, ona əkin üçün verilmişdir. Həmin torpaq sahəsi ona 50 illik kirayə bağ-bostan üçün ayrılmışdır. Torpaq onun adına verilməyib, ancaq etibarnamə verilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 öz ifadəsində göstərdi ki, Rövşən ona 1,5 sot torpaq sahəsi satmışdır. O, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. O, Rövşənə 4300 manat pul vermişdir. 4800 manat pulu istəməyinə səbəb onun 4300 manat verməsidir. O, torpaqğı alıb tikintiyə başlayan zaman bilmişdir ki, torpaq Mətanət xanıma məxsusdur. O, bu məsələdə çox ziyana düşmüş, elə tikinti materialına 2000 manat pul xərcləmişdir. Zərərçəkmiş şəxs3 verilən suallara cavab olaraq bildirdi ki, Davut onlara 900 yox 300 manat vermişdir. Polis onlara bildirdi ki, qanunsuz tikinti aparır, torpaq Mətanət xanıma məxsusdur. Onun pulu Rövşəndədir Davutda deyil. O, Rövşənə 4300 nəğd pul verib, Rövşən isə ona 1400 manat qaytarmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 öz ifadəsində göstərdi ki, 2006-cı ildə ona 15 sot torpaq sahəsi verilmişdir. Maddi vəziyyəti ilə əlaqədar o, 7,5 sot torpaq sahəsini Mətanətə satmışdır. Rövşən isə onun torpağına girmişdir. Zərərçəkmiş şəxs2 verilən suallara cavab olaraq bildirdi ki, torpaq sahəsi ona 50 illik icarə müqaviləsi ilə verilmişdir. O, şəxsən Rövşənin orada tikinti işləri apardığını görməmişdir. Qazi demişdir ki, torpağı ona Rövşən satmışdır. Rövşən tərəfindən onun torpaq sahəsinə tikinti işləri aparıldığını və hasar çəkildiyini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 öz ifadəsində göstərdi ki, həmin torpaq sahəsini onun anası Bəxtiyar adlı uzaq qohumundan almış, daha sonra torpağı Elnur adlı şəxsə satmışdır. Şahid1 verilən suallara cavab olaraq bildirdi ki, torpağın çıxarışı olmamış, etibarnamə ilə olmuşdur. O, Rövşəndən heçnə almamış, Rövşənin hər hansı torpaq sahəsini zəbt etməsindən məlumatı yoxdur. Eşitdiyinə görə Bəxtiyar torpağı Rövşəndən almışdır. Onlar boş torpaq sahəsi almışlar. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 öz ifadəsində göstərdi ki, o, torpağı Bəxtiyardan almış, yoldaşı rəhmətə gedən zaman maddi vəziyyəti ilə əlaqədar torpağı Elnura satmışdır. Şahid2 verilən suallara cavab olaraq bildirdi ki, torpağı alan zaman orada hasar olmuş, lakin hasar uçurulmuş vəziyyətdə olmuşdur. Onlar orada ev tikməmişlər, evi satdığı adam tikmişdir. Evi nə vaxt aldığını xatırlamır. 2023-cü ildə satıb Elnura, Elnur kirvədir. O, torpağı almış, orada tikinti işləri aparmış, daha sonra Elnura satmış, Elnur isə tikinti işlərini davam etdirmişdir. O, Rövşəni görməmşdir. Məhkəmə iclasında şahid qismində dindirilən Rahib Rzayev verilən suallara cavab olaraq bildirdi ki, o, 2000-2008-ci illərdə Buzovna Bələdiyyəsinin sədri işləmişdir. 2008-ci ildən sonra sədr Mətləb olmuşdur. O, Rövşəni tanıyır, lakin onun tərəfindən Rövşənə torpaq sahəsi verilməmişdir. Həmin vaxtlar Rövşən gedib – gəlmişdir. Vətəndaş ərizə ilə müraciət etdiyi zaman ona torpaq sahəsi ayrılırdı. Sənəddə olan imza ona məxsus deyildir. O, torpaq sahəsini Mətanət və Ərkinaz xanıma vermiş, həmin torpaq sahəsi onlara bağbostan üçün verilmiş, tikinti işləri aparmaq üçün verilməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul olunması barədə qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilərək iş üzrə istintaq aparılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin işinin icraata qəbul olunması və birgə icraata birləşdirilməsi barədə qərardan görünür ki, ********* saylı cinayət işi icraata qəbul olunmuş, Azərbaycan Respublikası CM-nin 188.1 və 188.2-ci maddəsi ilə istintaq aparılan ********* saylı cinayət işi Təqsirləndirilən şəxs barəsində olan ********* saylı cinayət işinə birləşdirilmiş, ********* saylı nömrə altında istintaq davam etdirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul olunması barədə qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilərək iş üzrə istintaq aparılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli axtarışdan olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Xəzər rayonunun ərazisində saxlanılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, əməl Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsindən həmin Məcəllənin 188.1 və 188.2-ci maddələrinə tövsif olunmuş və cinayət işinin istintaqı 188.1, 188.2-ci maddələri ilə davam etdirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 188.1 və 188.2-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən azad edilmişir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli məlumatdan görünür ki, Təqsirləndirilən şəxs “Respublika Psixiatriya Xəstəxanasında” müalicədə olmayıb. İş materiallarında olan xx.xx.2023-cü il tarixli məlumatdan görünür ki, Təqsirləndirilən şəxs adına torpaq sahəsi ayrılması haqqında Buzovna Bələdiyyəsində heç bir qeydlər aşkar olunmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə CM-nin 128-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işi üzrə əməlin hüquqi tövsif olunması və sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki,

1. ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli AR CM-nin 188.1, 188.2-ci maddələrindən həmin məcəllənin 178.1, 188.1, 188.2-ci maddələrinə tövsif edilmiş və istintaqı aparılmışdır.

2. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-ın 178.1, 188.1, 188.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi ibtidai istintaq zamanı toplanmış sübutların məcmusu ilə kifayət qədər sübuta yetirilmiş hesab edilmiş və ona Azərbaycan Respublikası CM-in 178.1, 188.1, 188.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir.

3. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilməsinə heç bir əsas olmadığı üçün, qüvvəsində saxlanılmışdır.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2021-ci il tarixli 2(103)-6024/2021 nömrəli qərarı sübut növü kimi tanınmışdır.

5. Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən X2 ərizəsi əsasında istintaqı aparılan fakt üzrə cinayət təqibinə xitam verilmişdir.

6. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 320-ci maddəsinin təkib əlamətləri olmadığından həmin xüsusatla bağlı cinayət təqibinin başlanması rədd edilmişdir.

7. Təqsirləndirilən şəxs əvvələr məhkum olunmaması nəzərə alınmışdır.

8. İş üzrə zərərçkmiş şəxs Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyanla bağlı 1500 manat mülki iddiasının olması nəzərə alınmışdır. 9.Cinayət işi üzrə Azərbaycan Respublikası Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsinin 10 may 2023-cü il tarixli 02/193 nömrəli məktubu, ifadələr, üzləşdirmə protokolu, hadisə yerinə baxış keçirmə barədə protokol, fotoşəkillər, zərərçəkmiş ifadələri və digər prosessual sənədlər iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs yenidən Azərbaycan Respublikası CM-in 178.1, 188.1, 188.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli məlumatdan görünür ki, Xəzər Rayon Məhkəməsinin 1(003)-521/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası CM-nin 178.1, 188.1, 188.2-ci maddələri ilə təqsirləndirilərək axtarışda olan, barəsində 12081/23 saylı axtarış işi açılan, xx.xx.1977-ci ildə Kəlbəcər rayonunda anadan olmuş, Kəlbəcər rayonu, Seyidlər ərazi dairəsi, Seyidlər kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Təmənis yaşayış sahəsində yerləşən fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs, xx.xx.2023-cü il tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində Buzovna qəsəbəsi ərazisində tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli məlumatdan görünür ki, Təqsirləndirilən şəxs barəsində istintaq olunaraq məhkəməyə göndərilmiş və hal hazırda icraatınızda olan iş üzrə bildiririk ki, Buzovna qəsəbəsi, Ç.Mustafayev küçəsi döngə 10-da (Yanacaqdoldurma məntəqəsinin küçəsində) Buzovna Bələdiyyəsi tərəfindən Zərərçəkmiş şəxs2 adına torpaq sahəsi ayrılması haqqında heç bir məlumat qeydə alınmamışdır. Zərərçəkmiş şəxs2 adına torpaq sahəsinin ayrılıb-ayrılmamasının müəyyən olunması ilə əlaqədar aidiyyəti üzrə Milli Arxiv idarəsinə müraciət olunması tövsiyə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Zərərçəkmiş şəxs3 Məhəmməd qızı ərizə təqdim edərək bildirmişdir ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və maddi tələbi yoxdur, gələcəkdə də olmayacaq. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli yerində müayinə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs tərəfindən döngə nöqtələri göstərilmiş, həmin nöqtələr mütəxəssisə bildirilmişdir. Mütəxəssis tərəfindən qeyd olunan nöqtələri koordinatları çıxarılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli məlumatdan görünür ki, İdarənin mütəxəssisi tərəfindən sözügedən ünvana yerli baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, faktiki göstərilən torpaq sahəsi 475.0 kv.m təşkil edir. Torpaq sahəsi mişar daş hasar daxilində olmaqla, bir tərəfi yol, İki tərəfi qonşu digər tərəfi isə boşluq sahədir. Sahə üzərində birmərtəbəli yaşayış evi mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən faktiki göstərilən torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli məlumatdan görünür ki, vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır. Məhkəmə iclasında Dövlət ittihamçısı Təqsirləndirilən şəxs ittiham olduğu Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsi ilə ittihamdan imtina etmişdir. Azərbaycan Respublikası CPM-nin 43.1.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(003)-16/2025 saylı qərarından görünür ki, Dövlət ittihamçısı Təqsirləndirilən şəxs ittiham olduğu Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsi ilə ittihamdan imtina etməsi qəbul edilmiş və istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsi ilə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 43.1.1-ci maddəsi ilə xitam verilmişdir. Bundan başqa, məhkəmə iclasında Dövlət ittihamçısı Təqsirləndirilən şəxs ittiham olduğu Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyindən xitam verilməsini və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini təklif etmişdir. Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(003)-16/2025 saylı qərarında Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 139.1.3 və 43.3-cü maddəsi ilə xitam verilməsi öz əksini tapmışdır. Bundan başqa, cinayət işinin materiallarından müəyyən edilmişdir ki,

1. Bakı şəhəri Əzizbəyov rayonu Buzovna Bələdiyyəsi sədrinin xx.xx.2005-ci il tarixli 024 N-li Sərəncamına əsasən Bakı şəhəri Əzizbəyov rayonu Buzovna Bələdiyyəsinin ərazisində 1200 kv.metr torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün vətəndaş Təqsirləndirilən şəxs verilmişdir.

2. Torpaq sahələrinin icarəyə verilməsi haqqında xx.xx.2006-cı il tarixli 198/06 N-li müqaviləyə əsasən 1500 kv.m torpaq sahəsi X3 bağ-bostan bitkilərinin becərilməsi üçün verilmişdir. Müqavilə 50 il müddətinə bağlanmışdır.

3. X6həmin torpaq sahəsinin 150 kv.m torpaq sahəsindən təyinatı üzrə istifadə etməyi və s.barədə Zərərçəkmiş şəxs3 Məhəmməd qızına 50 il müddətinə etibarnamə vermişdir.

4. Bakı şəhəri Əzizbəyov rayonu Buzovna Bələdiyyəsi sədrinin xx.xx.2006-ci il tarixli 342N-li Sərəncamına əsasən Bakı şəhəri Əzizbəyov rayonu Buzovna Bələdiyyəsinin ərazisində 1000 kv.metr torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün vətəndaş X4 verilmişdir.

5. X7 həmin torpaq sahəsinin 150 kv.m torpaq sahəsindən təyinatı üzrə istifadə etməyi və s.barədə Zərərçəkmiş şəxs3 Məhəmməd qızına 50 il müddətinə etibarnamə vermişdir.

6. İdarənin mütəxəssisi tərəfindən sözügedən ünvana yerli baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, faktiki göstərilən torpaq sahəsi 475.0 kv.m təşkil edir. Torpaq sahəsi mişar daş hasar daxilində olmaqla, bir tərəfi yol, İki tərəfi qonşu digər tərəfi isə boşluq sahədir. Sahə üzərində birmərtəbəli yaşayış evi mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən faktiki göstərilən torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərşəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının, ekspert rəyini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndiirlən şəxs X8 tərəfindən Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticənin əsassz olduğunu nəticəsinə gələrək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 188.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsinin dispozisiyasına görə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərinin aparılması cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə eyni zamanda bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 148ci maddəsində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Azərbaycan Respublikası Konstitusiyanın 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyətlər yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsinin 2-ci hissəsinə əsasən Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası beynəlxalq müqavilə olduğundan Azərbaycan Respublikası Konstitusiyasının 12, 148 və 151-ci maddələrinə əsasən Konvensiyanın müddəaları Azərbaycan Respublikasının ərazisində müvafiq surətdə tətbiq edilməlidir. İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın (bundan sonra, Avropa Konvensiyası) 19 və 32-ci maddələrinə əsasən İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra, Avropa Məhkəməsi) dövlətlərin Konvensiya və ona dair Protokollarla üzərinə götürdükləri öhdəliklərə riayət olunmasını təmin edir, o cümlədən, Konvensiyanın və ona dair Protokolların müddəalarının şərhi və tətbiqi üzrə məsələləri həll edir. “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2006-cı il tarixli Fərmanında Azərbaycan Respublikasının Ali Məhkəməsinə və digər yuxarı instansiya məhkəmələrinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun məhkəmə təcrübəsində nəzərə almaları tövsiyə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqularının və X5 Haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı, Avropa Konvensiyasının müddəlarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ədalətli məhkəmə araşdırmasını təmin etmək üçün Azərbaycan Respublikasının Konstitusiyası, Qanunları və digər normativ-hüquqi aktları ilə yanaşı, “İnsan hüquqlarının və X5 haqqında” Avropa Konvensiyasının müddəalarına və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad edilməlidir. Hazırkı baxılan cinayət işi üzrə məhkəmə tərəfindən araşdırılmalı olan məsələyə dair Avropa Məhkəməsinin kifayət qədər geniş presedent təcrübəsi olduğundan, məhkəmə Avropa Məhkəməsinin presedentlərinə müraciət edərək onun mövqeyini nəzərə almışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “X9rşı” 30 noyabr 2004-cü il tarixli qərarında mülkiyyət hüququ ilə bağlı maraqlı məsələ vurğulanmışdır. Qərarda qeyd edilmişdir ki, “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da mülkiyyət hüquqları hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən şəxsi maraqların “hüquq” kimi tanınması, istərsə də bu qanunlar tərəfindən həmin marağın “mülkiyyət hüququ” hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət” hesab edilməsinin qarşısını almır, hər bir halda ərizəçi tikdiyi evə sərf olunmuş materialları, evdəki daşınar əşyaların, evdəki bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsusdur, ərizəçinin tikdiyi ev onun üçün mühüm iqtisadi maraq kəsb edir, dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından “mülkiyyət”ə bərabərdir. Əgər bir dövlətin ərazisində qanunsuz tikintiyə başlandığı andan etibarən aidiyyəti qurumlar (sahənin müvəkkili, bələdiyyənin işçiləri, icra hakimiyyətinin nümayəndələri) qanunsuz tikinti faktından xəbər tutmalarına baxmayaraq, vətəndaşa tikinti aparmaq üçün örtülü də olsa icazə verirlərsə, vətəndaş həmin evi tikib qurtarırsa, orada illərlə yaşayırsa, həmin qanunsuz tikili hesab olunan evə telefon xətti çəkilirsə, işıq, su və qaz sayğacı quraşdırılırsa, həmin evdə yaşayan şəxs yaşadığı evin bütün kommunal xərclərini ödəyirsə, onda dövlətdaxili qanunvericiliyə əsasən ev daşınmaz əmlakın dövlət reyestri xidmətindən qeydiyyatdan keçməmiş olsa belə, həmin şəxsin mülkiyyəti sayılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəni yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirmədən hüquqi fərziyyənin tətbiq edilməsi, təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi göstərmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir (CM-nin 3-cü maddəsi). Məhkəmə ilk öncə bildirir ki, cinayətin obyekti olmuş torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsi mütəxəssis rəyinə əsasən dövlət mülkiyyətində olan torpaq sahəsinə aiddir. Belə ki, işdə olan xx.xx.2025-ci il tarixli məlumatdan görünür ki, vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır. Bundan başqa məhkəmə bildirir ki, cinayətin obyekti torpaq üzərində mülkiyyət hüququnun həyata keçirilməsi ilə əlaqədar yaranan ictimai münasibətlərdir. Cinayətin obyektiv cəhəti isə torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud başqa üsullarla özbaşına tutmada ifadə olunmuşdur. Cinayətin subyekti 16 yaşına çatmış hər hansı bir anlaqlı fiziki şəxs ola bilər. Cinayətin subyektiv cəhəti birbaşa qəsddən ibarətdir. Yəni təqsirkar torpaq sahəsini özbaşına hasarladığını, tutduğunu, dəyişdirdiyini və ya becərdiyini, özbaşına tikinti və ya quraşdırma işlərini apardığını dərk edir və bu əməli törətəməyi arzu edir. İşin fakriki hallarından görünür ki, Təqsirləndirilən şəxs həmin torpaq sahəsinin özünə aid olduğunu hesab etmiş, torpaq sahəsini satmış və Təqsirləndirilən şəxs deyil məhz digər şəxslər orada tikinti işləri aparmışlar. Həmin hal zərərçəkmiş şəxslərin və şahid ifadələrilə də öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərinin aparılması cinayət işinin materialları ilə öz təsdiqi tapmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunculuq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Hakimlərin davranışı üzrə Banqalor Prinsiplərinin “hakim ictimai rəydən asılı olmayaraq fəaliyyət göstərməli” olmasına dair 28-ci maddəsinə əsasən məhkəmə işi cəmiyyətdə polemikaya səbəb ola, kütləvi informasiya vasitələrinin diqqətini cəlb edə və geniş şəkildə işıqlandırıla bilər; belə vəziyyətdə hakim “fırtına mərkəzində” ola bilər. Bəzən, bu cür aşkarlığın təsiri altında ictimai rəy nəzərəçarpacaq dərəcədə bu və ya digər arzuolunan nəticəyə doğru meyllənə bilər. Lakin hakim öz vəzifəsini icra edərkən hər hansı kənar təsirdən azad olmalıdır. Hakim tətbiq edəcəyi qanunun və ya mübahisələrini həll etməli olduğu çəkişən tərəflərin ictimaiyyət, KİV, dövlət məmurları və yaxud onun ailə üzvləri və dostları tərəfindən bəyənilib-bəyənilməməsini nəzərə almamalıdır. Hakim hər hansı qrup maraqlarının təsiri altına düşməməli, ictimaiyyətin narazılığına səbəb olmaq və ya tənqidə məruz qalmaq təhlükəsindən çəkinməməlidir. Hakimlərin müstəqilliyi hər hansı formada kənar təsirdən asılı olmamanı nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən “Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamağını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamağını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinin hüquqi prosedurlarını müəyyən edir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən “Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.” Azərbaycan Respublikası CPM-nin 138.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olubolmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.2-ci və 139.0.4cü maddələrinə əsasən “Cinayət təqibi üzrə icraat zamanı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir.” Həmin Məcəllənin 145.3-cü maddəsinə müvafiq olaraq ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.3-cü maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5 və 41.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən həmin Konstitusiya müddəaları, həmçinin, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yolverilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsi isə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsinin təmin etdiyi ədalətli məhkəmə araşdırılması hüququ səlahiyyətli məhkəmə tərəfindən təqsiri sübuta yetirilməmiş şəxsin bəraət almaq hüququnu əhatə edir. Bəraət, təqsirləndirilən şəxsə aid olan hüquq olmaqla, onun təqsirsizliyini rəsmi bəyan edən və onu təmin edən məhkəmə hakimiyyəti aktı bəraət hökmü ilə təsdiq olunur.” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və X5 haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə izah edilsin ki, hər bir insan təqsirliliyi barədə məhkəmə tərəfindən qəti qərar qəbul edilənə kimi təqsirsiz hesab edilir. Təqsirsizlik prezumpsiyası cinayətkarlara verilən güzəşt kimi başa düşülməməlidir. Təqsirliliyin sübut edilməsinə aid tələb təqsirləndirilən şəxsin təqsirliliyinə inam olmadığı hallarda məhkəmənin bəraət hökmü çıxarmasını nəzərdə tutur.” Hazırkı cinayət işində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə istintaq orqanı tərəfindən toplanmış sübütlardan, məhkəmə istintaqının nəticələrindən, həmçinin yuxarıda şərh edilən işin faktiki hallarından görünür ki, Səyavuş İbrahimovun əməlində cinayət tərkibi mövcud deyil. Bu isə CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibini istisna edən haldır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən “Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü onun əməlində cinayət tərkibi olmadıqda çıxarılır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.2.4-cü maddəsinə əsasən “Bəraət hökmü bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən “Məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir.” Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən ”Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır.” Göstərilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 188.2-ci maddəsi ilə əməlində cinayət tərkibinin olmaması əsası ilə bəraət verilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilməli, Təqsirləndirilən şəxs pozulmuş hesab etdiyi hüquqlarının bərpası, həmçinin vurulmuş maddi, fiziki və mənəvi ziyanın ödənilməsi ilə bağlı CPM-nin 56-59-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsinə əssən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əssən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən Cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər Həmin Məcəllənin 183.2-ci maddəsinə əsasən Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 183.3-cü maddəsinə əsasən Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Həmin Məcəllənin 183.4-cü maddəsinə əsasən Cinayət mühakimə icraatı zamanı mülki iddianın əsasını və iddia tələbinin məbləğini dəqiqləşdirmək zəruri olduqda müvafiq fiziki və ya hüquqi şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək mülki iddiasına əlavələr və dəyişikliklər etməyə haqlıdır. Həmin Məcəllənin 184-cü maddəsinə əsasən Cinayət mühakimə icraatı zamanı fiziki və ya hüquqi şəxsin tələbi bu Məcəllənin müddəalarına əsasən mümkün deyilsə, mülki iddia vaxtında və ya müvafiq şəxsə verilməmişdirsə, yaxud iddia ərizəsi bu Məcəllənin 183.3-cü maddəsində nəzərdə tutulmuş tələblərə uyğun deyildirsə, cinayət prosesini həyata keçirən orqan iddia ərizəsini qəbul etməkdən imtina edə bilər. Həmin Məcəllənin 354-cü maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi; iddianın rədd edilməsi; iddianın baxılmamış saxlanması qərarlardan biri əks etdirilir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Zərərçəkmiş şəxs1 ibtidai istintaqda mülki iddiaçı kimi tanınsa da o, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 183-cü və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə riayət etməmiş və bu səbədən mülki iddia baxılmamış saxlanılmalı və ona mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 350-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ

Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyindən görə Azərbaycan Respublikası CM-in 188.2-ci maddələrii ilə irəli sürülmüş ittiham üzrə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququnun və həmin hüququn həyata keçirilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Mülki iddia baxılmamış saxlanılsın. Xəzər RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Rafiq Qarayev barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarılsın. Həmin tədbirlərin görülməsi üçün xüsusi qərar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilsin. Bakı şəhəri, Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı və məhkəmədə müdafiə edilməsinə görə 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 420 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ**********0000001944, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Hakim Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar