Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-169/2021 25.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət verən şəxs X2 vəkili Müdafiəçi, Xüsusi ittiham qaydasında şikayət verilən şəxs X4 vəkili X3, Xüsusi ittiham qaydasında barəsində şikayət verilən şəxs X5 vəkili X1 iştirakları ilə X2 xüsusi ittiham qaydasında şikayətinə məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ X7 xüsusi ittiham qaydasında şikayət ilə məhkəməyə müraciət edərək, X9 və X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddənin sanksiyası həddində cəzalandırılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət verən şəxs şikayətini onunla əsaslandırmışdır ki, o, X10 ilə xx.xx.2006-cı il tarixdə nigaha daxil olmuşdur.Rəşid Quliyev 2019-cu il oktyabr ayının 12-də “essensial hipertenziya” diaqnozu ilə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində öz evində vəfat etmişdir. Mərhum əri X10 bir neçə müddət idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirmiş. Rəşid Quliyevin ölümündən sonra onun birinci nigahından olan oğlu X9 və mərhum ərinin qardaşı X11 onun barəsində həqiqətə uyğun olmayan, böhtan xarakterli şayələr yayaraq Rəşid Quliyevin ölümündə onu günahlandırmışlar. Guya R.Quliyev ölən zaman əllərində qana bənzər ləkələr və kəsik izləri olmasına dair kənd arasında və digər yerlərdə yalan məlumatlar uydurmuşlar. Bununla kifayətlənməyərək, Rəşad Quliyev bu böhtan və yalan məlumatlarla Bakı şəhəri, Xəzər rayon Prokurorluğuna ondan şikayət etmiş, onun şikayəti hərtərəfli araşdırılmış və bu şikayət təsdiqini tapmadığından Xəzər rayon Prokurorluğunun böyük müstəntiqi Tərlan Alıyevin xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə onun barəsində cinayət işinin başlanması rədd edilmişdir. Rəşad Quliyev və Seydi Quliyev öz qərəzli və böhtan xarakterli əməllərindən əl çəkməyərək onun barəsində olan böhtan və həqiqətə uyğun olmayan, qərəzli hərəkətlərini daha geniş auditoriyaya çatdırmaqla, Azərbaycan Televiziyasının “ARB” kanalının “Elgizlə izlə” verilişinə çıxaraq xx.xx.2021-ci il tarixində eyni fikirləri dəfələrlə bir daha səsləndirərək ona böhtan atmış və onun şərəf və ləyaqətini alçatmışlar.Bu verilişdən sonra, ona qohumlarının, tanıdığı ziyalı insanlar, qonşuları dayanmadan zəng edərək nə məsələ olması ilə maraqlanmışlar. N.Quliyeva onlara bu məlumatın yalan olmasını, Rəşad Quliyevin bu yalan və böhtan xarakterli fikirləri ilə bağlı Xəzər rayon Prokurorluğuna şikayətinin olmasını, hərtərəfli araşdırılmadan sonra onun şikayətinin əsassız olmasını, onun fikirlərinin heç birinin təsdiqini tapmadığını bildirmişdir. xx.xx.2021-ci il tarixdə “ARB” kanalında “Elgizlə izlə” verilişində Seydi Quliyev və Rəşad Quliyev ona böhtan ataraq aşağıdakı fikirləri səsləndirmişlər: “Jurnalist ona bildirir ki, onun ölüm şəhadətnaməsini oxumuşam. X10 2019-cu ildə dünyasını dəyişib, ölümün səbəbi “Essensial hipertenziya”dır. Jurnalist yenə sual verir: Qardaşının xəstə olanda getmişdinizmi onun yanına? S.Quliyev cavab verir: “Bilmirəm indi xərçəng olub olmayıb axır ki, o, Rəşidin divanının qabağında ağır purjunnan, bərk material var idi. Onu boğub öldürüblər”.Bundan başqa, verilişin aparıcısı Elgiz müəllim Rəşad Quliyevə sual verir: Siz niyə deyirisiniz ki atamı bu qadın öldürüb? Elgiz müəllim, mənim atam canı üçün qorxan adam idi. Getmişəm demişəm ki, mənim atamın telefonunu ver, vermiyib. Mənim atam ölüm mamentində çıxardı bayıra deyərdi ki, necə ki, bu qadın səkkizə qalmış çıxıb deyirdi ki, həci öldü həci öldü”.Rəşad Quliyev verilişdə daha sonra bildirir: “Mən atamı gətirdim kəndə. Gəldim evə gördüm atamın əli parça-parçadı, dırnaqlarının altı qandı. Təcrübəsiz olduğumdan polis gətirmədim, onu ekspertiza elətdirmədim”. Sonra əlini mənə tərəf uzadaraq “bu döyüb öldürüb atamı”.X12 və Seydi Quliyev yenə də bu böhtan xarakterli fikirlərini davam etdirərək N.Quliyevanı etmədiyi və heç zaman ağlına gəlməyən ağır bir cinayətdə ittiham edirlər. Onların məqsədi N.Quliyevanı bezdirib yaşadığı kənddən və evdən uzaqlaşdırmaq və qərəzli olaraq ona böhtan atıb, şərəf və ləyaqətini alçatmaqdır. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət verən şəxs X2 vəkili Müdafiəçi şikayətin təmin edilərək, X9 və X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddənin sanksiyası həddində cəzalandırılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında barəsində şikayət verilən X4 müdafiəçisi X8 şikayəti əsassız hesab edərək, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında barəsində şikayət verilən X5 müdafiəçisi X6 şikayəti əsassız hesab edərək, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında qeyd olunur ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Xüsusi ittiham qaydasında verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərəkən məlum olmuşdur ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Nazilə Quliyeva ARB kanalında efirə gedən “Elgizlə izlə” verilişində onun şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatların yayınlandığını qeyd etmişdir. İş materiallarından göründüyü kimi N.Quliyevanın şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatların yayımlandığı ARB kanalının tabeliyində olduğu ARB Media Groupun hüquqi ünvanı ünvan 1 E ünvanıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.4-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X9 və X5 cinayət məsuliyyətinə cəlb edilmələri barədə X7 tərəfindən xüsusi ittiham qaydasında verdiyi şikayət baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 293, 298- 300-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ X9 və X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələri barədə X7 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilsin. Qərardan şikayət verilə bilməz. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-169/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-169/2021
25.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver