Məhkəmə qərarları › İş №1(003)-163/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-163/2021

06.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-163/2021 06.05.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 Aqil oğlu və Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs1 qanuni nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs iştirakları ilə, 20 avqust 1998-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Şamaxı rayonu, Qəleybuğurd kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozunda yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs “Yol-hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan 10 noyabr 2020-ci il tarixdə, saat 12:40-da Zərərçəkmiş şəxs2 Aqil oğluna məxsus “Hyundai Sonata” markalı, ** RN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən “Mərkəz Binə” istiqamətindən “Binə Sovxoz” istiqamətində saatda 60 km/saat sürətlə hərəkətdə olarkən “211” adlı mənzil alqı-satqısı ofisinin qarşısında olan yolun hərəkət hissəsində “Yol-hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməmiş, idarə etdiyi avtomobillə yolu sağdan sola keçmək istəyən piyada, 19.02.2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 vuraraq, ehtiyatsızlıqdan ona komatoz vəziyyətlə müşayiət olunan baş beynin ağır dərəcəli əzilməsi və sıxılması, sol beyin yarımkürəsində hemorragik əzilmə ocaqları, pnevmosefaliya, sol gicgah sümüklərinin kəllə əsasına keçən xətti sınığı, sol təpə nahiyyəsinin əzilmiş yaraları ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid bədən xəsarətləri almasına səbəb olan, habelə «Hyundai Sonata» markalı, ** RN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini zədələməklə sahibi Zərərçəkmiş şəxs2 Aqil oğluna 670 (altı yüz yetmiş) manat məbləğində maddi ziyan vuraraq, yol-nəqliyyat hadisəsi törətmiş, habelə yol-nəqliyyat hadisəsindən sonra nəqliyyat vasitəsini yerindən tərpətməməli, hadisə haqqında müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisə yerində qalaraq, özünün şəxsiyyəti barədə məlumatları tərəflərə çatdırmalı və zərərçəkmiş şəxsə yardım göstərilməsi üçün X7 çağırmalı olduğu halda, bunları etməyərək idarə etdiyi nəqliyyat vasitəsilə yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərdi ki, nəqliyyat vasitəsini idarəetmək hüququnu təsdiq edən sənəd, yəni sürücülük vəsiqəsi yoxdur, lakin nəqliyyat vasitəsini idarə edə bilir. Özünə məxsus nəqliyyat vasitəsi yoxdur. 10 noyabr 2020-ci il tarixdə, səhər saatlarında İkinci Qarabağ müharibəsində qələbə çalınmasını qeyd etmək və avtomobil idarə etmək məqsədilə dayısı Zərərçəkmiş şəxs2 Aqil oğlundan özünə məxsus və istifadəsində olan “Hyundai Sonata” minik markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün ona verməsini xahiş etmiş, dayısı Zərərçəkmiş şəxs2 da heç bir etiraz etməyərək nəqliyyat vasitəsini idarə etmək üçün ona vermişdir. Dayısı Zərərçəkmiş şəxs2 onun nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığını bilmişdir. Dayısından nəqliyyat vasitəsini götürərək bir qədər Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində idarə etmişdir. Həmin gün saat 12:40 radələrində Binə qəsəbəsində “Mərkəz Binə” deyilən yerdən üzü “Binə Sovxoz” deyilən yerə doğru, yolun sağ tərəfi ilə təxminən saatda 60 km\saat sürətlə hərəkət etmişdir. Həmin yolda “211” adlı mənzil alqı-satqısı ofisinə təxminən 30-40 metr qalmış elə həmin ofisin qarşısında təxminən 14- 15 yaşlı, əvvəllər tanımadığı, adı hadisədən sonra ona məlum olan Zərərçəkmiş şəxs1 yolun kənarında olan səkinin tam ortasında dayandığını görmüşdür. O, heç bir hərəkət etməmiş, sağa və ya sola baxmamışdır. Avtomobili idarə edərək Günayın qarşısından keçərkən qabaq alın şüşənin sağ tərəfinə nəyinsə möhkəm dəydiyini və bu zərbədən avtomobilin qabaq alın şüşəsinin çatladığını görmüşdür. Lakin, həmin vaxt Günayın hərəkət etməsini və avtomobilə dəyməsini görməmişdir. Bir qədər hərəkət etdikdən sonra avtomobilin sağ yan güzgüsündən geriyə baxarkən Günayın hərəkətsiz vəziyyətdə ofisin qarşısındakı avtomobil yolunda uzandığını görmüşdür. Avtomobili saxlayıb, avtomobildən düşmüş və Günaya tərəf getmişdir. Həmin vaxt nömrəsini görmədiyi, qara rəngli, “İnfiniti” markalı, sedan minik avtomobilin Günayı vurduğu yerin qarşı tərəfində olan əks hərəkət hissəsində dayandığını görmüşdür. Əvvəllər tanımadığı, hadisənin təsirində olduğu üçün xarici əlamətlərinə fikir vermədiyi kişi cinsli şəxs avtomobildən düşüb, avtomobilin arxa sol qapısını açmış və Günaya yaxınlaşaraq, Günayı qucağına alıb, avtomobilin arxa sərnişin oturacağına uzatmış və avtomobili idarə edərək həmin yerdən kənarlaşmışdır. Həmin vaxt atası X4 hadisəni törətdiyi yerdən təxminən 200-300 metr qabaqda bərbərxanada saçını kəsdirdiyi üçün “İnfiniti” markalı avtomobil Günayı apardıqdan sonra avtomobilə əyləşib, atasının yanına gəlmiş və baş vermiş hadisəni atasına danışmışdır. İdarə etdiyi avtomobili həmin yerdə saxlayıb, daha sonra isə atası ilə birlikdə xatırlamadığı taksi avtomobilinə əyləşərək ilk olaraq, Binə qəsəbəsində olan xəstəxanaya gəlmişlər, həmin yerdə tanımadığı bir şəxs onlara Günayın Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən 3 saylı şəhər Klinik Xəstəxanasına aparıldığını bildirmişdir. Bundan sonra atası ilə birlikdə həmin taksi avtomobili ilə adını qeyd etdiyi xəstəxanaya gəlmişlər. Hadisə 10 noyabr 2020-ci il tarixdə, saat 12:40 radələrində dayısı Zərərçəkmiş şəxs2 məxsus və istifadəsində olan “Hyundai Sonata” minik markalı, ** RN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən “Mərkəz Binə” adlı ərazidən “Binə Sovxoz” adlı əraziyə hərəkət edərkən, həmin yolda olan “211” adlı mənzil alqı-satqısı ofisinin qarşısında baş vermişdir. Nəqliyyat vasitələrinin hər hansı bir növünü idarə etmək hüququnu təsdiq edən sənəd, yəni sürücülük vəsiqəsi olmamışdır. Dayısına məxsus və istifadəsində olan nəqliyyat vasitəsinin onun istifadəsində olması ilə bağlı hər hansı bir sənədi, yəni etibarnaməsi olmamışdır. Nəqliyyat vasitəsi ilə hadisədən əvvəl və hadisə zamanı 60 km\saat sürətlə hərəkətdə olmuş və bu vaxt yanında hər hansı bir şəxs, yəni sərnişin olmamışdır. Hadisə zamanı idarə etdiyi avtomobildə hər hansı bir yük olmamışdır. Həmin vaxt idarə etdiyi nəqliyyat vasitəsi yüklü olmamışdır. Dayısı Zərərçəkmiş şəxs2 onun nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığını bilmişdir. Zərərçəkmiş şəxs1 dayısına məxsus və idarə etdiyi nəqliyyat vasitəsinin qabaq sağ yan tərəfi ilə vurmuş, zərbədən Günay avtomobilin qabaq alın şüşəsinin sağ yan tərəfinə dəymiş və xəsarət almışdır. Hadisə zamanı hava günəşli, aydın və yağmursuz, yol isə quru olmuş, yəni avtomobilin sürüşməsinə səbəb olacaq hər hansı bir maneə olmamışdır. İdarə etdiyi nəqliyyat vasitəsi dayısına məxsus olduğu və ilk dəfə idarə etdiyi üçün həmin avtomobilin texniki cəhətdən saz vəziyyətdə olubolmaması barədə hər hansı bir məlumatı olmamışdır. Həmin vaxt hadisənin təsirində olduğu hadisə barəsində atasına məlumat verməli olduğunu fikirləşdiyi üçün yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almış piyada Zərərçəkmiş şəxs1 xəstəxanaya aparmamış, hadisənin tərəfindən törədilməsini bildirməmiş, bundan başqa, Zərərçəkmiş şəxs1 xəstəxayana çatdıran “İnfiniti” markalı avtomobillə xəstəxanaya gedib, özü haqqında məlumat verməmişdir. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, əməlini səmimi olaraq etiraf etdiyini, ilk dəfə cinayət əməli törətdiyini, zərərçəkmiş şəxslər ilə barışdığını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxslərin ondan şikayəti və tələbinin olmadığını bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs2 Aqil oğlu göstərdi ki, Təqsirləndirilən şəxs bacısının övladıdır. Bacısı övladı Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsini törətdiyi “AB N 891961” seriya nömrəli qeydiyyat şəhadətnaməsi olan, “Hyundai Sonata” minik markalı, ** RN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ona məxsusdur. Nəqliyyat vasitəsini idarə etmək üçün “B” kateqoriyalı, “AC 308701” seriya nömrəli sürücülük vəsiqəsi vardır. 10 noyabr 2020-ci il tarixdə, səhər saatlarında bacısı oğlu Təqsirləndirilən şəxs onun yaşadığı evə gələrək istifadəsində olan “Hyundai Sonata” minik markalı, ** RN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün ona verməyini xahiş etmişdir. O, da heç bir etiraz etməyərək avtomobilin açarlarını idarə etməsi üçün Feyruza vermişdir. Həmin gün saat 12 radələrində isə Feyruzun Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, “Mərkəz Binə” istiqamətindən “Binə Sovxoz” istiqamətinə gedən yolda yerləşən “211” adlı mənzil alqı-satqısı ofisinin qarşısında olan yolda, yolun hərəkət hissəsində yol-nəqliyyat hadisəsi törədərək azyaşlı bir qız uşağını vurduğu məlum olmuşdur. Bundan sonra dərhal evdən çıxıb, hadisə baş verən yerə getmişdir. Həmin yerə çatdıqda isə yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almış azyaşlı qızın Bakı şəhəri, Sabunçu rayon Mərkəzi Xəstəxanasına aparıldığı məlum olmuş və bundan sonra isə qeyd etdiyi xəstəxanaya yollanmışdır. Bacısı oğlu Təqsirləndirilən şəxs onun istifadəsində olan “Hyundai Sonata” minik markalı, ** RN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün verən zaman Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığını bilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan “Hyundai Sonata” minik markalı, ** RN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün hər hansı bir etibarnamə verməmişdir. Qeyd edilən hadisə nəticəsində ona ümumilikdə 670 (altı yüz yetmiş) manat maddi ziyan dəyməsini göstərmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir, onunla barışıq əldə edilmişdir, ondan şikayət və tələbi yoxdur, bu səbəbdən də təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 bildirdi ki, 10 noyabr 2020-ci il tarixdə, saat 12 radələrində hazırlığa getmək üçün evdən çıxıb, bir qədər yol getmiş və Binə qəsəbəsi ərazisində işləyən “211” adlı mənzil alqı-satqısı ofisinin yanına çatmışdır. Daha sonra isə yolu keçmək üçün həmin ofisin qarşısına keçmişdir. Bir qədər ofisin qarşısında gözləyib, yolda avtomobillərin olmadığına əmin olmaq üçün ətrafa baxmış, həmin vaxt yoldan avtomobillərin gəlmədiyinə əmin olduqdan sonra yolu keçmək üçün asta yerişlə təxminən 2 metr yol qət etmişdir. Yolun ortasında olan qırıq-qırıq xətlərin üzərinə çatarkən bir daha yoldan avtomobil keçib-keçmədiyinə əmin olmaq üçün sağa və sola baxmışdır. Sağa baxan zaman sağ tərəfdən qara rəngli avtomobilin avtomobilin gəldiyini görmüşdür. Həmin avtomobilin yolu keçməsi üçün qırıqqırıq xəttin üzərində dayanmışdır. Elə bir neçə saniyə keçmişdir ki, avtomobil onu vurmuşdur. Bundan sonra huşunu itirdiyindən bundan sonra baş vermişləri xatırlaya bilməmişdir. Hadisənin şokunda olduğu üçün qara rəngli avtomobili görən zaman həmin avtomobilin ondan hansı məsafədə olması barədə məlumat verə bilməmişdir. Lakin hadisədən əvvəl yolda təxminən dörd-beş addım atdığını xatırlamışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir, onunla barışıq əldə edilmişdir, ondan şikayət və tələbi yoxdur, bu səbəbdən də təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, ailə üzvləri ilə birlikdə yaşayır. Ruhi-əsəb xəstəliyindən əzab çəkmir. Əvvəllər məhkum olunmamışdır. 10 noyabr 2020-ci il tarixdə, saat 12 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində fəaliyyət göstərən “211” adlı mənzil alqı-satqısı ofisinin qarşısında istifadəsində olan “İnfiniti” markalı nəqliyyat vasitəsi ilə üzü “Mərkəz Binə” deyilən istiqamətdə dayanaraq, qəsəbəyə gətiriləcək İkinci Qarabağ müharibəsində şəhid olmuş şəxsi gözləmiş, həmin vaxtı yolun əks istiqamətində adını qeyd etdiyi ofisin qarşısında “Hyundai Sonata” markalı nəqliyyat vasitəsinin bir qızı vuraraq, yol-nəqliyyat hadisəsi törətdiyini görmüşdür. Dərhal həmin yerə yaxınlaşmış və yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almış şəxsin qohumu Zərərçəkmiş şəxs1 olduğunu görmüşdür. Bundan sonra dərhal Zərərçəkmiş şəxs1 qucağına alaraq, avtomobilinə aparmaq istəyərkən yol-nəqliyyat hadisəsini törətmiş şəxsin yanına gəldiyini görmüş və həmin şəxsə baxanda onun Təqsirləndirilən şəxs olduğunu müəyyən etmiş, Təqsirləndirilən şəxs özünü pis hiss etdiyindən ona atasını götürərək xəstəxanaya gəlməsini və uşağı özünün xəstəxanaya aparacağını bildirmişdir. Bundan sonra Günayı öz istifadəsində olan nəqliyyat vasitəsinə gətirərək avtomobilin arxa oturacağına yerləşdirmiş və ilk olaraq, Binə qəsəbəsində yerləşən X7 Stansiyasına gətirmiş, həmin yerdən isə həkimlər Günayı X7 avtomobilinə yerləşdirərək Bakı şəhər, Sabunçu rayon Xəstəxanasına aparmışlar. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid2 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, 2013-cü il tarixdən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində, 2017-ci il tarixdən isə həmin Nazirliyin su hövzələrində xüsusi riskli xilasetmə taborunun (9983 saylı hərbi hissə) su hövzələrində xüsusi riskli xilasetmə bölüyünün Qəza xilasetmə taqımının komandiri vəzifəsində və baş leytenant rütbəsində işləyir. 10 noyabr 2020-ci il tarixdə, saat 12:40-da Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, “Mərkəz Binə” istiqamətindən “Binə Sovxoz” istiqamətinə gedən yolda yerləşən “211” adlı mənzil alqı-satqısı ofisinin qarşısı ilə yaşadığı evə doğru gedərkən bir qrup insanın yolun hərəkət hissəsinə yığışdıqlarını görmüşdür. İnsanların toplaşdıqları yerə yaxınlaşaraq, nə baş verməsi barəsində maraqlanarkən əvvəllər tanımadığı və hal-hazırda əlamətlərini xatırlamadığı az yaşlı kişi cinsli bir uşağın bir qədər əvvəl yol-nəqliyyat hadisəsinin baş verdiyini, qara rəngli “Hyundai Sonata” minik markalı, ** RN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin başqa bir avtomobili sağ tərəfdən ötmə əməliyyatı ilə keçmək istəyərkən asta hərəkətlə yolun hərəkət hissəsi ilə yolun digər tərəfinə doğru hərəkət edən 2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 vurub qaçdığını və başqa bir avtomobilin isə yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almış Zərərçəkmiş şəxs1 xəstəxanaya apardığını bildirmişdir. Bundan sonra isə baş vermiş hadisə barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “102 xidməti-zəng mərkəzinə” zəng edərək hadisə barəsində məlumat vermişdir. Bir qədər həmin yerdə dayandıqdan sonra özünü yol-nəqliyyat hadisəsini törətmiş avtomobilin sürücüsünün atası kimi təqdim edən şəxs hadisə yerinə yaxınlaşmış və həmin nəqliyyat vasitəsinin sürücüsünün atası olduğunu bildirmişdir. Həmin şəxs hadisənin təsirindən kövrəlmiş və ağlamışdır. Həmin şəxsin özünü hadisəni törətmiş avtomobilin sürücüsünün atası kimi təqdim edərkən həmin yerdə olan insanlar uca səslə sürücünün atasına nə üçün oğlunun hadisə yerindən qaçdığını və vurduğu qızı xəstəxanaya aparmadığını soruşmalarına baxmayaraq, həmin şəxs bu suala hər hansı bir cavab verməmiş və bir qədər həmin yerdə dayandıqdan sonra hadisə yerindən kənarlaşmışdır. Yolnəqliyyat hadisəsi nəticəsində xəsarət almış Zərərçəkmiş şəxs1 hadisəni törətmiş şəxs hadisə yerindən qaçdığı üçün başqa şəxslər xəstəxanaya aparmışlar. Yol-nəqliyyat hadisəsini törətmiş şəxs hadisə yerinə toplaşmış şəxslərə öz şəxsiyyəti haqqında hər hansı bir məlumat verməmişdir. Həmin şəxs Zərərçəkmiş şəxs1 vurduqdan sonra dayanmadan hadisə yerini tərk etmişdir. Hadisə yerinə yaxınlaşarkən yol-nəqliyyat hadisəsi törətmiş “Hyundai Sonata” minik markalı, ** RN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü hadisə yerində olmamışdır və sonradan da hadisə yerinə gəlməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5-Təcrübi və Tədris Birliyinin 19.01.2021-ci il tarixli, 23 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər - komatoz vəziyyətlə müşayiət olunan baş beynin ağır dərəcəli əzilməsi və sıxılması, sol beyin yarımkürəsində hemorragik əzilmə ocaqları, pnevmosefaliya, sol gicgah sümüklərinin kəllə əsasına keçən xətti sınığı, sol təpə nahiyyəsinin əzilmiş yaraları küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun Respublika Nevrocərrahiyyə Xəstəxanası PHŞ-a müraciətindən az əvvələ olmaqla, qərarda göstərilən 10.11.2020-ci il tarixli yol-nəqliyyat hadisəsinə uyğun gəlir və həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aiddirlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19.01.2021-ci il tarixli, 8/46 saylı rəyindən görünür ki, “Hyundai Sonata” markalı, ** RN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarına əlavə edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 10 noyabr 2020-ci il tarixli, 1/5075 saylı aktından görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu müəyyən olunmamışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 17.11.2020-ci il tarixli tələbnaməsindən görünür ki, 20 avqust 1998-ci ildə Şamaxı rayonunda anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs1 məhkəməyə ünvanladığı ərizədən görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını, aralarında barışıq əldə edildiyini qeyd etmişdir. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs2 Aqil oğlunun məhkəməyə ünvanladığı ərizədən görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını, aralarında barışıq əldə edildiyini qeyd etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 28.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikası Konstitusiyasının 125.7-ci maddəsinə əsasən “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” 29.01.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” 15.11.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə həmçinin izah edilsin ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir.” “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında Qanun yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilməsi, yol hərəkəti ilə bağlı insanların həyatının və sağlamlığının qorunması, ətraf mühitin, xüsusi, bələdiyyə və dövlət əmlakının mühafizəsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların ağırlıq dərəcəsinin aşağı salınması üçün tədbirlər görülməsinin hüquqi əsaslarını və bu sahədə dövlətin, habelə yol hərəkəti iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən edir.” Həmin Qanunun 36.3-cü maddəsinə əsasən “Yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar.” Həmin Qanunun 50.1-ci maddəsinə əsasən “Sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir.” Həmin Qanunun 81-ci maddəsinə əsasən “Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.” “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına” dair Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 29 yanvar 2004-cü il tarixli qərarında qeyd edilmişdir ki, CM-nin 264-cü maddəsi nəqliyyat vasitəsini idarə edən, yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan və həmin Məcələnin 263-cü maddəsində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda yol-nəqliyyat hadisəsi yerindən qaçan şəxsin cinayət məsuliyyətinə cəlb olunmasını ehtiva edir. Bu maddənin CM-nə daxil edilməsi yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarına əməl olunması, bu qaydalar pozulduqda isə yol-nəqliyyat hadisəsi nəticələrinin tezliklə aradan qaldırılması, digər şəxslərin hüquqlarının pozulmasının qarşısının alınması və bu hüquqların təxirəsalınmadan bərpa edilməsi zərurətindən və «Yol hərəkəti haqqında» Qanunun müvafiq müddəalarından irəli gəlir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 10 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, CM-in 264-cü maddəsinin məqsədi yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin gələcəkdə mülki hüquqlarının bərpasının mümkün olması üçün yolnəqliyyat vasitələrini idarə edən şəxsləri törədilmiş hadisədən dərhal sonra hadisə yerində qalaraq şəxsiyyəti barədə qarşı tərəfi bu və ya digər vasitə ilə məlumatlandırmağa məcbur etməkdən ibarətdir. Bununla da, yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığına az ağır zərər vurulmuş zərərçəkmiş şəxsə yol-nəqliyyat vasitəsini idarə edən şəxs barəsində dərhal düzgün məlumatı əldə etmək imkanı verilir. Müvafiq olaraq, cinayət qanununun həmin müddəası yol-nəqliyyat vasitəsini idarə edən şəxsin üzərinə fəal və pozitiv öhdəlik qoyur ki, dərhal hadisədən sonra hadisə yerində qalsın, onu tanımaq və mülki hüquqların təmin edilməsi məqsədilə sonradan tapılmasını yüngülləşdirmək üçün lazımi məlumatları bildirsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23.07.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263-1.2 və 264-cü maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22.06.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02.04.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, törətdiyi əməldən səmimi peşmançılığını, zərərçəkmiş şəxslər ilə barışmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən “Zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən haldır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən “Cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən haldır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən “Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz.” Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə azadllıqdan məhrum etmə və CM-nin 264-cü maddəsi ilə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsinə əsasən “Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına, yaxud ümumi istifadədə olan nəqliyyat vasitəsinin idarə edilməsi zamanı ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda - dörd ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinə əsasən “Bu Məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14.11.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Əlavə cəzalar - müstəqil tətbiq edilməyən, yalnız əsas cəzalara qoşulan cəza növüdür. Lakin əsas cəza kimi əlavə cəzalar da cəzaların tənbeh təsirinin gücləndirilməsi, gələcəkdə yeni cinayət törədilməsinin qarşısının alınması, sosial ədalətin bərpası və vurulmuş zərərin ödənilməsi məqsədi ilə tətbiq edilir. Əlavə cəzaların sosial əhəmiyyəti onda ifadə olunur ki, onlar cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsinin təminatını möhkəmləndirir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” 15.11.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 45-ci maddəsinin mənasına görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli-hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilibedilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. Bu növdə əlavə cəzanın səmərəli şəkildə icra olunmasının təmin edilməsi məqsədilə, həbelə şəxsin əməllərinin düzgün tövsif edilməsi üçün sürücülük vəsiqəsinin sübut əhəmiyyətli sənəd olmasını nəzərə alaraq, müvafiq qərar əsasında təqsirləndirilən şəxsin sürücülük vəsiqəsinin əsli götürülməli, cinayət işinə əlavə edilməli və ittiham hökmü qanuni qüvvəyə minənəndək iş materiallarında saxlanılmalı, hökm qanuni qüvvəyə mindikdən sonra isə icra sənədləri ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” 18.06.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.2 və 264-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), habelə CM-nin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, ona təqsirli bilindiyi CM-nin 263-1.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan əsas cəza növü kimi azadlıqdan məhrum etmə cəzası və CM-nin 264-cü maddəsinin sanksiyasında nəzərdə tutulan əsas cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası və hər iki maddə üzrə əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, təyin ediləcək əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalıdır. İş üzrə 100 (bir yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2 və 264-cü maddələri ilə təqsirli bilinsin, Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-in 68.1-ci maddəsinə əsasən iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01.12.2020-ci il tarixdən 03.12.2020-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat, ümumilikdə 270 (iki yüz yetmiş) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar