Məhkəmə qərarları › İş №1(003)-160/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-160/2022

07.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-160/2022 07.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 Əlpaşa qızının, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs xx xxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2nvanda nömrəsiz fərdi evdə yaşamış, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli hökmü ilə 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 15 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İrəli sürülmüş ittihama əsasən Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq ələ keçirmək qərarına gələrək 04 yanvar 2020-ci il tarixdə, gecə saat 01 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus evin həyətinə hasardan keçmə yolu ilə qanunsuz daxil olaraq oradan bir ədəd qiyməti 1100 manat olan kombi cihazını gizli olaraq talayıb zərərçəkmiş şəxsə həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq ələ keçirmək qərarına gələrək 27 dekabr 2020-ci il tarixdə, gecə saat 01 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ç.Mustafayev küçəsində yerləşən Zərərçəkmiş şəxs3 məxsus evin həyətinə darvazanın üstündən keçmə yolu ilə qanunsuz daxil olaraq oradan qiyməti 100 manat olan bir ədəd su nasosunu, qiyməti 100 manat olan bir ədəd su qızdırıcı cihazını və qiyməti 80 manat olan hamam aksesuarlarını, cəmi 280 manat məbləğində özgə əmlakını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan əlavə o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq ələ keçirmək qərarına gələrək 24 noyabr 2021-ci il tarixdə, gecə saat 01 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Zuğulba prospektində yerləşən Zərərçəkmiş şəxs1 məxsus evə pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq oradan hər birinin qiyməti 1500 manat olmaqla ümumilikdə qiyməti 3000 manat olan 750 əyarlı iki komplekt qızıl sırğa-üzük, hər birinin qiyməti 1000 manat olmaqla ümumilikdə qiyməti 3000 manat olan biri 583 əyarlı, ikisi isə 750 əyarlı olan üç komplekt qızıl sırğa-üzük, qiyməti 1500 manat olan bir ədəd 750 əyarlı qızıl bilərzik, hər birinin qiyməti 800 manat olmaqla ümumilikdə qiyməti 1600 manat olan 750 əyarlı iki ədəd qızıl bilərzik, qiyməti 1800 manat olan 750 əyarlı bir ədəd qızıl boyunbağı, hər birinin qiyməti 1500 manat olmaqla ümumilikdə qiyməti 3000 manat olan 750 əyarlı iki ədəd qızıl boyunbağı, hər birinin qiyməti 500 manat olmaqla ümumilikdə qiyməti 1000 manat olan 750 əyarlı iki ədəd qızıl kale, hər birinin qiyməti 400 manat olmaqla ümumilikdə qiyməti 1200 manat olan 750 əyarlı üç ədəd qızıl kale, hər birinin qiyməti 300 manat olmaqla ümumilikdə qiyməti 900 manat olan 583 əyarlı 3 ədəd qızıl kale, qiyməti 800 manat olan 750 əyarlı bir ədəd qızıl üzük, hər birinin qiyməti 600 manat olmaqla ümumilikdə qiyməti 1800 manat olan 583 əyarlı üç ədəd qızıl üzük, ümumilikdə qiyməti 2000 manat olan müxtəlif növ bijuteriya, hər birinin qiyməti 100 manat olmaqla ümumilikdə qiyməti 1000 manat olan 10 ədəd gün eynəyi, qiyməti 70 manat olan bir ədəd gülab qabı, qiyməti 50 manat olan bir ədəd gitara çantası, hər birinin qiyməti 10 manat olmaqla ümumilikdə qiyməti 50 manat olan 5 ədəd təsbeh, 5300 manat nəğd pul və bir ədəd qiyməti 600 manat olan «Samsung» markalı, A6 model mobil telefonu üzərindəki qiyməti 10 manat olan ***-***-**-** nömrəli GSM kartı ilə birlikdə, qiyməti 1500 manat olan bir ədəd video kamera cihazı, qiyməti 600 manat olan bir ədəd fotoaparatı, cəmi 31230 manat məbləğində özgə əmlakını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq ələ keçirmək qərarına gələrək 01 dekabr 2021-ci il tarixdə, gecə saat 01 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Çiləgər yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs4 Əlpaşa qızına məxsus evə platik pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq yataq otağında olan çamadanın içərisindən 10000 manat nəğd pulu gizli olaraq talayıb zərərçəkmiş şəxsə həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə ilkin olaraq dindirmə zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 Əlpaşa qızına məxsus evdən oğurluq etməmişdir. 2-ci Polis şöbəsində 3-4 nəfər adını bilmədiyi polis əməkdaşı ona fiziki təzyiq göstərərək döydüyündən qeyd olunan cinayətləri etiraf etmişdir. Lakin o, bununla bağlı heç kimə müraciət etməmişdir. O, ümumiyyətlə 01 noyabr 2021-ci il tarixdən 11 dekabr 2021-ci il tarixədək Buzovna qəsəbəsinə gəlməmiş, Binəqədidə qalmışdır. 3 saylı X3 RPİ-nin MSYnə etap olunduqdan 2 gün sonra polis əməkdaşları saat 10 radələrində onu 4 evə baxış keçirməyə aparmışlar və təxminən 1 saat çəkmişdir. Orada polis əməkdaşlarının dediyi yerləri göstərmiş və fotoşəkillər çəkilmişdir. Məhkəmədə sonrakı dindirmə zamanı Təqsirləndirilən şəxs özünü qismən, yəni Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 məxsus evdən baş vermiş oğurluqda təqsirli bilərək barəsində hökm çıxarılmasını xahiş etdi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4cü maddələri ilə təqsiri məhkəmədə tədqiq edilmiş, onun öz ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, ailəsilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Zuğulba prospektində nömrəsiz fərdi evdə yaşayır. 22 noyabr 2021-ci il tarixdə saat 08:00-dan 25 noyabr 2021-ci il, saat 15:00-dək olan müddət ərzində evdə olmamışdır. Həmin müddətdə evə pəncərədən daxil olaraq oradan hər birinin qiyməti 1500 manat olmaqla ümumilikdə qiyməti 3000 manat olan 750 əyarlı iki komplekt qızıl sırğa-üzük, hər birinin qiyməti 1000 manat olmaqla ümumilikdə qiyməti 3000 manat olan biri 583 əyarlı, ikisi isə 750 əyarlı olan üç komplekt qızıl sırğa-üzük, qiyməti 1500 manat olan bir ədəd 750 əyarlı qızıl bilərzik, hər birinin qiyməti 800 manat olmaqla ümumilikdə qiyməti 1600 manat olan 750 əyarlı iki ədəd qızıl bilərzik, qiyməti 1800 manat olan 750 əyarlı bir ədəd qızıl boyunbağı, hər birinin qiyməti 1500 manat olmaqla ümumilikdə qiyməti 3000 manat olan 750 əyarlı iki ədəd qızıl boyunbağı, hər birinin qiyməti 500 manat olmaqla ümumilikdə qiyməti 1000 manat olan 750 əyarlı iki ədəd qızıl kale, hər birinin qiyməti 400 manat olmaqla ümumilikdə qiyməti 1200 manat olan 750 əyarlı üç ədəd qızıl kale, hər birinin qiyməti 300 manat olmaqla ümumilikdə qiyməti 900 manat olan 583 əyarlı 3 ədəd qızıl kale, qiyməti 800 manat olan 750 əyarlı bir ədəd qızıl üzük, hər birinin qiyməti 600 manat olmaqla ümumilikdə qiyməti 1800 manat olan 583 əyarlı üç ədəd qızıl üzük, ümumilikdə qiyməti 2000 manat olan müxtəlif növ bijuteriya, hər birinin qiyməti 100 manat olmaqla ümumilikdə qiyməti 1000 manat olan 10 ədəd gün eynəyi, qiyməti 70 manat olan bir ədəd gülab qabı, qiyməti 50 manat olan bir ədəd gitara çantası, hər birinin qiyməti 10 manat olmaqla ümumilikdə qiyməti 50 manat olan 5 ədəd təsbeh, 5300 manat nəğd pul və bir ədəd qiyməti 600 manat olan Samsung markalı A6 model mobil telefonu üzərindəki qiyməti 10 manat olan ***-***- **-** nömrəli GSM kartı ilə birlikdə, qiyməti 1500 manat olan bir ədəd video kamera cihazı, qiyməti 600 manat olan bir ədəd fotoaparat oğurlamışlar. Oğurluq nəticəsində ona 31230 manat məbləğində maddi ziyan dəymişdir. Bundan başqa plastik pəncərənin tutacağının və pəncərənin önündəki jalüzün sındırılması nəticəsində ona əlavə olaraq 130 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları onun yaşadığı evə gətirsələr də, özü həmin vaxt işdə olmuşdur. Ona məxsus əşyaların bir hissəsini müstəntiq ona qaytarmışdır. Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu, dəymiş ziyanın ödənilməsini tələb etdiyini, cəza təyin edilməsini məhkəmənin mülahizəsinə verdiyini bildirdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, 12 dekabr 2020-ci il tarixdə, saat 12:30 radələrində ünvan 4 ünvanında yaşadığı evdən çıxaraq Goranboy rayonuna getmişdir. 29 dekabr 2020-ci il tarixdə, saat 20:30 radələrində evə geri qayıdandan sonra həyətdə divara bərkidilmiş 100 manat dəyərində bir ədəd hidrofor, 100 manat dəyərində bir ədəd su qızdırıcısı və hər birinin dəyəri 40 manat olmaqla ümumilikdə dəyəri 80 manat təşkil edən iki ədəd su krantının oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona cəmi 280 manat məbləğində maddi ziyan dəymişdir. İlk dəfə ərizə yazarkən Pərviz adlı polis əməkdaşı məbləği aşağı göstərməyi bildirdiyi üçün 100 manat qeyd etmişdir. Sonra izahatında ziyanın çox olduğunu göstərmişdir. Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu, dəymiş ziyanın ödənilməsini tələb etdiyini, cəza təyin edilməsini məhkəmənin mülahizəsinə verdiyini bildirdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Zərərçəkmiş şəxs3 30 iyun 2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs qarşı şikayətçi olmadığını, dəymiş ziyanın ödənilmədiyini, cəza təyin edilməsini məhkəmənin mülahizəsinə verdiyini bildirmiş və növbəti məhkəmə iclasının iştirakı olmadan keçirilməsinə etiraz etməmişdir. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi Ç.Mustafayev küçəsində yerləşən evin həyətindən törədilmiş oğurluq faktının Təqsirləndirilən şəxs tərəfindən törətməsi sübuta yetirilmir. Belə ki, iş materiallarında olan şifahi məlumatın qəbul edilməsi haqqında 29 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 ona məxsus həyətdən 30 manat dəyərində bir ədəd hidrofor, 60 manat dəyərində bir ədəd su qızdırıcısı və 7-8 manat dəyərində iki ədəd su krantı oğurlanmışdır və ona 100 manata yaxın ziyan dəymişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs3 izahatından görünür ki, ona məxsus həyətdən 30 manat dəyərində bir ədəd hidrofor, 60 manat dəyərində bir ədəd su qızdırıcısı və 7-8 manat dəyərində iki ədəd su krantının oğurlanmışdır. İzahatı Xəzər RPİ-nin 2-ci PŞnin baş təhqiqatçısı Cavanşir Ağamirzəyev almışdır. İş materiallarında olan Xəzər RPİ-nin 2-ci PŞ-nin baş təhqiqatçısı Cavanşir Ağamirzəyevin Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 08 yanvar 2021-ci il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs3 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilmişdir. Zərərçəkmiş şəxs3 məxsus evin həyətindən ümumi dəyəri 100 manata yaxın təşkil edən bir ədəd hidrofor, bir ədəd su qızdırıcısı və iki ədəd su krantı oğurlayan naməlum şəxsin müəyyən edilərək barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti şöbənin müvafiq əməkdaşına həvalə edilmişdir. Qərarın surəti Xəzər rayon Prokurorluğuna göndərilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs3 Xəzər rayon Prokurorluğuna ünvanlanmış 20 dekabr 2021-ci il tarixli ərizəsindən görünür ki, ona məxsus həyətdən 100 manat dəyərində bir ədəd hidrofor, 100 manat dəyərində bir ədəd su qızdırıcısı və hər birinin dəyəri 40 manat olmaqla ümumilikdə dəyəri 80 manat təşkil edən iki ədəd su krantı oğurlanmışdır. Bununla bağlı 2-ci Polis şöbəsinə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. İş materiallarında olan Xəzər rayon prokuroru vəzifəsini icra edən Zaur Ağakişiyevin 20 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Xəzər RPİ-nin 2-ci PŞ-nin baş təhqiqatçısı Cavanşir Ağamirzəyevin Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 08 yanvar 2021-ci il tarixli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilmiş və fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılması və istintaq aparılması üçün Xəzər RPİ-nin İŞ-nə göndərilmişdir. Göründüyü kimi Zərərçəkmiş şəxs3 29 dekabr 2020-ci il tarixli şifahi məlumatında və izahatında ona məxsus həyətdən 30 manat dəyərində bir ədəd hidrofor, 60 manat dəyərində bir ədəd su qızdırıcısı və 7-8 manat dəyərində iki ədəd su krantı oğurlandığını və ona 100 manata yaxın ziyan dəyməsini qeyd etmişdir. Xəzər RPİ-nin 2-ci PŞ-nin baş təhqiqatçısı Cavanşir Ağamirzəyev tərəfindən 08 yanvar 2021-ci il tarixdə Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunsa da, Zərərçəkmiş şəxs3 həmin qərardan şikayət etməmiş və bu onu göstərir ki, o, həmin qərarla razılaşmışdır. Xəzər rayon prokuroru vəzifəsini icra edən Zaur Ağakişiyev tərəfindən Xəzər RPİ-nin 2-ci PŞ-nin baş təhqiqatçısı Cavanşir Ağamirzəyevin Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 08 yanvar 2021-ci il tarixli qərarı ləğv edilən günü Zərərçəkmiş şəxs3 Xəzər rayon Prokurorluğuna ərizə yazaraq dəymiş ziyanı 280 manat qeyd etməsi onu göstərir ki, o, həmin məbləği qərarın ləğv edilməsi üçün göstərmiş və bunun əsasında qərar ləğv edilmişdir. Çünki cinayət işinin başlanmasının rədd edilərkən dəymiş ziyan 100 manat müəyyən olunmuş və qərarın surəti Xəzər rayon Prokurorluğuna göndərilmişdir. Xəzər rayon Prokurorluğu tərəfindən qərar qanuni olduğu üçün 20 dekabr 2021-ci il tarixədək olan müddət ərzində ləğv edilməmişdir. Xəzər rayon prokuroru vəzifəsini icra edən Zaur Ağakişiyev tərəfindən Xəzər RPİnin 2-ci PŞ-nin baş təhqiqatçısı Cavanşir Ağamirzəyevin Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 08 yanvar 2021-ci il tarixli qərarı ləğv edildikdən sonra istintaq orqanı Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi Ç.Mustafayev küçəsində yerləşən evin həyətindən törədilmiş oğurluq faktının Təqsirləndirilən şəxs tərəfindən törədilməsi qənaətinə gəlmişdir. Bunun üçün isə yalnız Təqsirləndirilən şəxs ifadəsini əsas götürmüşdür. Lakin istintaq orqanı istintaq zamanı həmin evdən oğurluq hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini təsdiq edən heç bir mötəbər sübut əldə olunmamışdır. Həmçinin Zərərçəkmiş şəxs3 ilk dəfə ərizə yazarkən Pərviz adlı polis əməkdaşının məbləği aşağı göstərməyi bildirdiyi üçün 100 manat qeyd etdiyini bildirsə də, onun bu dəlili həqiqəti əks etdirmir. Belə ki, onun ilkin izahatı özü tərəfindən yazılmış və izahatı Pərviz adlı polis əməkdaşı deyil, Xəzər RPİ-nin 2-ci PŞ-nin baş təhqiqatçısı Cavanşir Ağamirzəyev tərəfindən alınmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 Əlpaşa qızı ifadəsində göstərdi ki, 2020-ci ilin sentyabr ayından Xəzər rayonu, Buzovna qəsəbəsi, Çiləgər yaşayış massivində qızı X5 məxsus 3 sot torpaq sahəsində inşa edilmiş bir mərtəbəli fərdi yaşayış evində tək yaşayır. 30 noyabr 2021-ci il tarixdə, saat 19 radələrində Mərdəkan qəsəbəsində yaşayan oğlu Vüqarın evinə qonaq getmişdir. 02 dekabr 2021-ci il tarixdə, saat 16 radələrində evə qayıdıb içəri daxil olanda qonaq otağının plastik pəncərəsinin açıq olduğunu, evdəki əşyaların dağıdıldığını görmüşdür. Buna görə DİN-nin 102 xidmətinə zəng vurmuş və bir qədər sonra polis əməkdaşları gəlib evə baxış keçirmişlər. Polislər evdə baxış keçirən zaman yataq otağında soyuducunun yanında göy rəngli çamadanın içərisinə baxmış və 10000 manat pulunun orada olmadığını görmüşdür. Baş vermiş hadisədən sonra Təqsirləndirilən şəxs ona məxsus evə gətirməmişlər. Ona məxsus evə kiçik pəncərədən daxil olmuşlar ki, təqsirləndirilən şəxs oradan daxil ola bilməzdi. Böyük oğlu Zeynalov Nurəddindən, kiçik qardaşı Xəlilov Aydından, onların tanışları Abutalıbdan şübhələnir. Oğlu Nurəddin və qardaşı Aydınla münasibətləri pisdir və onların evdə pulunun olmasından xəbərləri olmasını düşünür. Təqsirləndirilən şəxs qarşı şikayətçi olmadığını, onun evindən oğurluq edən şəxsin həmin şəxs olmadığını, evindən X6 və X2, Maştağalı Cəlal və Mirzə Abutalıbovun oğurluq etdiyini bildirərək cinayət işinin istintaqa geri qaytarılmasını xahiş etdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs4 Əlpaşa qızının yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Çiləgər yaşayış massivində yerləşən evdən törədilmiş oğurluq faktının Təqsirləndirilən şəxs tərəfindən törətməsi sübuta yetirilmir. Belə ki, Zərərçəkmiş şəxs4 istintaq zamanı evindən baş vermiş oğurluq hadisəsi ilə bağlı oğlu X1, qardaşı X4, Maştağalı Cəlal və Mirzə Abutalıbovdan şübhələndiyini bildirsə də, həmin şəxslər müəyyən olunaraq dindirilməmişlər. Eyni zamanda Zərərçəkmiş şəxs4 bildirdi ki, ona məxsus evə kiçik pəncərədən daxil olmuşlar ki, təqsirləndirilən şəxs oradan daxil ola bilməzdi. Bundan başqa istintaq zamanı həmin evdən oğurluq hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini təsdiq edən heç bir mötəbər sübut əldə olunmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 03 yanvar 2021-ci il tarixdə gecə saat 01 radələrində ailəsilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivi, Ə.Vahid küçəsi nömrəsiz fərdi evdə yatmışlar. 04 yanvar 2020ci il tarixdə saat 08 radələrində evin həyətində hasara bərkidilmiş kombinin oğurlandığını aşkar etdikdən sonra kiçik oğlu Elməddin DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Oğurluq zamanı ona 1100 manat ziyan dəymişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları onun yaşadığı evə gətirsələr də, özü həmin vaxt evdə olmamışdır. Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu, dəymiş ziyanın ödənilməsini tələb etdiyini, cəza təyin edilməsini məhkəmənin mülahizəsinə verdiyini bildirdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında təkrar olaraq dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, kombi cihazını 1100 manat məbləğində pula almışdır. İlkin olaraq ərizə yazarkən sahə müvəkkili ona təzyiq göstərdiyindən kombinin məbləğini 100 manat qeyd etmişdir. Zərərçəkmiş şəxs2 30 iyun 2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs qarşı şikayətçi olmadığını, cəza təyin edilməsini məhkəmənin mülahizəsinə verdiyini bildirmiş və növbəti məhkəmə iclasının iştirakı olmadan keçirilməsinə etiraz etməmişdir. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi Ə.Vahid küçəsində yerləşən evin həyətindən törədilmiş oğurluq faktının Təqsirləndirilən şəxs tərəfindən törətməsi sübuta yetirilmir. Belə ki, iş materiallarında olan Zərərçəkmiş şəxs2 04 yanvar 2021-ci il tarixli ərizəsindən görünür ki, ona məxsus həyətdən işlənmiş, köhnə vəziyyətdə 100 manat dəyərində kombi oğurlanmışdır. Lakin ərizə 03 yanvar 2021-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs2 izahatından görünür ki, kombi nasaz vəziyyətdə olmuş və ona 100 manat dəyərində ziyan dəymişdir. İzahatı Xəzər RPİ-nin 2-ci PŞ-nin baş təhqiqatçısı Arif Rzayev almışdır. İş materiallarında olan Xəzər RPİ-nin 2-ci PŞ-nin baş təhqiqatçısı Arif Rzayevin Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 08 yanvar 2021-ci il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilmişdir. Zərərçəkmiş şəxs2 məxsus evin həyətindən 100 manat dəyərində kombi aparatını oğurlayan naməlum şəxsin müəyyən edilərək barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti şöbənin müvafiq əməkdaşına həvalə edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 Xəzər rayon Prokurorluğuna ünvanlanmış 20 dekabr 2021-ci il tarixli ərizəsindən görünür ki, ona məxsus həyətdən 1100 manat dəyərində kombi oğurlanmışdır. Bununla bağlı 2-ci Polis şöbəsinə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. İş materiallarında olan Xəzər rayon Prokuror vəzifəsini icra edən Zaur Ağakişiyevin 20 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Xəzər RPİ-nin 2-ci PŞ-nin baş təhqiqatçısı Arif Rzayevin Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 08 yanvar 2021-ci il tarixli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilmiş və fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılması və istintaq aparılması üçün Xəzər RPİ-nin İŞ-nə göndərilmişdir. Göründüyü kimi Zərərçəkmiş şəxs2 04 yanvar 2021-ci il tarixli ərizəsində və izahatında ona məxsus həyətdən 100 manat dəyərində nasaz vəziyyətdə işlənmiş 100 manat dəyərində kombi cihazının oğurlandığını qeyd etmişdir. Xəzər RPİ-nin 2-ci PŞ-nin baş təhqiqatçısı Arif Rzayev tərəfindən 08 yanvar 2021-ci il tarixdə Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunsa da, Zərərçəkmiş şəxs2 həmin qərardan şikayət etməmiş və bu onu göstərir ki, o, həmin qərarla razılaşmışdır. Xəzər rayon prokuroru vəzifəsini icra edən Zaur Ağakişiyev tərəfindən Xəzər RPİ-nin 2-ci PŞ-nin baş təhqiqatçısı Arif Rzayevin Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 08 yanvar 2021-ci il tarixli qərarı ləğv edilən günü Zərərçəkmiş şəxs2 Xəzər rayon Prokurorluğuna ərizə yazaraq dəymiş ziyanı 1100 manat qeyd etməsi onu göstərir ki, o, həmin məbləği qərarın ləğv edilməsi üçün göstərmiş və bunun əsasında qərar ləğv edilmişdir. Çünki cinayət işinin başlanmasının rədd edilərkən dəymiş ziyan 100 manat müəyyən olunmuş və qərarın surəti Xəzər rayon Prokurorluğuna göndərilmişdir. Xəzər rayon Prokurorluğu tərəfindən qərar qanuni olduğu üçün 20 dekabr 2021-ci il tarixədək olan müddət ərzində ləğv edilməmişdir. Xəzər rayon prokuroru vəzifəsini icra edən Zaur Ağakişiyev tərəfindən Xəzər RPİnin 2-ci PŞ-nin baş təhqiqatçısı Arif Rzayevin Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 08 yanvar 2021-ci il tarixli qərarı ləğv edildikdən sonra istintaq orqanı Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi Ə.Vahid küçəsində yerləşən evin həyətindən törədilmiş oğurluq faktının Təqsirləndirilən şəxs tərəfindən törədilməsi qənaətinə gəlmişdir. Bunun üçün isə yalnız Təqsirləndirilən şəxs ifadəsini əsas götürmüşdür. Lakin istintaq orqanı istintaq zamanı həmin evdən oğurluq hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini təsdiq edən heç bir mötəbər sübut əldə olunmamışdır. Həmçinin Zərərçəkmiş şəxs2 ilkin olaraq ərizə yazarkən sahə müvəkkili ona təzyiq göstərdiyindən kombinin məbləğini 100 manat qeyd etdiyini bildirsə də, onun bu dəlili həqiqəti əks etdirmir. Belə ki, onun ilkin izahatı özü tərəfindən yazılmış və izahatı sahə müvəkkili deyil, Xəzər RPİ-nin 2-ci PŞ-nin baş təhqiqatçısı Arif Rzayev tərəfindən alınmışdır. Məhkəmə iclasında müdafiəçinin vəsatəti əsasında dindirilmiş şahid Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi X10 ifadəsində göstərdi ki, ittiham aktında qeyd olunan cinayətlərin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi müəyyən edildiyindən o, 3 saylı X3 RPİ-nin MSY-nə etap olunmuş və dindirmə zamanı oğurladığı əşyaların Buzovna qəsəbəsində olduğunu bildirdiyi üçün həmin əşyaları oradan protokol əsasında götürmüşlər. Məhkəmə iclasında əlavə şahid qisməində dindirilmiş Xəzər RPİ-nin 2-ci Polis şöbəsinin əməliyyat müvəkkili X7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət işləri ilə bağlı oğurluq baş verən evlərə onun iştirakı ilə baxış keçirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X11 hüquqi şəxsin Ambulator məhkəmə-psixiatrik ekspertizasının 24 yanvar 2022-ci il tarixli, 176 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 21 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərilən xüsusatları bir daha təsdiq edərək hadisə yerlərində əyani olaraq göstərmişdir. İş materiallarında olan götürmə aparılması haqqında 24 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi bir ədəd gün eynəyi, bir ədəd gülab qabı və bir ədəd gitara çantası iş üçün əhəmiyyət kəsb etdiyindən tərəfimdən götürülmüşdür. İş materiallarına əlavə olunmuş baxış keçirilməsi haqqında 28 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ona təqdim olunan əşyaları nəzərdən keçirib bir ədəd gün eynəyi, bir ədəd gülab qabı və bir ədəd gitara çantasının ona məxsus olmaqla Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi Zuğulba prospektində yerləşən ona məxsus evdən oğurlanmış əşyalar olduğunu bildirmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 26 yanvar 2022-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs 1) Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 05 noyabr 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 69.4-cü maddəsinə əsasən 1500 manat cərimə cəzasına məhkum edilmişdir. 2) Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 18 dekabr 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsinə əsasən qəti olaraq 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına və 1500 manat cərimə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 23 fevral 2015-ci il tarixli qərarı ilə məsuliyyət cəlb etmə müddəti keçdiyindən cəza təyin edilməmişdir. 3) Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 22 dekabr 2017-ci il tarixli qərarı ilə cəzası 2 ilə endirilmişdir. 08 noyabr 2019-cu ildə cəzasının sonu ilə azad edilmişdir. 4) Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli 11 dekabr 2021-ci il tarixdən hesab olunmuşdur. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli hökmü ilə məhkum olunmasına baxmayaraq məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətdiyindən onun əməli cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə qeyd edir ki, istintaq orqanının Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi Ə.Vahid küçəsində yerləşən fərdi yaşayış evinin həyətindən, Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ç.Mustafayev küçəsində yerləşən fərdi yaşayış evinin həyətindən və Zərərçəkmiş şəxs4 Əlpaşa qızına məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi Çiləgər yaşayış massivində yerləşən evdən oğurluq etməsi barədə heç bir sübut əldə olunmamış, iş materiallarında olan sübutlar isə həmin əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini əks etdirməmiş, həmin əməllərin onun tərəfindən törədilməsi sübut olunmamışdır. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də, onun xeyrinə həll olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi Ə.Vahid küçəsində yerləşən fərdi yaşayış evinin həyətindən, Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ç.Mustafayev küçəsində yerləşən fərdi yaşayış evinin həyətindən və Zərərçəkmiş şəxs4 Əlpaşa qızına məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi Çiləgər yaşayış massivində yerləşən evdən oğurluq etməsi ilə bağlı epizodlar ittihamdan xaric olunmalıdır. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-ci maddələri ilə düzgün olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin dispoziyasının mənasına görə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-nin Xüsusi hissəsinin normasının düzgün tövsüfü təmin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinin 3-cü bəndinin şərh edilməsi haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 mart 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndinə müvafiq olaraq bu Məcəllənin 177-185ci, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177-185-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi onların təkrar törədilməsi hesab olunur. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, cinayət qanunvericiliyinin ədalət prinsipinin tərkib hissəsi olan heç kəsin eyni bir cinayətə görə təkrarən məsuliyyətə cəlb edilməsinin yolverilməzliyi Konstitusiyanın 64-cü maddəsindən irəli gəlir. Konstitusiyanın həmin maddəsinə əsasən heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.3-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Bu yanaşma İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) presedent hüququnda da əksini tapmışdır. Avropa Məhkəməsinin Sergey Zolotuxin Rusiya Federasiyasına qarşı iş üzrə 07 iyun 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsində istifadə edilən “məhkum etmə” və “cəzalandırma” ifadələri şəxsin təkrar məhkum edilməsi ilə yanaşı, ikiqat cəzalandırılmasının da qadağan edildiyini göstərir. Əks təqdirdə “cəzalandırıla” sözünün “məhkum edilə” ifadəsinə əlavə olunmasına zərurət olmazdı, çünki bu adi təkrarçılıq kimi görünərdi. Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsi hətta şəxs cinayət məsuliyyətinə cəlb olunduğu, lakin iş üzrə ittiham hökmü çıxarılmadığı hallarda da tətbiq olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndində nəzərdə tutulmuş cinayətlərə görə məhkum olunmuş şəxs tərəfindən hökm çıxarılmazdan əvvəl həmin Məcəllənin 177-185-ci maddələrində göstərilən cinayətlərin hər hansı birinin törədilməsi bu cinayətlərin təkrar törədilməsini yaratmır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi Ə.Vahid küçəsində yerləşən fərdi yaşayış evinin həyətindən, Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ç.Mustafayev küçəsində yerləşən fərdi yaşayış evinin həyətindən və Zərərçəkmiş şəxs4 Əlpaşa qızına məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi Çiləgər yaşayış massivində yerləşən evdən oğurluq etməsi ilə bağlı epizodlar ittihamdan xaric olunduğundan və onun yalnız Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi Zuğulba prospektində yerləşən evdən oğurluq etməsi ilə bağlı epizod öz təsdiqini tapdığından onun həmin cinayət əməlini törətməsi bu cinayətin təkrar törədilməsini yaratmır. Ona görə də, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi Təqsirləndirilən şəxs verilmiş ittihamdan xaric olunmalıdır. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-ci maddələri ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. İş materiallarına əlavə olunmuş Xəzər rayon prokurorunun köməkçisi X8 31 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin 2-ci PŞ-nin əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalaraq və psixoloji təzyiq göstərilməsi barədə müraciəti əsasında aparılmış araşdırma zamanı hər hansı bir şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən toplanmış C-204/22 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə cinayətin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən, ağırlaşdıran və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmədə müəyyən olundu ki, Təqsirləndirilən şəxs hazırki əməli Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli hökmü qəbul edilməmiş törətmişdir. Belə olan halda Təqsirləndirilən şəxs əməli cinayətin təhlükəli residivini yaratmır. Azərbaycan Respublikası CM-nin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətin residivi təhlükəli sayılır. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumununun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanmaqla ona qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 11 dekabr 2021-ci il tarixdən hesab olunmalıdır. Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edildiyindən və hazırda ciddi rejimli cəzaçəkmə müəssisəsində həmin cəzanı çəkdiyindən barəsində hazırki iş üzrə həbs qətimkan tədbirinin seçilməməsi nəzərə alınmalıdır. İş materiallarına əlavə olunmuş Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi X9 qiymətləndirilməsi haqqında 12 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. Bir ədəd gün eynəyi, bir ədəd gülab qabı və bir ədəd gitara çantası maddi sübut kimi tanınmış və saxlanılması üçün Xəzər RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə Bakı şəhəri Xəzər rayon Polis idarəsində maddi sübut kimi saxlanılan bir ədəd gün eynəyi, bir ədəd gülab qabı və bir ədəd gitara çantası hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs1 qaytarılmalıdır. Bundan başqa iş materiallarından müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 yazılı şəkildə iddia ərizəsi təqdim etməmiş və mülki iddiaçı kimi tanınmamışdır. Eyni zamanda zərərçəkmiş şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlanana qədər də, yazılı formada mülki iddia ərizəsi təqdim etməmişdir. Azərbaycan Respublikası CPM-nin 183-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs1 dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt, məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 18 (on səkkiz) saat vaxt, ümumilikdə 38 (otuz səkkiz) saat vaxt sərf etmişdir. Ona görə də, 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində vəsait ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin olunmuş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla o, qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi Təqsirləndirilən şəxs verilmiş ittihamdan xaric olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 11 dekabr 2021-ci il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edildiyindən və hazırda ciddi rejimli cəzaçəkmə müəssisəsində həmin cəzanı çəkdiyindən barəsində hazırki iş üzrə həbs qətimkan tədbirinin seçilməməsi nəzərə alınsın. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə Bakı şəhəri Xəzər rayon Polis idarəsində maddi sübut kimi saxlanılan bir ədəd gün eynəyi, bir ədəd gülab qabı və bir ədəd gitara çantası hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs1 qaytarılsın. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi Ə.Vahid küçəsində yerləşən fərdi yaşayış evinin həyətindən, Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ç.Mustafayev küçəsində yerləşən fərdi yaşayış evinin həyətindən və Zərərçəkmiş şəxs4 Əlpaşa qızına məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi Çiləgər yaşayış massivində yerləşən evdən oğurluq etməsi ilə bağlı epizodlar ittihamdan xaric olunsun. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar