Məhkəmə qərarları › İş №1(003)-166/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-166/2022

11.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-166/2022 11.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1982-ci il tarixdə Cəlilabad rayonunun Sərhədabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı və yetkinlik yaşına çatmayan bir uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonunun Sərhədabad kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Suraxanı rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyində yerləşən mənzildə yaşamış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-522/2021 saylı 30 dekabr 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 28 dekabr 2021-ci il tarixdən hesablanan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı X3 ilə cinayət əlaqəsinə girərək özgənin əmlakını ələ keçirməklə etibardan sui-istifadə etmə, aldatma yolu ilə Zərərçəkmiş şəxs məxsus heyvanların ətini satdıqdan sonra pulunu ödəyəcəyinə dair yalan vəd verib inandıraraq ona olan inam və etibarından istifadə edib Zərərçəkmiş şəxs 2020-ci ilin dekabr ayından 2021-ci ilin may ayınadək olan müddət ərzində ətinin bir kiloqramı 9,40 manat olmaqla ümumi dəyəri 5350 manat olan 02 baş iri buynuzlu heyvanın ümumi 569 kiloqram ətini, 01 baş diri çəkisi 970 manat olan iri buynuzlu heyvanı, 01 başı 2333,33 manat olmaqla ümumi dəyəri 7000 manat olan 03 baş iri buynuzlu diri heyvanı, bir başı 136 manat olmaqla ümumi dəyəri 680 manat olan 05 baş xırda buynuzlu heyvanın ətini Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsindən yük maşını ilə apararaq ümumilikdə Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni 14000 (on dörd min) manat pulunu ələ keçirib vədinə əməl etməyərək zərərçəkmiş X4 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, 15-16 ildir ki, ət kəsimi ilə məşğul olub ailəsini dolandırır. Zərərçəkmiş şəxs təxminən 2020-ci ilin dekabr ayında işləmiş olduğu Xətai rayonunda yerələşən “qaçqın bazarı” deyilən bazarda tanımışdır. Belə ki, 2020-ci ilin dekabr ayında Cəfər onun işlədiyi ət bazarına gələrək özünə məxsus olan iri buynuzlu heyvanları satmağa gətirmiş, o da ilk dəfə ondan nağd pula iri buynuzlu heyvan alaraq kəsmişdir. Bundan sonra aralarında münasibət yaranmışdır. Həmin vaxt Cəfər ona bildirmişdir ki, o, ondan nə vaxt iri və yaxud da xırda buynuzlu heyvan istəsə, təşkil edə bilər. Bu səbəbdən də o, Cəfərin mobil nömrəsini almışdır ki, lazım gəldikdə onunla telefon əlaqəsi saxlasın. Cəfərdən aldığı iri buynuzlu heyvanın hər bir kiloqramını 9 (doqquz) manatdan almışdır. İri buynuzlu heyvanın kiloqramını Cəfər ucuz qiymətə verdiyindən, ona sərf etmişdir. Bu səbəbdən o, qərara gəlmişdir ki, Cəfərdən yenə də kəsim üçün iri buynuzlu heyvan alsın. Bu minvalla da o, elə yaxın tarixdə yəni 2020-ci ilin dekabr ayında Cəfərə bildirmişdir ki, ona 3 baş iri buynuzlu heyvan lazımdır, lakin pulunu əti satdıqdan sonra verəcəkdir. Cəfər onunla razılaşmış və ona sifariş verdiyi 3 baş iri buynuzlu heyvanı dövlət nömrə nişanını xatırlamadığı “QAZEL” markalı avtomaşınla göndərmiş, o da həmin heyvanları sürücüdən qəbul etmişdir. Cəfərlə telefon vastəsi saxlamiş və onu əmin etmişdir ki, pulunu əti kəsib satdıqdan sonra ödəyəcək. Lakin borcları olduğundan, məcburiyyət qarşısında qalıb Cəfərə yalan danışmış, heyvanları kəsdikdən sonra ətini satıb pulunu bağlayacağını demişdir. Həmin vaxt bazardan tanıdığı, Ucar rayonunun Müsüllü kəndindən olan və bazara satmağa iri buynuzlu heyvan gətirən X5 da onun yanında olmuşdur. Samir onun Cəfərlə aralarında olan danışıqlarını eşitmiş və nisyə olaraq Cəfərdən iri buynuzlu heyvan almaq istədiyini ona bildirmişdir. O da təkrarən Cəfərlə telefon əlaqəsi saxlayıb tanışı Samirin ondan nisyə 3 (üç) baş iri buynuzlu heyvan almaq istədiyini demişdir. Cəfər onu tanıdığını deyib elə həmin gün 3 (üç) baş iri buynuzlu heyvanı həmin “QAZEL” markalı avtomaşınla bazara göndərmiş, Samir də həmin heyvanları qarşılamışdır. Sonradan Samirin həmin heyvanları kimə və neçəyə satdığını o, bilməmişdir. O, Cəfərdən aldığı 3 baş iri buynuzlu heyvanı kəsərək hər kiloqramını 9,50 (doqquz, əlli) manatdan satmış, əldə etdiyi pulla öz şəxsi borclarını ödəmişdir. Bundan bir müddət sonra Cəfər ondan pulunu tələb etməyə başlamış, o, ona problemləri olduğunu və pulu xərclədiyini, lakin borcunu ən qısa zamanda ödəyəcəyini demişdir. Cəfər ona inanmış və etibar etməyə davam etmişdir. 2021-ci ilin may ayında Cəfər ona yenə zəng vurub pulunu tələb etməyə başlamış, həmin vaxt Samir də onun yanında olmuşdur. Samir də Cəfərdən nisyə götürdüyü 3 baş iri buynuzlu heyvanı satıb pulunu xərclədiyindən, o da Cəfərə bildirmişdir ki, ona təkrarən kəsib satmaq üçün heyvan versin və onun borcunu da ödəsin. Cəfər onunla razılaşmış və onlar Samirlə birlikdə Cəfərin yaşadığı Qala qəsəbəsinə getmişlər. Orda Cəfər iri buynuzlu heyvan verə bilməyəcəyini, əvəzində xırda buynuzlu heyvan verə biləcəyini onlara bildirmiş və onlar Cəfərin təklifi ilə razılaşmışlar. Cəfər dövlət nömrə nişanını xatırlamadığı “QAZEL” markalı avtomaşın tapmış və 5 baş xırda buynuzlu heyvanı avtomaşının yük yerinə yüklətdirmişdir. Cəfərlə xırda buynuzlu heyvanın ətinin hər kiloqramını 8 (səkkiz) manatdan razılaşmışlar. Onlar Samirlə gəldikləri dövlət nömrə nişanını xatırlamadığı avtomaşına əyləşmiş və yola düşmüşlər. “QAZEL” markalı avtomaşın da arxalarınca gəlmişdir. Heyvanları bazara aparıb kəsərək satmağa başlamış, əti satdıqdan sonra Cəfərin pulunu ödəməyi nəzərlərində tutmuşlar. Lakin Cəfər vaxtında pulunun dalınca gəlmədiyindən, həmin malın pulunu da xərcləmişlər. Onların Cəfərə ümumilikdə 14.000 manat borcları vardır. Həmin puldan 7.000 manatı onun, 7.000 manatı isə Samirin üzərinə düşmüşdür. Maddi imkanı olmadığı üçün zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı indiyə qədər ödəyə və onunla barışa bilməmişdir. Əməlindən peşmandır, himayəsində iki azyaşlı və yetkinlik yaşına çatmayan bir uşağı vardır. Mülki iddianı etiraf edir, lakin həmin məbləği bir dəfəyə ödəmək imkanı yoxdur, əgər ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilərsə, işləyərək həmin məbləği hissə-hissə ödəyəcəkdir. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilən Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə göstərdi ki, Zərərçəkmiş şəxs onun oğludur. 2022-ci ilin fevral ayının 14-də Cəfər işləmək üçün Rusya Federasyasına getmiş, getməmişdən öncə isə ona etibarnamə vermişdir ki, o Cəfərin adından istintaq orqanlarında iştirak etsin. O, Təqsirləndirilən şəxs tanıyır. Elməddin bir neçə dəfə onun yaşadığı ünvana gələrək tövlədə heyvanlara baxmış, hətta onların evində oturub çay da içmişdir. Cəfər 2020-ci ilin dekabr ayında bazara satmağa iri buynuzlu heyvan aparmış, həmin heyvanı nağd olaraq Elməddinə satmışdır. Bundan sonra Cəfərlə Elməddinin arasında münasibət yaranmışdır. Elə həmin ayda Elməddinin xahişi ilə Cəfər həyətlərində olan 6 baş iri buynuzlu heyvanı nisyə satıb pulunu ödəmək məqsədi ilə Elməddinə göndərmişdir. Bütün bunlardan onun da məlumatı olmuşdur. Sonuncu dəfə 2021-ci ilin may ayında Elməddin yanında Samir adlı şəxslə birlikdə onların yaşadıqları Qala qəsəbəsindəki evlərinə gəlmiş və Cəfərlə danışıb razılaşdıqdan sonra Cəfər onlara 5 baş xırda buynuzlu heyvan nisyə olaraq vermişdir. Elməddin və Samir Cəfərin etibarından suiistifadə edərək 14000 (on dörd min) manat pullarını dələduzluqla ələ keçirmişlər. Cəfərə dəymiş ziyan indiyə qədər ödənilməmişdir. Buna görə də o, Elməddinə qarşı mülki iddia ilə məhkəməyə müraciət edərək ondan maddi ziyana görə 7000 (yeddi min) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bunların nəzərə alınaraq mülki iddianın təmin edilməsini, dəymiş maddi ziyanın ödənilməsinə köməklik göstərilməsini və Elməddinə törətdiyi əməlinə görə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs elan olunmuş ifadəsi ilə müəyyən edildi ki, o, yaşadığı evin həyətyani sahəsində iri və xırda buynuzlu heyvanlar saxlayır onları böyüdüb sonra ət bazarlarına satmaqla məşğul olur. Təqribən 2020-ci ilin dekabr ayında o, Xətai rayonu ərazisində yerləşən “Qaçqın ət bazarı”na satmaq üçün iri buynuzlu heyvan aparmış və orada Elməddin adlı şəxslə tanış olmuşdur. Elməddin həmin bazarda ət kəsimi və satışı ilə məşqul olurmuş. Həmin vaxt Elməddin onun bazara çıxardığı iri buynuzlu heyvana baxdıqdan sonra almaq istədiyini bildirmişdir. O, həmin heyvanı ona nağd olaraq satmışdır. Ət kəsənlər çox tək hallarda iri buynuzlu heyvanı nağd qiymətə alırlar. Həmişə heyvanı ət kəsənlərə verir, kəsib satdıqdan sonra pulunu hissə-hissə olmaqla ödəyirlər. Elməddin nağd qiymətə heyvanı ondan aldığı üçün ona etibarı yaranmış və o, Elməddinə təklif etmişdir ki, ona nə vaxt nisyə iri buynuzlu heyvan lazım olarsa, verə biləcəkdir. Bundan sonra Elməddin onun əlaqə nömrəsini almışdır. Bir neçə gün sonra Elməddin onunla telefon əlaqəsi saxlayaraq ona 3 baş iri buynuzlu heyvan lazım olduğunu bildirmişdir. Elməddinə inandığı üçün Elməddinin ona etdiyi təkliflə razılaşmışdır. Belə ki, Elməddin ondan xahiş etmişdir ki, iri buynuzlu heyvanları kəsib satdıqdan sonra onun pulunu ödəyəcəkdir. O, Elməddinin xahişi ilə tanıdığı “QAZEL” sürücüsü Şahidla telefon əlaqəsi saxlamış, Azad idarə etdiyi “QAZEL” markalı **-KX-*** dövlət nömrə nişanlı avtomaşınla onun yaşadığı Qala qəsəbəsində yerləşən həyətyanı sahəyə gəlmişdir. O, Azadın idarə etdiyi avtomaşına 3 baş iri buynuzlu heyvan yükləyib Xətai rayonu ərazisində yerləşən “Qaçqın ət bazarı”na yola salmışdır. Bundan təqribən 3 saat sonra Elməddin təkrarən ona zəng edərək tanışı olan Samir adlı şəxsə də nisyə olaraq 3 baş iri buynuzlu heyvan lazım olduğunu demişdir. Elməddinə Samiri tanımadığını, pulunu ondan alacağını demiş, Elməddin də onunla razılaşmışdır. O, yenə də tanışı olan “QAZEL” markalı avtomaşının sürücüsü Azadla telefon əlaqəsi saxlayıb çağırmış və 3 baş idi buynuzlu heyvanı Azadın idarə etdiyi avtomaşına yükləyib həmin ünvana yola salmışdır. O, Elməddinə 305 kiloqramlıq dananı ət çəkisi ilə hesablayaraq 2483 manata digər dananı, yəni 264 kiloqramlıq dananı ət çəkisi ilə hesablayaraq 2483 manata, üçüncü dananı diri halda 970 manata vermişdir. Həmin heyvanların ümumi dəyəri 6320 manat etmişdir. Samirə satdığı 3 baş iri buynuzlu heyvanı ət çəkisi ilə hesablayıb hər biri 2333 manat olmaqla ümumilikdə 7000 manata vermişdir. Bundan bir neçə ay keçdikdən sonra Elməddindən səs-soraq çıxmadığından, o, Elməddinlə telefon əlaqəsi saxlayıb pulunu tələb etməyə başlamışdır. Elməddin hər dəfə müxtəlif bəhanələr gətirərək pulunu ödəməkdən yayınmışdır. 2021-ci ilin təqribən may ayında o, növbəti dəfə Elməddinə zəng vurub pulunu tələb etdikdə Elməddin onunla görüşmək istədiyini demişdir. O, Elməddini yaşadığı Qala qəsəbəsinə dəvət etmişdir. Yaşadığı evin qarşısında Elməddin və bir nəfər şəxslə görüşmüşdür. Elməddin həmin şəxsi ona Samir kimi tanıtdırmış və 3 baş iri buynuzlu heyvanın pulunun Samirdə olduğunu demişdir. Aralarında olan söhbət əsnasında Elməddin ona bildirmişdir ki, onun pulunu qısa müddət ərzində ödəyəcəklər. Lakin bunun üçün onlara təkan lazımdır. Bunun üçün ondan kəsib satmaq üçün heyvan istəmişlər. O, Elməddinə xırda buynuzlu heyvan verə biləcəyini demiş, Elməddin və Samir onun təklifi ilə razılaşmışlar. Bundan sonra o, dövlət nömrə nişanını xatırlamadığı “QAZEL” markalı yol maşını saxlayıb onların xahişi ilə 5 baş xırda buynuzlu heyvanı hər birinin dəyəri 150 manat olmaqla ümumilikdə 750 manata razılaşıb Elməddin və Samirə vermişdir. Elməddin və Samir gəldikləri avtomaşınla yola düşmüşlər. Heyvanları aparan avtomaşın da onların arxasınca getmişdir. Bu hadisədən də müəyyən müddət keçməsinə baxmayaraq, o, Elməddinə məxsus mobil nömrə ilə dəfələrlə zəngləşib pulunu ondan tələb etsə də, Elməddin hər dəfə müxtəlif bəhanələr gətirərək onun pulunu ödəməkdən boyun qaçırmağa başlamışdır. O, bu zaman anlamışdır ki, Elməddin və Samir onun etibarından sui-istifadə edərək 14.000 manat pulunu mənimsəmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid göstərdi ki, o, uzun illərdir ki, qeydiyyat şahadətnaməsi ilə idarə etdiyi “QAZEL” markalı **-KX-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yüklər daşıyaraq pul qazanıb ailəsini dolandırır. Zərərçəkmiş şəxs təqribən bir ilə yaxındır ki, tanıyır. Belə ki, 2020-ci ildən etibarən Cəfərin xahişi ilə mal bazarlarına Cəfərin satmağa apardığı heyvanları aparıb müqabilində pulunu almışdır. 2020-ci ilin dekabr ayında səhər radələrində Cəfərin xahişi ilə Xətai rayonu ərazisində yerləşən “Qaçqın mal bazarı” adlanan bazara 3 baş iri buynuzlu heyvan aparıb orada Elməddin adlı şəxsə təhvil vermişdir. Elə həmin gün 3-4 saatdan sonra yenə də Cəfərin xahişi ilə öz idarə etdiyi “QAZEL” markalı avtomaşınla həmin ünvana Cəfərin qapısından avtomaşına yüklədiyi 3 baş iri buynuzlu heyvanı aparmışdır. Orada onu Elməddin adlı şəxs qarşılamış, həmin vaxt Elməddinin yanında başqa bir nəfər şəxs də olmuşdur. Cəfərlə həmin şəxslərin aralarında olan razılaşmadan, sövdələşmədən heç bir məlumatı olmamışdır. Heyvanları təhvil vermiş, heyvanların aparılması üçün yol haqqını ona Cəfər ödəmişdir. İş materiallarında olan 29 dekabr 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı dələduzluq edərək ona xeyli miqdarda maddi ziyan vurması bir daha öz təsdiqini tapmışdır (bax: i/v 38-40). İş materiallarında olan Xəzər RPİ İŞ-nin müstəntiqinin 05 mart 2022-ci il tarixli Sübutların qiymətləndirilməsi və cinayət işinin materiallarından ayrıca icraata cinayət işinin ayrılması barədə Qərarından görünür ki, ********* saylı cinayət işinin istintaq müddətinin yekunlaşdığı nəzərə alınaraq X1 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə ayrıca ********* nömrə altında cinayət təqibinin ayrılması və ayrılmış ********* saylı cinayət işinin icraata qəbul edilərək ibtidai istintaqının aparılması qərara alınmışdır (bax: i/v 96-103). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı və yetkinlik yaşına çatmayan bir uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 11 fevral 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayətini törətməsi məhkəmə iclasında onun etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, eləcə də cinayət işində olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş digər sənədlərlə kifayət qədər sübuta yetirildi. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrlə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini, himayəsində iki azyaşlı və yetkinlik yaşına çatmayan bir uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasını çəkməsinin əvvəli tutulduğu 28 dekabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 179.1, 179.2 və 179.3-cü maddələrinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur, mülki-prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: - ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikası CPM-nin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia ilə məhkəməyə müraciət edərək mülki iddianın təmin edilməsini, cinayət hadisəsi nəticəsində ona dəymiş 7000 (yeddi min) manatın Təqsirləndirilən şəxs alınaraq ona verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh mülki iddianı etiraf etdi. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə belə nəticəyə gəlir ki, mülki iddia təmin edilməli, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs dəymiş ziyana görə 7000 (yeddi min) manat tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri X2 və Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə 08 saylı Vəkil Bürosunun vəkili X2 10 (on) iş saatına görə 60,00 (altmış) manat və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 2,4 (iki saat qırx dəqiqə) iş saatına görə 16,00 (on altı) manat olmaqla ümumilikdə 76,00 (yetmiş altı) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə ekspertiza xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli tutulduğu 28 dekabr 2021-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs dəymiş ziyana görə 7000,00 (yeddi min) manat tutularaq Zərərçəkmiş şəxs ödənilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2 10 (on) iş saatına görə 60,00 (altmış) manat və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 2,4 (iki saat qırx dəqiqə) iş saatına görə 16,00 (on altı) manat olmaqla ümumilikdə 76,00 (yetmiş altı) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB**********1700266117, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar