Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-163/2024 24.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8, Xüsusi ittiham qaydasında barəsində şikayət verilən şəxs X3 iştirakları ilə, 25 sentyabr 1956-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X12 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 çoxsaylı insanların dairəsində onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltdığına, eyni zamanda yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaqla böhtan atdığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsini və barəsində azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını xahiş etmişdir. Xüsusi ittihamçı X12 şikayətini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxs X6 24 avqust 2023-cü il tarixdə ünvan 2 ünvanında yerləşən Xəzər Rayon Məhkəməsinin binasında ona qarşı Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Həmin tarixdə o, 2(003)-1324/2023 saylı mülki iş üzrə Xəzər Rayon Məhkəməsinə cavabdeh qismində dəvət olunmuşdur. Məhkəmə binasında iclasın gedişi zamanı iclas zalında iddiaçı X13 etibarnamə üzrə nümayəndəsi, həmçinin anası X6 əli ilə pis işarə göstərərək nalayiq ifadələr işlədərək, onu söyərək, təhqir edərək şərəf və ləyaqətini alçaltmışdır. Həmin vaxt məhkəmə iclasında iştirak edən icra məmuru onun bu hərəkətlərinin qarşısını almağa calışılmışdır. Həmin vaxt iclas pozulmuş, icra məmuru tərəfindən hadisə barədə akt tərtib edilmişdir. İclas baş tutmamış, ona görə də o, dəhlizə çıxmışdır. Bu zaman Səidə Abasəliyeva cinayətkar hərəkətlərini davam etdirməyə başlamış, dəhlizdə olan insanların gözü qarşısında onu yenidən nalayiq sözlərlə söyərək, pis sözlər işlədərək, onu təhqir edərək, "saxta sənəd düzəldirsən, saxta işlərlə məşğulsan" kimi ifadələr işlədərək ona qarşı böhtan atmışdır. Həmin vaxt orada çoxsaylı insanlar və üzdən tanıdığı Şağan qəsəbə sakini Mirzəməmməd adlı şəxs olmuşdur. Dərhal DİN-in “102” xidmətinə şikayət etmişdir. Şikayəti ilə bağlı Xəzər RPİ-nin 1-ci Polis Şöbəsində araşdırma aparılmış, lakin, araşdırma onu qane etməmişdir. Belə ki, təhqiqatçı araşdırma zamanı aktda göstərilən hərəkətləri məhkəmə zalında hakimə münasibətdə nəzərə almış, S.Abbasəliyevanın İXM-nin 526-cı maddəsilə məsuliyyətə cəlb olunması barədə qərar qəbul etmişdir. Ona münasibətdə əmələ hüquqi qiymət verilməmişdir. Halbuki S.Abasəliyevanın hərəkətləri birbaşa ona qarşı yönəlmişdir. Ona görə də o, Səidə Abasəliyevanın Azərbaycan Respublikası CM-nin 147.1 vǝ 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılması üçün məhkəməyə xüsusi ittiham qaydasında müraciət etmişdir. Səidə Abasəliyeva bu hǝrǝkətlərini dəfələrlə etmiş, onun şərəf və ləyaqətini təhqir etmişdir. Onun bu cinayət əməli şahid X1 şahidliyi ilə, icra məmuru tərəfindən tərtib edilmiş aktla və Xəzər RPİ-nin 1-ci PŞ-nin qərarı ilə təsdiq olunur. X6 bu qeyri-hüquqi, hüquqa zidd hərəkətləri ilə Xəzər Rayon Məhkəməsinin binasında cəmiyyətdə, çoxsaylı insanlar dairəsində ona qarşı böhtan və təhqir xarakterli, nalayiq sözlər işlədərək şərəf və ləyaqətini ləkələyən, şərəf və ləyaqətinə qəsd edən həqiqətə uyğun olmayan yalan məlumatlar yaymışdır. Ona görə də o, X3 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını və barəsində hər maddə ilə 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilərək cəzaları tam toplamaqla ona qəti olaraq 01 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını və 10.000 manat təzminat ödənməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı X12 xüsusi ittiham qaydasında şikayət ərizəsini müdafiə edib ona uyğun ifadə vermiş və təqsirləndirilən şəxs X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunması barədə hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X6 xüsusi ittiham qaydasında ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək qeyd etdi ki, o, X9 təhqir etməmiş, əksinə sonuncu dəfələrlə onu təhqir edərək hədələmişdir. Ədalət Məmmədov onun əlindən evini almaq üçün ona şər və böhtan atır. Ədalət kişi olduğundan qadın olaraq onun Ədaləti təhqir etməsi, hədələməsi ağlabatan və mümkün deyildir. Bu səbəbdən də barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində ifadə verən X15 bildirdi ki, mülki işlə bağlı Xəzər Rayon Məhkəməsinə prosesə gəlmişdir. Mülki iş Səidə xanımla Ədalət Məmmədov arasında olan mübahisə ilə bağlı olmuşdur. Məhkəmədə olan zaman Səidə xanım tərəfindən Ədalət Məmmədov təhqir edilməmişdir. Həmin vaxt o, Ədalət Məmmədovla bərabər məhkəmənin inzibati binasından çıxmışdır. Məhkəmə iclasında iştirak edən şahid X4 ifadəsində qeyd etdi ki, işləri ilə bağlı Xəzər Rayon Məhkəməsinə gəlmişdir. X14 da gözləməsini və kəndə bir yerdə getmələrini demişdir. Bir qədər Ədaləti gözləmiş, lakin sonuncunun gəlmədiyini görərək məhkəmənin binasının ikinci mərtəbəsinə çıxmışdır. Həmin vaxt dəhlizdə bir qadınla Ədalətin mübahisə etdiyini görmüşdür. Lakin həmin qadının Ədaləti təhqir etməsini və ya ona hədə-qorxu gəlməsini görməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Xəzər rayon icra Şöbəsinin İcra məmuru Ş.Neymətzadə tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktın (surətinin) məzmunundan görünür ki, həmin aktın tərtib edilməsinə səbəb məhkəmə iclası zamanı X3 məhkəmənin fəaliyyətinə hörmətsizlik edərək əli ilə X10 pis işarə göstərərək nəlayiq ifadə işlətməsi olmuşdur. - Cinayət işinin rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarın surətindən aydın olur ki, X8 DİN “102” zəng xidmət mərkəzinə müraciəti əsasında aparılmış araşdırmaya əsasən cinayət işinin başlanması rədd edilmiş, X3 barəsində İXM-nin 526-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə göndərilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxs X6 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma— min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma — min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bununla əlaqədar məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Şərəf – cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət – şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz – şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş böhtan cinayəti üzrə şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015-ci il tarixli, 3 saylı qərarının 5-ci bəndində göstərilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Məhkəmə araşdırması zamanı X6 tərəfindən ittiham tərəfi kimi xüsusi ittihamçı X8 şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yalan olduğunu bilə-bilə yayması və kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldan təhqirlər etməsi sübuta yetmədiyindən X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə bəraət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrində nəzərdə tutulmuş böhtan və təhqir cinayətlərinin bilavasitə obyektini şəxsiyyətin şərəfi, ləyaqəti və nüfuzu təşkil edir. Həmin cinayət obyektiv cəhətdən yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymada və şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmada ifadə olunur. Aparılmış məhkəmə istintaqı zamanı X12 təqsirləndirilən şəxs X3 yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yayması barədə xüsusi ittiham qaydasında şikayət ərizəsində gətirdiyi dəlilləri sübut edə bilməmiş, həmin dəlillər məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Göründüyü kimi, X6 tərəfindən X2 çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində böhtan atılması və təhqir edilməsinə dair iş materiallarına xüsusi ittihamçı tərəfindən hər hansı bir mötəbər sübut əlavə edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinin tələbinə görə ittihamı sübuta yetirmək, təqsirləndirilən şəxsin müdafıəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələr digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır.Həmin maddənin İİ və V hissələri müəyyən edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu, hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin 1-ci bəndində, “Mülki və siyasi hüquqlar haqqında Pakt”ın 14-cü maddəsinin 2-ci bəndində və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın 6-cı maddəsinin 2-ci bəndində təsbit olunmuşdur. Həmin müddəalara görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri məhkəmə araşdırması vasitəsilə qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. Təqsirsizlik prezumpsiyası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində də təsbit olunmuşdur. Həmin maddəyə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri həmin Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır (Azərbaycan Respublikası CPM-in 21.1-ci maddəsi). Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-nin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eynilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır (Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsi). Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür (Azərbaycan Respublikası CPM-in 21.3-cü madəsi). Məzmununa görə, yəni Azərbaycan Respublikası CPM-nin bəzi digər normaları, o cümlədən 138.2, 139.04, 233.11, 351.1-351.4-cü maddələrinin müddəaları da təqsirsizlik prezumpsiyasını təmin edir. Göründüyü kimi, Konstitusiyada, beynalxalq müqavilələrdə və ölkə qanunvericiliyində təsbit olunmuş təqsirsizlik prezumpsiyası şəxsin səlahiyyətli məhkəmə qarşısında cinayət mühakiməsindən kənar təqsirli olmağını istisna edir. Bu mənada, təqsirsizlik prezumpsiyası obyektiv hüquqi vəziyyəti əks etdirməklə, təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ya cinayət törətməkdə şübhəli bilinən şəxsi vaxtından əvvəl cinayət törətməkdə təqsirli bilinməkdən qoruyur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəni yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə, İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Hoanq Fransaya qarşı” işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi, cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir (Azərbaycan Respublikası CM-nin 3-cü maddəsi). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə, ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət-hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda, həmçinin, nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə, öz növbəsində, Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.3-cü maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 42.1-ci maddəsinin tələbinə görə cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda, həmçinin təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.1.2-ci maddəsində göstərilmişdir ki, əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Göstərilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, X3 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibi olmadığına görə ona bəraət verilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42, 344-347, 349-350 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: X3 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibi olmadığına görə ona bəraət verilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hökmdən şikayət verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №1(003)-163/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-163/2024
24.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver