Məhkəmə qərarları › İş №1(003)-165/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-165/2022

27.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-165/2022 27.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs3, müdafiəçi – 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1979-cu il tarixdə Gürcüstan Respublikasının Marneuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Üzümçülük Sovxozunda qeydiyyatda olub fərdi yaşayış evində yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)- 514/2021 saylı 22 dekabr 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduğu 20 dekabr 2021-ci il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan- - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.2, 177.2.3 və 185.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla təkrarən oğurluq etmiş, həmçinin talama məqsədi olmadan atasına məxsus avtomobili qaçırıb qanunsuz yolla ələ keçirmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Üzümçülük sovxozunda Zərərçəkmiş şəxs1 məxsus iki mərtəbəli fərdi yaşayış evinə 08 noyabr 2021-ci il saat 18-dən 13 noyabr 2021-ci il saat 17-ə kimi fərdi yaşayış evində heç kimin olmadığı müddət ərzində fərdi yaşayış evinin qarajının nəfəsliyinin və fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən yarımçıq təmir olunmuş yataq otağının plastik pəncərəsinin üzərindəki dəmir barmaqlıqları sındırmaq yolu ilə qanunsuz olaraq fərdi yaşayış evinə daxil olub fərdi yaşayış evinin qarajından dəyəri 700 manat olan bir ədəd “BEKO” markalı kondisionerin mühərrik və splintinin sökülməsi yolu ilə içərisində olan əlvan metalları, dəyəri 50 manat olan bir ədəd “URAL ZİD” markalı dreli, dəyəri 30 manat olan bir ədəd “ATEC” markalı laqondanı və dəyəri 150 manat olan bir ədəd nerj materialından olan, SSRİ istehsallı samovarı gizli yolla talayıb oğurlayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 930 manat miqdarda maddi ziyan vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyəti ilə təkrarən Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Üzümçülük Sovxozunda yerləşən, Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinə 15 noyabr 2021-ci il tarixdən 17 noyabr 2021-ci il tarixinə kimi fərdi yaşayış evində heç kimin olmadığı müddət ərzində fərdi yaşayış evinin plastik pəncərəsinin dəmir barmaqlıqlarını sındırmaq yolu ilə qanunsuz daxil olaraq fərdi yaşayış evindən dəyəri 1530 manat olan kombini, dəyəri 200 manat olan samovarı, dəyəri 450 manat olan paltaryuyan maşını, dəyəri 70 manat olan elektrik tənzimləyicisini, dəyəri 300 manat olan yataq üzlükləri və masa süfrəsini, dəyəri 150 manat olan su qızdırıcısını, dəyəri 300 manat olan müxtəlif məişət qab-qacaqlarını, dəyəri 42 manat olan hidroforla birlikdə su nasosunu gizli yolla talayıb oğurlayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 3042 manat maddi ziyan vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs talama məqsədi olmadan 06 dekabr 2021-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Üzümçülük sovxozunda Zərərçəkmiş şəxs3 məxsus, 2000-ci il istehsallı, dəyəri 4.000. manat olan “VAZ-21045” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobili qaçırıb qanunsuz yolla ələ keçirmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxslərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 185.1-ci maddələrində nəzərdə tutulan ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, əvvəllər dəfələrlə Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə məhkum olunmuş, 17 avqust 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bir müddət şəxsi sürücü kimi fəaliyyət göstərmişdir. Atası Məclum və qardaşı Səyyar onunla yola getmir, ona görə də onun yenidən azadlıqdan məhrum olunmağını istəyirlər. 2021-ci ilin oktyabr ayının sonlarında saat 17 radələrində atasına məxsus olan və yaşadığı Xəzər rayonu Türkan qəsəbəsi Üzümçülük sovxozunda yerləşən fərdi yaşayış evində olmuş, bu zaman Səyyarın kürəyində parçaya bükülmüş əşya ilə gəldiyini, Səyyarın parçanı açmadan kürəyində olan əşyanı fərdi yaşayış evinin həyətyanı sahəsində olan yarımçıq tikilinin damına atdığını görmüşdür. Ertəsi gün Səyyar qeyd etdiyi parçada olan əşyaları fərdi yaşayış evinin mətbəxinə gətirərək orada bükülü vəziyyətdə olan parçanı açmışdır. Həmin parçanı açdıqda bükülü parçadan markasını və rəngini xatırlamadığı qutuda olan laqonda, markasını və rəngini xatırlamadığı su nasosu, əlamətlərini xatırlamadığı samovar, qutusunda olmayan, markasını və rəngini xatırlamadığı daha bir laqonda, qardaşının deməsinə görə kondisionerin içərisindən sökülərək çıxarılmış əlvan metal olduğunu görmüşdür. Səyyardan qeyd edilən əşyaları haradan əldə etdiyini soruşduqda, o, qonşuluqda olan iki mərtəbəli evdən oğurluq etdiyini, qeyd edilən evdən başqa oğurluq etmədiyini və həmin əşyaları oğurladığını bildirmişdir. Səyyar qeyd edilən əşyaları satmaq üçün aparmaq istəyərkən atası Məclum Səyyara qutuda bağlı vəziyyətdə olan laqonda və su nasosunu almaq istədiyini bildirmiş, Səyyarın qeyd edilən əşyaları neçəyə satmasını soruşmuşdur. Səyyar laqonda və su nasosunu 100 manata satdığını bildirmiş, bundan sonra atası cibindən bir ədəd 100 manatlıq əskinas çıxardaraq Səyyara vermişdir. Səyyar bundan sonra digər əşyaları götürərək çıxıb getmişdir. Dekabr ayının əvvəllərində Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinin əməkdaşları ona Xaçmaz rayonu ərazisində yaxınlaşaraq atası Məclumun ondan şikayət etidiyini və ona məxsus olan avtomobili qaçırtdığını bildirmiş, polis əməkdaşlarına “baxın, görün adam tutdurmaq necə olur” deyərək qardaşı Səyyarın qonşuluqda olan iki mərtəbəli fərdi yaşayış evindən oğurluq etdiyini, əşyaların bir qismini atasına satdığını və həmin əşyaların hal-hazırda atasına məxsus olan yaşadıqları evdə olduğunu bildirmişdir. O, heç bir yerdən oğurluq etməmiş və heç bir başqa cinayət törətməmişdir. Bütün bunların nəzərə alınaraq barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 göstərdi ki, Suraxanı rayonu Mənzil-Kommunal Təsərrüfat Birliyinin traktorçusu işləyir. Oğlu Təqsirləndirilən şəxs dəqiq tarixi xatırlamır, 17-21 noyabr aralığında 2021-ci il tarixində yaşadığı ünvana gələrək dostlarının ona laqonda və su nasosu hədiyyə etdiyini bildirmiş, həmin əşyaları 100 manata almağı təklif etmişdir. O, Turaca əvvəlcə inanmamış, Turacı qeyd edilən əşyaları haradan əldə etdiyini ona deməsi üçün çox sıxmışdır. Turac bir neçə dəfə daha oğurluq etmədiyini bildirmiş, hətta yaşadıqları evdə “Qurani-Kərim”-ə əlini basaraq oğurluğa və pis əməllərə tövbə etmişdir. Buna görə də Turaca inanmış, nə qədər pis övlad olsa da, yenə də onun övladı olduğuna görə ona inanaraq onu bağışlamışdır. Turac onu satdığı əşyaların oğurluq olmadığına əmin etmiş, o da ondan bir ədəd su nasosunu və laqondanı daşları ilə birlikdə 100 manata almışdır. Həmin laqonda boz rəngli, “ATEC” şirkətinin istehsalı, su nasosu isə göy rəngli, “Marquis” şirkətinin istehsalı olmuşdur. 2021-ci ilin dekabr ayının əvvəllərində Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşaraq onda oğurluq əşyaların olduğunu bildirmiş, o, ilk əvvəl nə baş verdiyini anlamamış, sonradan Turacın ona satdığı laqonda və su nasosunun oğurluq olduğunu öyrənmuişdir. Bundan sonra o, Turacdan aldığı laqonda və su nasosunu polis əməkdaşlarına təqdim etmişdir. 06 dekabr 2021-cil il tarixdə günorta saatlarında yorğun olduğuna görə yatmış, yuxudan oyandıqda özünə məxsus, Türkan qəsəbəsi Üzümçülük sovxozunda yerləşən fərdi yaşayış evinin qarşısında saxladığı “VAZ-2104” markalı, **-CA- *** dövlət qeydiyyat nişanlı avtomobilin yerində olmadığını görmüşdür. Həmin vaxt digər oğlu Səyyar da evdə yatıbmış. Səyyarı yuxudan oyadaraq avtomobilin harada olması, kim tərəfindən aparılması barədə məlumatının olmasını soruşduqda Səyyar bu barədə məlumatının olmadığını bildirmişdir. Bundan sonra o, Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Bununla bağlı Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Polis əməkdaşları tərəfindən ona məxsus avtomobilin oğlu Turac tərəfindən aparılması müəyyən edilmiş və həmin avtomobil ona qaytarılmışdır. Polisə ərizə ilə müraciət edərək özünə məxsus avtomobilin qaçırılması ilə bağlı hər hansı şikayət və tələbinin olmadığını bildirmişdir. Oğlu olduğu və onun düzgün yola qayıdacağına inandığı üçün Turaca daha bir şans vermişdir. Lakin Turac öz qanunsuz əməllərindən əl çəkmir, əvvəllər bir neçə dəfə məhkumluq həyatı yaşamasına baxmayaraq islah olunmur, yenidən cinayət əməlləri törədir, öz zəhməti ilə qazanıb yaşamaq fikrindən uzaqdır, tüfeyli həyat tərzi sürməyinə davam edir. Turac nəinki ailəsi üçün, bütün cəmiyyət üçün təhlükə mənbəyidir. Bir ata olaraq Turac kimi oğlunun olduğuna görə utanır. Artıq Turacla bir damın altında yaşamaqdan qorxur və onun islah olunacağına ümidi qalmamışdır. Turacın ona məxsus avtomobili qaçırması ilə bağlı ərizə ilə müraciət edərək şikayət və tələbinin olmadığını bildirsə də, səhv etdiyini dərk edir, Turacın ona məxsus “VAZ-2104” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobili qaçırması ilə bağlı şikayətçidir, buna görə də onun cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Oğlu olmasına baxmayaraq, Turaca heç vaxt ona məxsus avtomobili sürməyə icazə verməmiş, ümumiyyətlə heç kimə ona məxsus avtomobili ailə üzvü olsa belə, onun xəbəri olmadan idarə etməyə icazə verməmişdir. Turac sonuncu dəfə azadlığa çıxdıqdan sonra zəhməti ilə dolanıb normal həyat tərzi yaşamağına ona söz versə də, o, yenə də tüfeyli həyat tərzi yaşamağa davam etmiş, ailə içində onu və digər ailə üzvlərini etdiyi hərəkətləri ilə nüfuzdan salmışdır. Ona məxsus “VAZ-2104” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiyməti təqribən 4.000. manat olmuş, Turacın ona məxsus avtomobili qaçırması nəticəsində avtomobilə hər hansı ziyan dəyməmişdir. Həmçinin 19 dekabr 2021ci il tarixdə evində olan zaman Turac evə gələrək onunla mübahisə etməyə başlamış, ona “sən niyə mənim sənə laqonda və su nasosunu satmağımı polislərə deyib satqınlıq etmisən, sən bilmirsən ki, satqınlığın axırı yoxdu, buna görə adamla nə edərlər” demiş və boğazından tutmuş, ünvanına dilinə gətirməyə utandığı nalayiq ifadələr işlətmişdir. Turaca onun atası olduğunu bildirmiş, tüfeyli həyatına son qoymağı və öz çirkin əməllərindən əl çəkməyini tələb etmişdir. Turac ondan fiziki cəhətdən çox güclü olduğuna görə ona gücü çatmamış, Turac isə ondan əl çəkməmiş, boğazından tutub sıxmağa davam etmiş, bu zaman digər oğlu Səyyar səs-küyə gəlmiş, Turacı ondan ayırmaq istəsə də, buna gücü çatmamışdır. Kənardan bir əşya götürüb Turaca vurmuş, bundan sonra Turac onu buraxmışdır. Turac əsəbi halda “sizin başınıza mən oyun açım, siz də baxın, görərsiz adam tutdurmaq necə olur” deyərək evi tərk edib çıxıb getmişdir. Buna görə də o, Turacla barışmamışdır, ondan şikayətçidir və törətdiyi əməlinə görə Turaca müvafiq cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs1 30 mart 2022-ci il və 20 aprel 2022-ci il tarixlərdə məhkəməyə teleqramlar ünvanlayaraq uzaq yerdə hərbi xidmətdə olduğuna görə məhkəmə iclaslarında iştirak edə bilmədiyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini, təqsirləndirilən şəxs tərəfindən ona vurulan ziyanın ödənilmədiyini və şikayətçi olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1 həmin teleqramları nəzərə alınaraq məhkəmə iclasında onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilməklə müəyyən edildi ki, o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsində Bölmə rəisi vəzifəsində işləyir, mayor hərbi rütbəsindədir. Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsində yerləşən, özünə məxsus qeydiyyatsız fərdi yaşayış evi vardır. 08 noyabr 2021-ci il tarixdə saat 18-dən sonra həmin evdən çıxaraq işlərinin dalınca getmiş, 13 noyabr 2021-ci il tarixdə saat 17 radələrində qeyd edilən evə qayıtdıqda iki mərtəbəli fərdi yaşayış evinin qarajının qapısının və birinci mərtəbədə yerləşən yarımçıq təmir olunmuş yataq otağının plastik pəncərəsinin dəmir barmaqlıqlarının sındırıldığını və həmin plastik pəncərənin ona məlum olmayan üsulla açıldığını görmüşdür. Fərdi yaşayış evinin qarajında olan ağ rəngli “Beko” markalı kondisionerin mühərrik və splintinin sökülərək içərisində olan əlvan metalların çıxarıldığını, bundan başqa, qarajda olan bir ədəd “URAL ZİD” markalı drel və “ATEC” markalı laqondanın və nerj materialından olan SSRİ istehsallı samovarın oğurlandığını aşkar etmişdir. Həmçinin qarajda olan “Marquis” markalı su mühərrikinin və qazla olan su qızdırıcısının yerindən çıxarılaraq qarajın giriş qapısının yaxınlığında yerə qoyulduğunu aşkar etmişdir. Bundan sonra fərdi yaşayış evinin otaqlarına daxil olarkən birinci mərtəbənin taxta materialından olan tavanının deşilərək fərdi yaşayış evinin ikinci mərtəbəsinin dəhlizinə daxil olmaq yolu ilə otaqlara keçməklə otaqda olan əşyaların dağınıq hala salınmasını və orada olan bəzi məişət əşyalarının yataq dəsti üzlüklərinə yığılaraq birinci mərtəbənin yataq otağının pəncərəsinin qarşısına qoyulduğunu müəyyən etmişdir. Lakin fərdi yaşayış evinin birinci və ikinci mərtəbəsində yerləşən otaqlardan hər hansı əşya oğurlanmamışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində oğurlanan məişət əşyası və təmir alətlərinin ümumi dəyəri təqribən 970 manat olmuşdur. Belə ki, ağ rəngli “Beko” markalı kondisioneri təqribən 7 il bundan öncə Bərdə şəhərində yerləşən elektrik malları dükanından kreditlə almış, həmin kondisioner ona kreditlə 1300 manata başa gəlmişdir. Həmin vaxt qeyd edilən kondisionerin nağd qiyməti təqribən 1100 manat olmuşdur. Həmin kondisionerin hal-hazırda işlənmiş vəziyyətdə qiyməti təqribən 700 manat civarında olmuş, “URAL ZİD” markalı dreli və “ATEC” markalı laqondanı isə təqribən iki il bundan öncə 8-ci kilometr bazarında müvafiq olaraq 50 və 70 manata, SSRİ istehsallı, nerj materialından olan samovarı isə Bərdə şəhərində yerləşən bazardan 55 manata almışdır. Hal-hazırda həmin samovarın orta bazar qiyməti 150 manat olmuşdur. Qeyd edilən əşyalardan başqa ona məxsus olan, Xəzər rayonu Türkan qəsəbəsində yerləşən qeydiyyatsız fərdi yaşayış evindən hər hansı əşya oğurlanmamışdır. Lakin ona məxsus olan fərdi yaşayış evinin birinci mərtəbəsinin taxta materialından olan tavanının yararsız hala salınması nəticəsində ona təqribən 500 maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs2 21 aprel 2022-ci il tarixdə məhkəməyə elektron qaydada Ərizə ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmədə iştirak edə bilmədiyini, ona dəymiş ziyanın ödənilmədiyini, zərərin ödənilməsini tələb etdiyini göstərmiş, həmçinin, Təqsirləndirilən şəxs cəza verilməsi barədə heç bir şikayətinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs2 həmin Ərizəsi nəzərə alınaraq məhkəmə iclasında onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilməklə müəyyən edildi ki, onun Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Üzümçülük sovxozunda yerləşən bağ evi vardır. Yay aylarında bağ evində qalsa da, havalar soyuduqdan sonra arabir həmin bağa baş çəkir. 15 noyabr 2021-ci il tarixdə həmin bağa getmiş, növbəti dəfə 17 noyabr 2021-ci il tarixdə həmin bağa gedən zaman naməlum şəxs və ya şəxslərin evin pəncərəsinin dəmir barmaqlıqlarını və plastik pəncərəsini qırma yolu ilə evə daxil olduğunu müşahidə etmiş, ilk əvvəl evə nəzər yetirdikdə evdən 1530 manat dəyərində 32-lik kombinin, 200 manat dəyərində samovarın, 450 manat dəyərində paltaryuyan maşının 70 manat dəyərində elektrik tənzmimləyicisinin, paltar dolabından 300 manat dəyərində istifadə olunmamış yataq üzlüklərinin və süfrənin yerində olmadığını görmüşdür. Həmin vaxt hesablayanda ona 2200 manat maddi ziyan dəydiyini aşkar etmişdir. Lakin daha sonra ailə üzvləri ilə evə nəzər yetirdikdə yataq otağında 150 manat dəyərində su qızdırıcısının, 300 manat dəyərində qab-qacaqların və həyətdən 140 manat dəyərində hidroforla birlikdə su nasosunun da oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 3140 manat maddi ziyan dəymişdir. İş materiallarında olan üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs3 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarından görünür ki, bir ədəd “ATEC” markalı laqonda Zərərçəkmiş şəxs1 tanınmaya təqdim edilmiş, Zərərçəkmiş şəxs1 təqdim edilən əşyanı tanıyaraq ona məxsus fərdi yaşayış evindən baş vermiş oğurluq nəticəsində oğurlanan əşyalardan biri olduğunu göstərmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 03 fevral 2022-ci il tarixli, 9/200 nömrəli rəyindən görünür ki: 01 ədəd qutuda “ATEC” AT8524B A 60 markalı, “1010W 125mm 220-240V” laqondanın və 01 ədəd hidroforla birlikdə “Marquis MKP62” markalı, 220-240V su nasosunun 2021-ci ilin noyabr ayına olan orta bazar qiyməti müvafiq olaraq 30 (otuz) manat və 42 (qırx iki) manat təşkil edir. Ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 72 (yetmiş iki) manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50,00 (əlli) manat təşkil edir. İş materiallarından görünür ki, maddi sübut - 01 ədəd “ATEC” markalı laqonda Zərərçəkmiş şəxs1 və “VAZ-21045” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs3 qaytarılmış, 01 ədəd “MARQUİS” markalı su nasosu hidroforla birlikdə Xəzər RPİ-nin Saxlanc Yerində saxlanılır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 20 yanvar 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 yanvar 2020-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 17 avqust 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir (götürülməmişdir). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla təkrarən oğurluq etməsi, həmçinin talama məqsədi olmadan atasına məxsus avtomobili qaçırıb qanunsuz yolla ələ keçirməsi cinayətlərini törətməsini etiraf etməməsinə baxmayaraq, onun həmin cinayətləri törətməsi zərərçəkmiş şəxslərin ifadələri, ekspertiza rəyi və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü təqsirli bilməməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin həmin ifadəsi zərərçəkmiş şəxslərin ifadələri, ekspertiza rəyi və cinayət işinin digər materialları ilə təkzib edilir. Ona görə də məhkəmə belə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olub cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 185.1-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrlə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə (götürülməməsinə) baxmayaraq, yenidən qəsdən cinayət törətməsini və bununla da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halların olmamasını və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 185.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 185.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2 maddələsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli 20 dekabr 2021-cu il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut - 01 ədəd “ATEC” markalı laqondanın Zərərçəkmiş şəxs1 və “VAZ- 21045” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınmalıdır. Maddi sübut - Xəzər rayon Polis İdarəsinin Saxlanc Yerində saxlanılan 01 ədəd “MARQUİS” markalı su nasosu hidroforla birlikdə hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə qaytarılmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxslər tərəfindən müxtəlif məbləğlərdə maddi ziyanın mövcudluğu göstərilsə də, təqsirləndirilən şəxsə qarşı belə bir tələb irəli sürülmədiyindən, həmin ziyanın tutulması barədə hər hansı qərar qəbul edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, həmin zərərçəkmiş şəxslərə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 50,00 (əlli) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2, 177.2.3 və 185.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 50 iş saatına görə (ibtidai istintaq zamanı 30 saat və və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 20 saat) cəmi 300 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 185.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli tutulduğu 20 dekabr 2021-ci il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - 01 ədəd “ATEC” markalı laqondanın Zərərçəkmiş şəxs1 və “VAZ-21045” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınsın. Maddi sübut - Xəzər rayon Polis İdarəsinin Saxlanc Yerində saxlanılan 01 ədəd “MARQUİS” markalı su nasosu hidroforla birlikdə hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə qaytarılsın. Zərərçəkmiş şəxslərə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Təqsirləndirilən şəxs 50,00 (əlli) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 240,00 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar