Məhkəmə qərarları › İş №1(003)-161/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-161/2022

07.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-161/2022 07.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun nümayəndəsi və vəkili Müdafiəçi2, müdafiəçi Bakı şəhəri 20 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs 29 avqust 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, iki azyaşlı uşağı olan, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə etibardan sui-istifadə etmə, aldatma yolu ilə Zərərçəkmiş şəxs ona olan inam və etibarından istifadə edərək həyat yoldaşının vəziyyətinin ağır olduğunu və həkimə təcili 4000 manat pul verməli olduğunu, qısa müddət ərzində həmin məbləğdə pulu geri qaytaracağına vəd verib onu inandıraraq 08 avqust 2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri Masazır qəsəbəsində Zərərçəkmiş şəxs 4000 manat pulunu ələ keçirib vədinə əməl etməyərək zərərçəkmiş şəxsə 4000 (dörd min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə etibardan sui-istifadə etmə, aldatma yolu ilə Zərərçəkmiş şəxs ona olan inam və etibarından istifadə edərək 11 sentyabr 2021-ci il tarixdə mobil telefonla Zərərçəkmiş şəxs zəng vuraraq polis bölməsində işinin olduğunu və ona təcili 1500 manat pul lazım olduğunu və qısa müddət ərzində həmin məbləğdə pulu geri qaytaracağına vəd verib onu inandıraraq həmin tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində Zərərçəkmiş şəxs 1500 manat pulunu ələ keçirib vədinə əməl etməyərək zərərçəkmiş şəxsə 1500 (min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2020-ci ilin noyabr ayında «Tik-Tok» sosial şəbəkəsində adını «Vəfa» kimi bildiyi Kəmalə adlı şəxslə tanış olmuşdur. Onunla görüşüb səmimiyyət qurmuşlar və bir neçə dəfə cinsi münasibətdə olmuşlar. Kəmalə bacısı üçün ev almaq istədiyindən bankdan pul götürmək istəmişdir. Lakin heç bir bankdan pul götürə bilmədiyindən ona kömək etməsini xahiş etmişdir. O, da tanışlarından maraqlanıb Kəmalə üçün münasib bank tapmışdır. O, Kəmalə ilə birlikdə «Nizami» metrostansiyası yaxınlığında yerləşən «Finoko» bankın müdiri Rövşən adlı şəxsin yanına getmiş və köməklik etməsini xahiş etmişdir. 2021-ci ilin mart-aprel aylarında Kəmalə əri ilə birlikdə həmin banka getmiş və evi girov qoyub Kəmalənin dediyinə görə 25000 manat pul götürmüşdür. Kəmalə həmin pulu saxlaması üçün ona vermişdir. O, Puldan 10000 manatına iki ədəd avtomobil alıb icarəyə verib birlikdə biznes fəaliyyəti ilə məşğul olmağa başlamışlar. Lakin sonradan məsələlər qabardığından avtomobillərin harada olması barədə məlumatı olmamışdır. 25000 manat puldan qalan 15000 manat pulu Kəmaləyə qaytarmışdır. Bundan başqa Kəmalə bacısı ilə birlikdə bizneslə məşğul olduğunu bildirdiyi üçün qızılları girov qoyub Kəmalə üçün lombardan pul götürmüşdür. Sonra Kəmalənin bacısının onun adına Türkiyədən göndərdiyi 4000 ABŞ dolları pulu isə götürüb Mərdəkan qəsəbəsində yerləşən lombarda girov qoyduğu qızıllar üçün Kəmalə ilə birlikdə lombarda ödəyib qızılları girovdan çıxartmışdır. 2021-ci ilin iyul ayında atasının ad günün üçün mobil telefon hədiyyə almaq istəsə də, adına kredit götürə bilmədiyindən Kəmalənin tanış etdiyi Kəmalənin əri Hüseynə müraciət etmişdir ki, öz adına mobil telefon götürsün, o, da pulunu ödəyəcəkdir. Hüseyn ona inandığından öz adına «Kontakt Home» mağazasından 3873,60 manat dəyərində 01 ədəd «Samsung Galaxy S21» markalı mobil telefonu kreditə götürüb ona vermiş, o, da telefonu atasının ad gününə hədiyyə etmişdir. Lakin atası həmin telefonu işlədə bilməyəcəyini bildirdiyi üçün telefonu parıb «28 May» metrostansiyasının yaxınlığında tanımadığı şəxsə satmışdır. Bir neçə ay telefonun kreditini ödəsə də, sonradan həbs olunduğundan ödəyə bilməmişdir. Əlavə olaraq Kəmalə 29 avqust 2021-ci il tarixdə ona ad günüm münasibəti ilə «İPhone» markalı qol saatı alaraq hədiyyə etmişdir. Bundan sonra 18 avqust 2021-ci il tarixdə ona pul lazım olduğundan Kəmaləyə yalandan arvadının xəstə olduğunu bildirərək ondan 4000 manat pul istəmişdir. Kəmalə də, tanışı Ülviyyədən 4000 manat pulu alıb həmin günü yaşadığı evin qarşısında taksi sürücüsünin vasitəsi ilə ona göndərmişdir. Lakin həmin pulu şəxsi ehtiyyaclarına xərcləmişdir. Bundan sonra 11 sentyabr 2021-ci il tarixdə borcunu qaytarmaq üçün pula ehtiyacı olduğundan Kəmaləyə zəng edib polisə işinin düşdüyünü bildirərək 1500 manat pul istəmişdir. Kəmalə də, 1500 manat pulu gətirib Binə qəsəbəsinin mərkəzində ona vermişdir. O, da həmin puldan öz borcunu qaytarmışdır. Lakin sonradan maddi cəhətdən imkanı olmadığından Kəmalədən aldığı ümumilikdə 5500 manat pulu qaytara bilməmişdir. Hazırda Kəmaləyə dəymiş maddi ziyan tam olaraq ödənilmişdir. Kəmalənin ona qarşı şikayət və tələbi yoxdur, onunla barışmışdır. Buna görə də, barəsində cinayət işinə xitam verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin ifadələi və toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2020-ci ilin noyabr ayının 7də «Tik-tok» əsi vasitəsi ilə Emil adlı şəxslə tanış olmuşdur. Bir müddət sonra Emil ilə görüşüb söhbət etmiş və münasibətləri yaranmışdır. Həftədə bir neçə dəfə Emil ilə müxtəlif yerlərdə görüşüb çay içib, yemək yemiş, bəzən də, cinsi əlaqədə olmuşlar. Emil ona əri Hüseynə və digər ailə üzvlərinə onu Türkiyədə yaşayan bacısı Aydanın keçmiş əri tərəfdən qohumu kimi təqdim etməsini demişdir. Çünki o, bacısı Aydan barəsində və Aydanın Türkiyədə yaşaması barədə Emilə demiş, bu barədə Emilin məlumatı olmuşdur. O, da Emilin dediyi kimi etmiş və Emili əri Hüseynlə tanış etmişdir. Emil isə Hüseynin vasitəsi ilə qaynı İsakla tanış olmuşdur. X4 məxsus avtoyuma sexini icarəyə götürüb işlətmişdir. O, Emil ilə müxtəlif məbləğlərdə pul xərcləmiş, Emil ondan hər hansı bir hədə-qorxu və ya məcburiyyət ilə pul tələb etməmişdir. 2021-ci ilin aprel-may ayında pula ehtiyacı olduğundan Türkiyədə yaşayan bacısı Aydandan pul göndərməsini xahiş etmiş və Aydan onun adına 26 aprel 2021-ci il tarixdə göndərdiyi 1469 ABŞ dolları pulu, yəni 2500 manat pulu Masazır qəsəbəsində yerləşən «Kapital Bank» filialından təhvil almış və pulu həmin günü saxlaması üçün Emilə vermişdir. Həmin pulu da, birlikdə xərcləyib istirahət etmişlər. 08 avqust 2021-ci il tarixdə Emil arvadının vəziyyətinin ağır olduğunu bildirərək həkimə pul vermək üçün ondan 4000 manat pul istəmişdir. O, da rəfiqəsi Ülviyyə adlı qadına ağlaya-ağlaya zəng vuraraq onu oğlanla birlikdə oteldə tutduqlarını bildirib ondan 4000 manat pul istəmişdir. Ülviyyə də, həmin məbləğdə pulu Bəxtiyar adlı taksi sürücüsünün idarə etdiyi yaşıl rəngli «Opel» markalı avtomobillə Ülviyyəgilin yaşadığı evin yaxınlığına gedib pulu Ülviyyədən görürürək Emilə vermişdir. 2021-ci ilin may ayında o, əri Hüseyn ilə birlikdə onun adına olan Xırdalan şəhəri, H.Əliyev küçəsi 2, mənzil 2 ünvanda yerləşən 1 otaqlı evinin sənədlərini Emilin tapdığı «Nizami» metrostansiyası yaxınlığında yerləşən «Finoko» banka kredit şöbəsinin müdürü Rövşənin yanına getmiş və evin sənədlərini girov qoyub həmin bankdan 25000 manat pul götürmüşlər. Həmin günü 25000 manat pulu Masazır qəsəbəsində yerləşən «Araz» marketin yaxınlığında bacısına ev almaq üçün Emilə vermişdir. Sonra Emil onun razılığı ilə pulun 10000 manatına iki avtomobil alıb icarəyə vermiş, qalan 15000 manatı isə hissə-hissə Emil ilə birlikdə xərcləmişlər. Bir müddət sonra bacısı Aydandan pul istəmiş və bacısı 27 avqust 2021-ci il tarixdə, 2 dəfə ayrı-ayrılıqda 2000-2000 ABŞ dolları olmaqla ümumilikdə 4000 ABŞ dollarını Emilin adına orada olan müdiri X3 adı ilə göndərmişdir. Emil həmin pulu götürdükdən sonra o, həmin puldan borcuna vermiş və qalan pulu xərcləmişlər. O, Emilin ad günündə hədiyyə olaraq ona «İphone» markalı qol saatı hədiyyə etmişdir. 29 iyun 2021-ci il tarixdə özünə məxsus qızıl-zinət əşyalarını götürüb Emil ilə birlikdə Emilin idarə etdiyi «Porsche» markalı avtomobillə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi «Stansiya» deyilən əraziyə gəlmişlər. Orada o, qızılları Emilə vermiş və Emil qızılları həmin yerdə yerləşən «Lombard»a qoyub oradan 8000 manat pul götürmüşdür. O, həmin pula bacısı ilə birlikdə biznes qurmaq istəsə də, həmin məsələ alınmadığından pulu Emil ilə birlikdə xərcləmişlər. Bir müddət sonra o, qızılları Emilə vermiş və Emil Mərdəkan qəsəbəsi «Stansiya» deyilən ərazidə yerləşən lombarda qızılları qoyaraq 14000 manat pulu öz adına götürmüşdür. Sonuncu dəfə 11 sentyabr 2021-ci ildə Emil ona zəng edərək polisdə işi olduğunu bildirib ondan 1500 manat pul istəmişdir. O, da həmin günü 1500 manat pulu Binə qəsəbəsinin girəcəyində Emilə vermişdir. Bundan başqa əri Hüseyn Emilə inandığından öz adına «Kontakt Home» mağazasından bir ədəd «Samsung Galaxy S 21» markalı mobil telefonu götürüb Emilə vermişdir. Emil bir neçə ay kredit ödədikdən sonra yerdə qalan ayları ödəməmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənildiyi üçün təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. Buna görə də, cinayət işinə xitam verilməsini xahiş etdi və bununla bağlı məhkəməyə ərizə təqdim etdi. Məhkəmədə ifadəsi elan olunmuş şahid X1 istintaq zamanı ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 8 il olar ki tanıyır. Onlar Masazır qəsəbəsində uzun müddət qonşu olmuşlar. 08 avqust 2021-ci il tarixdə, saat 21 radələrində Kəmalə ona zəng edərək Xırdalan şəhərində yerləşən «Vulkan» otelində Emil adlı tanışı ilə görüşərkən onları İnsan Alverinə qarşı Mübarizə İdarəsinin əməkdaşlarının tutduğunu bildirərək ondan təcili 4000 manat pul istəmişdir. O, tanışlarından həmin pulu tapmış və tanışları olan Bəxtiyar adlı taksi sürücüsü onun yaşadığı evin qarşısına gəlmişdir. O, 4000 manat pulu Bəxtiyara vermiş və Bəxtiyar həmin pulu ondan alıb çıxıb getmişdir. Bir qədər sonra Kəmalə zəng edərək pulu aldığını demişdir. 18 sentyabr 2021-ci il tarixdə Emil həyacanlı halda ona zəng vuraraq Kəmaləni tapa bilmədiyini və bununla bağlı ona köməklik etməyini demişdir. O, Emil ilə Xırdalan şəhərində yerləşən «Likoil» yanacaq-doldurma məntəqəsinin yaxınlığında görüşmüş və Emil aralarında olan münasibətdən Kəmalənin əri Hüseynin xəbər tutduğundan şübhələndiyini və buna görə Hüseyn tərəfindən Kəmalənin cəzalandırılacağından qorxduğunu demişdir. O, Emillə ayrıldıqdan sonra Kəmaləgilin yaşadığı evə getmiş, lakin evlərində heç kim olmamışdır. 06 aprel 2022-ci il tarixdə elektron ərizə ilə məhkəməyə müraciət edərək istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və məhkəmə iclaslarında ailə vəziyyəti ilə əlaqədar iştirak edə bilmədiyini qeyd etmişdir. Məhkəmədə ifadəsi elan olunmuş Şahid2 istintaq zamanı ifadəsində göstərmişdir ki, yaşıl rəngli «Opel» markalı avtomobili Təqsirləndirilən şəxs gündəlik 20 manata icarəyə götürüb taksi fəailiyyəti ilə məşğul olmuşdur. Həmin avtomobili Emil onunla birlikdə Sumqayıt bazarından almışdır və ona icarəyə vermişdir. 2021-ci ilin avqust ayının əvvəlində tanışı Hüseyn adlı şəxsin arvadı Kəmalə ona zəng edərək Xırdalan şəhərinə gedib digər müştərisi olan Ülviyyədən 4000 manat pulu götürüb gətirməsini demişdir. O, da Xırdalan şəhəri «Abşeron City»də Ülviyyədən yaşadığı evin qarşısında 4000 manat pulu götürüb Kəmaləyə çatdırmışdır. Kəmalə xidmət haqqı olaraq ona 10 manat pul vermişdir. 2021-ci ilin avqust ayının ortalarında Emil ona zəng edərək bir qədər sonra ağ rəngli «Porsche» markalı avtomobillə «20 yanvar» metrostansiyası yaxınlığına gəlmişdir. Emil ona 1400 manat pul verib banka ödəmək üçün aparıb Hüseynə verməsini demişdir. O, da 1400 manat pulu Hüseynin yaşadığı evdə Hüseynə vermişdir. Hüseyn ona xidmət haqqı olaraq 10 manat pul vermişdir. 07 aprel 2022-ci il tarixdə məhkəməyə teleqram vuraraq istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və məhkəmə iclaslarında uşağının səhhəti ilə əlaqədar iştirak edə bilmədiyini qeyd etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tələbnaməsindən görünür ki, 29 avqust 1989-cu ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Məhkəmə proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə tövsif edilmiş və onun təqsiri məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs 07 aprel 2022-ci il tarixli məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam olaraq ödəmişdir. Ona qarşı şikayət və tələbi yoxdur, onunla barışmışdır. Buna görə də, cinayət işinə xitam verilməsini xahiş edir. İş materiallarında olan04 aprel 2022-ci il tarixli, 15291 nömrəli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş 5500 manat məbləğində ziyanın 25 (iyirmi beş) faizi miqdarında 1375 (min üç yüz yetmiş beş) manat dövlət büdcəsinə ödəniş etmişdir. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, ilk dəfə az ağır cinayət törətmiş Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı tamamilə ödəyərək onunla barışdığına və cinayət nəticəsində vurulmuş ziyanın 25 (iyirmi beş) faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməlidir. İş materiallarına əlavə edilmiş şübhəli şəxs qismində tutma barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 13 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 12 noyabr 2021-ci il tarixdən hesab olunmuşdur. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 73-1.2, 344– 348, 356, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı tamamilə ödəyərək onunla barışdığına və cinayət nəticəsində vurulmuş ziyanın 25 (iyirmi beş) faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə onun barəsində Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməklə dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar