Məhkəmə qərarları › İş №1(003)-160/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-160/2024

15.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-160/2024 15.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1991-cı ildə İmişli rayonu, Qaragüvəndikli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, məhkum olunmamış, evli, orta təhsilli, fərdi əmək faliyyəti ilə məşğul olan, İmişli rayonu, Qaragüvəndikli kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən fərdi evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs 15 noyabr 2022-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsində fəaliyyət göstərən “Luks Plaza” adlı şadlıq sarayının qarşısında heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ictimai və şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş, birgə yaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ətrafdakı insanlarda qorxu və narahatlıq yaradan, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib ətrafda olan şəxslərin gözü qarşısında aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs üz və baş nahiyələrində yumuqla zərbələr vuraraq, ənsə nahiyəsinin hematoması ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə xuliqanlıq cinayətini törətmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində tam təqsirli bilərək ifadəsində bildirdi ki, 15 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Luks Plaza” şadlıq sarayında qaynı Kamalın toy məclisində iştirak etmişdir. Həmin toyda bir qədər araq içmişdir. Saat 21 radələrində toyda olan zaman onun rəqs etdiyi oyun havasını Telman adlı şəxs saxlatdırmışdır. Ona yaxınlaşaraq nə üçün onun havasını saxlatdırdığını bildirdikdə onun üz nahiyəsindən yumruq zərbəsi vurmuş, zərbənin təsirindən yerə yıxılmışdır. Bundan sonra toyda olan şəxslər onu restorandan çıxarmış və təxminən 15 dəqiqə onu restorana buraxmamışdır. Restoranın həyətinə çıxmış, restoranın həyətində Telman ilə aralarında yenidən dava-dalaş hadisəsi baş vermişdir. Telman onu vurduğu üçün o, da onun üz baş nahiyəsindən bir neçə dəfə zərbə endirmişdir. Həmin vaxt Telman ona badalaq verərək yerə yıxmış və yumruqla başından bir zərbə vurmuş, təpiklə isə ayağına və belinə zərbələr vurmuşdur. Ayağa qalxana kimi Telman qaçaraq getmişdir. Bundan sonra restorana qalxmaq istəyərkər qardaşı Anar yanına gəlmiş və onlar taksi çağıraraq oradan uzaqlaşmışlar. Yolda olarkən qardaşı DİN-nin 102 zəng mərkəzinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Hadisə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Luks Plaza” şadlıq sarayının içərisində baş vermişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərər çəkmiş şəxslərlə barışdığını, zərər çəkmiş şəxslərə dəymiş ziyanı ödədiyini, zərər çəkmiş şəxslərin ondan şikayət və tələbinin olmadığını həmçinin himayəsində 2 azyaşlı uşağının olmasını qeyd edərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, 15 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Luks Plaza” şadlıq sarayında dostu Məmmədin oğlu Kamalın toy məclisi keçirilmişdir. Məmməd onu toya dəvət etdiyindən həmin gün toyda iştirak etmişdir. Təxminən saat 21 radələrində Məmməd və onun həyat yoldaşı Mətanət ona yaxınlaşaraq, Asifin qardaşı Anarın içki içərək mübahisə yaratdığını bildirmiş və ondan xahiş etmişdir ki, bir böyük kimi Anarı sakitləşdirsin. Bundan sonra restoranda Anarın yanına getmiş və Anarın qardaşı Asif ilə mahnı üstündə mübahisə yaratdığını görmüşdür. Anarı sakitləşdirmək üçün onu restoranın zalından çıxarmış və mübahisə yaratmamağı xahiş etmişdir. Anarı sakitləşdirən zaman Asif qəflətən heç bir səbəb olmadan onun başının arxa nahiyəsindən yumruqla zərbə vurmuşdur. Həmçinin onun üz nahiyəsindən bir dəfə zərbə endirmişdir. Bundan sonra Asif həyətə çıxmışdır. Həyətdə olan zaman aralarında yenidən dava-dalaş hadisəsi baş vermiş, Asif onu o da Asifi vurmuşdur. Bundan sonra kənarda olan şəxslər onları aralamışdır. Bundan sonra yaşadığı evə getmişdir. İfadəsində həmçinin bildirdi ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, bu səbəbdən də onunla barışmış, təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, 15 noyabr 2022-ci il tarixdə Binə qəsəbəsində yerləşən “Luks Plaza” şadlıq sarayında bibisi nəvəsi Kamalın toy məclisində iştirak etmişdir. Kamal həm də qardaşının qaynıdır. O, həmin toyda bir qədər araq içmişdir. Saat 21 radələrində toyda olan zaman şadlıq sarayının zalının qapısının qarşısında qardaşı Asifi Telman adlı şəxsin vurmasını görmüş, o qardaşına kömək üçün qardaşının yanına gedən zaman bəyin qardaşı Ramal ilə onun mübahisələri düşmüşdür. Mübahisə zamanı onun ayağı sürüşmüş və yerə yıxılmışdır. Bundan sonra Asif ilə Telmanı orada olan şəxslər zaldan çıxarmışlar. Bundan sonra o, yerdə olan zaman Ramalın qardaşı Kamal da gələrək Ramal ilə birlikdə onu təpikləyərək döyməyə başlamışlar. Həmin vaxt o neyləyəcəyini bilməmiş və yerdən şüşə parçası götürərək Kamalın ayaq nahiyəsindən vurmuşdur. Bundan sonra o, restorandan bayıra çıxmış və qardaşı Asıfı götürərək oradan uzaqlaşmışdır. Həmçinin, o DİN-nin 102 zəng mərkəzinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Hadisə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Luks Plaza” şadlıq sarayının içərisində baş vermiş, o hadisə vaxtı xəsarət almış, ona xəsarəti Kamal və Ramal qardaşları yetirmişlər. Belə ki, onlar onun bədəninə təpiklə vuraraq xəsarət yetirmişlər. O hadisə vaxtı yerdən şüşə parçası götürərək Kamalın ayaq nahiyəsindən xəsarət yetirmişdir. Ona xəsarəti Ramal və Kamal vuraraq yetirmişdir. Telman həmçinin onun qardaşı Asifi vuraraq xəsarət yetirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 bildirdi ki, 15 noyabr 2022-ci il tarixdə Binə qəsəbəsində yerləşən “Luks Plaza” şadlıq sarayında oğlu Kamalın toy məclisi keçirilmişdir. Saat 21 radələrində toyda çaxnaşma düşmüş, qohumları olan Anarın içkili olduğunu və mübahisə yaratdığını görmüşdür. Toyda qonaq qismində olan dostu Telmandan xahiş etmişdir ki, Anan sakitləşdirsin. Bundan bir qədər sonra o, oğlu Kamalın ayağından kəsik yarası aldığını görmüşdür. Sonradan ona məlum olmuşdur ki, Anar Kamalın ayağından şüşə ilə zərbə vuraraq xəsarət yetirmişdir. Bundan sonra Kamalı Mərdəkan qəsəbəsində yerləşən 26 saylı BŞX-na aparmışlar. O həmin vaxt Telmanla Asifin dalaşdığını görməmiş, sadəcə olaraq hadisədən sonra Anarın oğlu Kamalın ayaq nahiyəsindən şüşə ilə vuraraq xəsarət yetirdiyini öyrənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirdi ki, Şahid2 onun həmyerlisi və bacısının qaynıdır. 15 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Luks Plaza” şadlıq sarayında onun toy məclisi keçirilmişdir. Təxminən saat 21 radələrində bəy masasında olduğu vaxt zalda qonaqların foyeyə çıxdığını və kimlərinsə dava-dalaş saldığını görmüş və məsələnin nə olduğunu aydınlaşdırmaq üçün oraya getmişdir. Həmin vaxt Anarın qardaşı Ramalı tutaraq əlindəki şüşə butulka ilə vurmaq istədiyini görmüşdür. Onların yanına getmiş və Anan tutaraq saxlayarkən onlar əlbəyaxa olmuşlar. Bundan sonra Anar yerə əyilərək əlindəki şüşə butulkanı yerə vuraraq sındırmış və onun sağ ayaq nahiyəsindən əlindəki şüşə ilə vurmuşdur. Bundan sonra orda olan şəxslər ona köməklik göstərmişlər və onu Mərdəkan qəsəbəsində yerləşən 26 saylı BŞX-na aparmışlar. Asiflə Telmanın isə dalaşdığını görməmişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış X3 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Gülbəyim Zamanova həmin ifadədə göstərmişdir ki, Şahid2 onun həmyerlisi və baldızının qaynıdır. 15 noyabr 2022-ci il tarixdə Binə qəsəbəsində yerləşən “Luks Plaza” şadlıq sarayında qaynı Kamalın toy məclisi keçirilmişdir. Təxminən saat 21 radələrində toyda olduğu zaman dava- dalaş düşmüşdür. Orada olanlar bildirmişlər ki, Anar ilə Asif dava-dalaş salmışdır. Dava- dalaş düşdüyünə görə toyda olan qonaqlar toydan tez çıxdıqlarından o masaların üzərində qalan yeməkləri yığmışdır. Bu vaxt Anarla Asif foyedən içəriyə girmiş və Asif orada olan kresloda əyləşmişdir. Anar isə şüşə butulka götürərək masanın üstündə sındırmışdır. O, Anarın üstünə gedib onu sakitləşdirmək istəyərkən onun əlindəki şüşə butulka onun boğaz nahiyəsini kəsmişdir. Bundan sonra onun halı pisləşmiş və dili qatlanaraq özündən getmişdir. Qohumları ona köməklik edərək onu ayıltmağa çalışmışlar. O ayılanda isə orada olan şəxslərdən eşitmişdir ki, bəyi Anar şüşə ilə vurub xəsarət yetirmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Luks Plaza” şadlıq sarayında baş vermiş, o hadisə vaxtı xəsarət almış, ona xəsarəti Anar yetirmişdir. Belə ki, Anarın əlində şüşə parçası olmuş və o Anarı sakitləşdirmək istiyərkən Anarın əlindəki şüşə onun boğaz nahiyəsini kəsmişdir. O hadisə vaxtı heç kimə heç bir xəsarət yetirməmişdir. Onun boynu kəsildikdən sonra dili qatlanmış və huşunu itirmişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid5 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Şahid5 həmin ifadəsində göstərmişdir ki, 15 noyabr 2022-ci il tarixdə Binə qəsəbəsində yerləşən “Luks Plaza” şadlıq sarayında dostu Məmmədin oğlu Kamalın toy məclisi keçirilmişdir. Məmməd onu toya dəvət etdiyindən o, həmin gün toyda iştirak etmişdir. Saat 21 radələrində o, toyda mübahisə olduğunu görmüş və toydan çıxaraq yaşadığı evə getmişdir. Sonradan onu polis şöbəsinə çağırmışlar və toyda Anar adlı şəxsin bəyi, yəni Məmmədin oğlu Kamalı ayaq nahiyəsindən şüşə ilə vurub xəsarət yetirməsini öyrənmişdir. O, ümumiyyətlə hadisə vaxtı toyda olmamış, o heç kimə heç bir xəsarət yetirməmişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid6 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Şahid6 həmin ifadəsində göstərmişdir ki, Şahid2 onun həmyerlisi və bacısının qaynıdır. 15 noyabr 2022-ci il tarixdə Binə qəsəbəsində yerləşən “Luks Plaza” şadlıq sarayında qardaşı Kamalın toy məclisi keçirilmişdir. Saat 21 radələrində o, administratorla söhbət etdiyi vaxt foyedən səs-küy gəlmiş və o foyeyə çıxdıqda Asifin zalın girişində olan divanın üstünə çıxdığını və anası Mətənatin onu sakitləşdirməyə çalışdığımı görmüşdür. Anar isə əlində şüşə butulka ilə uca səslə söyüş söyərək qışqırmışdır. O, Anarı sakitləşdirmək üçün yaxınlaşdıqda əlbayaxa olmuşlar Anar əlindəki şüşə butulka ilə onun kürək nahiyəsindən bir zərbə vurmuşdur. Onun kürək nahiyəsindən bərk ağrı olduğu üçün oradan uzaqlaşmışdır. Bir qədər sonra həyat yoldaşı Güllübəyim boğazından qan axan halda onun yanma gəlmiş və onun halı pisləşmişdir. Xəstəliyi ilə əlaqədar onun halı pisləşmiş və yerə çökmüşdür. Bundan sonra olanlardan xəbəri olmamışdır. Sadəcə olaraq bir müddət sonra ona bildirmişlər ki, Anar qardaşı Kamalı şüşə ilə vurub xəsarət yetirmiş və qardaşını xəstəxanaya aparmışlar. Hadisə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Luks Plaza” şadlıq sarayında baş vermiş, hadisə vaxtı xəsarət almış, ona xəsarəti Anar yetirmişdir. Belə ki, Anar əlindəki şüşə butulka ilə onun kürək nahiyəsindən bir zərbə vurmuşdur. O hadisə vaxtı heç kimə heç bir xəsarət yetirməmişdir. O, Anara heç bir xəsarət yetirməmişdir. Anara həmin xəsarətləri kimlərin yetirməsi barədə heç bir məlumatı olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7-Təcrübi və Tədris Birliyinin 22 noyabr 2022-ci il tarixli, 1556 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət - ənsə nahiyəsinin hematoması küt əşya təsirindən törənmiş, törənmə müddəti onun məhkəmə-tibb müayinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığın zərərvurmayan xəsarətə aid olduğuna görə dərəcəsi təyin edilmir. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demek olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7-Təcrübi və Tədris Birliyinin 22 noyabr 2022-ci il tarixli, 1559 saylı ekspert rəyindən görünür ki, Şahid2 bədəni üzərində aşkar edilmiş xəsarətlər ənsə nahiyəsinin hematoması, sağ saidin, döş qəfəsinin qançırları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan çənə-gicgah oynağının yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa Yüngül dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Şahid2 bədənində aşkar olunmuş xəsarətin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İş materiallarına əlavə edilmiş cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və ayrılmış cinayət işinin icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri, Xəzər rayon polis idarəsinin İstintaq şöbəsinin müstəntiqi Məmməd Cəfərov tərəfindən ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində CM-nin 221.1-ci maddəsi ilə ********* nömrli cinayət işi ayrıca icraata ayrılmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. “Elektron məhkəmə informasiya sistemi”ndə olan məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X5 adlı iki azyaşlı uşağı vardır. Azərbaycan Respublikası Konstitusiyasının 31.1-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlıdavranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimaivə ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlararasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik,etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranışqaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanınvə ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsibaşa düşülür. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətinobyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərindüzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmişşəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadəolunan hərəkətlərin edilməsi başa düşülməlidir.” Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011ci il tarixli qərarında göstərilmişdir ki, “Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.1ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəllənin 59.1.4, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını, zərər çəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətmiş olduğu cinayət əməlini səmimi etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən “Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin və şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, yuxarıda göstərilən yüngülləşdirici halları nəzərə almaqla yanaşı eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli özü səmimi olaraq etiraf etmiş və etdiyi əməldən peşman olmuşdur. Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə etmiş, dəymiş ziyanı ödəmişdir. Zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu AR CM-nin 221.1-ci maddəsinin sanksiyasında cərimə, islah işi, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Cinayət işi üzrə xüsusi müsadirə üçün əsaslar müəyyən edilməmişdir İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 manat, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 manat, ümumilikdə 180 (bir yüz səksən) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar